Könüllülər hərəkatının hərəkətverici əsasları

Fəthullah Gülən Xoca Əfəndinin fikirləri əsasında formalaşan “Könüllülər hərəkatı” qırx illik fəaliyyəti nəticəsində özünü bir gerçəklik kimi qəbul etdirdi. Beynəlxalq konfranslarda da dilə gətirildiyi kimi, hərəkatın mahiyyətini mövcud sosial anlayış və məfhumlarla izah etmək çətindir. Üstəlik bu hərəkatı Qərbdə baş vermiş ictimai, mədəni, tarixi proseslərin məhsulu olan məfhumlarla anlamağa çalışmaq qeyri-mümkündür. İslamiyyət və Anadolunun kültür və mədəniyyəti hərəkatı anlamaq üçün ipucları verə bilər.

Hərəkat həm toplumları səfərbər edir, həm də dinamik quruluşu ilə daim inkişaf edir. İnkişafının hər mərhələsində başqa-başqa adlarla gündəmə gəlir: “Xidmət”, “Gülən hərəkatı”, “Könüllülər hərəkatı”, “Nümunələri özündən bir Hərəkat” və s. Uzun, lakin daha əhatəli "Yüksək insani dəyərlər ətrafında toplanan insanların hərəkatı" və "Könüllülər hərəkatı" və ya "Nümunələri özündən bir hərəkat" adları Gülənə məxsusdur.  Dünyada “Gülən Hərəkatı” kimi tanınan “Könüllülər Hərəkatı”na ad qoymaq çətin olsa da, dinamiklərini anlamaq o qədər də çətin deyil. Çünki hərəkatın bəzi hərəkətverici əsaslarını nəzədən keçirəndə ortaya daha aydın və dəqiq mənzərə çıxır.

“Könüllülər Hərəkatı”nın qlobal bir gerçəklik olmasının səbəbləri nədir? Bu qədər böyük kütləni hansı amillər hərəkətə gətirir? Müxtəlif mədəniyyət və dilə sahib insanları bir araya gətirən güc nədir? Böyük maddi sərvət tələb edən minlərlə müəssisə necə ortaya çıxdı? Necə olur ki, yüzdən çox ölkədə rahat fəaliyyət göstərir, hətta həmin ölkələrin idarəçiləri və xalqı onlara rəğbət göstərirlər?

Sualları çoxaltmaq olar. Bu suallardan irəli gələn bəzi anlaşmazlıqlar və hərəkatın mövcud ictimai qəliblərə uyğun gəlməməsi onun "nümunələri özündən bir hərəkat" olmasından qaynaqlana bilər.

Əlbəttə, insanları “Könüllülər Hərəkatı”na sövq edən bir düşüncə sistemi olmalıdır. Əslində hər insanın özünə və cəmiyyətə faydalı ola biləcək potensiala malikdir. Və bir çox insanlar malik olduğu potensialı hərəkatda tapdığı dinamiklərin (hərəkətverici qüvvələrin) sövqü ilə orada istifadə etməyi seçirlər. Bu səbəblə "Xidmət" tamamilə könüllülük prinsipinə əsaslanır. Zamanın ruhunu dərk edən güclü bir düşüncə ilə nümunələrini özündən çıxarma səyi bir araya gəlincə insanlar potensiallarına və xarakterlərinə uyğun müxtəlif xidmət sahələrinə girirlər.

Yuxarıdakı suallarla yanaşı dünyanın müxtəlif yerlərində bir-birindən nümunə götürməklə meydana gələn müəssisələrin sirrini ancaq bəzi dinamiklərlə izah etmək olar. Bizim qənaətimizcə, insanların dünyəvi sülhə gedən yolda sülh adacıqları kimi ümid bəslədiyi hərəkatın əsas dinamikləri bunlardır:

Doğru və iffətli həyat

Mövcud potensialını hərəkat daxilində dəyərləndirməyi seçən insanlar daim doğru yaşamağı əsas götürürlər. Burada daim yaxşılıq düşüncəsi və həyatı bölüşərək yaşamaq çox mühümdür. Əsas qaynaqları Qurani-Kərim, sünnə və bütün ümumbəşəri dəyərlərdir. Sevgi, hörmət, etibar kimi dəyərlərə əhəmiyyət verər, insanları aldatmaz və səhv istiqamətləndirməzlər. "Sənə əmr edildiyi kimi doğruçu ol" (“Hud” surəsi, 11/112) ilahi prinsipi ilə hərəkət edərlər. İffəti "çirkin söz və hərəkətlərdən uzaq durmaq, həya və ədəb dairəsində olmaq, düzgünlük, dürüstlük və əxlaqi dəyərlərə bağlılıq" şəklində tərif edən Xoca Əfəndi bu cür əsasları tez-tez vurğulayır və bunun zamanla hərəkatdakı insanların xarakterinə çevrilməsini istəyir. Burada model, örnək nəsil həmişə olduğu kimi, Xoca Əfəndinin təsvir və təşviq etdiyi səhabə nəslidir. Xoca Əfəndi Qurani-Kərimin qissələrindən, Hz. Məhəmməd Əleyhissalam və səhabələrin həyatından seçib təqdim etdiyi tablolarla yüzlərlə insani xüsusiyyəti ölümsüzləşdirir ki, bu da insanların təsirləndiyi əsas məqamlardan biridir. Dünyanın hər yerində açılan Türk məktəblərinin müxtəlif coğrafiyaya, mədəniyyətə və dinə mənsub insanlar  tərəfindən rəğbətlə qarşılanması və onların övladlarını gənc Türk müəllimlərinə əmanət etməsi bu ülvi xüsusiyyətlərlə bağlıdır.

Bilginin qaynağı

“Könüllülər Hərəkatı”nda fəaliyyət göstərən insanlar doğru yaşamaq naminə hər mənbəyə baş vururlar. Ancaq biliyi Qurani-Kərim, sünnə və ağıl süzgəcindən keçirərək mənimsəyirlər. Başda Qurani-Kərim təfsirləri, Risaleyi-Nur, Kutubu-Sittə, Hayatüs-Səhabə kimi əsərlərlə yanaşı, Xoca Əfəndinin, bir çox mütəfəkkir, şair və ziyalının əsərlərini oxuyurlar. Xoca Əfəndinin hər mövzuda fikirləri, şərhləri mütaliə və müzakirəyə tövsiyə olunur. Xarici klassiklər də daxil olmaqla bir çox əsərləri oxuyurlar. Münasib vaxt olduqca camaatla qılınan namazlardan sonra az da olsa, kitab (xüsusilə risalələrdən) oxuyaraq kitab oxuma kültürünü davam etdirirlər. Həmçinin imkan daxilində xarici nəşrlərdən əldə edilən fikir və analizlərin jurnallarda nəşr edilməsinə təşviq edilir. Əldə olunan doğru, dürüst bilgilərin dünya ictimaiyyətinə çatdırılması əsas vəzifə kimi qəbul edilir. Hərəkat məhz bu məqsədlə başda Türk dili olmaqla müxtəlif dillərdə qəzet, jurnal, kitab nəşr etdirir, televiziyalarda proramlar hazırlayır. Əslində belə fəaliyyətlər hərəkata mənsub olub-olmamasından asılı olmayaraq hər bir müsəlmanın vəzifəsidir. Ancaq hərəkat özünənəzarət və ictimai nəzarət mexanizmini səfərbər etdiyinə görə qarşısına qoyduğu məqsədə daha tez çatır, daha tez nəticə əldə olunur.

Mənəviyyat yönü

Bilik tərəfi güclü olan insanın mənəvi yönü də güclü olmalıdır. Ümumiyyətlə, “Cövşən”, “Təsbihat”, “Qulubud-Daria” kimi dua kitabları oxunur. Bunlar mütəmadi təşviq olunur. Gecə qılınan təhəccüdlə axşam namazından sonra qılınan əvvabin namazı kimi nafilə ibadətlərinə əhəmiyyət verilir. Xoca Əfəndinin “Qəlbin zümrüd təpələri” adlı əsəri hərəkatda mənəviyyatın güclənməsində mühüm rol oynayır. Xüsusilə biliyin həyata tətbiq olunması, yəni təmsilə böyük əhəmiyyət verilir. Burada hər kəsin səyləri kamil insan olmaq istiqamətindədir. Kamil imanı əldə etmək üçün mənəviyyatın “canlı”, “gümrah” saxlanması, ibadətdə dərinlik mütəmadi vurğulanılır. Bu mənada bazar ertəsi və cümə axşamı tutulan nafilə orucları da qeyd etmək olar.

Məşvərət

Potensialını hərəkata həsr edən insanlar, ümumiyyətlə, öz mənafelərini, şəxsi arzu və istəklərini düşünmədən iddiasız ömür sürürlər. Hər fəaliyyət, hər iş məşvərətlə həyata keçirilir. Xidmətdə məşvərət əsasdır. Şəxsi-mənəvinin (hərəkatı təmsil edən ruh) bərəkətinə inanaraq iddiasız və imkanları çərçivəsində fəaliyyət göstərirlər. Məsələn, bir yerdə təhsil müəssisəsi açılacaqsa, əvvəlki təcrübələrdən məşvərət yolu ilə istifadə olunur. Müəssisələr arasında üzvi əlaqədən çox təcrübə mübadiləsi və məşvərət istiqamətində əlaqələr mövcuddur. “Könüllülər Hərəkatı”nın uğur qazanmasında məşvərət və təcrübə mübadiləsi mühüm rol oynayır.

Allah rizası və ixlas

Xoca Əfəndinin Allah rizasını ən ali dərəcə kimi vəsf etməsi insanları xidmətə təmənnasız bağlayır. "Təmənnasız, yalnız və yalnız Allah rizası üçün xidmət etmək" düşüncəsi müsəlmanları hərəkətə gətirən və saleh əmələ sövq edən böyük bir güc mənbəyidir. Məhz buna görə də hər işdə Allahın rizası əsas götürülür. Xalqa xidmət Haqqa xidmətin bir yönüdür. Allaha və axirətə iman düşüncəsi xalqa xidməti ibadət kimi qəbul edir. Dünyanın hər yerində, hər şəraitdə xidmət edən könüllülərin ən böyük istinad nöqtəsi məhz bu "Allah rizası" düşüncəsidir. Düzdür, ağıla gələ bilər ki, dini həssaslığı olmayanlar və qeyri-müsəlmanlar hərəkata hansı stimulla, motivasiya ilə dəstək verirlər? Onların hərəkatla ortaq məxrəci insani dəyərlərə, qlobal sülhə, yerli ictimai problemlərin həllinə və demokratiyanın daha da güclənməsinə ehtiyac duymasıdır. Bunlar dəstəyə stimul verən amillər ola bilər.

Dolayısilə, potensialını hərəkat içində qiymətləndirən insanlar səmimi və ixlaslı işləməyə səy göstərərlər. Təbii ki, hamı eyni səviyyədə ixlaslı olmasa da, hər kəs bu anlayışı müəyyən ölçüdə qavrayır, dərk edir. İnsanlar ümumiyyətlə nəsə gözləmədən və fantaziyaya qapılmadan sırf Allah rizası üçün səmimi işləməyə çalışırlar. Onlar “Allah rizasını ixlasla qazanmaq olar” şüuru ilə hərəkət edirlər.

Allah rizası üçün infaq və fədakarlıq

“Könüllülər Hərəkətı”nın fəaliyyət sahələrinə daxil olan bütün müəssisələr Allah rizası üçün infaq ruhu ilə ortaya çıxmışdır. İslam tarixində Vəqf xidmətləri mühüm yerə malikdir. Anadolu insanı bu ruhu layiqincə təmsil etmiş, böyük mədəniyyətlərin qurulmasına vəsilə olmuşdur. Maddi vəziyyətindən asılı olmayaraq hamı bir nəfər kimi, ehtiyac olduğu vaxtlarda infaq etmişlər. Hərəkatın ilk illərində təqaüd alan tələbələr təqaüdlərinin bir hissəsini, satıcılar, az maaşlı məmur maaşının bir qisimini, verməyə bir şeyi olmayan qadınlar qulaqlarındakı qızıl sırğaları çıxarıb infaq etmişlər. Bəli, bir çox sahələrdə fəaliyyət göstərən müəssisələrin ilk addımları belə fədakar infaqla atılmışdır.

Xidmətin mənsubları fədakarlığı və comərdliyi bir həyat tərzinə çevirdilər. Bu fədakarlıq yalnız maddi deyil, lazım gəldikdə vaxtı və bütün imkanları ortaya qoymaqla edilir. Təmənnasız və sırf Allah rizası üçün edilən bu fədakarlığı bəlkə də, Qərb dünyasında çətin dərk edərlər. İmanın bir təzahürü şəklində ortaya çıxan fədakarlıq Allahın bir lütfü olan imkanları, yəni Allahın vermiş olduğu nemətləri digər insanlarla bölüşmək mənasını daşıyır.

Müxtəlif mədəniyyət hövzələrindən fərqli dünyagörüşə malik insanları bir araya gətirən, dünyada böyük sosioloqlar və düşüncə qurumlarının diqqətini çəkən “Könüllülər Hərəkatı”nı bəzi əsas dinamikləri ilə anlamağa davam edək:

Məsuliyyət şüuru

Xoca Əfəndinin fikirlərindən təsirlənən insanlarda məsuliyyət şüuru formalaşır. Bu şüurla cəmiyyətdə mövcud olan problemlərə biganə qalmır, əllərindən gələni etməyə çalışırlar. Burada "insanların ən xeyirlisi insanlara ən faydalı olandır" düsturu məsuliyyət şüurunun mayası, təkanverici stimulu mahiyyətini daşıyır.

İnsaf və ədalət

Hərəkat içində varlığa və bütün insanlara insafla yanaşma ruhu aşılanır. Müsəlman insaflı olur. Şəraitdən asılı olmayaraq, insani dəyərləri güzəştə getməz, insafı və ədaləti əldən verməz. İslamiyyətdə inanc əsaslarından sonra ən fundamental əsas ədalətdir. Ədalət olmayan yerdə zülm olar. Zalıma və ya zülmə qarşı olmaq və məzluma tərəfdar olmaq, hətta zalıma da zülm etməsinə mane olmaqla köməkçi etmək Gülən Hərəkatının təməl fəlsəfəsidir.

Üxüvvət və vəfa

“Könüllülər Hərəkətı”nda qardaşlıq və vəfa anlayışı ən fundamental aspektlərdəndir. Eyni dəyərlər sistemində yetişən insanlar qısa müddətdə qardaş münasibətləri sərgiləyə bilirlər. Risaleyi-Nurların üxüvvət düsturuna  ciddi əhəmiyyət verilməsi insanların şüuraltında bir qardaşlıq duyğusunu meydana gətirir. Bu duyğu zərurət olanda insanlar arasında ictimai həmrəyliyə çevrilir. Gülənə görə "Vəfa dost iqlimində yetişən güllərdəndir. Onu nadir hallarda düşmənçilik atmosferində görmək olar. Bəzən belə ab-havada vəfa gülünü görmək qeyri-mümkün olur. Vəfa duyğuda, düşüncədə, təsəvvürdə eyni dəyərləri bölüşən insanların həyatıdır. Kinlər, nifrətlər, qısqanclıqlar isə o hissi, o duyğunu öldürər. Bəli o, sevginin, mürüvvətin bağrında boy atar, böyüyər, düşmənçilik iqlimində isə bir anda solub gedər."

Mərhəmət, sevgi və xoşgörü

Bunlar insanları bir-birinə bağlayan ən böyük dinamiklərdən sayılır. Şəxsən Fəthullah Gülən sevgini yetişən nəslin ən nəzərə çarpan xüsusiyyəti kimi xarakterizə edir. "Hər kəs bizim könlümüzdə ona ayrılmış bir kürsü tapa bilməlidir" sözü ona aiddir. "Aç hər kəsə, aça bildiyin qədər bağrını, ümmanlar kimi olsun! İnancla gəril və insana sevgi duy, hər qəmli könlə əl uzat..!" "Sevgini sevib düşmənçiliyə düşmən olmaq inancla çoşan bir qəlbin ən müməyyiz (fərqli, özünəxas) xüsusiyyətidir. Hər kəsə nifrət isə, ya könlü şeytana verməyin, ya da dəliliyin əlamətidir. Sən insanı sev, insanlığa heyran ol..!" kimi diqqətçəkən ifadələr ona məxsusdur. Buradakı sevgi və xoşgörü digər xüsusiyyətlərdə olduğu kimi Allah rizası üçün və qarşılıqsızdır. Gülən Hərəkatında bu yanaşma bütün mədəniyyətlərin nümayəndələri ilə münasibətlərdə əsas götürülür. Digər tərəfdən dünyanın müxtəlif yerlərində Türk təşəbbüskarlarının açdığı bir çox məktəblərdə (Məsələn, İraq, Qafqaz, Balkanlar, Uzaq Şərq və bəzi Afrika ölkələrində) çox fərqli inanc və mədəniyyətlərə, hətta bir-biri ilə müharibə etmiş xalqlara mənsub şagirdlər birlikdə eyni dam altında təhsil alırlar. Hərəkat mənsubları bu xüsusiyyətləri – hansı ki o hər bir müsəlmanda olmalıdır – insanlarda İslami qaynaqların təsiri liə təmsil etməyə çalışırlar. Bu, eyni zamanda, sahib olduqları imanın bir tələbidir.

Adanmışlıq və maddi-mənəvi təmənnasızlıq

Gülənə görə “adanmış Cənnət ümidini daim könlündə, ağlında, vicdanında yaşadan, yeganə məqsədi bu dünyada İslamı doğru-dürüst yaşamaqla yanaşı başqa insanları da cənnətə aparmaq olan insandır. Bu da yaşatmaq üçün yaşayan, yaşama zövqündən vaz keçən fədakar insanlara xasdır. Adanmışlıq ruhu hərəkat daxilində müxtəlif sahələrdə fəaliyyət göstərən insanların ən bariz xüsusiyyətlərindən biridir. Onların idealı hər zaman və hər yerdə xidmət etməkdir, buna görə də bir ömür boyu xidmət yollarının sarbanı olarlar. Gülən Hərəkatının aksiyoner, səfərbər və dinamik olmasının kökündə böyük ölçüdə bu ruh yatır. Potensialını təhsil, media, dialoq kimi Gülən Hərəkatının üstünlük verdiyi fəaliyyət sahələrində dəyərləndirən insanlar yalnız Allah rizasını düşündükləri üçün heç bir təmənna ummazlar. Hər hansı maddi-mənəvi təmənna həm adanmışlıq ruhu, həm də ixlas anlayışı ilə təzad təşkil edir.

Dialoq və demokratik düşüncə

“Könüllülər Hərəkatı”na mənsub insanlar ümumiyyətlə dialoqa və fərqli mədəniyyətlərə xoşgörü ilə baxırlar. Hərəkatın əsas fəaliyyət sahələrindən biri fərqli anlayış, mədəniyyət və dinlərlə dialoq qurmaqdır. Burada özünü, nəyi məqsəd qoyduğunu və həyat fəlsəfəsini başqalarına anladma düşüncəsinin rolu böyükdür. Bir də hərəkatın məqsədi insanları yaxşıya, gözələ, sülhə sövq edərək bir araya gətirməkdir. Bu mənada Hərəkatın dialoq fəaliyyətləri ilk dəfə Türkiyədə fərqli mədəniyyətdən, dindən olan insanları bir araya gətirdi. Və bu fəaliyyət qısa müddətdə öz meyvəsini verdi: Jurnalistlər və Yazarlar Vəqfi (1994) bünyəsində Mədəniyyətlərarası Dialoq Platforması ilə Abant Platforması quruldu. Dialoq fəaliyyətlərində Gülənin tez-tez vurğuladığı "hər kəsi öz mövqeyində qəbul etmə" prinsipi ilə hərəkət edildi. Gülənin bu yanaşması Türkiyədə demokratik düşüncənin və mədəniyyətin formalaşmasına müsbət təsir etdi. Müxtəlif anlayış və ideologiyalardan olan insanların bir araya gəlib, bir-birləri ilə dialoq qurub mədəni mübahisə, müzakirə etməsi mümkün deyldir, amma Gülən Hərəkatı yuxarıda adı çəkilən qurumlarla bunu bacardı və demokratiya kültürünə bir dinamizm gətirdi. Hal-hazırda da bu kimi fəaliyyətləri Avropada, Ərəb Dünyasında və Rusiyanın nüfuz dairəsinə daxil olan bölgələrdə də müvəffəqiyyətlə gerçəkləşdirir.

Sağlam həyat və şəxsi gigiyena

Sağlam və xoşbəxt həyat yaşamaq hər fərd və ailənin təbii haqqıdır. Bu səbəblə fərd mənəvi və ailəvi həyatına zərərli olan təhlükələrdən uzaq olmağa çalışır. Düzgün qidalanma, haram və şübhəli şeylərdən qaçınma Xoca Əfəndinin ciddi yanaşdığı və təşviq etdiyi mühüm xüsuslardandır. Bunun nəticəsidir ki, hərəkatda spirtli içki istifadə edən demək olar ki, yoxdur, siqaret çəkənlərin sayı isə olduqca azdır. Gülən siqaretə haram fətvası verən böyük alimlərdən biridir.

Hicrət

Hicrət insanın və insanlığın qədəri şəklində təzahür edir. Tarix saysız-hesabsız köç hadisələrinə şahiddir. "Müqəddəs köç" olan hicrət Hz. Adəm, Hz. İbrahim, Hz. Lut, Hz. Nuh, Hz. Musa, Hz. İsa və Hz. Məhəmməd Əleyhissalam kimi peyğəmbərlərin həyatında da mühüm rol oynayır. Köç olan yerdə hərəkət, hərəkətin olduğu yerdə təzəlik, təravət və bərəkət olar. Hicrət əziyyət, əziyyəti qəbul etmək deməkdir ki, insanın yetkinləşməsinə, imanının inkişafına vəsilə olur. Bu məzmunda Allaha yönəlmək kimi nəfsin istəklərində uzaqlaşmaq da hicrətdir. Hal-hazırda isə hicrətin bu və buna bənzər xeyli hikmətlərini və əyani nümunələrini ən bariz şəkildə “Könüllülər Hərəkatı”nda görmək olur. Anadolu insanı da Hərəkatın fəaliyyətləri çərçivəsində onları gözləyən məşəqqətləri gözə alaraq dünyanın hər tərəfinə hicrət etdilər. Ancaq bu hicrət qloballaşma zərurətindən doğmasa da, onunla eyni dövrə düşdü. Kamil insan olma yolunda hicrətlə müxtəlif coğrafiyalara edilən hicrətin qovuşmasından dünyanın yeni bir bahara hamilə olması sağlam fikirli bir çox elm adamının diqqətini çəkir.

Nəticə

Bu kiçik məqaləmizdə nəzərdən keçirilən bəzi dinamiklərin mahiyyətinə baxanda “Könüllülər Hərəkatı”nın bir dəyərlər sisteminə söykəndiyini görmək olar. Bu dəyərlər sayəsində milyonlarla insan səfərbər edilir. Potensialını “Könüllülər Hərəkatı”nın fəaliyyət sahələrində dəyərləndirən insanların çoxu fərqli şəxsiyyət və xarakterə malikdir. Əslində hər kəsin birlikdə yaşamağı çətinləşdirən xüsusiyyətləri də ola bilər. Buna baxmayaraq, bir az fədakarlıqla, bir az xoşgörü mədəniyyəti ilə birlikdə xidmət edə bilirlər. Əlbəttə, hərəkat içində xidmət düşüncəsi nə qədər hakim olsa da, səhv edən insanların olması mümkündür, yəni istisnalar hər zaman ola bilər. Ancaq hərəkatın şəxsi-mənəvisi (camaat ruhu) böyük səylə xətaya yol verən mənsublarını ya islah edir, ya da üzə çıxarıb kənarlaşdırır. Çox az adam məmnun deyil ki, bunun da əksəriyyəti şəxsi anlaşılmazlıqlarla bağlıdır.

Yaxşı, “Könüllülər Hərəkatı” nə üçün bütün dünyada diqqəti cəlb edir? Cavabı meydanda: Qərbdə universal və insani dəyərlər ictimai həyatdan silinır, getdikcə sıradan çıxır, “Könüllülər Hərəkatı”nda isə əksinə bu dəyərlər İslami qaynaqlar və dinamiklər əsasında, cahanşümul insani dəyərlərin müşayətində canladırılır, yaşadılır. Məşhur filosof Jürgen Habermasın deyimi ilə "post qlobal" bir cəmiyyətdə sosial-mədəni problemləri həll etməyən, bir mənada aciz olan Qərb dünyası üçün insani dəyərlərin həyata keçirilməsi, həqiqətən, bir inqilab mahiyyəti daşıyır. Qərb dünyasında "həşr (öldükdən sonra dirilmə) inancının, ümidinin yoxluğundan doğan nəzərəçarpan mənəvi boşluğ"u (Habermas) heç cür doldurmaq olmur. Mənəvi-əxlaqi dəyərlərin natamamlığından qaynaqlanan fərdi və ictimai böhran getdikcə dərinləşir. Al Qora görə isə, "demokratiya ruhun, mənəviyyatın sıradan çıxmaı problemlərini yaşayır". Artıq heç kim inkar etmir ki, dünya toplumları  mənəviyyatsızlıq girdabında min bir böhranla sarsılır. Yəni dünyada yaşanan ictimai problemlər əxlaqi və insani dəyərlərin korlanmasından, ictimai ədalətin pozulmasından qaynaqlanır. “Könüllülər Hərəkatı” ortaya qoyduğu dinamiklərlə fərdin mənəvi istiqamətini və dünyaya baxışını sağlam bir bönövrəyə oturdaraq insanın hər iki dünyasını da abad etməyə çalışır. Həm fərd ağlı, nəfsi, qəlbi və vicdanı ilə bir bütöv olaraq götürülür, həm də ictimai əmin-amanlıq üçün malın, canın, nəslin, ağlın və dinin qorunmasına  əhəmiyyət verilir.

Aydın olur ki, “Könüllülər Hərəkatı” İslami və insani dəyərləri canlandıraraq, yaşayaraq, yaşadaraq bütün dünyada insalanların əlindən tutmağı, onların yoxluğa və böhranlara sürüklənməsininin qarşısını almağı hədəfləyir. 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.