Mərifətmi İltifatdan, İltifatmı Mərifətdən asılıdır?

Eqoist məzmunlu bir söz var: "Mərifət iltifatdan asılıdır". Əslində, iltifat mərifətdən asılıdır. Həyatı təmənnasız yaşamaq lazımdır. Çalışıb-çabalayıb axırda da heç bir şey əldə edə bilməmək ilahi mərhəmətdən məhrumiyyətdir. Dünyada öndə görünüb axirətdə isə əliboş qalmaq orada adamı çox utandırar". Xocaəfəndinin bəzən elə sözləri olur ki, ilk dəfə eşidəndə elə bil boks üzrə ağırçəkili dünya çempionunun zərbəsini alırsan. "Od əvvəlcə məni, sonra düşdüyü yeri yandırar" sözünü ilk dəfə eşidəndə belə bir vəziyyətə düşmüşdüm, məsələn. Öz-özümə "necə yəni" demişdim. Çünki uşaqlıqdan ana-atadan, qohum-əqrəbadan, müəllimlərimizdən, oxuduğumuz kitablardan bunun tam əksini eşitmişdik; "od düşdüyü yeri yandırar".

Həqiqətən, belə deyilmi? Od hara düşsə, oranı yandırmırmı? Bu, fiziki hadisə kimi belədir. Bu, məcazi mənada üzüntü, iztirab, kədər üçün istifadə edilirsə, mənən də belədir. Dünya gözəli gənc qızın və ya cavan bir igidin ölümünə ana-ata, bəlkə də, çox yaxın qohumlardan başqa kim günlərlə göz yaşı tökər? İlk bir neçə günə bir şey demirəm. Ölü yiyəsinə əl tutma, kəfənləmə və dəfn işlərində kömək, başsağlığı vermə, yemək aparma, Quran xətm etmə bütün bunlarla razıyam. Amma nə vaxta qədər? Axşam hər kəs evinə çəkiləndə övladın yoxluğunu həmin evdə onunla birgə yaşayanlar hiss edəcək. Üstəlik daim.

Səthi nəzərlə baxanda, məsələyə adi insan hissiyyatı və düşüncəsi ilə yanaşanda bütün bunlar doğrudur. Amma "Millətimin imanını salamat görsəm, cəhənnəmin alovlarında yanmağa razıyam. Çünki vücudum yanarkən könlüm güllü-gülüstan olar" üfüqündə gəzib-dolaşan, haşa, o üfüqlərə sakin olan insanlara aid deyil bu sözlər. Bəlkə də, səhv, qüsur, günah sayırlar, bəlkə, Allaha hörmətsizlik kimi qəbul edirlər, bəlkə də, missiyalarına xəyanət kimi görürlər "od düşdüyü yeri yandırar" anlayışını, kim bilir?

Xatırladığım qədər belə demişdi Xocaəfəndi: "Od düşdüyü yeri yandırar" eqoist insanların sözüdür. "Od həm düşdüyü yeri, həm də məni yandırar" isə (həqiqi) insan olma istiqamətində addım atan, irəliləməyə başlayan insanların sözüdür. "Od əvvəlcə məni, sonra düşdüyü yeri yandırar" məhz bu ifadə kamala çatmış, diyərqəm insanların (başqalarının dərdinə yananların) sözüdür." Bu yanaşma Ənəs Ərgənənin (Enes Ergene) şərh etdiyi kimi Xocaəfəndinin insan anlayışının xülasəsidir, eyni zamanda xoşgörü, dialoq fikirlərinin bünövrəsini təşkil edir.

"İltifatsız Mərifət faydasızdır"

Bu yaxınlarda ilk dəfə eşitdiyim bir söz mənə yenə eyni hisləri yaşatdı. Yəni sanki, boks üzrə ağırçəkili dünya çempionundan zərbə aldım. Dedi ki: "Mərifət iltifatdan asılıdır" eqoist məzmunlu sözdür. Əslində, iltifat mərifətdən asılıdır".

Halbuki mən mərifətin iltifatdan asılı olduğunu düşünürdüm. Hətta ardı da var bu deyimin: "İltifatsız mərifət faydasızdır". Eşitdiyimiz, bildiyimiz və bəlkə də fərqinə varmadan yaşadığımız bir həqiqət idi bu. Nə idi o bildiyimiz və yaşadığımız həqiqət? Motivasiya insanı həvəsləndirən, hərəkətə gətirən mühüm amildir. Kim olur-olsun, hər kəsin gördüyü işdə bir motivasiyaya ehtiyacı var. İltifat görmə, təriflənmə, xalq dili ilə desək, "afərin igid, qoçaq" sözlərinə ünvan olmaq motivasiya amilləridir. Belə tərif eşidən, işlərinin təqdirlə, təşəkkür və iltifatla qarşılandığını görən insanlar daha həvəslə çalışar, işə daha da möhkəm yapışar, özlərini təbiri-caizsə, tamamilə işə həsr edərlər.

Belə düşünək, tərifdən xoşlanmayan neçə insan tanıyırsınız ətrafınızda? "Tanımırıq, belə insan yoxdur" deyəcəyinizi zənn edirəm. Yoxdur, çünki bu, fitri xüsusiyyətdir. Bəlkə də, psixoloji ehtiyacdır. Bəlkə də, məhz buna görə psixologiyada bir vərdiş aşılanan insana bu istiqamətdə iltifat etmək məsləhət görülür. Hətta bu elmi bir metod kimi də tətbiq edilir. Çünki iltifatlar bizə güc verir. Enerjimizə enerji, eşqimizə eşq, şövqümüzə şövq qatır. İbni Sina da "Elm və sənət iltifat görmədiyi ölkəni tərk edər" deyir.

Ancaq Xocaəfəndi belə fikirləşmir, tam əksini düşünür. Deyir ki, "İltifat mərifətdən asılıdır ". Və sözünə belə davam edir: "İnsanlar gördüyü işdə təmənnasız olmalı. Heç kimdən təqdir, təbrik, alqış gözləmədən öz işini görməlidir. Vəzifəsini layiqincə yerinə yetirməlidir. Öhdəsinə düşən vəzifəni nöqsansız, qüsursuz yerinə yetirməli, sonra da (gördüyü işləri) unutmalıdır".

Bu, Xocaəfəndiyə xas bir fəsləfədir, "həyatı təmənnasız yaşama" fəlsəfəsi. Bu fəlsəfəni dilə gətirmək asandır, amma mənimsəmək, dünyagörüşünə, həyat tərzinə çevirmək və ikinci fitrət halqasında dayanmadan, düşünmədən bunu həyata keçirmək. Əsas məsələ məhz budur.

Bunu etməliyikmi? Şək-şübhəsiz, bəli, etməliyik. Yaxşı bəs, edə bilərikmi? Buna cavabım; Niyə etməyək, nə üçün edə bilməyək? Bunu mənə dedirdən yenə Xocaəfəndinin şərhləridir. "Nə üçün etməyək, niyə edə bilməyək" suallarına cavab olan bu sözlərə diqqət edin: "Hər şeydən əvvəl, bədənimiz də daxil olmaqla nəyimiz varsa, hamısı Allaha aiddir. Və bu Allahın quluna ilk köməyidir. İkincisi, malik olduğu maddi-mənəvi imkanları səmərəli şəkildə dəyərləndirmə yolunu göstərmiş, bir vəzifə, bir mövqe vermişdir. Bu da ikinci köməyi. Elə isə bizim vəzifəmiz bütün bunları bizə verənə şükr etməkdir. Şükür isə insanın əvəzini yalnız Ondan gözləyərək öhdəsinə düşəni etməsidir. Əks halda təmənnalar bəzən görülən işin savabının yarısını, bəzən hamısını götürüb aparır. Çünki təmənna niyyəti kirləndirir. İnsanın illərlə çalışıb-çabalayandan sonra axirətdə əliboş qalması ürəkyandıran haldır".

Hayatı beklentisiz götürmek lazım. Koşup koşup hiçbir şey elde edememe, Allah'ın bir hızlanıdır. Dünyada önde görünüp de ahirette kaybetme, orada insanı çok utandırır."

Xocaəfəndi sözlərini bitirdi, biz də bitirək. Söz Xocaəfəndidədir: "Mərifət iltifatdan asılıdır"sözü eqoist məzmunludur. Əslində, iltifat mərifətdən asılıdır. Həyatı təmənnasız yaşamaq lazımdır. Çalışıb çabalayıb axırda da heç bir şey əldə edə bilməmək İlahi mərhəmətdən məhrumiyyətdir. Dünyada öndə görünüb axirətdə isə əliboş qalmaq insanı çox utandırar "

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.