Bəsirətlə dəvət
Sual: Fərqli mədəniyyət və anlayışların bir-birinə qarışdığı, dünyanın bir kəndə (global village) çevrildiyi belə bir dövrdə ruhumuzun ilhamlarını insanlara çatdırmağa çalışarkən yanlış anlaşılma və əks reaksiyalara səbəb olmamaq üçün hansı xüsuslara diqqət yetirməliyik? İzah edə bilərsinizmi?
Cavab: Qurani-Kərim “Yusuf” surəsinin
قُلْ هٰذِهِ سَبِيلِۤي أَدْعُو إِلَى اللّٰهِ عَلٰى بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي
“De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən (insanları) Allaha kor-koranə deyil, bəsirətlə dəvət edirəm. Mənə tabe olanlar da” (“Yusuf” surəsi, 12/108) ayəsi ilə Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) irşad və təbliğ vəzifəsini bəsirətlə həyata keçirməsinə diqqət çəkir.
Ayədə:
هٰذِهِ سَبِيلِۤي
"Bu mənim yolumdur” deyiləndən sonra
أَدْعُو إِلَى اللّٰهِ عَلٰى بَصِيرَةٍ
"Mən (insanları) Allaha bəsirətlə çağırıram" deyə buyurulur. Bu ifadəni bu şəkildə də başa düşə bilərik: "Mənim haqqa dəvətim, irşad və təbliğim, yaxşılığı, gözəlliyi təşviq və təlqin edərkən ortaya qoyduğum vəsilələr insan ağılına, insan məntiqinə, insanın anlayış və idrakına zidd deyil". Demək ki, insanlara xitab edərkən onların idrak səviyyəsi, anlayış qabiliyyəti, yetişdiyi mədəni mühit, sahib olduğu dünyagörüşü də mütləq nəzərə alınmalıdır. Başqa sözlə, müxatəb olan toplumun ümumi xarakterini düzgün “oxumaq”, müəyyənləşdirmək və məsələləri onların mədəni səviyyəsinə uyğun izah etmək irşad və təbliğdə çox əhəmiyyətldir.
Ustad Həzrətləri Quran haqda:
اَلتَّنَزُّلاَتُ اْلاِلهِيَّةُ اِلَى عُقُولِ الْبَشَر
ifadəsini işlədərək ilahi kəlamın bəşər səviyyəsini nəzərə aldığını, yəni buna müvafiq insanlara xitab etdiyini diqqətə çatdırır. Yəni Qurani-Kərimdə insanların onu başa düşməsi üçün elə bir üslub işlədilmişdir ki, böyük mütəfəkkir və tədqiqatçılar ondan çox şey anlamaqla yanaşı, Quranın çox üstün səviyyədə olduğunu iqrar edirlər. Bizim kimi mübtədilər də öz səviyyəsinə görə ondan az-çox nəsə başa düşür və dünya-axirət səadətini qazanmaq naminə istifadə edirlər. Dolayısilə səviyyəsindən asılı olmayaraq qərəzli olmayan hər kəs Qurandan istifadə edir və onun həqiqətinə çatmaq üçün daim daha da irəli getmə ehtiyacını duyur.
Ayə belə davam edir:
أَنَا وَمَنِ اتَّبَعَنِي
Bir təfsirə görə bunun mənası belədir: "Mən necə bəsirətlə dəvət edirəmsə, mənə tabe olanlar da (elə) bəsirətlə dəvət edirlər". Bu təfsirə istinadən belə bir qənaətə gələ bilərik: qiyamətədək nə qədər peyğəmbərlik yolunun varisi, haqq və həqiqət tərcümanı varsa, hamısı (insanları dinə) bəsirətlə dəvət etməlidirlər.
Qəlblər nəyə "hə", nəyə "yox" deyir
Bəli, bu gün dünyanın hər tərəfinə gedənlər, həqiqətən olduqca fərqli mədəni mühitdə yetişən insanlarla qarşılaşırlar. Hətta keçmişdə uzun müddət eyni taleyi, eyni həqiqəti bölüşdüyümüz toplumlarla belə əlaqə qurarkən bəzi fərqlərin olduğunu, ola biləcəyini nəzərdən qaçırmamalıyıq. Məsələn, bu gün Orta Şərq coğrafiyasında ümumbəşəri insani dəyərlər, təhsil və dialoq fəaliyyətləri istiqamətində çox gözəl işlər görülür, çox gözəl təşəbbüslər var. İnsana inşirah verən bu mənzərə haqda fəqirin (özünü nəzərdə tutur) fikrini soruşanlara belə cavab vermişdim: Hər bünyədə yada, əcnəbiyə qarşı bir əks-reaksiya hissi vardır. Mən gündə iki-üç dəfə iynə vurdururam. Buna baxmayaraq iynəni hər dəfə vuranda bədənim əks-reaksiya verib “girə bilməzsən” deyir. Vurub iki dəqiqə saxlayandan sonra isə onu buraxmaq istəmir və “mən onu həll edərəm, sən çıxarma” deyir. Bu, insanın vücudunda belə olduğu kimi, toplumlarda da belədir. Yəni bir topluma başqa bir toplumun düşüncə və anlayışı girəndə, istər-istəməz müəyyən əks-reaksiya olur. Ancaq ortaq dəyərləri ortaya qoyub ortaq məntiqə baş vurmaqla razılığa gəlmək mümkün olsa, əks-reaksiya da minimuma səviyyədə olar. Əgər sizə çox yaxın, yaxından yaxın toplumlarda bu cür ehtimallar varsa, qənaətimcə, uzaq coğrafiya və mədəniyyətlərdə fərqli əks-reaksiyalarla qarşılaşma ehtimalı daha çoxdur. Bu baxımdan ümumbəşəri insani dəyərlər istiqamətində hərəkət edib bu fərqli toplumlarda müştərək nöqtə və sahələrdə razılığa gəlməyə çalışmalısınız. Məsələn, açdığınız məktəb, universitet, mədəniyyət ocaqları və s. müəssisələrin idarəsini ilk fürsətdə oradakı insanların öhdəsinə verə bilərsiniz. Bəli, hansı topluma xidmət aparmısınızsa, qoyun o işi həmin toplumun insanı görsün. Beləliklə həyata keçirdiyiniz bu fəaliyyətlərdə dünyaya aid arzulardan uzaq və iddiasız olduğunuzu göstərmiş, yanlış anlaşılmaların qarşısını almış olarsınız. Qənaətimcə bu, əks-reaksiyaya səbəb olmamaq üçün mühüm bir vəsiləsidir.
Bəli, bu gün Könüllülər hərəkatı Afrikanın dərinliklərindən Uzaq Şərqin ən ucqar ölkələrinə, Cənubi Amerikadan Kanadaya qədər fərqli dil, din, mədəniyyətə malik müxtəlif xalqlarla birlikdədir. Elə isə bu mənzərəni nəzərə alıb məsələləri təqdim edərkən üslub xətası etməməyə diqqət yetirmək lazımdır. Müxatəb olan toplumu yaxşı tanımaq, bir tip yanaşma ilə deyil, fərqli coğrafiya və mədəni mühitlərdə yetişən insanların hissiyyatını, düşüncəsini nəzərə almaqla hərəkət etmək lazımdır. Bu insanlar nəyə "hə", nəyə "yox" deyir, qəlb qapısını nəyə açır, nəyin üzünə bağlayır, – məsələləri bütün bunları nəzərə almaqla təqdim etmək bəsirətlə hərəkət etmək deməkdir.
"Ün görmüşəm, gün görmüşəm, başdan gəlsin paxlava"
Qırxlarelində çörəkçi Əhməd Əfəndidən bir hekayə eşitmişdim: Bir mahir aşpaz var imiş. O qədər ləziz yeməklər bişirərmiş ki, dadından doymaq olmurmuş. Bir gün xidmətçi işə gəlmir, ömründə bir dəfə də olsun müştəriyə xidmət etməyən aşpaz müştəriyə özü baxmalı olur. O da əllərini belində çarpazlayıb: "Qardaş, ün görmüşəm, gün görmüşəm, başdan gəlsin paxlava!" deyir. Bir hekayə olsa da, çox məna ifadə edir. Bəli, sizin müştəriyə təqdim etdiyiniz yemək paxlava kimi ləziz ola bilər və siz o paxlavanı səmimi qəlbdən, yaxşı niyyətlə də təqdim edə bilərsiniz. Ancaq heç vaxt yaddan çıxarmamalısınız ki, hər şeyin bir vaxtı-vədəsi, yeri, qarşıdakı insanların müəyyən vərdişləri var. Söz və hərəkətlərin vaxtını düzgün müəyyənləşdirmək bu baxımdan çox vacibdir. İşin əvvəlini, axırını düşünmək, məsələləri arxa planı və mahiyyəti ilə götürmək, mövzuya mahruti və bütöv yanaşmaq, məbdədən müntəhaya tənasübü-illiyyət (səbəb-nəticə ahəngi) prinsipi ilə hərəkət etmək bəsirət adlanan o ali vəsfə xas cəhətlərdəndir.
Həmçinin, insanlıq üçün mühüm əhəmiyyət kəsb edən təhsil, dialoq kimi fəaliyyətlərdə həmişə A planı ilə yanaşı B planınız, yəni gözlənilməz şəkildə, qəfil ortaya çıxan xoşagəlməz hallarda alternativ yollarınız da olmalıdır ki, bu da bəsirətli hərəkətin tələbidir. Bəli, insanımız fərqli coğrafiyalarda elə gözəl qarşılandı ki, bu mənzərə adamın könlünə inşirah verir. Lakin bu gözəl mənzərədən narahat olub pislik etmk istəyən bəzi bədxasiyyət insanların ortaya çıxması da mümkündür. Bəs bu gözəl fəaliyyətləri belə rüzgarlardan necə qoruya bilərik? Yığılmış bu xırmanın sovrulmasına necə mane ola bilərik? Bəzən siz çalışıb-çabalayıb məhsulu min bir əziyyətlə toplayır, qalaqlayır, dəstələr düzəldirsiniz. Lakin əsən “müxalif rüzgar” sizin əldə etidyiniz bütün səmərəni cənginə alıb sovurur. Və ya yağan dolu taxılın bütün sünbüllərini tökür. Belə bir sui-aqibətə məruz qalmamaq üçün hər şeyi ətraflı düşünməli, öz hissiyyatınızla yanaşı, başqalarının hissiyyatını da düzgün müəyyənləşdirməlisiniz. Bütün bunları “ عَلٰى بَصِيرَةٍ” kateqoriyasına daxil edə bilərsiniz. Məsələn, bir yerdə, müəyyən bir sahədə fəaliyyətə başlamaq istəyirsiniz, əvvəlcə bu yerin şəraitini öyrənməli və buna əsasən hərəkət etməlisiniz. Ticarətlə məşğul olmaq istəyən yoldaşlardan belə əvvəlcə gedəcəkləri yerin şəaritini öyrənib-öyrənmədiklərini soruşuram: "Sizin orada satmaq istədiyiniz məhsula tələb nə qədərdir? Görəsən sərmayə qoymaq üçün getdiyiniz yerdə həmin sahə üzrə güclü rəqiblər varmı? Əgər bunları nəzərə almadan işə başlasanız, əməyiniz hədər gedə bilər!" deyirəm. Mən şəraitin, vəziyyətin öyrənilməsini iman və Quran xidməti üçün də çox vacib sayıram. Şəratin düzgün təyin edilməsi və seçilməsi, insanları əndişələndirən (şübhələrdən), onlarda “zorla qəbul etdirmə” hissini doğuran səhvlərə yol verilməməsi bəsirətli hərəkətin bir nəticəsidir.
Yersiz əndişələrə səbəb olmamaq üçün son dərəcə təmkinli olmaq
Son olaraq bir məqamı qeyd edim: Bəşər əsrlərlə dünyanın müxtəlif bölgələrində, bəzən birbaşa, bəzən dolayı yollarla istismara və müstəmləkə fəaliyyələrinə şahid oldu, bunun acısını, ağrısını iliklərinə qədər hiss etdi. Bu hadisələr bəsirətin əhəmiyyətini daha da artırır, zənnimcə. Çünki bu üzücü hadisələrə səbəb olanlar sizin bu məsumanə yolunuzu özlərinin getdiyi yol kimi başa düşə bilərlər. "Yəqin bunlar da bizim etdiyimizi etmək istəyir?" deyə bilərlər. Əvvəllər də verdiyim misalı icazənizlə təkrar xatırladım: Xəfəngin önündə gəzən oğru dükanların qıfıllarını bir-bir yoxlayır və: "Görəsən, bunların hansı zəifdir, hansı yaxşı kilidlənməyib, hansını daha asan açıb dükanı “boşaldaram”?" deyə düşünür. Dükan sahibi də oradan keçəndə "Görəsən, dükanın qapısını kilidlədimmi?" deyə məsumanə şəkildə dükanını yoxlayır. Dükan yiyəsini görən oğru dərhal: "Yəqin bu da bizdəndir!" deyib onu da oğru zənn edir.
Əgər bir vaxtlar bəziləri həramilik etmiş, insanların duyğu-düşüncəsinə hakim olmuş və onların başına külüng endirmişsə, sizin çox məsum niyyətlərlə insanların ayağına getməyinizi eyni şəkildə qiymətləndirə və sizi rəqib kimi görə bilərlər. Bunun nəticəsi olaraq da məsumanə görmək istədiyiniz hər cür xeyir və gözəl işlərə mane olmağa çalışarlar. Bu baxımdan bu günün adanmış ruhları olduqca təmkinli, təəmmüllü (ətraflı düşünərək) və bəsirətli hərəkət etmək məcburiyyətindədir. Bu həssaslıq göstərilməsə, Rəbbim qorusun, çiynimizdəki yumurta səbətinə zərər vermiş və əmanətə xəyanət etmiş olarıq.
- tarixində yaradılmışdır.