Fəthullah Gülənin aksiyonunda hədəf
Fəthullah Gülənin hədəfi, nə etmək və nəyə nail olmaq istədiyi mövzusunda Türkiyədə və Türkiyədən kənarda bəzi spekulyasiyalar ortaya atılsa da, o, bir çox yazılarında və söhbətlərində bütün məqsədinin Allaha qulluqla Onun rizasını qazanmaq olduğunu açıq şəkildə ifadə edir. Çünki onun fikrincə: “İnsan bir səyyah, kainatlar da onun mütaliəsinə təqdim edilmiş rəngarəng sərgilər, zəngin və rəngarəng kitablardır. Səyyah bu kitabları oxumaq, ürfanını artırmaq və insanlığa yüksəlmək üçün bu aləmə göndərilmişdir”. Buna görə, Gülənin qayəsi, eləcə də hər insan üçün vacib olan hədəf səyahətdir; “əsərləri ilə özünü bizə tanıtdırmaq istəyən, gözlərdən gizli o Varlığın yolunda” Ona qovuşmaq məqsədi daşıyan bir səyahət! “Çünki”, – deyir, – Gülən:“biz və hər şey Onu tanımaq və tanıtmaq üçün buraya gəldik və bundan daha ali bir vəzifə də bilmirik. Biz hamımız Onun varlığının kölgələri, O isə hər şeyin mənbəyi və qaynağıdır (“Ölçü veya Yoldakı Işıklar”, 17-18). Fəthullah Gülənə görə bu səyahətin adı qulluqdur. Peyğəmbərlərin göndərilmə qayəsi, yəni dinin əsl qayəsi də insanların Allahı tanıyıb Ona qulluq etmələrini təmin etməkdir. Allah Qurani-Kərim də: ”Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım” (Zəriyət, 51/56), – buyuraraq bu həqiqətə işarə edir.
Fəthullah Gülənin arzu etdiyi dünyanı və xəyallarındakı sabahı görmək də, onun aksiyonundakı qayə, hədəf mövzusunda bizə dəqiq məlumat verə bilər. O bu mövzuda bunları yazır:
“Gözlərimi yummuş, iman, ümid və xəyallarımın canlandırıb müəyyən etdiyi çərçivədə gələcəyi, insani dəyərlərin çoxalıb dərinləşdiyi, duyğuların tamamilə axirətə xas rəngə büründüyü, bədənin eyni ruhi dəyərləri paylaşdığı və çoxdandır hiss dünyamızda aradığımız “itirilmiş cənnətin” təsəvvürlərimizin fövqünə varan ən nadir parçalarından meydana gətirilmiş zamanın nəfis bir hissəsinə könül gözlərimlə tamaşa edir və onun varidatının gəlib xəyallarıma, yuxularıma axdığını sanki hiss edirəm...
Belə ki, ümid və iman dünyamda yaşıllaşan bu yeni baharda... bütün varlıqla qucaqlaşır, bütün canlıları şəfqətlə salamlayır, bütün insanları məhəbbətlə bağrıma basır və öz-özümə: “Yaradanın kainatları var etməkdə qayəsi də bu olmalıdır”, – deyirəm. Bəli, bu dünyada kobudluq, hərislik, bitməyən dünyəvi arzular, münaqişə, mübarizə, xəyanət, yalan, zülm, cinayət yoxdur. Bu dünyada alicənablıq, əliaçıqlıq, incəlik, dirilmə əzmi, yaşama sevgisi, mülayimlik və dialoq, haqqa ehtiram, əmanət duyğusu, vəfa hissi, doğruluq ruhu, ədalət və istiqamət düşüncəsi var. Bu dünyanın insanları həqiqi mənadakı kin, nifrət və qarşıdurmanı lüğətlərindən silib atmış, həyatlarını sevgi, həlimlik və insanlarla münasibət üzərində qurmuşlar.” (Yeşeren Düşünceler, 88-90)
- tarixində yaradılmışdır.