Şəxsi-mənəvi

Bu bölmənin daimi oxucularının bildiyi kimi, yenə də Xocaəfəndini, yenə də onun bir dərs halqasında verdiyi mesajları oxuyub anlamağa çalışacağıq. Başqa ifadəylə "səsli düşünəcəyik".

Şəxsi-mənəvi müasir dildə ‒ tam mənasını verməsə də ‒ hüquqi şəxs, və ya həmin hüquqi şəxsin daşıdığı ruh, məna, missiya şəklində izah oluna bilər. Bu mənada bir hüquqi şəxsin olması üçün rəsmi və ya qeyri-rəsmi bir birliyin qurulması şərtdir. Şirkət, icma, cəmiyyət, toplum və s. quruluşlar olmalıdır ki, şəxsi-mənəvi ortaya çıxsın.

Dini anlayış olduğuna görə, şəxsi-mənəvi deyəndə ilk olaraq ağıla dini camaatlar gəlir. Dini camaat əvəzinə missiya və vizionunda dini dəyərlərə üstünlük verən kiçik və ya böyük qruplar da deyə bilərik. Bunun əhəmiyyətli olmasının səbəbi; Müsəlmanın düşüncəsi şəxsi-mənəvinin müzakirə edildiyi hər yerdə məsələyə bu aspektdən yanaşır. Sözünün istiqamətini bu anlayış təşkil edir.

Bu yaxınlarda Almalılı Hamdi Yazırın təfsirinin mütaliə və müzakirə edildiyi bir söhbət məclisində oldum. Mövzu şəxsi-mənəviyə gəldi. "Ən önəmli şəxsi-mənəvi İslam camaatıdır,"‒ dedi. Başqa ifadə ilə bu, "ümmət" deməkdir. Onun ümmət haqda şəxsi-mənəvi ifadəsini işlətməsi lüğəvi və məzmun etibarilə nə qədər düzgün olsa da, ənənə baxımından belə nümunələrə çox rast gəlməmişəm. Ən azı mənə belə gəldi. Sonra davam edib dedi: "Amma İslam camaatı daxilində alt qrup sayılan camaatların hər birinin öz şəxsi-mənəvisi vardır".

Burada insanın ağlına belə bir sual gəlir; bu camaatlar arasında Haqqı anlama, qəbul etmə baxımından faiqlik, yəni üstünlük varmı? Cavab çox dəqiqdir: "Əlbəttə var, amma bunu ancaq Allah bilər". Növbəti sual: "Allah bilir, amma bunun üçün ölçülər, meyarlar vermək olmazmı? O səviyyəyə çatmaq üçün tələb olunan xüsusiyyətlər sadalana bilməzmi?"

"Bəli" dedi Xocaəfəndi və ard-arda bu meyarları, tələb olunan xüsusiyyətləri sıralamağa başladı: "Başqa məqsədlə deyil, yalnız ən vacib qayəni həyata keçirmək naminə, yəni Allahın uca adının bayraqlaşması istiqamətində birlik qurmaları. Allahın ismi dünyanın hər tərəfinə yayılmadan qiyamət qopmaz, amma "yer üzündə Allahın adının anılmaması, ‒ hədisin ifadəsiylə,‒ qiyamətin səbəbidir" deyib dava şüuru ilə məsələyə sahib çıxmaları. Baxın Allah Təala ayədə "siz insanlar içindən çıxarılmış xeyirli bir ümmətsiniz" buyurur, ardınca da, bunu "yaxşılığı yayma, insanları pis əməllərdən çəkindirmə" şərti ilə əsaslandırır.

İkincisi, bu heyəti təşkil edən fərdlərin dünyəvi və şəxsi arzulardan, həvəslərdən, təmənnalardan sıyrılmaları və Onun rizasından başqa heç bir şeyin arxasınca düşməmələri. "Əgər mən arpa-buğda dalınca düşsəm, arpa-buğdadan fərqim olmaz" deyib həyatını Allahın rizasına həsr etmələri."

Xocaəfəndi sözünə davam edəcək, amma mənim ağlıma bu yanaşmaya qüvvət verən Mövlananın nəfis misraları gəldi: "Nəyi axtarırsansa sən, osan", "Can qonağını axtarırsansa, cansan. Bir loğma çörək axtarırsansa, çörəksən. Bu nüktəni bilirsənsə, deməli işi bilirsən. Nəyi axtarırsansa, osan sən. Və nəyi axtardığını bilirsənsə, deməli, özünü dərk edirsən sən."

Üçüncüsü, bir-birlərini dəlicəsinə sevmələri. Meyar istəyirdiniz, bu da sizə meyar; ürəkli olmalı, onun yerinə mən ölüm deməyi bacarmalı. Bir-birində fani olub, bir-birlərini çox yaxşı tanımaları, anlamaları, maddi-mənəvi ehtiyac imdada yetişmələri. Quranın təşbehi ilə desək, "hablul-mətin" olmaq ancaq bununla mümkündür. Hablul-mətin kiçik, nazik iplərdən meydana gələn güclü, qüvvətli, qırılmaz kəndirdir. Burada bir haşiyəyə çıxıb bunu da əlavə edə bilərik: "ənədən Huvəyə" yürümələri. Ancaq ənədən birbaşa Huvəyə getmək mümkün deyildir. Arada bir "nahnu" var. Elə isə əvvəlcə ənədən nahnuya ayaq basacaq, camaat içində öz "mən"inizi əridəcək, ardınca da Huvəyə doğru yol alacaqsınız".

Bundan təxminən bir il əvvəl də bir söhbətdə eyni şeyləri vurğulamışdı Xocaəfəndi. Yeri gəlmişkən o vaxt qeyd etdiyim bir mühüm təsbiti də bölüşüm sizinlə: "Vifaq və ittifaqı qorumaq naminə göstərilən səylər ibadət sayılır. Bu gün vifaq və ittifaqı qoruyan adi bir insan olmaq müqərrəbin əsfiya, övliya olmaqdan daha önəmlidir. Ənədən üz çevirib nahnuya bənd olmalı, hətta nahnu da ayağımıza dolaşırsa, "Huuu" deyib keçib getməliyik. Unutmayın vifaq və ittifaq iradəyə əmanət edilmiş bir məsələdir, yəni iradədən asılıdır, iradi xarakter daşıyır. Peyğəmbərimizin "Ümməti-Məhəmmədə ixtilaf nəsib etmə" duasının qəbul edilməməsinin sirri məhz budur".

Maddə-maddə sadalamaq mənə aiddir, söhbətin axarında sıralanan bu vəsflərdən sonra bir dəqiqəyə yaxın dərin düşünmə pilləsi oldu. Çox vaxt etdiyi kimi, gözlərini bir yerə zilləyib düşüncəyə daldı. Mənim belə anlarda bir müşahidəm, bir də hissiyyatım var. Müşahidəm budur: Əgər Xocaəfəndi belə dərin fikrə dalırsa, bundan sonra söylədiyi sözlər bambaşqa dərinliyə malik olur. Hissiyyatıma gəlincə; mənə elə gəlir ki, gözünü zillədiyi yerin pərdə arxasına vaqif olur. Bir cümlə ilə izah edim istəyirsinizsə; əgər divara baxırsa divarın arxasında olan şeylərə, kiminsə üzünə, gözlərinin içinə baxırsa, ürək döyüntüsündən qəlbinin dərinliyində daşıdığı hislərə qədər ‒ hər şeyə vaqif olur. Yuxarıda da söyləmişəm, bu, mənim hissiyyatımdır və əlbəttə ki, sübyektiv bir dəyərləndirmədir.

Biz o ab-havaya dönək; bir dəqiqə sonra o dərin düşüncədən ayrıldı və halqada yer alan bir yoldaşa adını da çəkərək "Günah günahdır, elə deyilmi?" dedi əvvəlcə, ardınca da "Söylə görüm, günahdan böyük günah nədir?"‒ dedi. Sual verilən yoldaş "Bəhanə" deyə cavab verdi. Bircə sözlük cavab idi, amma nə demək istədiyini hər kəs anlamışdı; "günaha bəhanə uydurmaq, ona bir qiyafət tapmaq" demək istəyirdi. Xocaəfəndi cavabı bəyəndi. Bəyəndi, çünki belə məclislərdə təkrarladığı dua mahiyyətli məşhur sözünü söylədi: "Bərxudar ol!" Və davam etdi: "Ləfzi-kafir olan yalan bəyanlarla özünü təmizə çıxarma səyi günahdan böyük günahdır".

Məclisə buz kimi bir hava çökdü. Səbəbi Xocaəfəndinin, təbiri caizsə, otağı silkələyən qərarlı səs tonu idi: "Bu şeytan çox müfrit məxluqdur. Çox professionaldır. Kinə, nifrətə kilidlənib. Müsbət düşünmə qabiliyyəti yoxdur. İtirib o qabiliyyətlərini. İnsanı yoldan azdırmağın hər fəndini bilir. İnsan oğlu isə çox naşıdır. Buna görə gündə min dəfə "Rabbi əuzubikə minəş-şəyatin və əuzubikə Rabbi ən yahdurun: Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram. Rəbbim! Onların mənimlə birlikdə olmasından Sənə sığınaram" desək yeridir"

Bu yazının xülasəyə ehtiyacı yoxdur. Çünki bəhs etdiklərimizin hamısı cövhər və xülasə mahiyyətindədir. Əsas olan həyata keçirməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.