Evlilik və ailə həyatı
Sual: Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını möhkəm bünövrəyə oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə tövsiyə edirsiniz?
Cavab: Müasir dövrdə bir çox məsələdə olduğu kimi, təəssüf ki, “ailə müəssisəsi”ndə də özümüzdən, doğma dəyərlərimizdən uzaqlaşma var. Halbuki öz dəyərlərimizi yaşadığımız dövrlərdə bu məsələdə ciddi problemlərimiz yox idi. Lakin nə oldusa daha sonralar oldu, biz bizə aid dəyərləri "adət-ənənə" deyib köhnəlmiş əşya kimi bir kənara atdıq. Məhz bundan sonra, digər sahələrdə olduğu kimi, “ailə müəssisəsi”ndə də ciddi problemlər özünü göstərməyə başladı.
Müştərək dəyərlər müstəvisində uyğunluq
Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifində:
تُنْكَحُ الْمَرْأَةُ لِأَرْبَعٍ لِمَالِهَا وَلِحَسَبِهَا وَلِجَمَالِهَا وَلِدِينِهَا فَاظْفَرْ بِذَاتِ الدِّينِ تَرِبَتْ يَدَاكَ
"Qadınla dörd şeyə görə nikah bağlayarlar: sərvətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Sən dindar olanı seç ki, hüzur tapasan" (Buxari, Nikah 15; Müslim, Rada 53) buyuraraq qadının digər xüsusiyyətləri ilə yanaşı, dindarlığına daha çox üstünlük verməyi tövsiyə edir. Elə isə ləl-gövhər sözlü Peyğəmbərimizin bu meyarı ailə qurmağı düşünən hər bir möminin həyati dəyəri olmalıdır. Eyni şəkildə, qadın da özünə həyat yoldaşı seçərkən Rəsuli-Əkrəmin (əleyhissalatu vəssalam) tövsiyə etdiyi bu meyarı diqqətə almalıdır. Çünki sırf vəzifə, pul, gəlir, zahiri gözəllik kimi dünyəvi dəyərlərə görə ailə qurmaq “qazanma qurşağında itirmək” deməkdir. Bəli, Cənnət bağçası olmağa layiq ailə yuvası sırf fani dəyərlər əsasında qurularsa, Cəhənnəm çuxuruna çevrilə bilər. Bu səbəbdən ailədə hüzurun mütəmadi olması tərəflər arasında mütabiqətdən (uyğunluqdan, müvafiqlikdən) asılıdır. Yəni daimi hüzur üçün əvvəla tərəflərin daim bir olmasını təmin edən möhkəm bağlara, müştərək dəyərlərə ehtiyac var.
İkincisi, evlilik (izdivac) ağıl, məntiq və mühakimə kimi möhkəm əsaslar üzərində təsis edilməlidir. Buna görə, evləmnəyi düşünən öz fikrini bildirməklə yanaşı, ana-atasının, etimad etdiyi, təcrübəli böyüklərinin fikirlərini də öyrənməlidir. Yoxsa insan, "Bu iş mənimlə əlaqəlidir, buna görə özüm bilərəm" deyə hərəkət etsə, böyük səhvlərə yol verə bilər. Halbuki, dünyəvi və üxrəvi səadətin vəsiləsi olan belə mühüm məsələdə nə qədər çox təcrübəli insanların fikir və tövsiyəsinə baş vurulsa, bir o qədər düzgün nəticə əldə olunar.
İnsan təkcə bədən və cisimdən ibarət varlıq deyildir. Onun həmçinin ruhu, qəlbi, hissi, şüuru, məntiqi, mühakiməsi, idealı və ümidləri vardır. Üstəlik evlilikdən bir nəsil meydanə gəlir. Dolayısilə evliliyə addım atan bütün bunları nəzərə alaraq qərarını verməlidir. Təənni (ehtiyatlı və ağıllı iş görmə) Rəhmandandır (Rəhman olan Allahdandır). Haqq-Təala hər şeyi imhalla (möhlət verə-verə) yaradır. Mükafatlandıranda da, cəzalandıranda da insana möhlət verir. Əksinə tələskənlik şeytandandır. Tələsənin işi çox vaxt gəlib öz ayağına dolaşır. Bu mənada evlilik işində də tələsməmək, hissilikldən uzaq olaraq, əqli-səlimlə və dərindən düşünüb qərar vermək lazımdır.
Ətrafımda olan insanlara həmişə bunu deyirəm: mən bir iş görəndə məni sevən, məni gözü qədər əziz bilən insanların fikirlərinə çox əhəmiyyət verirəm. Çünki ola bilsin ki, mən planlaşdırdığım işə dar çərçivədən baxır, bir anlığa hissiyyatıma qapılıb hərəkət edirəm. Halbuki o insanlar məni məndən daha çox düşünür, dolayısilə mənim haqqımda daha tutarlı və daha düzgün qərar verərlər. Eyni şey (mülahizə) evlilik üçün də keçərlidir. Çünki evlilik ömürlük olduğu üçün bu haqda müvəqqəti hislərlə qərar verilməməli, bunun mütləq məntiqli bir əsası olmalıdır. Bir ömür boyu birlikdə olacaq, birlikdə əl-ələ verəcək, həyatı birlikdə bölüşəcəksiniz. Öz həyatınızla yanaşı dininizi də yaşayacaq, dininizi uşaqlarınıza miras qoyacaqsınız. Belə əhəmiyyətli bir məsələdə mən öz istəklərimdən imtina edər, güvənib etimad etdiyim böyüklərimin baxış, düşüncə, qərar və fikirlərinə üstünlük verərəm.
Neçə nəfər Elmihalı üç dəfə oxuyub?
Təəssüf ki, bu gün müsəlmanlar İslamı və onun həyatımızı tənzimləyən əsaslarını lazımi səviyyədə bilmirlər. Halbuki, müsəlmanlığı həqiqi mənada duyub hiss etməyə təkcə nəzəri məlumat da kifayət etmir. Dini həyata əks etdirmək, yaşaya-yaşaya xarakter halına çevirmək lazımdır. İnsanlar müsəlmanlığın həqiqi dərinlik və ənginliyinə vaqif olmadığına və ona uyğun yaşamadığına görə, iradi olaraq öhdələrinə götürdükləri məsuliyyətdən doğan bəzi çətinliklərə də qatlanmalı olduqlarını bilmirlər. Deyək ki, ailədaxili münasibətlərdə qadın və ya kişidə bir nöqsan var. Belə bir problemlə qarşılaşan fərd öz-özünə "Görəsən, mən bu nöqsanı necə düzəldə bilərəm, bu problemin öhdəsindən hansı yolla gələ bilərəm?" deyə suallar verməli, bu haqda dinin əmr və tövsiyələrini araşdırmalıdır. Ancaq, qənətimcə bu mövzuya ciddi baş yoran olmur. Bəli, təəssüf ki, bu gün heç kim öz dinini ciddi mənada öyrənməyi düşünmür. Görəsən aramızda neçə nəfər "Dinimi öyrənmək üçün bir elmihalı üç dəfə oxudum" deyə bilər? Ərəb dilini bilib "Mən “Nemətül-İslam”ın və ya “Mültəqa”nın ailə ilə bağlı yerlərini oxumuşam" deyə bilən neçə adam var?
Bəli, təəssüf ki, öz təməl dəyərlərimizdən bixəbərik. Buna görə də dəyərlərimizə yad əxlaq anlayışı gəlib ruhumuza hakim olub. Bir vaxt "Avropa Birliyinə girsək, pozularıqmı, pozulmarıqmı?" kimi müzakirələr gedirdi. Halbuki biz çoxdan pozulmuşuq. Və elə bir vəziyyətə gəlmişik ki, kişi də, qadın da öz istədiyi həyat yaşayır. Evlər “aşxana”ya dönüb. Ata mühafizəçi, ana aşpaz, uşaqlar da yeməkxanadakı insanlar... Təbii ki, belə bir ailədə məsuliyyət şüuru, səbir, qarşılıqlı güzəşt, qarşılıqlı fədakarlıq, bir-biri üçün yaşama kimi mənəvi-əxlaqi dəyərlər və bunlardan nəşət edən sevgi, sayğı və hörmət olmaz. Bütün bunlar olmayanda da o yuvada uzunömürlü, mütəmadi hüzur olmaz.
Fərqli xarakterli kişi və qadının imtizacı
Əvvəllər ailəsinə həqiqətən bağlı olan insanlara şahid olmuşam. İcazənizlə bir-iki örnək verim: babam olduqca sərt təbiətli insan idi. Güldüyünü heç görməmişəm, çox ciddi idi. Evdən çıxıb məscidə gedəndə hər kəs "Şamil Ağa gəlir!" deyə özünü yığışdırar, zəhmindən ürpərərdi. Zahidanə həyatı vardı. Bəlkə, hər gecə 50-100 rükət namaz qılardı. Nənəm isə adı kimi munisə bir xanım idi, qəlbi Allah xəşyəti ilə dolu idi. Yanında bircə dəfə ürəkdən "Allah!" desən, ətəyi yaşla dolardı. Xaraktercə bir-birindən fərqli olan bu iki insan bir-biri ilə elə imtizac edib bütövləşmişdi ki, anam deyirdi ki, nənəm həmişə: "Allahım! Məni onsuz bir saat da saxlama. Nə olar, mən onsuz yaşaya bilmərəm" deyə dua edirmiş.
Ölümünə yaxın nənəm xəstələnmişdi. On aydan çox xəstə yatmışdı. O vəziyyətdə belə namazını tərk etməmişdi. Anamın dediyinə görə vəfatına az qalmış dəstəmaz üçün anamdan su istəyib. Dəstəmaz aldıqdan sonra bir qəhqəhə çəkib babama belə deyib: "Dünyadan kam almadıq. İkimizin də cəsədi bu gecə evdə qalacaq". Həmin gün babamın heç nəyi yox idi. Aradan bir az vaxt keçir, nənəm vəfat edir. Anam nənəmin gözlərini bağlayır, o əsnada o bir otaqdan "Baba öldü!" deyə bir fəryad qopur. Babamla nənəm arasında belə bir bağlılıq vardı.
İcazənizlə bir örnək də verim: bir gün bir məsələyə görə atam anama əsəbiləşmişdi. Həyatımda bəlkə, bircə dəfə atamın bu halına şahid olmuşam. Nənəm də orada idi. Atam qaşlarını çatıb anamın üstünə getdi. Lakin anam qayınanasının qəlbinə elə yol tapmışdı ki, dərhal nənəm araya girib atama belə dedi: "Ramiz! Ona əl vursan, sənə südümü, əməyimi haram edərəm".
Məhz bu, bizim ümumi mədəniyyətimizdir və bu mədəniyyətdə ər-arvad bir-birinə əmanətdir. Hər iki tərəf də bunun dərk etməlidir. Bu isə yaxşı təhsildən asılıdır. Bu gün bu təhsil mühit və məktəbdə verilmir. Bu səbəblə bəzi cavanlar evlənmə yaşını (mahiyyətini) qavramadan bu mühüm işə təşəbbüs edirlər. Məhz buna görə də fəqir (özünü qəsd edir) insanların iki mövzuda oxuyub diplom və ya sertifikat almasında israrlıyam. Bunlardan biri həcc, digəri də nikah.
Bəli, məncə, həccə və ya evlənməyə namizəd olanlara "Bu adam həccə gedə bilər" və ya "Bu adam evlənə bilər" şəklində diplom (sertifikat) verilmədən onların həccə getməsinə və ya ailə qurmasına icazə verilməməlidir. Bəlkə, buna "şəklən və üsul olaraq dində belə bir şey yoxdur" deyə etiraz edənlər olar. Lakin unutmayaq ki, dində cəhalətə də, cahilcəsinə yaşamağa da icazə yoxdur.
Ana-ata sağ ola-ola yetim qalan uşaqlar
Bu səbəblə, bir daha nəzərə çatdırmaq istəyirəm ki, bir insan evliliyin məsuliyyət və mükəlləfiyyətini heç olmasa minimum səviyyədə bilməli və bunu həyata keçirmə qabiliyyətinə malik olmalıdır. Bunlar olmadan evlənməməlidir. Əks halda “evlilik müəssisəsi” elə başdan çat verib çökməyə başlayır. Çünki ailə davamsız, əlverişsiz özül üzərində bina edilir. Olan da uşaqlara olur, böyük bir dilemma içində ortada qalırlar.
Bir evdə valideynlər bir-birilə yola getmir, dava-dalaş salırsa, demək ki, onlar “qarşılıqlı hücumlar və zədələmələr” torunda müntəzəm olaraq öz etibar və dəyərlərini aşındırıb yox edirlər. Uşaqlar həyatı bizdən öyrəndikləri kimi, əxlaqı da bizdən öyrənirlər. Mübahisə əsnasında ana-atanın ağzından çıxan acı, kobud sözlər uşaqların ruhunda mənfi izlər buraxır. Belə bir mənzərəyə şahid olan uşaq ana-atasına dəyərsiz bir insan gözü ilə baxır. Bunun nəticəsində də dilemma ilə üzləşib çıxılmaz vəziyyətdə qalan, ana-atasını sağkən itirən ana-atalı nə qədər yetim uşaq ortaya çıxır.
Son olaraq bir məsələyə də təmas edim: ailə kimi mühüm bir məsələnin bünövrəsi dini əsaslarla, ağıl və məntiqlə atılmalıdır. Buna baxmayaraq insan bəzi məsələlərdə yanıla bilər. O zaman da ağlını və müqayisə qabiliyyətini işlədib məsələni yumşaltmağa çalışmalı və "Görəsən, mən harada səhv elədim?" deyib öz boşluqlarına, nöqsanlarına baxmalı, kuliminasiya nöqtələrini müəyyənləşdirməli, sonra da təcrübəli böyüklərin rəhbərliyində problemlərini həll etməyə səy göstərməlidir.
Ailədə baş verən münaqişələri, xüsusilə qadınların məruz qaldığı zülmü görüb eşidəndə çox üzülürəm. Təəssüf ki, bir tərəfdən də bəzi feministlər qadını bütləşdirmək istəyir, o da bundan qaynaqlanan fitrətə zidd burulğanlarla çarpışmaq məcburiyyətində qalır. Bir tərəfdən də, bəziləri qadınla amansız rəftar edir, öz cahilliyini, boşluğunu və zəifliyini qeyzə və qəzəbə çevirib onun başına tökürlər. Bu mənim riqqətimə elə toxunur ki, onların bu vəziyyətini görəndə ağlamağım gəlir. Anam zülmə məruz qalmış bu məzlumlara "qanayaq" deyərdi. Əlini həyat yoldaşının qanına bula, sonra da təhdid elə. Bu olası, qəbul ediləsi iş deyildir. Buna heç kimin haqqı yoxdur. Bu zülmü edənlər Allahdan qorxub tövbəyə yönəlməli, başını yerə qoyub əfv diləməlidirlər. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) "Vida Xütbəsi"ndə qadınlar haqqında: "Onlar sizə əmanətdir" buyurur. Onlara deyilən hər bir pis söz, edilən hər bir pis rəftar, pis hərəkət isə əmanətə xəyanətdir. Elə isə insan doğru-dürüst düşünməli, doğru-dürüst davranmalı və “əmanətullaha (Allahın əmanətinə)” xəyanət etməməlidir.
- tarixində yaradılmışdır.