Öz vətəndaşlarından şikayət etmək
30 martda Türkiyədə bələdiyyə seçkiləri olacaq, amma heç- kəs şəhər, rayon və ya qəsəbələrdə namizədlərin nə işlər görəcəyi ilə maraqlanmır.
Ölkədə parlament seçkiləri ab-havası var.
Adətən, seçkilər iqtidar və müxalifətin bir-birinin əleyhinə çıxışlarla yadda qalardı. Bu dəfə isə cəmiyyətin gərginləşməsinə səbəb olan daha fərqli çıxışlar ortalığı qarışdırmaqdadır.
Nifrət dolu çıxış bütün Türkiyəni öz ağuşuna alıb.
Buna baxmayaraq, cəmiyyətin sahib olduğu təmkin gərginliyin zorakılığa çevrilməsinə mane olur. Provokatorlar istədiyini ələ edə bilmirlər.
Korrupsiya istintaqından sonra çətin vəziyyətə düşən və bu vəziyyətdən xilas olmaq üçün seçkiləri yüksək səs faizi ilə qazanmaq istəyən AKP istəyinə nail ola biləcəkmi?
İstənilən iqtidar partiyası ölkədəki mövcud gərginliyin sakitləşməsi üçün əlindən gələni etməlidir. Ancaq Baş Nazir Rəcəb Tayyib Ərdoğan bunun əksinə, başda “Könüllülər hərəkatı” olmaqla iqtidar əleyhinə olan hər kəsə ağır ifadələrlə hücum etməkdədir. AKP-dən olan millət vəkilləri və partiya üzvlərinin bir çoxu baş verənlər qarşısında səssizliklərini qoruyur, ağır ifadələr səsləndirməkdən çəkinirlər.
Digər tərəfdən Berkin və Burak kimi gənclərin də ölümünə xalqın təmkinli, səbirli yanaşması hadisələrin zorakılığa çevrilməsinə mane oldu. Övladları ölən ailələrin sakitləşdirici ismarışları və mətanətli duruşları provokatorların “fəaliyyətlərinə” imkan vermədi.
Baş Nazir R. T. Ərdoğanın hər çıxışında “Könüllülər hərəkatı” haqqında sadə vətəndaşın belə, deyə bilməyəcəyi ağır ifadələr səsləndirməsi xalq tərəfindən birmənalı qarşılanmadı. Xalq və hətta AKP-lilər bu günə kimi ölkəsi üçün yaxşılıq və xeyirdən başqa bir şey etməyən insanların bir anda düşmən elan edilməsinə bir məna verə bilmirlər.
Xaricdə yaşayan türklərin də əksəriyyəti baş verənlər qarşısında çaşbaş qalıb. Çünki onlar dünyanın heç bir ölkəsində öz vətəndaşları əleyhinə danışan bir iqtidar və ya müxalifət nümayəndələri nə görüb, nə də eşidiblər.
Əslində Türkiyədə öz vətəndaşının, insanının əleyhinə çıxışlar edən ölkə idarəçiləri əvvəllər də olub. Xalq öz əcdadını belə söyənləri gördü və qınadı. Universitet müəllimi, şeyxülislam və millət vəkili vəzifələrində çalışmış Mustafa Sabri Əfəndi (1869 (Turhal) - 1954 (Misir)) “Bu millət qədər öz əcdadına düşmən kəsilən ikinci bir millət göstərə bilməzsiniz”,- sözü ilə tarix kitablarında da öz əksini tapmış “əcdad düşmənçiliyi”ndən duyduğu kədəri dilə gətirmişdi.
Həqiqətən, Qərb və ya Şərq ölkələrində rejimlər dəyişsə də, zülmlər yaşansa da aralarında əcdadına söyən bir millət yoxdur.
Türkiyədə siyasətçilərin və ya azlıq təşkil edən müəyyən qrupların əcdadlarını təhqir etməsi çoxdan keçmişdə qalıb. Amma daha sonralar sahib olduqları müxtəlif fikirlərə görə, insanların vətən xaini elan edilməsi “anlayışı” ortaya çıxdı. Sağçı, solçu, dindar olmaları və ya etnik mənsubiyyət səbəbilə insanların bir-birinə vətən xaini deməsi artıq adi hala çevrilmişdi.
28 fevral 1997-ci il prosesləri zamanı isə ölkəni idarə edən hərbçi və mülki şəxslərin öz vətəndaşlarından dini ekstremist və ya “bizim kimi düşünmürlər” deyərək başqa ölkələrə şikayət etməsi dövrü başladı. Bəzi ölkələrə gedən dövlət adamlarının öz soydaşlarından əcnəbi həmkarlarına şikayət etməsi qarşı tərəfdən təəccüblə qarşılanmışdı. Çünki onlar fərqli düşüncə və ya yaşam tərzindən asılı olmayaraq, hər kəsin ölkə vətəndaşı olduğuna və dövlət tərəfindən qorunduğuna inanırlar. ABŞ, Kanada və ya Avstraliyanın dövlət adamlarının xaricdə yaşayan vətəndaşları ilə bağlı həmin ölkənin rəhbərliyinə şikayət etməsi mümkün deyil. Şikayət bir yana, həmin insanlar dövlətlərinin yaşadıqları xarici ölkədə belə, onları qoruyacağına inanırlar. Adını çəkdiyimiz ölkələr “vətəndaş şüurunun unudulmaması” üçün bütün qoruma qalxanlarından istifadə edərək, bu inancı yaşadırlar. Məhz bu səbəbdən dünya ölkələri Baş Nazir R. T. Ərdoğanın diplomatlar vasitəsilə öz insanları ilə bağlı xarici ölkə rəhbərlərinə şikayət etməsini təəccüblə qarşılayıblar.
Digər tərəfdən, Türkiyədəki baş verənləri yaxından təqib edən dövlətlər Baş Nazirin düşdüyü vəziyyətdən xilas olmaq üçün “Könüllülər hərəkatı”nı hədəf seçdiyini bilirlər. Bu səbəblə başda Avropa Birliyi (AB) ölkələri olmaqla bütün dünya baş verənləri təəccüblə izləməyə davam edir.
Keçmişdə əcdadına söyən, bir-birini və ya ölkə vətəndaşlarını vətən xaini kimi görənlərin ittihamlarına xalq inanmadı. Bu gün yaşananlar da geridə qalacaq və həqiqətlər ortaya çıxacaq.
30 mart seçkilərində bələdiyyələri kimin idarə edəcəyi bəlli olacaq. Həmin gündən sonra Türkiyə yeni bir dövrə qədəm qoyacaq. Xeyirli olsun!
- tarixində yaradılmışdır.