III Fəsil: Fevral, 1998-ci il , Vatikan
Nyu Yorkda yerləşən Rokfeller Vəqfində bir araya gələn tanınmış qonaqlar İslam dünyasını və bu ölkələrdə medianın vəziyyətini müzakirə edirdilər. Məruzəçilər arasında pakistanlı bir jurnalist də var idi. Bu jurnalist çıxışında “Təəssüf ki, bizim ölkəmizdə Peyğəmbəri söymə azadlığı yoxdur. İslam ölkələri bu cahil zehniyyət ucbatından geri qaldı” deyincə salonda olan iki türk jurnalist təəccüblə bir-birinə baxır.
O iki türk jurnalistdən biri sonuncu məruzəçi olaraq kürsüyə dəvət edilir və çıxışında “Çox təəssüf ki, bizim ölkəmizdə Peyğəmbəri söymə azadlığı var və mən bundan xəcalət çəkirəm” sözlərini dilə gətirir. Pakistanlı jurnalistin çıxışı ona çox təsir etmişdi, lakin özünü ələ almalı idi. Sonra türkiyəli jurnalist belə davam etdi:
“Əlbəttə, İslam dünyasında bəzi cahil təbəqələr var. Bu gün dünyanın hər tərəfində məktəblər açan Türk iş adamları həmin cahillikdə ittiham edilən İslam dünyasının bir parçası deyilmi? Bu hərəkatın memarı Fəthullah Gülən adlı bir türk mütəfəkkiridir”.
Toplantının sonunda türk jurnalistlər salonu tərk edərkən təxminən 80 yaşlarında olan bir dinləyici onlara yaxınlaşır. Ağ saçlı bu amerikalı qoca çıxış edən türkiyəli jurnalistə türk dilində: “Sən nə qəribə türkcə ilə danışırsan, güclə başa düşdüm” deyir. Həmin amerikalının əski türkcə və osmanlıca kəlmələrdən ibarət mükəmməl türkcəsindən təəccüblənən türkiyəli jurnalistin: “Nə edək, müasir türkcə belədi” deməkdən başqa əlacı qalmır.
Həmin gün Rokfeller Vəqfinin binasında türkiyəli jurnalistlərin qabağını kəsib “Niyə Türk dilində düzgün danışmırsınız?” deyən amerikalı professor Bernard Levis (Bernard Lewis) idi. Levis Qərb aləmində İslam tarixi və Yaxın Şərq üzrə müasir dövrün ən nüfuzlu mütəxəssislərindən biri hesab olunur. O, ABŞ-ın məşhur universitetlərindən biri olan Prinston (Princeton) Universitetində Yaxın Şərq Araşdırmaları kafedrasının professoru idi.
Amerika prezidenti Corc Buş və köməkçisi Dik Çeyni ayda bir dəfə Professor Levisi Ağ Evə yemək ziyafətinə dəvət edib onun Yaxın Şərq haqqında analizlərini dinləyirdilər. İngilis əsilli amerikalı olan Levis Osmanlı türkcəsinə yaxşı bələd idi. Çünki 1950-ci illərin əvvəllərində Türkiyəyə gəlib Osmanlı arxivlərini araşdıraraq “Müasir Türkiyənin təşəkkülü” (Modern Türkiyenin doğuşu) adlı kitabını yazmışdı. Ərəb dilini də bilən Levis hər dəfə Vaşinqtonda işləyən türk jurnalistlərlə qarşılaşanda: “Mən əski türk dilində danışıram, sizin istifadə etdiyiniz bəzi sözləri başa düşə bilmirəm”, – deyirdi.
Osmanlı tarixçisi professor Hit Lovrey (Heat Lovrey) Prinston Yaxın Şərq Araşdırmaları Mərkəzində Levislə eyni mərtəbədə çalışırdı.[1] “Otuz ilimi Osmanlı tarixinə həsr etdim” deyən Lovrey Türkiyəyə ilk dəfə 1960-cı illərdə gəlmişdi.
Professor Bernard Levis Rokfeller Vəqfinin bu toplantısından bir neçə il əvvəl Amerikanın “Atlantik mansli (Atlantic Monthly)” jurnalın yazdığı “Müsəlman qəzəbinin kökləri” məqaləsində “Mədəniyyətlər toqquşması” tezisini ortaya atmışdı. Levis 1990-cı ilin sentyabr ayında dərc olunan həmin məqaləsində bu fikirləri irəli sürürdü:
Müsəlmanlar bizim Yəhudi-Xristian mirasımıza, dünyəvi dəyərlərimizə və bunların dünya miqyasında yayılmasına tarixi reaksiya göstərməkdə davam edirlər.
Levisin bu məqaləsindən üç il sonra Harvard Universitetinin professoru, Strateji Tədqiqatlar İnstitutunun direktoru Samuel Hantinqton “Mədəniyyətlər toqquşması” başlıqlı məqaləsini çap etdirdi. Hantinqton “Mədəniyyətlər toqquşması” anlayışını Levisdən iqtibas etmişdi. O, bu məqalədə “İslamla Qərbin hesablaşması qaçılmazdır” fikrini irəli sürürdü.
Bernard Levisə görə, Qərb dəyərlərini təmsil edən Amerika İslam dünyasında Vyetnam və Kubaya oxşar hadisələrlə qarşılaşmamışdır. Lakin İslam Qərbin gözündə getdikcə “terrorist yetişdirən müharibə dini”nə çevrilir. Belə bir dinin yetişdirdiyi müsəlman tipi isə münaqişəyə və kamikadzeliyə meyilli insanlardı.
Təbii ki, bu müsəlman imici Türkiyə və türklərə münasibətdə də özünü göstərirdi. Qərb ölkələrində yaşayan türklərə: “Sizin diliniz ərəbcədir? Neçə qadınla evlisiniz?” kimi sualların verilməsi də təsadüfi deyildi. Türkiyədə “Türk müsəlmanlığı” kimi xarakterizə edilən və Yaxın Şərq ölkələrindən fərqlənən İslam anlayışının mövcud olduğunu Qərbdə hələ yetərincə bilmirdilər.
Məhz “Qərblə İslam dünyasının toqquşması qaçılmazdır” fikrinin hakim olduğu bir dövrdə “Türkiyə müsəlmanlığı” anlayışının müəllifi Fəthullah Gülən bir milyard mənsubu olan katolik xristian dünyasının dini lideri Papa II İohan Pavellə (II Johannes Paulus) Vatikanda görüşmə ideyasını irəli sürür.
1998-ci il fevral ayının 8-də Roma hava limanına enən Güləni Türkiyənin Vatikan səfiri Altan Güvən (Altan Güven) qarşılayır. Hava limanına girən Altan Güvən onu VİP salondan öz maşını ilə çıxarır. Papa II İohan Pavellə keçirilməsi nəzərdə tutulan bu görüşü Baş Nazirin müavini Bülənt Ecevit yaxından dəstəkləyirdi. Vatikan görüşündən beş gün əvvəl, fevral ayının 4-də Ecevit Güləni İstanbulda evində qonaq etmiş, səfirə Güləni qarşılamaq üçün təlimat vermişdi.
Səfir Güləni öz iqamətgahında qonaq etmək istəyirdi. Lakin Romanın Kolumb hotelində artıq onun üçün yer sifariş edilmişdi. Hoteldə Güləni çoxlu sayda jurnalist qarşılayır. Onu burada böyük bir sürpriz gözləyirdi. Hotelin vestibülündə divarda Osmanlı şahzadəsi Cem Sultanın[2] yağlı boya ilə çəkilmiş böyük bir rəsmi asılmışdı. Rodos cəngavərlərinin əlinə keçən Cem Sultan Vatikanda əsirlikdə olarkən bu binada qalmışdı. Bu şəkli görəndə kövrələn Gülən göz yaşlarına hakim ola bilmir.
Güləni jurnalist Məsud Erişən (Mesut Erişen), iş adamı və qəzet sahibi Ələddin Qaya və Vaşinqtonda yaşayan türklərdən Rüşdü Kalyonçu (Rüştü Kalyoncu) müşayiət edirdi. Əsl peşəsi vəkil olan Kalyonçu iyirmi beş ildir ki, Amerikada yaşayırdı. Papa-Gülən görüşündə Gülənə tərcüməçilik edəcəkdi.
O gün Gülən Kolumb hotelində gecənin çox hissəsini ibadətlə keçirir və bu görüşün bütün bəşəriyyətə faydalı nəticələr verməsi üçün Allaha dua edir.
Papa-Gülən görüşü təkbətək keçirilməli idi. Görüşdə yalnız Rüşdü Kalyonçu və Vatikanın İstanbul təmsilçisi Georg Maroviç (Georges Marovitch) tərcüməçi kimi iştirak edəcəkdi. Vatikan nümayəndələri görüşdən öncə Kalyonçuya bir xəbərdarlıq edirlər. Papa parkinson xəstəsi olduğu üçün belə görüşlərdə də narahat ola bilərdi. Belə hallarda papanın başı önünə əyilir və yuxulu vəziyyət alırdı. Bu vaxt da köməkçiləri qoluna girib yatağına aparırdılar.
Papanın bir neçə gün əvvəl də bu şəkildə halı pisləşmiş və həmin günə təyin olunan tədbirlər baş tutmamışdı. Papa-Gülən görüşünün də nə qədər davam edəcəyi məlum deyildi. Vatikan nümayəndəsi “Belə şəraitdə görüş üç dəqiqə də davam edə bilər” deyirdi. Türk heyətinə edilən digər bir xəbərdarlıq isə belə olur: “İçəridə kamera ilə görüntülərin lentə alınmasına və şəkil çəkilməsinə icazə verilmir. Çəkiliş və qeydləri ancaq Vatikanın nümayəndəsi edəcək, istəsəniz, satın ala bilərsiniz”.
Görüş başlayanda Kalyonçu Papanın xəstəliyini düşünürdü. Elə görüş başlanan kimi də Papanın başı önünə əyilir. Kalyonçu Gülənə nəzər salır, o, sakit dayanmışdı. Kalyonçu yenidən Papaya diqqət ytirəndə onun yavaş-yavaş başını qaldırdığını və oyandığını görür. Vatikanın adamları gəlmədən Papa oyanmışdı. Görüş davam edəcəkdi. Təxminən bir saat davam edən görüş zamanı Papanın səhhətində problem yaranmır.
Papa Kuba səfərindən yeni qayıtmışdı. Kubada Prezident Fidel Kastro ilə görüşən Papanın Güləndən sonrakı qonağı Rusiya prezidenti Boris Yeltsin olacaqdı.
Maraqlıdır ki, İtaliya mətbuatı bir-birinin ardınca baş tutan bu üç görüşlərdən daha çox Gülənlə görüşə yer verir.
“Ümidin astanasında” əsərinin müəllifi Papa II İohan Pavel kitabında İslam haqqında o qədər müsbət fikirdə olmasa da, Gülənlə görüşdən sonra sürpriz bir məkanda sürpriz bir addım atır.
[2] Fateh Sultan Mehmetin oğlu Cem Sultan atasının ölümündən sonra qardaşı Sultan Bəyazidlə taxt-tac üstündə mübarizəyə başlayaraq Rodos adasına keçmiş və orada Avropa cəngavərlərinə əsir düşmüşdü. Cəngavərlər onu Fransaya göndərir. Cem Sultanı Osmanlı dövlətinə verməmək üçün tez-tez yerini dəyişdirirdilər. Romaya girən Fransa kralı VIII Çarlz bir müddət Vatikanda qalan Cem Sultanı Papadan alır. Cem Sultan 1495-ci ildə İtaliyanın Neapol şəhərində vəfat edəndə 36 yaşında idi. Öləndən sonra cənazəsi Bursaya gətirilir.
- tarixində yaradılmışdır.