Türk məktəblər bağlansa, Türkiyə çox şey itirəcək, bəs Azərbaycan?

Türk məktəblər bağlansa, Türkiyə çox şey itirəcək, bəs Azərbaycan?

Məlahət Mürşüdlü: “Həmin məktəblərdə təhsil alan şagirdlərimiz yüksək səviyyədə, müasir tələblərə cavab verən təlim-tərbiyə alır”; Mehman Cavadoğlu: “Bu məktəbləri sırf siyasi məqsədlər naminə birdən-birə bağlamaq doğru deyil”

“Türkiyə səfirləri artıq Fətullah Gülənin xaricdəki məktəblərini müdafiə etməyəcək”. Bunu axar.az-a açıqlamasında adının çəkilməsini istəməyən türkiyəli jurnalist söyləyib. O, baş nazir Rəcəb Tayyib Ərdoğanın son çıxışında buna eyham vurduğunu da bildirib.

Qeyd edək ki, Fətullah Gülənlə Ərdoğan arasında münasibətlər 17 dekabr böyük rüşvət əməliyyatından sonra pisləşib. Baş nazir Güləni dövlət içində dövlət yaratmaqda günahlandırır. Hazırda F.Gülənin Azərbaycan da daxil olmaqla, dünyanın 160 ölkəsində məktəbi var. Türkiyə hökumətinin çağırışından və təzyiqlərindən sonra artıq bəzi ölkələrdə Gülən məktəblərinin qapadılmasına başlanılıb. Ancaq Türkiyə hakimiyyətinin özündə belə həmin məktəblərin qapadılmasına münasibət birmənalı deyil.

Xüsusilə də Türkiyə prezidenti Abdullah Güllə baş nazir Ərdoğanın arasında bu məsələdə ciddi fikir ayrılığı var. A. Gül deyir ki: “Xaricdə fəaliyyət göstərən bəzi məktəblərin açılışında iştirak etdim. Çox gözəl fəaliyyətləri var. Türkiyədən kənarda fəaliyyət göstərən məktəblərə sahib çıxmaq və onları ölkə daxilindəki işlərə qarışdırmamaq lazımdır”. Türkiyənin tanınmış ictimai xadimləri, mədəniyyət, incəsənət, siyasət, mətbuat və iş adamları da ölkə xaricində fəaliyyət göstərən türk məktəblərinin bağladılmasından ən çox Türkiyənin dövlət maraqlarının zərər çəkəcəyi və bunun ölkənin beynəlxalq imicinə böyük zərbə vuracağını qeyd edirlər.

Məsələn, AK Partiyadan xarici işlər naziri olmuş Yaşar Yakış: “Bir çox ölkələrin yüksək səviyyəli dövlət rəsmiləri onların uşaqlarının bu məktəbdə oxumalarına yardım göstərməyim üçün xahiş edirdilər” – deyib.

Məşhur sənətçi Orxan Gəncəbay da xaricdə fəaliyyət göstərən türk məktəblərində Türkiyəyə böyük sevgi və məhəbbət gördüyünü söyləyib. Milli Hərəkat Partiyası rəsmisi Yusuf Hallacoğlu Türkiyəni idarə edənlərin belə bir yanlış yola baş vurmamalarının vacibliyini vurğulayıb. Keçmiş mədəniyyət naziri Ərtuğrul Günay da: “Bu məktəblərin bağladılmasından dilimiz, mədəniyyətimiz və ölkəmiz zərər görəcək” – deyib. Barış və Demokratiya Partiyasından (BDP) olan millət vəkili Altan Tan isə deyib ki, xaricdəki türk məktəbləri Xarici İşlər Nazirliyindən on dəfə çox olan bir missiyanı həyata keçirir.

“Hürriyyət” qəzeti yazarı Taha Akyol: “Xaricdə Fətullah Gülən camaatı tərəfindən açılan məktəblərlə bağlı çox yazı yazdım, 20 belə məktəbdə oldum. Onların işini yüksək qiymətləndirirəm.

Bu məktəblər türk mədəniyyətinin tanıdılması və təbliği, Türkiyə ilə dostluq mərkəzləridir. İqtidarda olanların siyasi çəkişmələr əsasında bu məktəblərin bağladılması istiqamətində atdıqları addımları yanlış hesab edirəm”.

“Bu gün” qəzetinin yazarı Nazlı İlıcaq: “Bu məktəbləri bağlatmaq istəyənlər təəssüflər olsun ki, onlara dəstək verənlərdir. Abdullah Gül xarici işlər naziri olarkən xaricdəki səfirlərimizə göstəriş vermişdilər ki, bu məktəblərin fəaliyyətinə yardım göstərsinlər. 2013-cü ildə türkcə olimpiadanın finalında iştirak edən Ərdoğan da xaricdəki türk məktəblərinin fəaliyyətinə təriflər yağdırmışdı. Bu məktəbləri bağlatmaq istəyənlər öz şəxsi maraqlarını güdürlər. Bundan Türkiyə zərər görəcək. Əgər xarici işlər naziri Əhməd Davudoğlu səfirlərə bu məktəblərin bağladılması barədə göstəriş veribsə, mən bunu qınayıram, bununla da onlar çox ayıb bir iş görürlər”.

Cümhuriyyət Xalq Partiyası (CXP) sədrinin müavini Adnam Kəskin: “Bundan öncə Ərdoğan deyildimi bu məktəbləri tərifləyən, bütün nazirləri ilə türkcə olimpiadaların finalında iştirak edən? İndi nə oldu, nəyə görə o belə edir? İnsanlara qarşı ikili standartlarla yanaşan, yalan söyləyən, onlara qarşı haqsızlıq edən Ərdoğana deyəcək bir sözüm var: “Allah bəlanı versin” demirəm, “Allah onu islah etsin” deyirəm, onu Allaha həvalə edirəm”.

Azərbaycanda da Çağ Öyrətim İşlətmələri Şirkətinə aid olan liseylər, hazırlıq kursları və bir universitet var ki, onları da “Gülən məktəbi” deyə vaxtaşırı gündəmə gətirirlər. Bir müddət öncə Bakıda səfərdə olan Ərdoğanın bu məktəblərin qapadılması ilə bağlı da müzakirələr apardığı iddia olunur. Lakin şirkətdən heç bir narahatlığın olmadığını, təhsil müəssisələrinin öz işini əvvəlki qaydada davam etdirdiyini deyirlər.

Qeyd edək ki, hələ ötən ilin martından Çağ Öyrətim İşlətmələri ilə SOCAR arasında müqavilə imzalanıb və iki qurumun təsisçiliyi əsasında “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi yaradılıb. Hazırda SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov İdarə Heyətinin rəhbəri, “Çağ Öyrətim”in rəhbəri Ənvər Özərən isə qurumda Təhsil Şurasının sədri kimi çalışır. Bu mənada hesab olunur ki, artıq Azərbaycan hakimiyyətinin tam nəzarəti altında olan məktəblərin qapadılması real görünmür.

Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü “Yeni Müsavat”a açıqlamasında dedi ki, o, türk məktəblərinin fəsadlarından yox, Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışmaq istəyir: “Bu məktəbi bitirən şagirdlər həm beynəlxalq olimpiadalarda, həm qəbul imtahanlarında yüksək nəticələr göstərir. Biz dörd il bundan qabaq övladları həmin məktəblərdə təhsil alan valideynlər arasında belə bir sorğu keçirtdik. Oradakı suallara verilən cavablarda bizim gözlədiyimizdən də çox müsbət yanaşma var idi. Burada həm təlimin modern üsullarla qurulması, təlimin maddi-texniki bazasının yüksək səviyyədə olması, tərbiyə, mənəvi əxlaq dərslərinin yüksək səviyyədə keçirilməsi baxımından verilən suallara biz çox yüksək cavablar aldıq. Bu faktın özü göstərir ki, həmin məktəblərdə təhsil alan şagirdlərimiz – özü də onlar bizim övladlarımızdır, orda kənardan gələn uşaqlar yoxdur – yüksək səviyyədə, müasir tələblərə cavab verən təlim-tərbiyə alırlar”.

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu bildirdi ki, o, məktəblər haqqında detallı məlumatlara malik deyil: “Ancaq bu məktəbləri sırf siyasi məqsədlər naminə birdən-birə bağlamaq da doğru deyil. Çünki orda təhsil alan insanların taleyini düşünməliyik. Lakin əgər bu məktəblərin fəaliyyətində narahatlıq doğuran məqamlar varsa, mümkündür ki, onlar xüsusi nəzarətə götürülsün və yavaş-yavaş bu məktəblərin təhsil sistemindəki rolu məhdudlaşdırılsın. İstənilən halda bu məktəbləri birdəfəlik bağlamaq olmaz. O məktəblərdə ki, həqiqətən təhsil sistemi, uşaqların təlim-tərbiyəsi ilə bağlı qanunlardan kənara çıxan məsələlər var, təbii ki, zəruri tədbirlər görülməlidir. Lakin bu məktəbləri bağlamaq tələb olunarsa belə, birdən-birə bunu etmək düzgün olmaz. Çünki orda oxuyan uşaqların da maraqları nəzərə alınmalıdır. Bu addımı atmaq tələb olunarsa, mərhələli şəkildə etmək gərəkdir”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.