Şəkildən sıyrıl, surəti burax; mənaya və məzmuna yönəl!

Sual: Tez-tez əhəmiyyəti vurğulanan "zahirpərəstlikdən qurtulub məna və məzmunda dərinləşmə" fəzilətinə hansı yollarla varmaq olar? Məna və məzmun yolunda surətpərəstlik zəruri bir mənzildirmi; bu mənzilə ilişib qalmamaq üçün nə edilməlidir? Surət məna və məzmuna manedir, yoxsa onun mənanı möhkəmləndirən xüsusiyyəti də var?

 

  • Zahirpərəstlikdən qurtulub iman, İslam və ehsan üfüqlərinə qanad açıb kamilləşmək əsasdır. Ancaq hər şey surətdən başlayır. (01:00)
  • Ehsanın lüğəvi mənası yaxşılıq etmək, bir şeyi gözəl şəkildə yerinə yetirmək və daim mükəmməli, kamili axtarmaqdır. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) isə ehsanı belə tərif edir:

    اَلإِحْسَانُ أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ

    "Ehsan Allah-Təalanı görürmüş kimi Ona qulluq etməkdir, çünki sən Onu görməsən də, O səni görür" Bu bəyana əsasən ehsan hər şeyi nöqsansız və Cənabi-Şahidi-Əzəlinin dərgahına layiq şəkildə, inanaraq, duyaraq, iradə, hiss, şüur və lətifeyi-rəbbaniyə ölçüləri ilə, mizanı ilə yerinə yetirməkdir. (02:40)
  • - İmandan İslam və ehsana gedən yolda şəkildən, surətdən sıyrılmaq çox ciddi qulluq cəhdindən asılıdır. Hətta "cəhd" sözü ilə ifadə edilən əzm və səydən daha çox "cühd" ortaya qoymaq, yəni var gücünü sərf edərək, fədakarlıq göstərək bu əhəmiyyətli işi kökündən həll etmək lazımdır. (06:00)

Əhəmiyyət verdiyimiz dualardan biri də budur:

اَللَّهُمَّ اجْعَلْنَا حُلَمَاءَ، سُلَمَاءَ، أَوَّاهِينَ، أَوَّابِينَ، مُنِيبِينَ، مُتَوَاضِعِينَ، خَاشِعِينَ، مُتَخَلِّقِينَ بِأَخْلاَقِ الْقُرْآنِ، وَقُورِينَ، جُدِّيِّينَ، جَادِّينَ، مُحِبِّينَ، مَحْبُوبِينَ، رَاضِينَ مَرْضِيِّينَ، مَهِبِينَ، فَهِمِينَ، فَطِنِينَ، مُلْهَمِينَ، مُخْلَصِينَ، مُخْلِصِينَ

Bununla cəhd və ciddiyyət insanını təsvir edən "caddin" sözü ilə yanaşı, "cüddiyyin" təbirini də işlədirik, çünki Cənabi-Haqdan diləyimiz: “Bizi cühd və ali himmətli insanlardan, əməllərini Allahın və Rəsulullahın təftişinə ərz etdiyinə inanan və daim bu şüurla yaşayan insanlardan eləsin”dir.

  • Şəkildən sıyrılmaq, surəti buraxmaq, məna və məzmunda dərinləşmək əsasdır, lakin bu ciddi bir səy tələb edir. Bir vaxtlar yoldaşlarıma: "Siz (dalbadal) qırx gecə bir-iki saat namaz qılın; “Allahım, Səndən kamil iman, ixlas, yəqin diləyirəm” deyin; əgər məzhər olmasanız (verilməsə), gəlin, mən onu sizə verəcəyəm" demişdim. Bəli, bu, mənim verə biləcəyim şey deyil, lakin Allahın mərhəmətinə və ciddi şəkildə istənilən bu məsələni mütləq təsdiqləyəcəyinə qəti inamıma görə elə demişdim. (08:10)
  • Bəzi üsulid-din alimlərinin qənaətincə təqlidə və adətə bağlı iman məqbul deyildir. Bu baxımdan hər kəs öz düşüncə və inanc sistemini qəlb və ağıl süzgəcindən keçirərək vicdanən mənimsəməli; inanc, düşüncə, anlayış və iman dünyasını yenidən bilavasitə özü yüksəltməlidir ki, imanı ilə mətin dayana bilsin. Həzrəti Ustad da əsərlərində həmişə bu təhqiq yolunu göstərmişdir. O, təhqiq naminə ərsəyə gətirdiyi risalələri ilə, nümayiş etdirdiyi təhqiq mehvərli davranış və hərətəkləri, dilə gətirdiyi təhqiq məzmunlu nəsihətləri ilə millətin həqiqi imana çatması üçün öhdəsinə düşən vəzifəni tam yerinə yetirmişdir. Yalnız “Həşr Risaləsi”nə nəzər yetirsək, onun bu mövzuda həssaslığını, səylərini açıq şəkildə görə bilərik. (09:50)
  • Quranın ilk xadimləri bu günkü insanlar kimi məktəb-mədrəsə görməsələr də, o qədər imanlı idilər ki, tikə-tikə doğransalar, yollarından dönməzdilər. Çünki onların səmimi təvəccöhünə Allah-Təala təvəccöhlə cavab verir, o könül ərənlərinin damlasını dərya, zərrəsini günəş və heçliyini də kainat edirdi. Bəli, Cənabi-Haqq səmimiyyət, sədaqət, vəfa, ardıcıllıq və təmadiliyə xüsusi ehsan lütf edir; bu kimi ehsanlar bizim meyarlarımıza sığmır. (14:32)
  • Məna və məzmuna yürümədə söhbəti-canan məclislərin rolu əvəzsizdir. "Kaş ki sevdiyimi sevsə qamu cahan / Sözümüz cümlə həman qisseyi-Canan olsa!" (Taşlıcalı Yahya) beytində deyildiyi kimi, bir araya gələndə dərhal Allahın rizası olan məsələlərdən danışmalı, bir-birimizə qiblənüma kimi daim riza üfüqünü göstərməliyik. (16:55)
  • -İbadətlərdə əsas olan Cənabi-Allahın təqdir və təyini, Rəsuli-Əkrəmin də təbliğ və təmsilidir. Heç kim öz hissiyyatına görə ibadətləri bir qəlibə, şəkil və surətə sala bilməz, onlara şəxsi mülahizələrlə nəsə əlavə edə, çıxara bilməz; bir ibadət dində hansı qayda və formadadırsa, ibadət keyfiyyətini qorumaq üçün məhz bu qaydalar çərçivəsində yerinə yetirilməlidir. (19:33)
  • İnsanın Mövlayi-Mütəalla münasibətində əsas məna, məzmun və ruhdur. Lakin bunları daşıyan da sözlər, şəkillər və qəliblərdir. Buna görə bu şəkil, söz və qəliblərə də əhəmiyyət verilməlidir. Dolayısilə, “qəlib və şəkillərin heç bir mənası yoxdur” demək olmaz; bunlar məna və məzmunun körpüləridir. Zahiri ehkam onlar üzərində bina edilir. Belə ki, “namaz vardır namazdan içəri, oruc da vardır orucdan içəri”. (22:33)
  • İnsan üçün məna və məzmuna qovuşduqdan sonra təkrar şəkil və surətə yuvarlanma təhlükəsi həmişə vardır. Buna görə həqiqi qul azca məna və məzmuna vardığını hiss etsə də, daim aqibətindən əndişələnər, narahat olar. Aqibətindən qorxmayanın aqibətindən qorxulur. (23:30)
  • Ömrünü ibadətlə keçirən Əsvəd b. Yezid ən-Nəhai ölüm döşəyində çox qorxur və çox ağlayırdı. Ondan: "Niyə ağlayırsan, yoxsa günahlarından qorxursan?" – deyə soruşurlar. O Haqq dostu: "İnnəl-əmra ciddün – Xeyr, xeyr məsələ çox ciddidir. Mən günahlardan, ölümdən deyil, kafir kimi ölməkdən qorxuram" deyir. Vəfatından sonra onu yuxuda görüb: "Səni necə qarşıladılar?" soruşurlar: "Vallah, peyğəmbərliklə aramda dörd barmaq məsafə qalmışdı" cavabını verir. Bəli, Əsvəd b. Yezid, Əlqamə, İbrahim Nəhai.. kimi Haqq dostları daim ilahi rizaya zidd hərəkət etmə qorxusu ilə yaşamış və ömürlərini xövf üfüqündə keçirmişlər. (24:00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.