Şərqin böyük mütəfəkkiri
Bu kitab çağdaş dünyamızın nəhəng fikir adamlarından biri, hər an təhlükələrlə üzləşən bəşəriyyətə dialoq və barış ideyaları ilə yol göstərən parlaq zəka sahibi Fəthullah Gülənin həyatı və çoxşaxəli fəaliyyəti haqqındadır. Siz zəngin faktlar əsasında yazılmış bu kitabı oxumaqla bütün dünyanın dialoq carçısı və fikir öndəri kimi tanınan fəzilətli bir şəxsiyyəti – Amerikadan tutmuş Avstraliyayadək planetimizin bütün qitələrində maarifçiliyi, insana sevgini və xoşgörünü təbliğ edən Könüllülər hərəkatının mənəvi liderini, müasir Türk və İslam dünyasının qürur duyduğu böyük mütəfəkkir Fəthullah Güləni daha yaxından tanıya biləcəksiniz. Çünki kitabda bu işıqlı məfkurə sahibinin dramatik epizodlarla dolu zəngin bioqrafiyasının təqdimatı ilə yanaşı, onun bütün dünya üçün cazibədar olan ideyalarına da kifayət qədər yer verilmişdir.
Yer kürəsinin müxtəlif yerlərində milyonlarla insanın böyük ehtiramla “Xocaəfəndi” deyə müraciət edib, səmimi duyğularla andığı F. Gülən hazırda dünyanın ən tanınan simalarından biri sayılır. İnsanın və cəmiyyətin dərk olunması, eləcə də bəşəri inkişafın mənəvi təcrübəsinin ümumiləşdirilməsi mövzusundakı əsərlərinə görə onu Şərq ictimai-fəlsəfi düşüncəsinin Fərabi, Rumi, Qandi kimi mütəfəkkirləri ilə müqayisə edirlər. 2008-ci ildə Avropada keçirilən “Dünyanın yaşayan 100 böyük intellektualı” müsabiqəsində F. Gülənin adı U. Eko, B. Levis, F. Fukuyama, S. Hattinqton kimi məşhurların adları ilə bir sırada verilmiş və birinci olmuşdur.
Ötən əsrin 70-ci illərində bir din alimi, vaiz kimi orijinal fikirləri, fərqli düşüncəsinin məhsulu olan yazıları ilə qardaş Türkiyə toplumunun diqqətini cəlb edən Gülən artıq bu gün dünya mediasının gündəmindən düşmür. Belə ki, son 20 ildə müxtəlif mətbuat orqanlarında, o cümlədən Avropa və ABŞ qəzetlərində onun haqqında 30 minə yaxın material dərc olunub. İndi Türkiyədə və Qərb ölkələrində onun barəsində saysız-hesabsız kitablar yazılır, ideyaları qızğın müzakirə edilir, təlimlərinin öyrənilməsinə ayrıca beynəlxalq elmi konfranslar həsr olunur. Bu konfransların keçirildiyi ABŞ, İngiltərə, Hollandiya kimi ölkələrdə ayrıca “Gülən” dialoq mərkəzləri fəaliyyət göstərir...
Adətən, qlobal ideyaların daşıyıcısı olan böyük düşüncə sahibləri tarixin kəskin keçid anlarında meydana çıxır və öz missiyalarını uğurla gerçəkləşdirə bilirlər. Məncə, Gülən üçün belə bir tarixi şərait unudulmaz Turqut Özalın ötən əsrin 80-ci illərinin əvvəllərində başladığı islahatlar sayəsində yarandı. Həmin dövrdə mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərdən sonra öz inkişafının yeni mərhələsinə qədəm qoymuş Türkiyədə təkcə iqtisadiyyat dirçəlmirdi, həm də ictimai həyat canlanır, media fərqli fikir və düşüncələrin meydanına çevrilir, demokratik işartılar alovlanır və ölkədə plüralizm güclənirdi. Çoxdan bəri süstləşmiş, durğunlaşmış ictimai-mənəvi həyatın da çalxalanıb kükrəməsinə, durulub-təmizlənməsinə ehtiyac duyulurdu. Faktiki olaraq bu, həmin dövr idi ki, Türkiyə ifrat dünyəviliklə ifrat mühafizəkarlıq arasında seçim edirdi. Məhz belə bir vaxtda artıq Türkiyənin fikir çevrələrində müəyyən qədər tanınan Gülən daha böyük arenaya çıxaraq yeni ideyaları ilə dünyada tanınmağa başlayır. Təbii ki, həmin dövrdə də onun dini, mənəvi və ideoloji problemlərə modern yanaşmasından səksənənlər az deyildi, amma xoşbəxtlikdən başa düşənlər daha çox idi. Türk ictimai düşüncəsini irəli aparan, İslamı daha əlvan çalarlarla anladan, üstünü əsrlərin tozu basmış dini ənənələrə həm də bəşəri dəyərlər prizmasından yanaşan, maarifçi yönünə, millətə sayğı, insana sevgi, hər kəsi anlamaq, dialoq və barışıq ruhlu ideyalarına görə T. Özal, B. Ecevit kimi uzaqgörən siyasətçilərin dəstək verdiyi Könüllülər hərəkatı da adlandırılan F. Gülənin başlatdığı bu hərəkat çox keçmədən Avropanın da diqqətini cəlb etməyə başlayır.
Könüllülər hərəkatı bir tərəfdən İslamı yad (və zərərli) təsirlərdən xilas edib qloballaşan dünyada müsəlmanların “təfəkkür strukturunu”anlatmaq ehtiyacından, digər tərəfdən isə Türkiyənin özündə insan həyatını təhlükə altına alan, hər addımbaşı dözümsüzlük mənzərəsi meydana gətirən dini-ideoloji və s. zəmində qarşıdurmaların mahiyyətindən doğurdu. Aşkarca görünürdü ki, mənəvi əxlaqi dəyərləri təhdid edən amillərin çoxalması dinindən, irqindən, dünyagörüşündən asılı olmayaraq, insanların bəşəri dəyərlər çərçivəsində hərəkətini, problemlərin həlli naminə səylərin birləşdirilməsini əngəlləyir. Bütün dünyada fərqli düşüncələr arasında dialoq və anlaşma həyati zərurətə çevrilirdi. Məhz belə bir şəraitdə xalqları parçalayan “sivilizasiyaların toqquşması” ideyasının fəlakət carçılarından fərqli olaraq, dinlər və mədəniyyətlərarası dialoq alternativini irəli sürən və çağdaş dünyaya öz dəyərli töhfəsini verən maarifpərvər bir hərəkatın beşiyi qardaş Türkiyə, onun hərəkətverici qüvvəsi isə fədakar Anadolu insanı – Xocaəfəndi oldu. Bəzən məhz bu məqamı unudanlar, ölkə mənfəətini düşünmək iqtidarında olmayanlar saxta milli-dini təəssübkeşliyi qabardaraq Güləni bilərəkdən anlamaq istəmir, onun ideyalarını təhrif edir, ünvanına hədyanlar söyləyir, haqqında ağlasığmaz yalanlar və şayiələr uydurmaqdan çəkinmirlər.
Dahilər ona görə fərqlidirlər ki, gələcəyi öncədən görə bilir və tarix qarşısında məsuliyyətlərini zamanında dərk edirlər. Millətin mənəvi dərdlərini həssaslıqla üzə çıxaran və dərmanını da deyən F. Gülən bir mütəfəkkir uzaqgörənliyi ilə o dövrdə Türkiyənin soyuq və bulanıq sularında gizlənmiş təhlükəli aysberqləri görür, baş verən əcaib hadisələrin əsl mahiyyətini, xüsusən, anarxiya və təfriqənin fəsadlarını duyurdu. Həm də bu gedişatların haraya, hansı fəlakətlərə aparıb çıxaracağını təxmin edirdi. Buna görə də o, milləti yaxalamaqda olan təhlükələr haqqında həyəcan təbili çalaraq, bir kimsədən qorxub-çəkinmədən duyduqlarını soydaşlarına da əzmlə anlatmağa başladı. Xeyli ortaq dəyərləri olan, lakin düşmənin fitnəsinə uyaraq bir-birinin qanına susayan soydaşlarının istiqlal savaşındakı kimi, ölkə mənafeyi naminə yenidən birləşməsi üçün maarifçilik hərəkatına öndərlik etdi. O, insanların üzləşdiyi yoxsulluğun, cəhalət və təfriqənin qarşısını almaqda, vətəndaş həmrəyliyini təmin etməkdə yeganə çarənin maarifçilik olduğunu çoxlarına anlada bildi. Çox keçmədən Gülənin himməti sayəsində ilk təhsil ocaqları açıldı. Yaxın keçmişdə birbirinə kin bəsləyən insanların övladları bu məktəblərdə eyni sırada yanaşı oturaraq, mükəmməl təlim-tərbiyə almağa başladılar. Beləliklə, dünyaya tamamilə yeni gözlə baxan müasir təfəkkürlü yeni bir nəsil yetişdirmək missiyasının təməlləri atıldı. Uzaqgörən sosial islahatçı olan Gülən faydalı biliyi mənəvi dəyərlərlə birləşdirən yeni bir təhsil modelini ortaya qoydu. Bu yolla o, müasirliklə təzad təşkil etməyən islami orta yolu da tapa bildi.
Bütün dünyada tolerantlıq, dialoq, sevgi və barış simvolu sayılan F. Gülənin ideya müəllifliyi və təşviqi ilə açılan məktəblər Avropa və ABŞ-da da ən müasir təhsil ocağı kimi yüksək qiymətləndirilir. Təbii ki, bu məktəblər başqa üstünlükləri ilə yanaşı, daha çox Xocaəfəndinin yeni təhsil konsepsiyasını təcəssüm etdirdiyinə görə belə cazibədardır. Ənənəvi baxışlardan fərqli olaraq, Gülənin təhsil fəlsəfəsinin əsasında fiziki, əqli, ruhi və mənəvi yönləri ilə vəhdət təşkil edən insan dayanır. Əsas məqsəd də elə ictimai-iqtisadi, sosial və mənəvi həyatda uğur qazana biləcək əqidəli “qızıl gənclik” (Altın Nəsil) yetişdirməkdir. Ona görə də bu məktəblərdə həm təlim, həm də tərbiyəyə xüsusi diqqət yetirilir. Təbii ki, bu tərbiyə ümumbəşəri insani dəyərlərə əsaslanır. Bu sistemdə təhsil dedikdə, təkcə riyaziyyat və ya ingilis dilinin öyrədilməsi nəzərdə tutulmur. Yəni təhsilə daha geniş baxış var və bu anlayış, əvvəla “idealların reallığa yaxınlaşmasına yönəlmiş hərəkət və fəaliyyətin məcmusu kimi qavranılır, digər tərəfdən isə həmin idealların tədrisinin cazibədarlığının təmin edilməsi üçün gərəkli intellektual, əxlaqi və estetik meyarlar” (X.Orteqa Qasset) dəqiq seçilir.
Haqqında söhbət gedən təhsil ocaqları Qərbin elmi və texnoloji nailiyyətləri ilə Şərqin parlaq mənəvi-əxlaqi dəyərlərini birləşdirmək yolu ilə daha mütərəqqi bir mədəniyyətin meydana gətirilməsinin vacibliyinə diqqət çəkdi. Məhz bu birləşdirici cəhətinə görə məktəblər bütün qitələrd məşhurlaşdı. Bəlli çətinliklərə baxmayaraq, son 30 ildə yeni dövrün fəlsəfəsini anlayan fədakar insanların – bu işə ürəyinin istisini vermiş könüllülərin zəhməti sayəsində F. Gülən hərəkatının sərhədləri sürətlə genişləndi, təsir dairəsi qat-qat artdı. Dünyaya səpələnmiş yeni tipli məktəblərin, bu ölkələrdə fəaliyyət göstərən dialoq mərkəzləri və media qurumlarının rəğbət doğuran fəaliyyəti göstərdi ki, bəşər övladının yeni düşüncə, yeni əxlaq və davranış tərzinə yiyələnməsi dünyanı savaşa deyil, barışa aparır, fikir ayrılıqları insanları səngərlərə deyil, müzakirə stollarına tərəf çəkir. Dünya maariflənməyə, öyrənməyə, mənəvi kamilləşməyə yönəlmiş bu səyləri dəyərləndirdi, könüllülər hərəkatının arxasında dayanmış azad ruhu, xoş niyyəti və sevgini duydu. Bu səbəbdən də Xocaəfəndinin ideyaları siyasi deyil, sosial və mənəvi bir hərəkatın mühərriki kimi geniş vüsət alaraq inkişaf etməkdədir.
Dünyanın nüfuzlu qəzetlərindən biri olan “Fayneşnl tayms (Financial Times)” bu il aprel nömrələrindən birində F. Gülən hərəkatından bəhs edərkən ingilis tədqiqatçı Bill Parkın analizinə yer verir: Bu ideyalar “inamın, mənliyin, maddi tərəqqinin, demokratikləşmənin və dialoqun harmoniyası”ndan ibarətdir. Təbii ki, bunlar təkcə gəlişigözəl sözlər, cazibədar fikirlər deyil, həm də konkret əməldə, davranış və düşüncədə meydana çıxan fəaliyyətdir.
F. Gülən əlini daim zamanın gərgin döyünən nəbzi üzərində saxlayan filosofdur. Onun düşüncəsinə görə, millətlərin gerçək məqsədi əxlaqi davranışlar yolu ilə fərdlər “mədəniyyəti” qurmaq və cəmiyyəti yenidən canlandırmaqdır. O, insanların “həyat”, “dəyərlər” və “ədalətli bir toplumun fərdi olmaq” kimi əbədi problemlərinə dəqiq elmlər və müqəddəslik arasındakı zahiri fərqləri uzlaşdırma yolu ilə çözüm tapmağa kömək edir, əsərlərində, müsahibə və nitqlərində günün təzadlarından, dilemmalarından çıxış yolu axtaranlara yol göstərir. O deyir ki, məsələləri zorakılıqla həll etmək dövrü artıq geridə qalıb və öz tərzimizi başqa insanlara çatdırmaq üçün yeganə yolumuz ağıla və məntiqə uyğun müzakirələr aparmaqdır. Toplumlar ancaq əməkdaşlıq, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində öz varlığını qoruya bilər. Televiziya və internet sayəsində getdikcə daralan dünyamızda artıq bu tərzi öyrənməyin zamanı çatmışdır. Digər tərəfdən, müasir dünyada mədəni və dini adət-ənənələrə qarşılıqlı hörmət göstərmək bir zərurət halına gəlmişdir. Bu səbəbdən hərtərəfli qarşılıqlı anlayış və dinlərarası dialoq prosesini genişləndirmək zəruridir. Bu mənada 11 Sentyabr hadisələrindən sonra həqiqi və süni “qarşıdurmalar” dünyasında Könüllülər hərəkatına qoşulan milyonlarla insanın barışa və tolerantlığa gedən yolda bizə mənəvi bələdçilik etməsi danılmaz tarixi faktdır.
Bu gün F. Güləni Azərbaycan ictimaiyyəti də yaxşı tanıyır, onu sevənlərin, ehtiram bəsləyənlərin, işıqlı ideyalarına rəğbətlə yanaşanların sayı minlərlə ölçülür. O, bizim yaddaşımızda 20 Yanvar hadisələri zamanı qalmışdı, şəhidlərimiz üçün fəryad qopararaq imperiya zorakılığına qarşı səsini ucaldan, hayqırtısı ilə bütün Türkiyəni ayağa qaldıran ictimai xadim kimi. Həmin dəhşətli günlərdə çoxlarımızın beynində belə bir sual ilişib qalmışdı: əcəba kimdir qardaş ölkədə heç dövlət rəhbərlərinin o qədər də reaksiya vermədiyi bir məqamda Azərbaycanın halına yanan, onun faciəsindən sarsılan, şəhidlərinə yas tutan bu insan? Bu sual bir də 1991-ci ildə Naxçıvanda ilk türk məktəbləri açılanda səsləndi və hər kəs dünyaya sevgi aşılamaq, zorakılıq olmayan yeni dünya qurmaq, insanları sülhə və barışa səsləmək, bu istiqamətdə yeni insan yetişdirəcək təhsil ocaqları açmağa təşviq etmək kimi uzun və incə bir yola çıxmış böyük müəllimi – Xocaəfəndini duyub tanıdı. Azərbaycan bu işıqlı zəka sahibinə dəstək verdi, o dövrdə Naxçıvan Ali Məclisinə rəhbərlik edən və “Gülən Əfəndiyə hər zaman ehtiyacımız var” deyən Heydər Əliyevin uzaqgörənliyi sayəsində Türkiyə hüdudlarından kənarda ilk təhsil ocağı açıldı. Bununla da Azərbaycan qloballaşan dünyanın ən böyük sosial layihəsinə çevrilən sevgi məktəblərinin beynəlxalq səviyyəyə çıxması prosesinə “öncüllük” etmiş oldu. Azərbaycandan sonra dünyanın müxtəlif bölgələrinə yayılan türk məktəbləri Türkiyədə olduğu kimi, hər bir diyarda sevgi, qardaşlıq və dostluq adacıqlarına çevrildi, gerçək bir elm, ürfan ocaqları halına gəldi.
Şübhəsiz ki, Azərbaycanda Xocaəfəndiyə olan sevgi və rəğbətin bir qaynağı da onun təşviqi ilə Anadoludan gələn təhsil könüllülərinin açdığı təhsil ocaqlarıdır. Ölkəmizin çox ağır vaxtında müasir təhsil verən belə müəssisələrin yaranması, yeni təhsil metodikasının tətbiqi, əxlaq və düşüncəyə sahib yeni nəslin formalaşması prosesi göstərir ki, Azərbaycanda sağlam düşünən, dünyanı qavrayan vicdanlı insanlar bu məktəblərin bizim sabahımız üçün daşıdığı önəmin fərqindədir. Bu məktəblərdə ən müasir texnologiya əsasında dərslər keçirilir, ingilis dilində fizika, kimya, riyaziyyat öyrədilir, nüfuzlu olimpiadalarda qızıl medallar qazanılır, həm də dünyaya müasir gözlə baxmağı bacaran nəsil yetişdirilir. Bəzən bu təhsil oacaqlarına çamur atmağa çalışanların “burada dinçilər hazırlanır” kimi cəfəngiyatlarının əksinə olaraq, bu məktəblərin məzunlarının əksəriyyəti təhsillərini Qərbin aparıcı universitetlərində davam etdirir, çağdaş texnoloji bilik və yeniliklərə yiyələnir. Onlar sənayedə, bank sistemində, icra və biznes strukturlarında və s. sahələrdə çalışır, cəmiyyətdə Azərbaycanı irəliyə aparmaq gücündə olan bacarıqlı və müasir dünyagörüşlü mütəxəssislər kimi tanınır, hər yerdə ləyaqətli insanlar kimi rəğbət qazanırlar. Tez-tez mənəvi-əxlaqi böhranlarla üzləşən bizim cəmiyyətimizin hal-hazırda məhz bu yeni düşüncəli insanlara, onların formalaşmasına zəhmət sərf etmiş könüllülər ordusunun fədakarlarına ehtiyacı vardır. Bu mənada qocaman Türkiyənin yetişdirib tarix səhnəsinə çıxardıgı Gülən kimi şəxsiyyətin ideya və düşüncələrindən, dünyaya fəlsəfi baxışlarından da xeyli faydalana bilərik.
Peşəcə jurnalist olmağım mənə dünyanın bir çox görkəmli siyasətçiləri və tanınmış simaları ilə, o cümlədən F. Gülən kimi böyük düşüncə adamı ilə görüşmək fürsəti qazandırmışdır. İlk dəfə onunla 1998-ci ildə İstanbulda görüşüb geniş müsahibə almışdım. Düzü, həmin vaxtadək özlüyümdə yalnız bir din xadimi kimi təsəvvür etdiyim Xocaəfəndi dərin biliyi, iti ağlı və fəlsəfi düşüncəsinin miqyası ilə məni heyran etdi. Bütün müsahibə boyu qarşımda Şərq dünyasının hikmət xəzinəsinə yiyələnmiş və Qərbin işgüzar təfəkkürü ilə düşünməyi bacaran müdrik bir filosof görürdüm. Bakıya qayıtdıqdan sonra Gülənin şəxsiyyətini, ideyalarını və müasir dünyada gedən mürəkkəb proseslərə yanaşmasını əks etdirən bir veriliş hazırladım. Bu veriliş efirə gedəndən sonra gözləmədiyim rezonansı doğurdu, baxanların, heyrətlənənlərin, təəccüblənənlərin, Xocaəfəndinin fikirlərindən məmnun olanların, onun haqqında əlavə məlumat almaq istəyənlərin sayı o qədər çox idi ki, mən həmin dövrdə çalışdığım AzTV-nin nəşri olan “Ekran-efir” qəzetində “Ağlın və zəkanın işığında” adlı əlavə yazı ilə çıxış etməli oldum… Həyat və fəaliyyətini daim maraqla izlədiyim bu nəhəng şəxsiyyətlə ikinci görüşüm 13 il sonra ABŞ-da, hazırda yaşadığı Pensilvaniyada baş tutdu. Çox şeylərdən danışdıq, Füzuli poeziyasının fəlsəfi gücündən tutmuş, dinlər və mədəniyyətlər arasında dialoqun bu gün daha da aktual olmasına, dünyada tüğyan edən iqtisadi böhrandan başlamış erməni işğalı ilə bağlı Azərbaycanın sıxıntılarına kimi hər şey barəsində Xocaəfəndinin fikirlərini dinlədim. Bütün dünyanın tanıdığı və fikirləri müzakirə etdiyi bu müdrik filosofun Azərbaycanda daha geniş tanınmamasına, ona çox dar çərçivədən baxılmasına, bəzən də yanlış qavranılmasına təəssüfləndim. Və bir daha duydum ki, Gülən fəlsəfəsi mahiyyət etibarilə, hər şeydən əvvəl maariflənmə, başqalarını anlama, barış, dialoq, dünyaya fərqli baxış, başqalarının dərdi ilə yaşama fəlsəfəsidir. Bu isə təkcə Türkiyə və Şərq aləmi üçün deyil, dünyanın işıqlı bir parçası olan Azərbaycan üçün də önəmli düşüncə tərzi, yeni həyat fəlsəfəsidir.
Azərbaycan özünün bugünkü durumunda dünyadakı mövcud texnologiyalardan, fərqli fikirlərin sintezindən, təbii ki, Gülənin də dünya ilə dialoq fəlsəfəsindən bəhrələnməklə, üzü Qərbə, üzü dünyaya daha ürəklə addımlaya bilər. Amma bunun üçün biz ilk növbədə həmin fikir və ideyaları mənimsəməli, bu fikir və düşüncə daşıyıcılarını, o cümlədən F. Gülən kimi hikmət sahiblərini yaxşı tanımalıyıq. Bu baxımdan Faruq Mərcanın Xocaəfəndinin zəngin həyatını, işıqlı ideyalarını Azərbaycan oxucusuna çatdıran “Fəthullah Gülən” adlı bioqrafik kitabının çox faydalı olacağını düşünürük.
Təəssüf ki, biz bəzən həm ictimaiyyət arasında, həm də mətbuatda Gülən haqqında yalan və iftiraların, şayiə və uydurmaların da yayıldığına şahid oluruq. Görünür, onun populyarlığının artması, Avropa və Amerikanın, hətta Afrika ölkələrinin bu müdrik barış adamına qucaq açması hələ də çağdaş dünyada əsən küləkləri duymayıb bəsit millətçilik girdabında çabalayan opponentlərini narahat edir. Amma insanın əməli, fikri, keçdiyi ömür yolu, yaşadığı həyat tərzi, ictimai məqsədi, yazdığı əsərləri onun ən yaxşı xarakteristikasıdır. Məhz Gülənin şəxsiyyətinə, bəşəri missiyasına və qlobal ideyalarına bu prizmadan yanaşan F. Mərcan zəngin sənədlərə və maraqlı tarixi faktlara əsaslanaraq yazıb bizlərə təqdim etdiyi kitabda müdrik bir filosofun dolğun obrazını canlandıra bilib. Güman edirəm ki, əsl həqiqətləri əks etdirən bu kitabı vərəqləyən hər kəs müasir dövrümüzün nəhəng fikir adamı, bütün Şərqin və İslam dünyasının dialoq, barış və sevgi simvolu olan böyük filosof Fəthullah Güləni daha yaxından tanıyacaq. Onu tanımaq, duymaq və sevmək isə işıqlı bir yola çıxmaq deməkdir…
- tarixində yaradılmışdır.