Vəfa insanına vəfa borcu adına

Əslində bugünkü yazımı bazar günü keçiriləcək, amma Azərbaycanda o qədər də məşhur olmayan Analar günü mövzusuna həsr edəcəkdim, deyəcəkdim ki, analar ilin bircə günü deyil, hər gün xatırlanmalı, sevilməli, əmri baş-göz üstündə tutulmalı varlıqlardır. Deyəcəkdim ki, analar cəmiyyətin, millətin bel sütunudur, onun şəkillənməsində müstəsna rol oynayır, münasibətlər onun verdiyi böyük tərbiyə ilə şəkillənir. Beləcə, bildiyim çox şeyləri yazıya alıb, az da olsa, övladlıq borcumu yerinə yetirməyə çalışacaqdım. Hələ desəniz, cənnətin anaların ayaqları altında olduğu gerçəyini əsas tutaraq, tarixin ən müxtəlif məqamlarından, qərinələrindən, əsrlərindən boy verən və bu gün bizlərə örnək sayılacaq o böyük analardan bəhs edəcəkdim. Hələ desəm, başqalarını yaşatmaq duyğusu ilə yaşamaqdan zövq alan anaların bu qədər fədakar, bu qədər xeyirxah ola bilmələrinin qaynağından yazacaqdım. Amma tale elə gətirdi ki, bu mövzuda istədiklərimi yaza bilmədim. Dünən Türkiyədən aldığım ağır bir xəbər başqa bir mövzunu qələmə almağıma səbəb oldu. Dünyanın ən xeyirxah, anlayışlı varlıqları olan analardan üzr istəyir, onların geniş əfvinə sığınıram, bütün anaların Analar gününü təbrik edir, sayğı ilə əllərindən öpürəm.

Bir igid idi o. Qalaları, bürcləri deyil, könülləri fəth edən bir igid. Öz həyatını başqalarının həyatının gözəlləşməsi uğrunda fəda edə biləcək qədər fədakar birisi idi. Əgər ortada yarımçıq qalmış bir iş vardısa, hər kəsdən əvvəl özünü məsul tutar və o işi tamamlamaq üçün əlindən gələn heç bir şeyi əsirgəməyən fədakar, fədai idi o.

“Niyyəti, miqyası bir millət boyda olduğu üçün təkbaşına bir millət” idi o. Gələcək nəsillərin zamanın şərtlərinə uyğun yetişə bilməsi üçün gecəsini gündüzünə qatan bir təhsil könüllüsü idi. Gündəlik iş saatı 8-10 saatla məhdudlaşmazdı, o, günün hər dəqiqəsini, hər anını dəyərləndirməyi bacaran, həyatını öz ülvi qayəsinə həsr etmiş bir könül insanı idi. Qırxillik ömrünə, bəlkə də, çox uzunömürlülərin görə bilmədiyi işlərdən qat-qat artığını sığdıra bilmişdi. O, belə bir bəxtiyar idi, necə deyərlər, adam kimi adam idi.

O, daha bundan sonra adı dodaqlarda dualarla söylənəcək və bu dünyada qoyub getdiyi gözəl əməllərlə ölümsüzləşmiş Adil Soral idi. Tanıyanların, bilənlərin Adil abisi idi. Ömrünü təhsilə, bu sahədə xidmətə bağlayan Adil Soral iki gün öncə müalicə aldığı xəstəxanada Haqqın rəhmətinə qovuşdu.

Dünyada hər ölümün önünə bir səbəb pərdəsi çəkilər, yəni hər ölüm bir səbəblə gerçəkləşər. Adil Soral üçün ölüm bəhanəsi beyin şişi oldu. Bir ilə yaxın müalicəsi davam etdi, amma onu sağlığına qovuşdurmaq mümkün olmadı. Xəstə yatağında olanda belə öz işini, vəzifəsini unutmadı. Fədakarlığından zərrə qədər də geri durmadı. Həyatının son dəmlərinə qədər təhsil dedi, tələbə dedi, xeyirxah insanlar dedi...

Örnək bir həyat yaşayan Adil Soral xəstəliyi ilə də, vəfatı ilə də bizlərə örnək oldu.

Doğru deyirlər ki, hər insan cənazəsini özü hazırlayarmış. Yəni həyatı boyunca işlədiyi gözəl əməllər nəticəsində onun dəfn mərasiminə az və ya çox insanlar gələr. Təbii ki, dəfn mərasimində iştirak edənlərin az və ya çox olması bu cür insanlar üçün o qədər də önəmli deyil. Çünki bunlar bir qismət məsələsidir, ən önəmli olan isə istər dəfn mərasiminə qatılanların, istərsə də müxtəlif səbəblər üzündən gələ bilməyənlərin həmin mərhumun gözəl işlərinə şahid olmasıdır.

Bəli, dinimizdə hüsnü-şəhadət deyilən bu həqiqət, yəni insanların mərhumu necə tanıması və bu dünyadan yola salması çox önəmli amillərdən biridir. Adil Soral son mənzilə sevənlərinin, dostlarının və iş yoldaşlarının çiyinlərində getdi.

İnsana verilən həyat əmanətinin qayəsini anlamağın və o qayədən doğan vəzifələri yerinə yetirmənin rahatlığı ilə köçüb getdi bu dünyadan. Gözəl yaşadı, həyatını boş işlərlə xarab eləmədi, gözəl bir ölümlə də ayrıldı bu dünyadan. Nə böyük bəxtiyarlıqdır ki, gedərkən insanın arxasınca şairin məşhur ifadəsində deyildiyi kimi “göy qübbəsində xoş bir səda buraxaraq” getmək.

Onun dəfn mərasimində iştirak edə bilmədim, amma iştirak edə bilməyən hər kəs kimi mənim də ona hüsnü-şəhadətim var. Allah rəhmət eləsin, məkanı cənnət olsun, inşallah!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.