400-cü nəğmə: “Mərhum Prezident Turqut Özal və şəhidlik”

Fəthullah Gülən: 400-cü nəğmə: Mərhum Prezident Turqut Özal və şəhidlik

  • Həzrəti Ustadın əsərlərində yer verdiyi bu mübarək bəyan çox mühüm bir həqiqəti ifadə edir: “Nə xoşbəxtdir o adam ki, özünü yaxşı tanıyır və həddini aşmır”. Hər adam həddini bilməlidir, lakin kiməsə həddini bildirmə fikrinə düşməməlidir, “Filan kəsin həddi bu qədər, fəsmənin səviyyəsi bu qədərdir!” deməməlidir. Onu ancaq Allah bilər, biz bilmərik. Bəzən kiçik bir əməl, adi bir hərəkət və diqqəti çəkməyən bir davranış, ixlasla edildiyinə görə, elə bir mahiyyətə bürünər ki, insan heç təsəvvürünə də gəlməz. “Bir zərrə ixlaslı əməl batmanlarla ixlassız əməldən üstündür”.
  • Bəzən kiçik bir əməl və ya qısa zaman parçası insanın nicatına vəsilə ola bilər. İmam Rəbbani həzrətləri kimi bəzi əhli-həqiqət demişlər: “Bir anı-səyyalə vücudi-münəvvər milyon il vücudi-əbtərə mürəccahdır (Bir anlıq nurlu ömür Allahdan uzaq keçən milyon ildən üstündür)”. Bərəkətli bir an... nəticəsi sonsuzluğu doğuran bir an, “qısır” bir həyatdan daha qiymətlidir.
  • Ümidsizliyə düşməmək şərtilə daim özümüzə bu nəzərlə baxmalıyıq: ən kiçik günah, xəta və qəbahətləri bağışlanmaz saymalı və “Bu günahlarla çəkərsə məni Deyyan \ Qırılır ərseyi-məhşərdə mizan” düşüncəsini mənimsəməliyik. Çünki bu düşüncə həm də fasiləsiz tövbə etmək kimi qəbul edilir.
  • Şəxsi qüsurları gözümüzdə dağ kimi böyük görməklə yanaşı, ən böyük yaxşı əməllərimizi də çox kiçik saymalı, heç vaxt xeyirxah əməlləri gözümüzdə böyütməməliyik.
  • Həzrəti Ömər (radiyallahu anh) həyatında böyük nailiyyətlər əldə etmişdi, amma heç vaxt əməllərini gözündə böyütməmişdi. Bir gün onun bu əhval-ruhiyyəsi Həzrəti Abbasın yuxusuna girir. Həzrəti Abbas yuxusuna girən Ömərdən (radiyallahu anh) soruşur: “Ya Ömər, Cənabi Allah səni nəyə görə əfv etdi, hansı əməlindən ötrü bağışladı?". Həzrəti Ömər belə cavab verir: "Bir gün küçəyə çıxanda gördüm ki, bir uşaq əlində tutduğu quşu incidir. Dərhal onun yanına qaçdım, bir qədər pul çıxarıb o uşağa verdim və quşu alıb azad etdim. Mizanda məhz bu əməlimə görə xilas olduğumu dedilər."
  • Axirətdə hansı əmələ necə qiymət veriləcəyini bilmədiyimizə görə, insan gərək hər gözəl əmələ qiymət versin, heç bir yaxşı əməli kiçik görməsin və ələ düşən hər bir fürsətdən axirət üçün istifadə etsin. O, heç bir yaxşı əməli kiçik görməməklə yanaşı, heç bir günahı da kiçik saymamalı və ən sadə günahdan belə uzaq olmalıdır.
  • Digər tərəfdən, başqalarının böyük xətalarına kiçik nəzərlə baxmalı və ən xırda yaxşılıqlarını da gözümüzdə dağ kimi böyütməliyik. Bəli, insanların yaxşı xüsusiyyətlərini qabardaraq pis əməllərini görməməyə çalışmaq və həmişə yaxşı xüsusiyyətlərinə görə onlara qiymət verməyin ilahi əxlaq olduğunu unutmamalıyıq. Məsələn, təkcə kəlmeyi-şəhadət və kəlmeyi-tövhid gətirmək belə kiçik şey deyil, çünki dinimiz o mübarək sözlərlə insanın əbədi qurtuluşa nail olacağını bildirir.
  • Mərhum Prezident Turqut Özalın vəfat etdiyi gecə bir qərib insan pəncərədən bir səs eşidir. Quş dimdikləməsinə bənzəyən bu səsə əvvəlcə əhəmiyyət vermir. Ancaq səsin kəsilmir “Bu nədir?” deyə pərdəyi çəkir və ilk dəfə rastlaşdığı bir quşun göyə uçub getdiyini görür. Sonra bir dostu gəlib ona Turqut Özalın vəfat etdiyini söyləyir. Görünür ki, göylərə göyərçintək qanad açıb uçan o Həzrətin ruhu imiş.
  • Mərhum Turqut Özal hakimiyyətə dövlət çevrilişdən sonra gəlmişdi. Allah bu işi ona həvalə etmişdi. Qarışıq dövrlərdə əngəlləri aşaraq faydalı işlər görmək gələcəkdəki böyük işlərə zəmin hazırlayır.
  • Bir vaxtlar dini düşüncə və fikir azadlığımıza məscid hüdudlarından kənara çıxmağa imkan verilmir, hətta orada da bəzi məhdudiyyətlər qoyulurdu. Əksər hüquqçular, xüsusən 163-cü maddənin qüvvədə olduğu bir dövrdə, məsciddən kənarda dini bir fikir söyləməyi “dini əsaslı dövlət qurmaq məqsədi ilə təbliğat aparma” maddəsinə əsasən cinayət sayırdılar. Yəni o dövrün anlayışına görə mənəviyyata meyilli insanlar hansısa bir cəmiyyətin üzvü kimi qəbul edilirdilər. Məsələn, bir adam danışır, siz isə sadəcə onu dinləyirsiniz. Eyni fikirli, eyni düşüncəli insanlar bir yerə toplanıbsa, demək nəsə var... Beləcə sizi cəmiyyət qurmaqla ittiham edirdilər. Bu o deməkdir ki, sizi 163-cü maddəyə əsasən iki ildən yeddi ilədək həbs cəzası gözləyir. Gördüyünüz kimi, belə bir qanunun sosial hüquq dövləti prinsipləri ilə bir araya sığması mümkün deyil. Ancaq bir vaxtlar bu və buna bənzər qanunlar şəxsi qərarlarla icra edilir, hətta dindarlara 6-7 il həbs cəzasını az görənlərlər müddəti artırma yolları axtarırdılar, inanclı insanların həyatlarını məhkəmələrdə, həbsxanalarda və sürgünlərdə zindana çevirirdilər. Belə bir dövrdə mərhum Turqut Özal böyük zəhmətlərlə həmin 163-cü maddəni ləğv etdi.
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) kamilliyin bənzərsiz timsalıdır. Buna baxmayaraq Xeybərdə zəhərlənmiş və rəvayətə görə illər sonra bu zəhərlənmə səbəbindən dünyasını dəyişmişdir. Həzrəti Öməri, Həzrəti Osmanı, Həzrəti Əlini, Həzrəti Həsəni və Həzrəti Hüseyini də şəhid etmişdilər. Cənabi-Allah dünyanın bu ən gözəl insanlarına digər savablarla yanaşı, şəhidlik savabını da bəxş etmişdi. Allah bilir, bəlkə də vəfatında o quşun göyləyə uçması Həzrətin də zəhərlənib şəhid oldmasına bir işarə idi.
  • Hyustonda əməliyyat olunanda mərhum Turqut Özala baş çəkmişdim. Məni qucaqlayıb hönkürtü ilə ağladı, “Mən bu Hizmətin əhəmiyyətini ətrafımdakı insanlara izah edə bilmirəm!” dedi, göz yaşı axıdıb dərdini bölüşdü.
  • Mərhum Turqut Özal vəfatından 7 və ya 10 gün əvvəl xəbər göndərmiş, “Orta Asiyada Hizmətin əleyhinnə işlər gedir. Gərək mən gedim bu işi həll edim!” demişdi. Ölkələr gəzdi və getdiyi ölkə rəhbərlərinə: “Bu insanlara dəyməyin, mən onlara zaminəm!” demişdi.
  • Düzünü Allah bilir, bilmədiyin bir şey haqda nəsə demək insana yaraşmır, ancaq inanıram ki, 163-cü maddənin ləğvi və bu kimi yaxşı əməllərinə görə Cənabi-Allah mərhuma şəhidlik savabı lütf etdi və Firdövslə sevindirdi.
  • Bugün xeyirxah bir insanı yad etdik. 163-cü maddəyə də “İnnə lilləh və innə ileyhi raciun” dedik. Bəziləri kimlərəsə qarşı yenidən bunu planlaşdırırsa, onlara Mərhumun bu məsələdəki zəhmətləri qarşısında belə bir fikrə düşməyin, bilavasitə olmasa da, dolayı yollarla nə qədər həddini bilməzlik olduğunu çatdırmağa çalışdıq.

Qeyd: Bu söhbət 15.12.2013 tarixində lentə alınmışdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.