Fəthullah Güləndə aksiyon düşüncəsi
Fəthullah Gülən aksiyon ilə düşüncəni birlikdə dəyərləndirir, lakin çoxlarından fərqli olaraq aksiyona daha çox əhəmiyyət verir. Ona görə, “həqiqi var olmağın yolu aksiyondan və düşüncədən keçir, özünü və başqalarını dəyişdirə biləcək bir aksiyon və düşüncədən!”.
Gülən: “Həyatımızın ən vacib, ən zəruri hadisəsi aksiyondur. Davamlı aksiyon, davamlı düşüncə ilə bir qisim məsuliyyətləri çiynimizə alıb daim hərəkət etmək məcburiyyətindəyik. Əgər özümüz kimi hərəkət etməsək, başqalarının həmlə və aksiyon dalğalarının, düşüncə və plan girdablarının təsirinə düşər və onların hərəkət fəsillərini təmsil etmək məcburiyyətində qalarıq,” – deyir.
Onun bu düşüncəsi olduqca əhəmiyyətlidir, çünki bu gün İslama siyasət və ideologiya pəncərəsindən yanaşaraq fəaliyyətlərini bu təməl üzərində quranlar adətən reaksioner olmaqdan qurtula bilməmişlər. Mövcud gündəmi əsas qəbul edərək ona görə davranış müəyyən etmək məcburiyyətində qalmış, bununla da İslamı daim bu gündəmin arxasınca aparmışlar. Bu reaksionerliyin gətirdiyi məğlubiyyət və uğursuzluq hər dəfə fikirlərində dəyişiklik etməyə səbəb olduğu kimi, İslamın da yanlış anlaşılıb yanlış tanınmasına gətirib çıxarmışdır. Halbuki, Gülənin düşüncəsində aksiyon əsas olub, bu da “özümüz olaraq”, yəni yolunu təyin etmiş, düşüncəsini sağlam fikirlər, ideyalar üzərinə inşa etmiş, mövcud siyasətdən kənar, dini ideologiya səviyyəsinə salmadan hərəkət etmək deməkdir.
Gülən bir az da irəli gedir və aksiyonu yaradılışın məqsədini yerinə yetirmə hərəkatı olaraq görür. Bu mənada aksiyon ona görə, insanın həyatının bütünü kimidir, düşüncə də bir daxili aksiyon kimi bu həyatın başqa bir səviyyəsidir:
“Daha ideal bir yanaşma ilə aksiyon insanın ən səmimi və daxildən gələn qərarlarla bütün varlığı qucaqlaması, onu təhlil etməsi və onun içindəki koridorlardan sonsuza yönəlməsi, sonra da Sonsuzdan aldığı bir sirr və qüvvə ilə zəka və iradəsinin bütün gücünü səfərbər edib öz aləmini yaradılışla hədəflənən həqiqət məhvərinə yerləşdirməsidir. Düşüncəyə gəlincə, o da bir daxili aksiyondur. Sistemli və hədəfli düşüncə var olduğumuz müddətcə qarşımıza çıxan bütün müəmmaları yenə kainatdan soruşub hər şeyin cavabını ondan almaqdır... Düşüncə sayəsində insan ruhu aləmlə bütünləşir ki, bununla da davamlı olaraq daxilən dərinləşir... Düşüncə, insanın öz, daxili dərinliklərində metafizik təcrübələrə yer hazırlamaq üçün yenə öz içində boşalmasıdır. Bu, düşüncənin ilk pilləsidirsə, o nərdivanın son pilləsi də hərəkətli düşünməkdir”.
Gülən, insanın özünü tanıyıb kamilləşməsi və başqalarının da kamilləşməsi üçün bir fəaliyyət olaraq gördüyü aksiyonun bu funksiyanı yerinə yetirə bilməsi üçün onun İslam təməlli olmasının vacibliyini vurğulayır. Çünki İslam insanı maddənin və bədənin həyat səviyyəsindən qəlb və ruhun həyat səviyyəsinə yüksəldən yol olması etibarilə aksiyonu əsl məhvərinə oturdur. Demək olar ki, aksiyon bu mənada İslamı yaşamanın adıdır. Belə bir yönəlmə və daxildə özünü kamilləşdirmə insanın mahiyyətindəki istedadları inkişaf etdirdiyi kimi, varlıq və davamının da təminatı olmuşdur.
Gülən bütöv bir toplum planında din, elm, fəlsəfə, sənət qolları ilə hərəkət etməsi vacib olan aksiyonun nəsilləri hədəfsizlikdən qurtarıb sabahın fikir, hünər, mərifət və sənət sahibləri edəcəyinə inanır. Ona görə: “Bunun sayəsində bütün küçələr məktəb dəhlizləri kimi ürfan havası ilə dolacaq... həbsxanalar bir elm yuvası halına gələcək... yuvalar da bir cənnət guşəsi kimi nurlanacaq. Hər yerdə dinlə elm yan-yana, çiyin-çiyinə gəzəcək.. imanla ağıl əl-ələ verib hər yerə meyvələrini saçacaq... gələcək ümid, əməl və əzmin qoynunda, utopiyalardakından daha rəngli və daha zəngin olacaq... televiziyalar, radiolar, qəzetlər, jurnallar ətrafa feyz, bərəkət və işıq yayacaq... və bəzi tarixin kənarında qalanlardan başqa, hamı, hər könül sahibi Cənnətə bənzəyən bu baharda kövsər suyundan içib gəzintiyə çıxacaqdır... (Ruhumuzun Heykelini Dikerken, 52-59)
- tarixində yaradılmışdır.