Damdabaca məsələsi

Damdabaca məsələsi

Əslində, bu məqaləni ən gec bir ay, bəlkə də, iki ay əvvəl yazmalı idim. Yazmadım, suların az da olsa, durulmasını gözlədim. Söhbət “Türk liseyləri” adlanan təhsil müəssisələri üzərindən özlərinin fərdi və qrup mənfəətlərini həyata keçirmək naminə ağlagəlməz əməllərdən çıxan bəzi medya quruluşlarından və müəlliflərdən gedir.

İstəyirsinizsə, söhbətə hamımızın bir ümumi xatirəsindən başlayaq. Hələ Mirzə Cəlil dövründən, bəlkə daha qədim zamanlardan gecələr yatmayan, yeməyini yeməyən, dərmanını içməyən, ağlayan uşaqları susdurmaq üçün bir hədə var idi: “Sus, yoxsa Damdabaca gələr, səni aparar!” Mirzə Cəlil demişkən, bu sözlərdən sonra biçarə uşaq səsini kəsər, daha ağlamazdı. Halbu ki, hər damda baca var, olmalıdır və bu bacaların hərəkətə gəlib hansısa uşağı götürüb apardığına indiyədək heç kəs şahid olmamışdır. Böyüdükdən sonra hər birimiz bu hədə-qorxunu xatırladıqda dodaqlarımıza xoş bir təbəssüm qonmurmu?

Eyni ilə bu “Damdabaca” hadisəsindəki kimi, bir görünməz əl Azərbaycana bir “Damda baca” qorxusu təlqin etmiş və hədəfə aldığı hər kəsi bu Damdabaca ilə qaralayır. Bu “Damdabaca” Nurçuluqdur, bundan çıxış edərək məktəblər, müəssisələr və şəxsləri hədəfə alıb, onları silmək, yox etməyə çalışırlar. Halbu ki, məktəblərlə “Nurçuluq” dedikləri cərəyanın heç bir əlaqəsi yoxdur.

Mən nə Nurculuğu, nə də bu təmayülə malik olan insanları müdafiə etmək istəmirəm, amma bunu, bir ittiham olaraq irəli sürən bir çox jurnalistə verdiyim “Nurçuluq dediyiniz nədir?” sualına, inanın, heç bir cavab ala bilməmişəm və qəti olaraq inanıram ki, bu gün bu sualla bu barədə haray-həşir salan, guya elmi sübuta istinad edən min adama müraciət etsəniz, bəlkə onlardan biri, ən çox ikisindən kifayətləndirici cavab ala bilərsiniz. Hətta adının, familiyasının sonunda elmi dərəcə, başqa fərqləndirici sözlər yazılan adamlar belə bunun nə olduğunu kifayət qədər izah edə bilmir, ümumi sözlərlə məsələni vəhmə çevirməyə çalışırlar. Demək, mində 999 “Damdabaca” qorxusu ilə hərəkət edir.

Gələk əsas məsələyə - məktəblərə. Azərbaycan dövləti kiminsə arxa bağçası, bostanı deyil, onun möhkəm əsaslar üzərində qurulmuş dövləti vardır və bu dövlət qanunlarla işləyir. Ölkənin özünün təhsil siyasəti var, məktəbi, müəssisəni bir tərəfə qoyaq, hətta hər bir fiziki şəxs belə, Azərbaycan qanunlarına görə fərdi qaydada fəaliyyət göstərir, vergisini, rüsumunu verir, qanunlar qarşısında məsuliyyət daşıyır. Məktəblərə hansı ölkənin, hansı xalqın adını verirsiniz verin, “Türk liseyi” deyin, “Rus məktəbi” deyin, “İngilis, Fransız liseyi” deyin, nə deyirsiz deyin, bunlar hamısı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasının təhsil müəssisələridir. Onlar Respublika Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş nizamnamə, Təhsil Nazirliyinin akkreditasiyası əsasında, Təhsil Nazirliyinin tədiq etdiyi tədris planları və proqramları əsasında fəaliyyət göstərirlər. Bundan başqa, inzibati, hüquq mühafizə və təhlükəsizlik orqanları vardır. Ən əsası isə, iyirmi ildən çox müddət ərzində fəaliyyəti nəticəsində onun məzunu olmuş minlərlə insanı, bu məktəblərlə əlaqəsi olan yüz minlərlə valideyn, ailə, işçi və başqa şəxslər vardır.

Bütün bunlar yoxmuş kimi bir adamın məktəblərin qapısından içəri girmədən, kimdənsə aldığı təlimat və ya başqa bir maraq bahasına, yaxud da özünün fərdi baxışı əsasında bu məktəbləri “Damdabaca” ilə ittiham etməsini necə başa düşmək olar? Bu nə qədər eqoist bir münasibətdir ki, bir jurnalist və ya bir redaksiya özünü Parlamentin, hökumətin, Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, Milli Təhlükəsizlik və digər aid orqanların üstündə görüb, onları belə hədələyə bilir, onlara yol göstərir? İndiyədək bu məktəblərdən məzun olan minlərlə insan arasında Azərbaycan əleyhinə olan, vətənimizə, ölkəmizə, xalqımıza vurduqları zərər barədə əldə bircə fakt varmı? Mən belə bir fakt bilmirəm, oxumamışam, görməmişəm, eşitməmişəm. O redaksiya və jurnalistlər də tək bir fakt belə gətirə bilmirlər, yalnız “Damdabaca var!” deyib bağırmaqla insanları, cəmiyyəti qorxutmağa çalışırlar. Qəribədir, əgər bu təhsil müəssisələrindən yazanların heç biri, bəli, heç biri bu məktəblərin qapısını açmayıbsa, bu müəssisələrin necə, nə cür işlədiyindən xəbərdar deyillərsə, ağlına və ya ağzına gələni yazmaqla nəyə nail olmaq istəyirlər?

Mən də düşünürəm: Tutaq ki, bu niyyətlərinə çatdılar və bu məktəblər bağlandı? O zaman qazanan kim, itirən kim olacaqdır? Bundan hansı dövlətlər məmnun, hansılar qeyri-məmnun olacaqdır? Bu suala əvvəlcə mən, sonra siz cavab verin, cavablarımızı tutuşduraq. Mən deyirəm ki, bu məktəblərin bağlanmasından məmnun olanlar:

- Qarabağın bizim əlimizdə olmamasına sevinənlər, altdan-altdan buna dəstək verənlər olacaqdır;

- Gənclərimizin alkoqolizmə, narkomaniyaya, daha əxlaqsız əməllərə aludə olmasından pul, sərvət qazananlar olacaqdır;

- Azərbaycanın yaxın gələcəyini enerjili, bilikli, bacarıqlı, geniş dünyagörüşlü gənclərdən məhrum etməklə, onu özünün iqtisadi müstəmləkəsinə çevirmək istəyənlər olacaqdır;

- Azərbaycanın diaspor fəaliyyətlərinin qarşısını almaqla onu 1990-cı illərin anti-Azərbacyan təbliğatı qaranlığına gömmək, onun dünyaya açılmasının qarşısını almaq istəyənlər, ölkəni “öz qınına çəkilməyə” məcbur etmək istəyənlər olacaqdır;

- Bu gün dünyanın dörd bir tərəfində Azərbaycan həqiqətlərini yaşayaraq təbliğ edən, Azərbaycanın iqtisadi gücünün digər ölkələrə sirayət etməsindən narahat olanlar olacaqdır... Başqa sözlə, üzdə sadiq, arxada... Nə isə, buna siz qərar verin!

Bütün bunları bir qədər də uzatmaq olar, amma qazananları da sadalamaq lazımdır. Qazananları isə bir tək cümlə ilə ifadə etmək istəyirəm:

Yuxarıda sadalananların əksinə, Azərbaycanın daha sürətli, daha aydın, daha parlaq gələcəyini istəyənlər bu məktəblərdən məmnundurlar! Buna görə də “Damdabaca” hədə-qorxusunu ciddi hesab etmir və bunu təbəssümlə qarşılayırlar.

Üzümü bu “Damdabaca” nağılı ilə Azərbaycana bilməyərəkdən, yaxud da bilərəkdən zərər vuran qələm sahiblərinə tutur və deyirəm: Gəlin, qələmi kağız (barmağımızı kompyuterin klaviaturası) üzərinə qoymazdan əvvəl vicdanımızın səsinə qulaq asaq. Vicdan çox qəribə şeydir, o, həmişə doğru olanı göstərir. Bu gün ona məhəl qoymasaq da, bir gün onunla üz-üzə gələcəyimizi heç unutmayaq!

Sağlıqla qalın, dediklərimi tərəzidə çəkin, istəsəniz, oturub, gen-bol söhbət də edək. Nə deyirsiniz?

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.