Fəthullah Gülən yüz rasional sualda
Uzun illərdir xarici ölkələrin elmi-tətqiqat müəssisələri Fəthullah Gülən və hərəkəti haqqında əsaslı araşdırmalar apararaq bu məsələ ilə bağlı bütün suallarını cavablandırıblar. Nəinki, suallarını cavablandırıblar, hətta elmi institutlar quraraq bu hərəkətin mahiyyətini, sosial-psixoloji, mənəvi cəhətlərini iri həcmli araşdırmalarda təsbit ediblər. Onlar hesab edirlər ki, bugünkü dinlərarası münasibətlərini inteqrasiyası üçün bu hərəkətin rasional yanaşmalarını əxz etmək son dərəcə vacibdir. Mirzə Cəlilin ifadəsi ilə izah etməyə çalışsaq "firənglər bizimlə bizim dilimizdə danışmağa" çalışırlar. Bizdə isə yavaş-yavaş Fəthullah Gülən haqqında yerli müəlliflərin qələmindən əsərlər çıxmağa başlayıb. Ankara Universitetinin Politologiya fakültəsinin müəllimi, professor Doğu Ergilin yazdığı əsəri bu sahədə ilk addımlardan biri hesab etmək olar. "Yüz sualda Fəthullah Gülən və hərəkəti" adlanan əsərdə müəllif hərəkətin sosial-mənəvi mahiyyətini Gülənin öz dilindən aldığı cavablar əsasında yorumlamağa çalışıb. İki il yarım ərzində yazılmış əsər müəllifin subyektiv analizlərindən və hərəkətlə bağlı cəmiyyəti maraqlandıran məqamlardan ibarətdir.
Ümumiyyətlə, son illər Türkiyədə Fəthullah Güləndən müsbət və ya mənfi aspektdə yazıb məşhurlaşmaq tendensiyası müşahidə olunur. Belə qələm sahibləri anlayırlar ki, Güləndən yazılan hər bir yazı, məqalə, kitab və araşdırmanı cəmiyyətin bütün kəsimlərindən olanlar oxuyacaq: sevəni sevgi üçün, sevməyəni nifrəti daha da körükləmək üçün. D.Ergil kitabın yazılma səbəblərini belə izah edir:
"Bu kitabı yazmağımın bir neçə səbəbi var. Adından ən çox söz edilən, amma bir mövqe, məqam və ya rəsmiyyəti olmayan bir insan haqqında çox az şey bilirik. İctimaiyyətdə dolaşan rəvayətlər ciddi bir araşdırmaya əsaslanmaqdan uzaqdır və əsasən camaat içindən çıxmış müəlliflər yazırlar. Bu boşluğu doldurmaq bir sosioloq alim üçün yaxşı bir meydan idi. Türk cəmiyyətinin inkişafında ilk dəfədir belə bir könüllülərin təşkilatlanmasına şahid oluruq və onun yaranma, inkişaf tendensiyaları haqqında heç bir dəqiq məlumatlara malik deyilik. Fəthullah Gülən hərəkəti Türkiyənin ən böyük ixrac məhsuludur və biz dünyaya dövlət dəstəyi olmadan açılan və inkişafını özü təmin edən anoloji qeyri-rəsmi təşkilatlanma görməmişdik. İndiyə qədər bütün sualların cavabını rəvayətlərdə tapmaqla kifayətlənirdik, artıq bir nəfərin, həm də dünyəvilik tərəfdarının bir addım atması lazım idi".
Mayın 19-dan satışa çıxacaq olan kitabın müəllifi daha çox bu hərəkətin sosial aspektləri ilə maraqlanır və bu marağını belə izah edir:
"Fəthullah Gülən bir türk renesansını gerçəkləşdirir. Gülən hərəkəti bu gün üçün Türkiyənin ən önəmli ixrac məhsuludur. Uğur qazanmalarının ən böyük sirri davalarına inanmalarıdır".
Müəllifin sözünə qüvvət, hər şey inanmaqdan başlayır. Ergil kitabı yazmaq üçün iki dəfə Gülənlə Şimali Penselvaniyada yaşadığı evdə görüşüb və ona ünvanladığı sualları da bu görüş əsasında formalaşdırıb:
"Suallar cəmiyyətin maraq göstərdiyi, amma cavabları açıq qalan mövzularla bağlı idi. İstədik ki, nə qədər maraqla qarşılanan, şübhə edilən sual varsa, hamısı aydınlaşsın".
Bu prinsipləri əsas tutan müəllif Fəthullah Gülənə "Hərəkət özündən əvvəlki bir hərəkətin davamıdırmı?", "Gülən Hərəkətinin təməl qanunları nələrdir?", "Gülən düşüncəsində dövlət necə bir yer tutur?", " Hansı fərdi və ictimai ehtiyaclara cavab verir ki, qısa vaxtda ölkəyə və bir sıra xarici ölkələrə yayıla bildi?", " Gülən Hərəkətini dövlətə alternativ bir təşkilatlanma olaraq görən və göstərmək istəyənlər var. Vəziyyət gerçəkdən belədirmi?", "Gülənin ideal bir cəmiyyət modeli varmı?", "Hərəkət kimlərə yönəlik fəaliyyət göstərir, maliyyə qaynaqları nələrdir?" kimi yüz sual ünvanlayıb:
"İki ana qaynaqdan yararlandım. Biri Gülən xocanın özü idi. Üç il əvvəl, özündən onun düşüncələri və ilham verdiyi hərəkətlə bağlı kitab hazırlamaq istəsəm, suallarıma cavab verib-verməyəcəyini soruşmuşdum. "Əlbəttə, verərəm" – demişdi. Odur ki, yüz sual hazırladım, ona təqdim etdim. Bir dəfə üç gün sürən, bir dəfə isə bir gün sürən iki görüşümüz oldu, xeyli söhbətləşdik. Suallarımı həm şifahı, həm də yazılı cavablandırdı".
Kitabı yazdıqdan sonra müəllif Gülən hərəkəti ilə bağlı bir sıra nəticələrə gəlib. Bu qənaətləri onun öz dilindən belə qruplaşdırmaq olar:
Müəllifin birinci qənaəti: "Hər şeyi dövlətdən gözləyən bizlər öz gücü və təşəbbüsləri ilə əvvəlcə regional, sonra isə beynəlxalq bir hərəkət formalaşdıran insanları anlamaqda çətinlik çəkirik. Çətinlik çəkdiyimiz üçün də özümüzü məhkum etdiyimiz gücsüzlüyümüzdən xoşlanmadığımızı kəşf edirik. Dayanışarak və qaynaqlarını birləşdirərək güclü bir hərəkət formalaşdıran insanlara qarşı şübhə və narahatlıq duyuruq. Əslində, günahlandırdığımız onlar deyil, "mənimsədiyimiz çarəsizliyimiz"lə biz özümüzük".
Müəllifin ikinci qənaəti: "Dövlətə zidd olmamağa çalışan, ondan heç bir tələbi olmayan, siyasətə qarışmamağı qanun kimi əldə prinsip edən bir hərəkətə bunların tam tərsi ilə ittiham etmək böyük ziddiyyətin nəticəsidir. Anadolunun bağrından çıxmış bir imamdan geniş kütlələrə təsir edən və onların müasirləşmə, həyat keyfiyyətlərini yüksəltmə və dünyəviləşmə axtarışlarına liderlik edən bir öndərin çıxması qeyri-adilik kəsb edir. Zənginlik və rifahı insanın çox çalışması və faydalı bir insan olması səylərinin Allah tərəfindən mükafatlandırılması kimi şərh edərək sərmayə təcrübəsinə və iş adamlarının getdikcə daha təsirli sərmayəçilərə çevrilməsində təşəbbüskar olmasını kəşf etmək, dinin elmlə ziddiyyət təşkil etmədiyini vurğulayaraq, elmin gündəlik həyata olduğu qədər cəmiyyət həyatına da nüfuz etməsini təmin etmək. Bunun üçün beynəlxalq miqyasda təhsil qurumları açmaq və bunları dörd tərəfə yaymaq".
Müəllifin üçüncü qənaəti: "Bir çox dini camaat və ya din adamı Quran və hədisdən şiddət, qəzəb hökmləri çıxararkən, eyni qaynaqlardan Gülənin, barış, həmrəylik və ortaq dəyərlər çıxarmasında insani səy və bu səyi yayanların heyrətamiz vəzifə şüuru".
Növbəti qənaəti: "Gülən Hərəkətinin dünyəviləşməyi, indiyə qədər sınandığı kimi yuxarıdan və avtoritar şəkildə deyil, aşağıdan yuxarı reallaşdırmaq cəhdləri. Təhsil səviyyəsi artan insanların daha şüurlu qərarlar verərək inancla elmi, dünyəvi və üxrəvi həyatı bir-birindən ayırmadan ağıllarında, könüllərində və gündəlik həyat-tərzlərində yaşamasını görmək. Bunun da siyasi bir seçim və məcburetmə olmadan, sosioloji və mədəni bir proses olaraq reallaşdığını görürük".
Və şəxsən mənim üçün müəllifin ən unikal qənaəti: "Bu qədəri bacaran, dinamizmi və təsir sahəsi get-gedə artıran bir hərəkətdən qorxmaq asandır, üstəlik eyni üsullarla onun zərərli hesab etdiyimiz təsirlərinə maneə törədən tutumu, bacarığı və həmrəyliyi ortya qoya bilmirsinizsə. Deyildiyi kimi: "Türkiyədə cəzalandırılmayan müvəffəqiyyət yoxdur".
Kitabdan bəzi seçmələr:" Səid Nursi və Nur Külliyyatının Fəthullah Gülən və hərəkəti üzərində ciddi təsiri olmuşdur. Amma bu təsirin mənəvi və ilham ölçüsündə olduğunu görürük. Gülən Hərəkətinin praktikası daha çox özünə əsaslanır, çağdaş şəraitə əsaslanaraq formalaşıb. Gülən həyatını dinin əsasları anlamağa, şərh etməyə və dindar bir insan olaraq çıxardığı dərsləri başqalarıyla paylaşmağa həsr etmişdir. Onun söylədiklərini və etdiklərini anlamaq üçün bu perspektivi gözdən qaçırmamaq lazımdır. Mövlananın çağırışının bir bənzəri bu gün Gülən Hərəkəti ilə təkrarlanmaqdadır. Deyilənlə yaşanan arasında bir əsas vardır və bu da hərəkət mənsublarıyla mənəvi öndərləri arasında sarsılmaz inam bağı meydana gətirir. Türkiyənin təsirini, mədəniyyətini və insani əlaqələrini başqa yerlərə daşıyan bu miqyasda və təsirdə ikinci bir vətəndaş təşkilatı varmı? Yox! Yaxşı, Gülən Hərəkəti bunu necə bacarır: inanaraq. Nəyə? İdeallarına, yəni bu yolla həm Yaradana, həm də yaradılana xidmət etdiklərinə inanaraq..."
Fəthullah Gülənin Ergilə verdiyi cavablardan bəziləri:
"90-cı illərdə dəyişdim"
Sual: Dünyagörüşünüzdə hansı mərhələlərdə nə kimi dəyişikliklər oldu?
Cavab: "Zaman, zəmin və insan faktorlarına bağlı olaraq kiçik dəyişikliklər də yox deyildir söz və dəyərləndirmələrimdə. Köhnə xütbələrimdə yəhudilərin səbəb olduğu problemləri ümumi bir üslubda dəyərləndirir, bəzi ayə və hədisləri bu çərçivədə şərh edirdim. Amma 90-cı illərdən sonra başlamış dialoq prosesində bu yanaşmadan uzaqlaşdım. İstər Quran ayələri, istərsə də hədislərdə dilə gətirilən bu kimi düşüncələri ümumiləşdirici şəkildə dəyərləndirib ittihamların şəxslərə deyil, prosesin mahiyyətinə yönəlik olduğunu ortaya çıxardım. Bunu, İslamın cahanşümüllük prinsipinə daha uyğun olduğu üçün etdim və elə təlqin etdim".
Sual: Gülən hərəkətini bir təriqət olaraq xarakterizə etmək olarmı?
Cavab: Bu hərəkətin təməl dinamizmləri ilə klassik İslam təriqət gələnəyinin dinamizmləri bir-birən bənzəməsə də, hərəkət istər bir sivil inisiyativ olaraq təşkilatlanma forması, istərsə də kültürləşmə əsas götürdüyü dəyərlər və onları tətbiq etmək şəkli ilə təriqət təşkilatlanmasından fərqlənir. Bu hərəkət çiləçilikdən çox fədakârlığı, adanmışlığı və aşırılıqdan çəkinməyi tövsiyə edir. Birlikdə hərəkət etməyin və eyni dəyərləri paylaşmanın ərdəmini müdafiə edir, yaşamı anlamlandıran və ucaldan dəyərlərin -maddi və mənəvi- əsaslarını da vurğulayır. Mənə elə gəlir ki, bu çağırış həm səmimi, həm də bir həqiqət kimi qəbul edilmişdir.
Sual: Fəthullah Gülənin dünyəvilik anlayışı necədir?
Cavab: Dünyəvilik bir siyasətdir. Arxasında bir siyasi nüfuz dayanır, bu nüfuz idarəsində saxladığı din qurumunu, toplumu yönləndirəcək şəkildə istifadə edir. Bu tərzdə din siyasi nüfuzun bir parçasıdır və ona tabedir. Siyasi nüfuz zəiflədiyi zaman toplum siyasiləşdirilmiş inanç sahəsinə müdaxilə edir və dini siyasətin pəncəsindən qurtarmağa çalışır. Ancaq bu keşməkeşli bir prosesdir. Çünki dini siyasi nüfuzun əlindən alaraq muxtar və sayqın inança çəkmək üçün siyasi müstəvidə mücadiləyə zərurət ola bilər. Solçu və milliyyətçi ideologiyaların sıradan çıxdığı toplumlarda əsasən belə olmuşdur. Nə zaman ki, toplum olğunlaşır, gəlişir, insanların təhsil, gəlir və həyat səviyyəsi yüksəlir, o zaman din siyasət alanından kültürəl sahəyə, inancın layiq olduğu sayqın və siyasətən tərəfsiz mövqeyə çəkilir. Dünyəviləşmə budur.
Sual: Fəthullah Gülənin baxışları nə zaman könüllülər hərakatına çevrildi?
Cavab: Bu hərəkət masa üstündə qurulan plan olmamışdır. Ortada hadisələrin yönləndirməsi və şəkilləndirməsi, ehtiyac və zərurətlərin müəyyənləşdirdiyi düşüncələrlə formalaşan bir sistem vardır. Dinamik olan bu sistem sözügedən ehtiyac və zərurətlərlə hər gün özünü yeniləyir. Fəqət, bu, o demək deyildir ki, təməl bir fikir yoxdur, var, amma onun şəkillənməsi karvan yolda ikən olmuşdur və olmaqdadır. Məsələn, Orta Asiyada məktəblər açılanda onların 15 il sonra – bu günkü uğurları müəyyənləşdirilməmiş və ona uyğun plan qurulmamışdı. Və ya Türk dili olimpiadalarının keçirilməsi tamamilə şərtlərin diktə etdiyi bir düşüncədir
Sual: Fəthullah Gülən hərəkəti
Cavab: "Heç bir zaman hərakat olaraq başlamadı. Kiçikdən başlayıb böyüyə, regionaldan başlayıb kürəsələ gedən prosesin fonunda hərəkət halını aldı. Belə olmaya da bilərdi. Onun üçün sosioloji baxımdan hərəkəti başdan bu yana "Gülən hərəkəti" adlandırmaq doğru bir dəyərləndirmə olmaz. Başlanğıçda tamamilə dindar kütlələrə, cami camaatına xitab edirdi. İndi isə soy, dil, din fərqi olmamaqla bütün insanlara xitab edir.
Sual: Hərəkətin maliyyə qaynaqları nədir?
Cavab: Məktəblərin mərkəzi bir maliyyə qaynağı olmadı, yoxdur. Hər məktəb Türkiyədəki bir il ya da ilçə (Türkiyədə inzibatı bölgü vahidi) tərəfindən, ya da zəngin bir iş adamı tərəfındən maliyyələşdirilir. Daha doğrusu, məktəb sorumluluğunu almış camaat mənsubları başqa ölkələrdə olan məktəblərin baş müdirliyi ilə əlaqədə, zəngin iş adamları və camaat üzvlərindən topladığı pulları müəyyən olunmuş ölkələrə yollayırlar. Müəllimlərə gəlincə, əsasən ingiliscə təhsil verən bu gənclər Türkiyədəki üniversitetlərdə yetişir. Mərmərə, Boğaziçi Universitetləri, ODTU məzunlarıdır çoxu. Maaşları olduqca azdır, 350 ilə 700 dollar arasında dəyişir, başqa təminat yerləri yoxdur. Könüllülərin hamısı orta və ali təhsil alarkən hərəkətə qatılıb özlərini bu missiyaya hazırlayırlar.
Sual: Məktəblərin beynəlxalq miqyasda uğurları varmı?
Cavab: Xarici ölkələrdəki məktəblərimizin şagirdləri öz ölkələrində imtahan və bilik yarışında birincilik qazanmaqla yanaşı, bir çox beynəlxalq olimpiadalarda saysız uğurlar əldə ediblər. İraq və Əfqanıstan tarixində ilk dəfə bu məktəblər sayəsində bilik olimpiyadalarından medal gətirib. Xalqın bu məktəblərə rəğbəti yüksək səviyyədədir. Qırgızıstanda 2006-cı ildə məktəblərə 900 nəfərlik kontengentə 55 min nəfər müraciət etmişdi.
Sual: Hərəkət formalaşma mərhələsində olarkən İslam ölkələrindən və ya islami qurumlardan yardım aldımı?
Cavab: Əsla, hər hansı bir yardımdan söhbət gedə bilməz. Nə əvvəldə, nə də axırda belə bir şeyə qapı açmadıq. Bunu deyə bilərəm: bu millətin fədakarlıq anlayışını biləməyən insanlar bu qədər geniş müstəvidə böyük maliyyə tələb edən işin sadəcə fədakarlıqla gerçəkləşəcəyinə inanmır, bunu ağılına sığışdırmır və öküzün altında buzov axtarırlar. Beləcə, ictimai rəydə su bulandırmağa çalışırlar. Biz həyatımızın heç bir dönəmində insanı gözü kölgəli edən bu qəbil şeylərdən bəhrələnmədik. Bundan sonra da Allahın izni ilə olmayacaq.
- tarixində yaradılmışdır.