Fəthullah Gülən Xocaəfəndinin vəkilindən Fransız dərgisinin xəbərinə təkzib
Fəthullah Gülən Xocaəfəndinin vəkili Nurullah Albayraq bəzi internet saytlarında Fransada dərc olunan bir dərgiyə istinadən verilən “Camaat cihad təşkilatı qurub” başlıqlı xəbərlərin iftira olduğunu bildirib.
Albayraq qeyd edib ki, “Bütün həyatı boyu xoşgörü, dialoq, sülh, hər kəslə uzlaşma, insan, ölkə və millət sevgisini əsas tutan düşüncələri müdafiə edən müvəkkilimin adının “müharibə və cihad təşkilatı qurmaq”la birlikdə hallanması ən yüngül ifadə ilə insafsızlıqdır”.
Vəkil Nurullah Albayrağın verdiyi yazılı açıqlamada aşağıdakı ifadələr yer alır: “Könüllülər hərəkatına mənsub təhsil müəssisələrində oxuyan tələbələrin “müharibəyə hazırlaşmaq məqsədilə qurulan bir qruplaşmaya daxil olduqları” iddiası həqiqətə uyğun olmayan, müvəkkilimi və Könüllülər hərəkatını ləkələmək və etibarlarına xələl gətirmək məqsədilə həyata keçirildiyi açıq-aydın görünən, əsassız və vicdansız bir qarayaxmadır.
Qanunun aliliyinə inanmış vicdan və idrak sahibi heç bir insan, bütün həyatı boyu sülhün, qardaşlığın, insanlığın, xoşgörü və dialoqun tərəfində olmuş, ictimai problemlərin həllində ziddiyət yaratmaq yerinə dialoq qurmağı məsləhət görmüş müvəkkilimin və onun tövsiyəsi ilə Anadolu insanının dəstəyi ilə açılmış təhsil qurumlarının adının “müharibə” ilə birlikdə hallanmasını əsla qəbul etməz.
Hər kəsin inanc və düşüncəsinə hörmətlə yanaşmaq və bu əsaslarla cəmiyyətin bütün təbəqələri arasında qarşılıqlı dialoq və xoşgörünü təşviq etmək uğrunda dərindən izdirab çəkən müvəkkilimin həqiqətə tamamilə zidd olan iddialarla təqsirli bilinməsi insafsızlıqdır.
Sülh və əmin-amanlığın bütün dünyada bərqərar olması naminə insanlığın xidmətində durmağı ən böyük şərəf hesab etdiyini mütəmadi olaraq dilə gətirən müvəkkilimin tövsiyələri ilə Könüllülər hərəkatı tərəfindən açılan təhsil qurumlarının adının fəaliyyəti xaricində, başqa-başqa şeylərlə hallanması qanunsuzluq olduğu üçün bu xəbəri yayan mətbuat orqanı haqqında lazımi hüquqi tədbirlər görüləcək. İnsanlığa xidmətdən başqa bir düşüncəsi olmayan müvəkkilimi böhtan ataraq gözdən salmaq istəyənlərin məqsədlərinin nə olduğunu cəmiyyətin vicdanına həvalə edirik”.
- tarixində yaradılmışdır.