Namaz və Niyyət

Sual: Namaza başlayanda necə niyyət etməliyik? İslam alimlərinin bu mövzuda hansı fikirləri var? İzah edə bilərsinizmi?

Cavab: Cəbrail hədisində bəyan edildiyi kimi namaz İslamın beş təməl əsasından biridir. Bəli, o, dinin dirəyi, ibadətlərin mayası və əsası, bir ucu meraca gedib çıxan və insanı Allaha yaxınlaşdıran ən mühüm bir vəsilədir. Əlbəttə ki, mömin bu qədər əhəmiyyətli bir ibadəti dünya işləri arasında yolaverməməlidir. Başqa bir işə görə namaza laqeyd yanaşmamaq və ya onu tələm-tələsik qılmamaqla yanaşı, lazım gələndə hər şey onun yolunda fəda edilməlidir.

Doyulmaz Bir Nəşvə

Namazın məzmunu (mahiyyəti) insanın Rəbbi ilə münasibət, qəlb və ruh üfüqü səviyyəsindən asılı olaraq müxtəlif dərəcə və keyfiyyətdə özünü hiss etdirir. Namazı huşyar bir könüllə və eşqü-şövq içində özünü Allahın hüzurunda hiss etməkdən tutmuş mələklər arasında görməyə qədər, Nəbilər Nəbisinin (əleyhissalatu vəssalam) arxasında səfdə durmaqdan bir cəhdlə birbaşa ülvi aləmlərə yüksələn ruhlartək alnını Ərşin örtüyünə qoymağa qədər müxtəlif keyfiyyətlərdə duyub hiss etmək mümkünüdür. Belə üstün bir nailiyyətin ilk şərti namazı bir merac, və ya meracın kölgəsi saymaqdır. Əslində hər namaz mömin üçün bir merac vəsiləsidir. Dolayısilə möminin bu işdə öhdəsinə düşən vəzifə hər namazda fərqli keyfiyyətlərdə də olsa, meracını tamamlamaq olmalıdır. Bu səbəblə namazda könlün hər bir teli sarı sim kimi dilə gəlməlidir. Belə ki, səcdə doyulmaz bir nəşvəyə, dualar bezginlik verməyən qidaya, rüku ayrı bir ədaya, qiraət də inci-inci söz harmoniyasına çevrilməlidir. "O Allah ki, səni namaza duranda da görür, Səcdə edənlər içində qıvrılanda da" (“Şuəra” surəsi, 26/218-219) ayələri Rəsuli-Əkrəm Peyğəmbərimizin (əleyhissalatu vəssalam) namazını təsvir etməklə yanaşı, bizə necə namaz qılmalı olduğumuzu da öyrədir.

Bir vaxtlar mən namazda bir nəfərdən “qəlbi ifrağ” haqda bir həqiqət öyrənmişdim. Daha sonra o günə qədər qıldığım bütün namazlarımı “axirətdə üzümə vurular” deyə qəza etdim. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisdə namazın qəbir həyatında təcəssüm edəcəyini, əgər namazlar nöqsanlı, natamam qılınıbsa, bu namazların nöqsanlı və iflicli yol yoldaşı şəklində insanın qarşısına çıxacağını və bərzəx həyatını bu məfluc bələdçi birlikdə keçirmək məcburiyyətində qalacağını bildirmişdir. Dolayısilə natamam və nöqsanlı qılınan namazların qəzasını qılmaq bir mənada məziyyət deyil. Buna “cəbrən-lin-nöqsan (nöqsanları tamamlama)” da deyə bilərsiniz. Yəni bir mənada “qırığı”, “çatı” sarımaq deməkdir.

Bir məqsəddə iki məqsud olmaz

Bir az əvvəl də ifadə etməyə çalışdığım kimi, hər kəsin niyyəti Haqq Təala ilə münasibəti nisbətində fərqli-fərqlidir. Füqəhanın (fiqh alimlərinin) icmasına görə niyyət qəlbin qəsdidir, məqsədidir. Yəni niyyət "nəvəytü.. nəvəytü.. nəvəytü…" (niyyət etdim) şəklində təkcə sözdən ibarət deyil. Faktiki olaraq, füqəhanın bu mövzuda fərqli fikirləri var. Bəziləri niyyəti dillə söyləməyə, bəziləri isə söyləməməyə üstünlük vermişdir. Dillə söyləməməyə üstünlük verənlərə görə, niyyəti dillə demək qəlbin “diqqətini toplamasına” mane olur. Hənəfi fəqihi olmasa da, ikinci minilliyin mücəddidi, dövrün qütbü sayılan İmam Rəbbani Həzrətlərinin dillə niyyət etməyə üstünlük verməməsi məncə, bu mövzuda bizə mühüm bir fikir verir. Lakin qənaətimcə, bəzi möminlər dillə niyyət edirsə, "bəzi füqəhanın bəyanlarına görə edirlər" deyib ixtilafa səbəb olmamaq üçün bu məsələ üstündə dayanmamaq lazımdır.

Müxtəlif səviyyələri ehtiva edən niyyətin ilk pilləsi bizim kimi avam, atadan görmə təqlidi iman və İslam anlayışı ilə yaşayan mübtədilər üçün “qəsdül-qəlbdir (qəlbin qəsdi)”, yəni insanın namaz qılacağını ağlından və qəlbindən keçirməsidir. Xəvasa[1] görə isə, niyyət insanın görəcəyi bir işdən dörd əlli yapışması, yalnız bir mülahizəyə bağlı olması və bütün duyğu-düşüncələri ilə ona yönəlməsi deməkdir. Xəvasdan yüksəkdə duran xasların xasının niyyətinə gəlincə, niyyət namaz boyu da davam etməklə bütün masivanı qəlbdən ifrağ etmək (boşaltmaq) deməkdir. Çünki məqsəd Odursa, bir məqsəddə iki məqsud ola bilməz. Yəni insan Onu nəzərdə tutmuş, məqsud kimi yalnız və yalnız Onu qayə seçmişsə, Ondan savayı nə qədər nisbi və həqiqi məqsud varsa, hamısını qəlb və ağlından çıxarıb atmalıdır. Bu əsnada ağla başqa bir mülahizə gələrsə, o səviyyənin insanları qayıdıb təkrar təkbir alar və qəlbini ifrağ edənə qədər özlərini məcbur edərlər. Bədiüzzaman Həzrətləri və onun ilk böyük tələbələrində buna şahid oluruq. Lakin bunu da yaddan çıxarmamaq lazımdır ki, cəhdimiz və səyimiz formal, qeyri-səmimi olmamalıdır. Əgər bu iş təqlidlə, formal olaraq görülsə, insana heç bir şey qazandırmaz.

Niyyətin daha yüksək mərtəbəsi olan fəna-fillah və bəqa-billah mərtəbəsində özünü də unutma səviyyəsi vardır. Bəli, əsma və sifət halqasının fövqünə ucalıb Sübühatı-vəch önündə əriyib yox olan insanların niyyəti bu üfüqdə hətta özünü belə görməmə, eşitməmə, hiss etməmə şəklindədir. Bu üfüqün insanlarına görə, əgər namazda özünü hiss edirsənsə, demək, hələ də maneələrlə, əngəllərlə məşğulsan. Mən "şirkdir" deməməyə çox diqqət etsəm də, onlar öz səviyyələrinə görə buna şirk əndişəsi ilə baxarlar. Xülasə, niyyətin ənginliyi dərəcə-dərəcə, mərtəbə-mərtəbədir. Kim Allahı hansı səviyyədə tanıyır, mərifətullah üfüqü hansı səviyyədədirsə, namaza duranda da qəlb əlaqəsini buna uyğun təmin və təsis edir.

Niyyət Əməlin Ruhudur

Ustad Həzrətləri İyirmi İkinci Məktubun Xatiməsində أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ "Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar" (“Hucurat” surəsi, 49/12) ayəsinin işığında sözbəsöz qeybətin nə qədər çirkin bir əməl olduğunu izah edərkən ayənin başında keçən və sual mənasını verən "həmzə"nin ayənin bütün sözlərinə su kimi sirayət etməsindən bəhs edir. Bəlkə də, bir nur və ya ruh kimi… Niyyət də bunun kimidir. Mömin niyyəti ilə Haqq Təalanın təvəccöhünü, Onun “hüvəl-məqsud”, “hüvəl-məhbub”, “hüvəl-məbud” olduğunu namazın hər rüknünə yayır, yaymalıdır. O, namazın hər qiraətində bu niyyətə sadiq qalmalıdır. Ələlxüsus, tək qılınan nafilə namazlarda bu məsələyə təkəllüf dərəcəsində diqqət etmək olar. Camaatla qılınan fərz namazlarında belə hərəkət etmək düzgün olmaz. Çünki bu, dində külfət (əziyyət) mənasına gəlir və ağır bir yük olar. Ancaq təkbaşına qıldığımız nafilə namazlarda əldən gəldiyi qədər başdan sonadək ilahi hüzurda olma düşüncəsinə sadiq qalmaqla belə bir niyyət “səy” və “axtarış”ında olmaqda, zənnimcə, qəbahət yoxdur.

Namaz möminin meracıdır. Haqq Təala meracdan bəhs etdiyi yerdə إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ "Həqiqətən, O, eşidəndir, görəndir" (“İsra” surəsi, 17/1) buyurur. Buradakı " ه " əvəzliyi iki məna verir (iki şəkildə təfsir edilir). Bunlardan birinə görə Haqq Təalanı, digərinə görə isə Rəsuli-Əkrəm Peyğəmbərimizi göstərir. Əgər səmi və bəsir kimi Əsməyi-Hüsnadan olan iki isimlə Həzrəti Ruhu Seyyidil-Ənam (əleyhissalatu vəssalam) vəsf edilibsə, deməli burada mühüm bir həqiqətə diqqət çəkilir. Demək ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) meracda gözünə, qulağına çatdırılan hər şeyi o sapsağlam ihsas və ixtisas qabiliyyəti ilə (daxili və xarici duyğu orqanları ilə) içinə çəkmişdir. Başqa bir ifadəylə, meracı yaxşıca “sağıb” gözəlcə doymuşdur. Meracın saniyəsini, salisəsini (saniyənin altmışda biri), aşirəsini də fövtə verməmişdir. Əvvəldən axıra qədər, hər şey, sanki Onun şüur süzgəcindən gəlib keçmişdir.

Süleyman Çələbi "Ümmətin meracını qıldım namaz" deyir. Alvar İmamı isə "Səfineyi-dini (din gəmisi) namaz yürüdür, namaz cümlə ibadətin piridir" buyurur. Namaz möminin meracı olduğuna görə gərək mömin orada gözünə və qulağına hakim olsun. O qulaq və göz yalnız duyulmalı olanı duymalı, görülməli olanı görməlidir. Ustad Həzrətləri bunu On Yeddinci Sözdə Mövlana Caminin bu ifadələri ilə izah edir: "Yeki hah, yeki xan, yeki cuy, yeki min, yeki dan, yeki kuy - Yalnız Biri istə, Biri çağır, Biri tələb et, Biri gör, Biri bil, Biri söylə". Buna görə mömin yalnız Biri görməli, Biri tanımalı, Biri duymalı, Biri axtarmalı, Biri çağırmalı, Biri hiss etməli, Birdən savayı hər şeydən uzaq durmalı və bunu namazın bütün ərkanında gerçəkləşdirməyə çalışmalıdır. Gerçəkləşdirəndə də, "Bu belə olmalı deyildi. Özümü unutmalı və özümü itirməliydim. Mən varammı, yoxammı, unutmalıydım" deməli, bu dərəcədə özünü unutmalıdır.

Təmrin, təkəllüf və təklif

Bir daha xatırladım ki, bütün bunlar səviyyə məsələsidir. Təmrin olmadan bu səviyyəyə gəlmək isə mümkün deyil. Yəni başdan təkəllüf[2] olmasa, sonra təklif də olmaz. İşin başında məcburiyyət olmasa, sonra nəfsə belə bir şey təklif edə bilməzsiniz. Bu baxımdan gözünü bu səviyyəyə dikən insan özünü məcbur etməlidir. Cüneyd Bağdadi Həzrətlərinin bir yerdə belə bir ifadəsi var: "Mən altmış il özümü məcbur elədim. Altmış il sonra Allah mənə lütf etdi, namaz qılmağa başladım". O halda bizim kimi həqiqi namazdan bixəbərlər, heç olmasa beş on il özlərini namaz qılmağa məcbur etməlidirlər.

Bu arada yeri gəlmişkən bir məsələni də xatırladım. Bu sözlərimə görə, elə zənn etməyin ki, yarım-yarımçıq da olsa qıldığımız namazları Allah (cəllə cəlaluhu) qəbul etmir, etməyəcək. Ümid edirik ki, sonsuz lütf və mərhəmət sahibi Rəbbimiz bu səviyyədə qılınan namazları da qəbul edər. Belə ki, bu namazlarımızla belə bizi Cənnətinə qoyar, bərzəxdə bizə yoldaş edər, siratta Buraqa çevirər, bəlkə də, şimşəyə döndərib üfüqümüzü işıqlandırar. Bu baxımdan heç vaxt namazdan uzaq durmaq, onu qətiyyən əhəmiyyətsiz saymaq olmaz. Digər tərəfdən də himmətimiz, niyyətimiz həmişə ali, yüksək olmalıdır. Cəlallı və Əzəmətli Rəbbi-Kərimimizə etdiyimiz ibadət Onun böyüklüyü ilə düz mütənasib olmalıdır. İbadətlərimiz Onun bizə saysız-hesabsız, bol lütf və ehsanına şükür məqsədi və mənasını daşımalıdır. Dolayısilə, mömin ömür boyu namazın həqiqətini tapmağa çalışmalıdır.

Niyyətdə əhəmiyyətli bir məsələ də ibadətin bütün rüknlərində canlı və sayıq olaraq öz varlığını hiss etdirməsidir. Mömin fikrini tam cəmləməklə başladığı niyyəti, yəni o “mütləq qəsd”, “mütləq təvəccöh” və “mütləq nəzər”ini namazın hər rüknündə vicdanən hiss etməli, bundan qeyri şeylərə də üsyan etməlidir. Bəli, mömin namazında Ondan qeyri hər bir mülahizə və düşüncədən narahat olmalı və bu narahatlığını iç dünyasında etiraz şəklində göstərməlidir.

Məsələn, bir insan " اَلرَّحْمٰنِ الرَّحِيمِ" deyəndə Onun sonsuz mər­hə­mə­tinin müxtəlif təcəllilərinin ona qədər gəlib hər şeyi əhatə etməsini vicdanən duya bilmirsə, özünə "Tuf sənə, namərd!" deməyi bacarmalıdır.

Bunların heç biri qeyri-mümkün şeylər deyildir. Çünki bütün bunları minlər, milyonlar yaşamışdır. Minlər və milyonlar da eyni şəkildə yaşamağa namizəddir.

مَنْ طَلَبَ وَجَدَّ وَجَدَ "Kim bir şeyin arxasınca düşər, o mövzuda ciddi olarsa, mütləq axtardığını tapar". Əksinə "Əgər tapmayıbsa arxasınca düşməmiş, düşübsə ciddi olmamış və tapa bilməmişdir".

[1] Dini, elmi ilə mənən yüksək dərəcəli şəxslər.
[2] Öz razılığı ilə külfətə, çətinliyə girmək
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.