Ağıl və zəkanın sehrində

İstanbulun havası Bakının havasına çox bənzəyir. Gün ərzində burada da rüzgar tez-tez dəyişir. Gah aramsız yağış yağır, gah külək əsir, gah da yüklü buludlar səmadan çəkilərək öz yerini parlaq günəşə verir. İslanbulun adamları da Bakı əhlinə çox bənzəyir: qaraqabağı da var, gülərüzü də; dil qəfəsə qoymayanı da var, lal-dinməzi də. Bu adamları birləşdirən oxşar cəhətlər az deyil. Çılğınlıq, səbirsizlik və heyrət doğuracaq bir sadəlövhlük. Amma, nədənsə mənə elə gəldi ki, bu şəhər haqqında qarışıq təsəvvürlərə baxmayaraq burada imanlı adamlar daha çoxdur. Köksündə şərəfli bir tarixin nəbzi döyünən şəhərdə namaz vaxtı məscidlərə axışan istanbulluları ibadətə hər hansı rejimin zəhmi və ya izləmə xofu yox, Allahla birbaşa ünsiyyətə daxili bir ehtiyacın, imanın gətirdiyini duymaq çətin deyildi...

Bütün Anadolunun və türk xalqının böyük əksəriyyətinin pərəstiş etdiyi Fəthullah Gülən Xoca da bir iman mücəssəməsidir. O, qlobal düşüncə sahibi, yeniləşən dünyamızın güclü fikir adamı, filosof, tarixçi-araşdırıcı, ilahiyyat alimi, bədii söz ustadı kimi tanınır. Onun haqqında kitab­lar, əsərlər yazılmaqda davam edir.

Onun ünvanına "soyumuzun xocaəfəndisi", "ülviyyət səməndəri", "kamili-mürşüd" kimi epitetlər də söylənilir. O isə artıq çoxdan öz ideyaları və məsləki uğrunda Qandisayağı mübarizə ilə bu adların hamısına layiq olduğunu sübut edib.

Onunla söhbətə başlayan kimi ağlın və zəkanın sehrinə düşürsən. Altmış yaşlı bu müdrik insanın səsinin ahəngində və ləngərində sanki bir ilahilik və yenilməzlik var. Nitqi təmkinli, rəvan, səlis və axıcıdır. Onun ən böyük cazibəsi isə mübarək ağzından çıxan cümlələrin fikir və məna yükündədir.

Biz bu səsi 90-cı ilin müdhiş Yanvar hadisələrindən az keçməmiş eşitmişik. O məşum gecədən sonra səsimizin dünyaya çatmadığı bir zamanda İzmirdəki Şadırvan camisində kəfənə bürünmüş Fəthullah Gülən Xoca fəryad qopararaq hər biri top mərmisi qədər daşları dələn, ədalətsizliyə qarşı nifrət püskürən kəlmələri ilə yeri-göyü ittiham edirdi. Bu, təkcə Azərbaycan türklərinə qarşı faciədən sarsılmış BÖYÜK İNSANIN bir soydaş təəssübkeşliyi deyildi. Fəthullah Gülən Xoca bütün dünyaya yayılan bu hayqırtı­sı ilə Yer üzündəki cəmi haqsızlıqları, vəhşiliyi, zorakılığı lənətləyirdi. Soyumu­zun Xocaəfəndisi bu gün də ictimai ədalət və haqq uğrunda çarpışır. Bu məsələyə münasibətdə onun mükəmməl baxışları Avropa alimlərinin də dizini qatlayır. Ona təkcə islamı tədqiq edən ilahiyyat alimi kimi baxanlar kökündən yanılırlar. Çünki Xocaəfəndi bu qoca dünyaya təkcə İslamın və ya türkçülüyün nurlu pəncərəsindən baxmır. Onun fəlsəfəsi həm də dünyəvi dəyərlərdən güc alaraq insanların şüurunu, zəkasını və inamını qi-dalandırır. Onu məhz dünyəvi bir vücud olduğuna görə bu qədər dərindən sevir və ehtiram göstərirlər. Onun insanlara sevgisi soydaşlığın məhdud çərçivəsindən çıxaraq çox-çox uzaqlara yayılmış bir ulu sevgidir. Onun sevgisi və xoş niyyəti təkcə türk üçün deyil, ulu Tanrının yaradıb nəfəs verdiyi bütün insanlar üçündür. O, irqi, dini fərqi qəbul etmir və "Allah birdir" deyərək müxtəlif məsləkli insanlar arasında ünsiyyətin daha da genişlənməsinə çalışır. Roma Papası ilə görüş və dünyanı düşündürən bir çox mətləblərin bu görüşdə çözülməsi də məhz bu mənəvi ehtiyacdan yaranmışdı.

Xocaəfəndi bu görüş barədə danışarkən mən ona “İndi dünyanın qarşı-qarşıya durduğu bir zamanda, siyasətdə İslam-Xristian amilinin əhəmiyyətsiz olmadığı bir vaxtda Qərbin səmimiyyətinə necə inanırsınız?” – sualını verdim. Cavabı təkcə bir jurnalist inandırmaq üçün deyil, həm də bütün dünyaya və onun gərdişinə açıq gözlə, həm də nikbinliklə baxmağa çağırış baxımından çox əhəmiyyətli idi:

- Tarixə nəzər salın. Görün təkcə bir əsr ərzində dünyanın siyasi mənzərəsi necə dəyişib. Zorakılığı və diktaturanı təbliğ edən nəzəriyyələr, o cümlədən marksizm də tarix səhnəsindən silinib gedir. Ona görə ki, qarşıdurma və zorakılıq məhvə məhkumdur. Onun sonu yoxdur

Bəs Xocaəfəndinin nikbinliyi nəyə əsaslanır? Bu dünya öz-özünə düzəlmir axı. Yeni dünyanı kim quracaq? Onun sivil qaydalarını kim müəyyən edəcək? Böyük alim-mütəfəkkir: Yeni dünyanın yeni şüura malik insanlar quracaq, - deyir. O, yeni insanın yetişməsini, onun üçün ümümbəşəri dəyərlərə sahib çıxaraq insanlar arasında yeni münasibətlərə rəvac verilməsini vacib sayır. Xocaəfəndi yeni insanın yaranmasını isə dünyanı viran qoyan ictimai inqilablarda yox, şüurlarının dəyişməsində görür. Yeni şüurun yaranışı isə maarifdən və təhsildən keçir. Fəthullah Gülən Xocanın maarifçiliyi mayasında bir qədər romantizm onlar XVII əsr fransız maarifçiliyindən çox fərqlənir. Xocaəfəndi xəstə dünyanın xəstə dərdini də, onun dərmanını da göstərən ulu TƏBİBDİR. Bu gün dünyanın 40-dan çox ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən litseylərdə məhz bu təbibin tövsiyələri ilə hazırlanan həkimlər sabahkı dünyanın dərdinə əlac edə biləcəklər.

Bütün varlığını ancaq sevdiklərinə həsr edən Fəthullah Gülən Xocanın Azərbaycana və onun xalqına tükənməz sevgisini gördüm. Bu böyük insanın köksündə öz soydaşlarına olan ünvanlarca məhəbbətindən məmnunluq duydum. O, Azərbaycanın müvəqqəti çətinliklərdən bizim qədər sıxılır. Qarabağ savaşından, torpaqlarımızın itirilməsindən ah-nalə ilə danışır, xalqımızın qəhrəmanlıq ruhuna ehtiramını, millətimizin sabahına olan ümidini 21-ci əsr Azərbaycanın işıqlı gələcəyi ilə bağlı nikbinliyini gizlətmir.

Azərbaycana nə vaxt gələcəyi barədə suala verdiyi cavabda həsrət və intizar notlarını qabartsa da, bir şey duydum: Ərzurumda doğulub boya-başa çatmış və indi ömrünün aqillik, müdriklik çağına qədəm qoymuş Xocaəfəndinin qəlbində Azərbaycana səngiməz bir sevgi qərar tutub və onun bu sevgisini həsrət yaşadır.

Biz Xocaəfəndi ilə müsahibə üçün kameraları işə salanda İstanbulda aydın və günəşli hava vardı. Müsahibə sona yetəndə isə İstanbula qaranlıq çökmüş, küçələrində və damı kirəmitlə örtülmüş evlərdə işıqlar yanırdı, hava da tutulmuşdu və indi yağış yağırdı. Damı döyəcləyən yağış damcıları mikrofonda əks-səda verirdi. Kimsə bu damcını ürək döyüntüsünə bənzətdi. Türkiyə və Azərbaycanın eyni ahənglə vuran ürək döyüntülərinə.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.