Qəlblə Ağlın İzdivacı
Söhbətin ilk mövzusu az kitab oxumaq, oxumada yol verilən qüsular haqda idi. Xocaəfəndinin ən çox dərdini çəkdiyi, ən çox üzüldüyü məsələlərin başında insanımızın oxumaması dayanır. "50-ci illərdə çox az kitab vardı, xalq oxumurdu. İndi bu qədər kitab çıxmasına baxmayaraq, insanımız yenə oxumur. Bu insanları necə “oxumakolik”ə çevirmək olar, bilmirəm, amma çevirmək lazımdır. Ancaq kitab alanda da, oxuyanda da düzgün seçim şərtdir".
Nəticə etibarilə, pulla, bəlkə də, bir az yol göstərməklə kitabı seçib almaq çox asan işdir; əsas məsələ kitab oxuma ruhunu və düşüncəsini aşılamaq deyilmi? Hər kəsin “bəli” deyəcəyi bu suala Xocaəfəndi də “bəli” dedi. Yaxşı bəs, bunu necə həyata keçirmək olar? İnsanımızda kitab eşqini və oxuma vərdişini necə formalaşdırmaq olar? Həqiqət eşqini, öyrənmə şövqünü necə aşılamaq olar? Bax məsələnin çətin tərəfi budur.
Həmin mövzu ilə bağlı iki fərqli abı-havada dilə gətirilən düşüncələri birləşdirərək sizə çatdırmağa çalışacağam. Əvvəla "Bunları deməyim düzgün deyil, amma əlimizdə olan imkanların qədir-qiymətini daha yaxşı başa düşmək üçün danışıram" – dedi və tələbəlik illərində çəkdiyi əzab-əziyyətləri danışdı. Mədrəsələrdə qaldıqları yerləri, dərs otaqları və gecələri qaldığı otaqları, tələbə adına layiq olmayan yemək sistemini, şəxsən gördüyü maddi imkansızlıqları bir-bir saydı. Məsələn, dedi ki: "Görülən işləri təqdir etməklə yanaşı, keçmişə baxanda deyirəm ki, daha şərəfli yeməkxana və yataqxana sistemi ortaya qoymaq olardı. Tələbənin heysiyyətini də qoruyan bir sistem qurub tənzimləmək olardı " Məsələn, dedi: "Nəinki keçmişdə, 50-ci illərin sonuna qədər imamlar (məscid imamları) xadəmeyi-xayrat[1] adlı kateqoriyaya daxildi. Onların maaşı eyni səviyyəli dövlət məmurlarından 3-4 dəfə aşağı idi". Və sözlərini belə tamamladı: “İndi, bəy kimi, paşa kimi yaşayırıq".
Sonra da belə dedi: "Mədrəsənin ən böyük səhvi o oldu ki, İslamın ruhi və ruhani həyatını köksündən söküb atdı.. Bu da qəlb-ağıl birliyinin pozulmasına gətirib çıxardı. Sonra da, çox təəssüf ki, inqilab ruhu ölmüş, araşdırma cəhdi yaralanmış, həqiqət eşqi unudulmuşdu. Halbuki Quranın belə möhkəmata (dəyişməz hökmlərə) aid ayələri olduğu kimi, şərh və təfsir oluna bilən bir çox mütəşabihat (müxtəlif mənalara gələn) yönləri də var. Dövrün söz sahibləri möhkəmat əsaslı bir müstəvidə bu yönləri doldurmalıdır. Öz sahəsində mütəxəssis olan insanlar gələcək, çalışacaq və bu iradi boşluqları dolduracaqlar. İllah da, bir iş görmək üçün deyil, əksinə bu həqiqəti ortaya çıxarmaq üçün edəcəklər. İmamı Qəzali kimi, Zehravi kimi, İbni Sina kimi insanlar da bunu etmişlər. Bu gün yoxluğunu dərindən hiss etdirən şeylər də bunlardır".
Söhbətin bu yerində bir başqa məqama işarə etdi. Əslində mənim “işarə” dediyim xüsus – əgər deyilənlər yerinə yetirilsə, yəni çalışma, araşdırma, kəşf etmə, həqiqəti tapma səyləri həyata keçirilsə, bütün bunların bizi öz-özlüyündə çəkib aparacağı istiqamət və son mənzildir. O da qulluğu dərk etmək və layiqincə yerinə yetirməkdir. "Bunlar bizi Allaha qulluqda daha da irəliyə aparar. Ona qulluq etmə ehtiyacımızı daha dərindən hiss etdirər".
Düz deyil, deyilənlər? "Allaha layiqincə sayğı duyanlar, Onun əmr və yasaqları qarşısında tir-tir əsənlər ancaq alimlərdir" (“Fatir” surəsi, 35/28) demirmi Quran? Öz adımdan deyirəm; Tutuquşu kimi təkrar etdiyimiz, heç cür dərinliyinə varıb hiss edə-edə, doya-doya söyləyə bilmədiyimiz "Səni layiqincə zikr edə bilmədik, ya Məzkur! Sənə layiqincə qulluq edə bilmədik, ya Məbud! Sənə layiqincə şükür edə bilmədik, ya Məşkur!" sətirlərinin sahibləri ayənin cızdığı çərçivə daxilində özlərinə yer tapan alimlər deyil?
Davam edək Xocaəfəndi ilə: "Ürfan bax budur. Ürfan biliyin insan təbiətinin dərinliyinə çevrilməsi deməkdir. Elm bir arqumentdir, təməldir. Əsas olan ürfandır, mərifətdir, mərifətullahtır və ürfan elmdən sonra gəlir".
Bu sözlərdən sonra bir qədər fikrə getdi və sözlərini yekunlaşdırarkən bildik ki, bu sözlər onun artıq hər kəsə məlum olan ümumi üslubunu əks etdirir. Yəni əvvəlcə ibtida ilə intihanın (əvvəllə sonun) hüdudlarını müəyyənləşdirmək, ardınca insanları intihaya istiqamətləndirmək, geniş üfüqlər göstərmək, yüksək hədəflərə yönəltmək, bu yolun uzun məsafələrini xatırlatmaq, ancaq bütün bunlarla yanaşı bilik, qabiliyyət, düşüncə və üfüq etibarilə belə bir səfərə hazır olmayıb yolun başlanğıcında dayananların da qəbul olunacağını bildirərək ümidsizliyə qapı açmamaq. "Heç kimi dəyərsiz görməmək.. Hər kəsin öz səviyyəsində gördüyü iş məqbuldur. Ancaq qəlb və ruhun mehvərində səyahətə ehtiyacımız var".
Nə olacaq, o səyahətə çıxsaq, və ya səyahəti uğurla başa vursaq? Xocaəfəndi insanın Allahla olan əlaqəsinə “münasibət”, Allahın insanla olan əlaqəsinə isə “müamilə” deyir. Bu bir cümləlik açıqlamadan sonra nə olacağını ondan eşidək. "Münasibət necədirsə, müamilə də ona uyğun olur. Bizim burada Rəbbimizlə münasibətimiz axirətdə Rəbbimizin bizə olan müamiləsini müəyyənləşdirir".
Gördüyünüz kimi, söhbət oxumaqdan, oxumamaqdan, oxumanın zəruriliyindən başlandı, oxumanın insanı yüksəltdiyi məqamda bitdi. İndi sıra bizdədir. Ya həyatı bu halımızla yaşamağa davam edəcək, ya da özümüzə, düşüncələrimizə, ideallarımıza və təbii ki, həyatımıza səliqə-sahman verib oxuma, düşünmə, araşdırma və qulluqda özümüzə yeni bir istiqamət müəyyənləşdirəcəyik. Çox sözə nə hacət. İndi iş görmə vaxtıdır. Unutmayın, oxumağa başlamaq üçün dünən çox gecdir. Sabah heç gəlməyə bilər. Elə isə bu gün, hətta indi niyə olmasın? “Başlayacağam” qərarı belə öz-özlüyündə başlamaq deməkdir. İşiniz avand olsun.
- tarixində yaradılmışdır.