Ərzurumda beşinci gün: kövrək xatirələr - 2

Hatəm Bilgi: Kiçik yaşlarından özünü yalnız Quran, iman və uca dinimiz İslama xidmətə həsr etmişdi. Hansı ki, o dövrdə Ərzurumda bunu təşviq edən elə də böyük mürşid alimlər yaşamırdı. O dövrdə Ərzurumun dini mədrəsələrində sufilik, şeyxlik geniş yayılmış idi, “sən filan camaatdansan”, “filan şeyxin müridisən” şəklində bir qruplaşma vardı. Amma yenə inananlar arasında qarşılıqlı ünsiyyət, münasibətlər mövcud idi. Fəthullah xoca bu münasibətlər sistemində elə bir mövqe tutmuşdu ki, hər yerdə yalnız müsbət qarşılanırdı, onda hansısa camaata uzaq və ya yaxın olmaq hissi yox idi.

Elə o illərdə də Risalələrlə tanışlıq qismət oldu. O vaxt bizə dərs verən müəllimlərimiz Bayram əfəndi, İzmirli Müzəffər əfəndi risalə öyrənmək üçün Mehmet Kırkıncı xocanın yanına gedirdi. Mehmet xoca Bədiüzzaman həzrətləri Ərzurumda qaldığı vaxtlar onunla tanış olmuşdu və sonradan bu tanışlıq risalə elmini öyrənməyə qədər gedib çıxmışdı. Risalələlərə sonsuz sevgi bəsləyən, böyük dəyər verən Mehmet xoca risalə dəsrlənin əhatə dairəsini genişləndirməyə çalışırdı. Onunla yanaşı, sonralar Fəthullah xocaya dərs demiş xocalar – Mədinəli Hacı Musa əfəndi (bir azdan tanış olacağımız Vəli Vəlioğlunun dayısı), ondan sonra Saqıb əfəndi, Faruk əfəndi, Molla Nadir əfəndi, Solakzadə Sidqi əfəndi də risalələr haqqında məlumatlı idilər və bizə Bədiüzzaman həzrətlərinin böyük bir mənəviyyat alimi olduğunu təlqin edirdilər.

Kamil uşaqlıq çağlarını yaşayan Fətullah xoca onların dərslərindən çox təsirlənirdi. O vaxtlar risalələri tapmaq asan məsələ deyildi, yadımdadır “İxlas” risaləsini əlyazma şəkilində çoxaldıb oxuyurduq, daşbasma üsulu ilə hazırlanan kitablardan istifadə edirdik. İndiki kimi belə böyük kitablar tapa bilməzdin. Bu şəkildə tanıdıq risalələri və öyrəndik.

...nadir uşaqıq xarakteri...

var idi: yaddaşı güclü idi, bir dəfə gördüyünü unutmazdı, qarışdırmazdı, hər yerdə yerini bilinirdi, ehtiyaclarını başqalarına heç vaxt hiss etdirməzdi, xüsusi yoldaşı yox idi, ətrafındakı hər kəsə arxadaşı, dostu kimi münasibət bəslərdi. Heç kimin minnətini götürməzdi, qarşısında əzilməzdi, boynunda kiminsə haqqının – bir qəpiq belə olmasına imkan verməzdi. Hələ uşaqlıqdan dünyəvi-nəfsani məsələlərdə Bəyazidi Bistami həzrətlərinin bir timsalı idi: bütün dünyanın malını gətirsəydilər, tənəzzül etməzdi, ayağının ucu ilə bir kənara itələyib yoluna davam edəcək qədər ərdəmli idi. Münasibətlərimiz həyatımızın bütün məqamlarında davam edib xidmət (iş) yerlərimiz fərqli məkanlar olsa belə. Yadımdadır, Ərzurumda cami imamı idim, iki-üç aydan bir pul toplayaraq, bir bəhanə tapıb gedirdim onu görməyə.

...indiyə kimi heç kimə danışmadığı hadisə...

Hatəm xoca aramla danışa-danışa suallardan kənara çıxıb başqa məqamlara da toxunurdu. Təsəvvüf elmi, böyük övliyaların hikmətlərindən misallar gətirirdi. Bu gedişlə mənə elə gəlirdi ki, məni hansısa bir söhbətə hazırlayır. Və nəhayət bir söhbətin məqamında gözlərini qıyaraq mənə sarı əyildi: ”Bir hadisəni heç kimə danışmamışam, inanacaqsınızsa, danışım..”. Verdiyim cavab, deyəsən, onu təmin etdi, odur ki, başladı:

Bunu heç kim bilmir, bir şey əlavə etmədən olduğu kimi danışacağam. Gənclik çağımda İstanbula getmişdim. Bir gün şiddətli, amansız bir xəstəliyə tutuldum, hətta, gözümü belə aça bilmirdim. Axşam saat 21.30-u göstərirdi, bacım dedi ki, bir nəfər qapının arxasında dayanıb israrla içəri gəlmək istəyir. Gizlətmirəm, ağlıma qara fikirlər gəldi. O vaxtlar dindar insanların əsassız ittihamlarla həbsə atılması, incidilməsi adi hal idi. Belə qara fikirlər içində birtəhər durub qapını açdım, gördüm qaraşın, uzunboylu bir kişidir. Bir neçə saniyə üzümə diqqətlə maddım-maddım baxıb “özüdür” deyə mızıldayanda beynimdə şəkillənən senari bu idi: “məni həbs etməyə gəliblər, amma əvvəlcə ona verilmiş foto şəkilləri adamı dəqiqləşdirmək istəyir, aha, “özüdür” dedisə deməli səhv gəlmədiyini dəqiqləşdirdi”. İçəri girmək üçün izn istədi, “buyurun” dedim. Birtəhər özümü ələ alıb kim olduğunu, haradan gəldiyini soruşdum. Amma bu məqamda müşahidə etdim ki, qonaq özü də çaş-baş vəziyyətdədir. Aramızda kiçik bir dialoq oldu: “Hatəmdirmi adın? – Bəli. – Fətullah Güləni tanıyırsan? – Əlbəttə”. Sonra isə yalnız o danışmağa başladı: ”Mən İstanbuldan təxminən 92-93 kilometr aralıda yerləşən bir qəsəbədə yaşayıram. Adım Məhəmməd Ayvacıdır. Sənətim həkimlikdir, əlimdəki çantada yalnız dava-dərman var. Bura gəlmək üçün evdən sübh namazından sonra çıxmışam. Səhərə yaxın yuxudan Fəthullah xocanın səsi ilə oyandım. Həyacan içində mənə ”Məhəmməd, qalx, mənim əziz bir dostum Ərzurumdan İstanbula gəlib, indi ağır xəstədir. Get, onu tap müalicə elə, dərdinə çarə qıl” – deyirdi. ”Mən İstanbulu heç tanımıram, belə böyük şəhərdə onu necə tapacağam?” – deyə soruşunca barmağı ilə mənə sanki bir xəritə çızdı, yuxuda bu ünvanı, sənin simanı gördüm. Sən qapını açanda əmin oldum ki, səhv gəlməmişəm. Yolda olarkən bir neçə dəfə işə getməyəcəyimi bildirmək istədim, amma hər dəfə əlaqə yarada bilmədim”. Beləliklə, o həkim bir neçə gün yanımda qalıb məni əməlli-başlı müalicə etdi, ayağa durmağıma kömək elədi. Yanıma elə bir mənəvi halətdə gəlmişdi ki, əslində dərmanları, müalicə üsulları belə onun yanında aciz qalırdı. Bir neçə gündən sonra o getdi və bu günə qədər onu bir daha görmədim. Amma bu hadisə ömürlük yaddaşıma həkk oldu, sağalan kimi Ərzuruma döndüm.

...məşhur məktub məsələsi...

O məktub məsələsi ki, deyilənlərə görə mədrəsə tələbələri Fəthullah, Hatəm və başqaları Bədüzzaman həzrətlərinə tələbəliyə qəbul olunmaq üçün məktub göndərirlər, cavab qısa zamanda gəlir. Bu məsələni Hatəm xocadan soruşdum, təsdiqlədi:

– Sevimli xocalarımızdan biri olmuş Osman Bektaş xocadan Cəfəriyyə camisində dərs aldığımız vaxt idi. Osman xoca böyük alim idi, təqvalı, böyük elm sahibi idi. Məktub məsələsi o zaman oldu, məktub İzmirli Müzəffər abi vasitəsi ilə gəlmişdi Mehmet Şergil abiyə. Bir və ya iki il sonra Fəthullah xoca ilə o məktubun taleyi ilə maraqlandıq, amma tapa bilmədik. O vaxt eşitdiyimizə görə, ustada “molla Fəthullah və molla Hatəm sizin tələbəliyinizi qəbul ediblər” demişlər. “Ustad həzrətləri də bunu qəbul edib,” – dedilər bizə. O məşhur məktubun sonunda bizim adlarımız sadalanıb, amma məktub Mehmet Şergilə gəlmişdi, bizə yox. Ustad həzrətləri məktubda bizə salam göndərmişdi, amma indi bu yaşda təəssüf ki, məktubun mətnini xatırlaya bilmirəm. Bircə bu yadımda qalıb ki, məktubda “Biz molla Fəthullahla molla Hatəmi tələbəliyə qəbul edik” kimi bir cümlə yazılmışdı.

Ömrünün ahıl çağında olan bu iki köhnə dostun indi necə əlaqə saxladığını soruşuram. Baxışlarının bir nöqtəyə zilləyərək, cavab verməyə tələsməməsindən hiss edirəm ki, bu onun dərdini təzələyir: “Amerikaya getdikdən sonra heç görüşə, danışa bilmədik. Bir dəfə qardaşı gəldi bizim ev nömrəmizi götürdü. Dedi ki, səninlə danışmaq istəyir. Bir gün mən xəstə idim, səhər namazından sonra dedilər ki, Fəthullah hoca sənə zəng edib. Amma nə isə danışa bilmədik, əlaqə qəflətən kəsildi”.

Deyirlər, insan nə qədər yaşlaşırsa, bir o qədər də uşaqlaşır. Nədənsə, bütün şair ruhlu insanlara verilən sual ağlıma gəldi və Hatəm xocaya ünvanladım: “Bu yaşda köhnə uşaqlıq illərinə dönmək ürəyinizdən keçmir ki?”. Hatəm Bilgi: ”Gəlməyini çox istəyirəm, amma indi deyil. Başına bir iş gətirərlər deyə çox qorxuram, İbn Səlullar at oynadırlar bu gün hər dərədə. Bü gün Bülənd Ecevit qədər mətanətli siyasətçi çox azdır. Əgər mənim canımla Fətullah xoca qurtulacaqsa, canım nədir hər şeyimi gözümü belə qırpmadan fəda edərəm” – deyib dərin bir fikirə gedir.

Mən hiss elədim ki, o, bu an xəyalən haradadır... İllərin silib apardığı, yalnız isti xatirəsində ilişib qalmış o ərzurumlu günlərdə... Otağa çökmüş bu dağ kimi ağır sükutdan sonra ona növbəti sualı verə bilmədim, sadəcə olaraq bacarmadım... ”Cənabi-Haqq lütf edər, cənnət həyatında da bir yerdə olarıq. Bütün lütf sahibi Odur, istərsə olar”. Dodaqlarından süzülən bu son cümlələrlə bu iki insanın bir-birinə nə qədər bağlı olduğunu anladım, hətta bu ahıl yaşında belə.

Qapıdan bizi yola salarkən hüzn içərisində dediyi sözlər indidə qulaqlarımdadır. Sağollaşıb, ayrılmaq istəyəndə: ”Son zamanlar Fətullah xocanı nə zaman xatırlasam, göz yaşlarımı saxlaya bilmirəm. Əgər Amerikaya, onun yanına getsəniz, salamımı çatdırın, deyin ki, onu hər gün xatırlayıram...”

Fəthullah Gülənin həyatının çox məqamlarından xəbərdar olan Hatəm hocanın xatirələri burada başa çatır. Növbəti yazıda Fətullah hocanın Risaleyi-Nurla ilk tanışlığı, həyatının Risaleyi-Nurla dəyişən məqamları Ərzurumun başqa bir mənəvi siması Vəli Vəlioğlunun köməyi ilə öyrənməyə çalışaçağıq.

{widgetkit=50}
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.