Fəthullah Gülən tərəfindən yazılmışdır. Bəm teli göndərildi
Qərəzli müdaxilələr və sui-zənn mərəzi
Ən böyük itki qazanılası yerdə itirməkdir. İtirən onsuz da uduzur, Allah qorusun, möminlərin itirməsi çox acıdır. (00:55)
Şeytan zərrəcə yaxşılıq düşünməyən, özünü tamamən fitnə-fəsada kökləyən və xəbis hislərlə dopdolu bir varlıqdır. Cənabi-Allaha asi çıxandan bəri o, insanın ən böyük düşməni olmuşdur. Şeytan və onun insi-cinni köməkçiləri bəşərə böyük zərər vermək üçün ilk növbədə insanlara ən çox fayda verən şəxsləri seçir və onlara hücum edir. Bu haqda bir mənqibə var: əhli-dünya, yaxud binamaz bir nəfər məscidin həyətindən keçirmiş. Görür ki, bir adam, əlində də bir dəstə yüyən tutub orada gözləyir. Yaxınlaşıb soruşur: "Sən kimsən, kimi gözləyirsən?" Həmin adam cavab verir: "Mən şeytanam, bu məsciddən çıxan insanları gözləyirəm. Əlimdəki bu yüyənləri başlarına keçirib istədiyim tərəfə çəkəcəyəm". "Bəs mənim üçün gətirdiyin yüyən hanı?" Şeytan cavab verir: "Sənə yüyən gətirməyə ehtiyac yoxdur, bir işarəyə bəndsən ki, arxamca qaça-qaça gələsən". (01:55)
Şeytan bəzi insanların ətrafında pis bir aura əmələ gətirir: orada laübalı abi-hava meydana gətirir, batil şeyləri təsvir elətdirir, nifrət hislərini alovlandırır və insanın mahiyyətindəki şəhvət, qəzəb hislərini körükləyir, beləcə toruna saldığı adamların baxışlarını bulandırır, ağlını başından alır. Bəli, o, həmişə vəsvəsə üfürməklə məşğuldur, onun insi “şeypurları” da onun üfürdüyünü bər-bəzəkli sözlər və dialektik ilə səsə çevirirlər. Aldatmaq üçün bər-bəzəkli (içi yalan-palan, çölü süslü və cazibədar) sözlər danışırlar. Yəni elə səlis ehyam vurur, elə məharətlə işarələr verirlər ki, sanki vəhy edirlər. Bu sözlərin zahiri bər-bəzəyinə baxan bir çox insan da aldanır və onların şeytanlığına məftun olurlar. O baxımdan insi-cinni şeytanların hücumlarından özümüzü qorumaq üçün lətifələrimizi (mənəvi duyğularımızı) möhkəmləndirməli, nəfsani\şeytani hiylələrə qarşı əks-reaksiyamızı gücləndirməli və Qurani-Kərimin təlim etdiyi üzrə Allaha sığınmalıyıq: “De ki: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən, onların mənə yaxın olamasından (mənəvi dünyamı çirkləndirməsindən) Sənə sığınıram!” (“Muminun” sursəi, 23\97-98). Belə ki, “(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!)” (“Nəhl” surəsi, 16\98) məallı ayə göstərir ki, İlahi Kəlamdan belə lazımınca faydalanmaq istiazədən (“Əuzu Bismillah” çəkib şeytandan Allaha sığınmaq) asılıdır.
Şeytan ən gözəl işlərə müdaxilə edərək onu bulandırmağa\qaraltmağa çalışır. Əhli-dünya da (dünyapərəstlər) bəzən “əlavələr edərək”, bəzən də “ixtisara salaraq” insanları aldadırlar. Siz gözəl bir söz demisiniz, iltifat etmisiniz, amma əvvəlindən və axırından azca kəsəndə ortaya quyruğu qopmuş, qulaqları qoparılmış, burnu-dodaqları kəsilmiş bir şey çıxır. (09:15)
“Haziran (İyun)” fırtınası qoparılanda − buna “İntiqam almaq istəyənlərin əlinə düşən fürsət” də demək olar − bəzən əlavələr edərək, bəzən də ixtisara salaraq çox çirkin montajlar hazırlanmışdı. Məsələn, C şəxs kimlərinsə gözündə yolsuz, kefinə görə yaşayan bir kafirdir, ancaq sən deyirsən ki, “Qardaşım, “C kafirdir” demək olmaz!”. Ordan “demək olmaz” sözünü kəsəndə ortada nə qalır?! “Filankəs kafirdir” qalır. (10:10)
Məsələn, bir neçə jurnalistlə oturmusunuz, elektron lövhədə bir cümlə keçir: “Bəzən güc və qüvvə insanı kor və kar edir”. Bunu görən bir jurnalist dərhal soruşur: “Bu, nə deməkdir?” Siz də: “Bəzən güc və qüvvə əldə edən insanlar başqalarını hesaba almırlar”, deyirsiniz. Ancaq onlar öz duyğu və düşüncələrinə görə bunu təhqiramiz bir üslubla əks etdirəndə qarşı tərəf “Necə yəni, bu nə deməkdir?” deyir. Halbuki siz müəyyən bir cümlə ilə əlaqədar olaraq, başqa bir məsələ ilə bağlı, fərqli atmosferdə bir söz deyirsiniz, amma o sözün yeri dəyişdiriləndə, mətləb başqa tərəfə çəkiləndə, məsələyə fərqli mövqedən yanaşılanda, şərait başqalaşanda həmin söz fərqli mənalara gəlir. O məsələ həmin o fərqli mənalarla təqdim ediləndə də bir çox insan incik düşür. (12:00)
Bir nəfər haqqında pis düşünmək “sui-zənn” deməkdir. Cənabi-Allah bir ayədə sui-zənni pisləyərək buyurur: “Ey iman gətirənlər! Zəndən çox çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın” (“Hucurat” surəsi, 49\12). Məhz buna görə Nurun müəllifi dörd böyük mərəzdən söhbət açarkən yəs, ücb və qürurla birlikdə sui-zənnin adını çəkmiş və insanın vəzifəsinin məhz hüsnü-zənn olduğunu bildirmişdir. (14:55)
Cənabi-Allah buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) araşdırın, yoxsa həqiqəti bilmədən insanlara pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (“Hucurat” surəsi, 49\6). Müfəssirlərin fikrincə, sözügedən ayə Bəni Müstəliq qəbiləsi haqqında gələn bir xəbərlə əlaqədar nazil omuşdur. Vəlid ibn Üqbə belə bir xəbər gətirmişdi ki, Müstəliqoğulları zəkat verməkdən boyun qaçırır və Peyğəmbərimizlə vuruşmaq üçün hazırlıq görür. Bu xəbərdən təşvişə düşən bəzi səhabələr dərhal hücuma keçib üsyankarları cəzalandırmaq fikrini irəli sürürlər. Əslində bu səhabələrin hövsələsizliyi dinə bağlılıqdan, iman eşqindən, küfrə və üsyana qarşı qəzəbdən irəli gəlirdi. Müstəliqoğullarının Allah Rəsulunun əmrinə tabe olmadıqlarını və zəkat vermək istəmədiklərini eşidər-eşitməz ürəklərindəki din qeyrəti ilə dərhal ayağa qalmış və Rəsuli-Əkrəmə asi çıxan bu qəbilə ilə vuruşmaq üçün yola çıxmaq istədiklərini bildirmişdilər. Lakin Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) onların bu istəyini qəbul etməmiş, əvvəlcə vəziyyəti araşdırıb xəbərin doğru olub-olmadığını üzə çıxarmaq lazım gəldiyini söyləmiş və bu işi Həzrəti Xalid ibn Vəlidə tapşırmışdır. Həzrəti Xalid (radiyallahu anh) gecə Bəni Müstəliq məskəninə çatmış, gözətçiləri onların yanına göndərmiş, özü isə ətrafı nəzarət etməyə başlamışdı. Gözətçilər bir müddət sonra qayıtmış, Müstəliqoğulların İslama sadiq olduqlarını, əzan səsini eşitdiklərini və namaz qılmalarını gördüklərini xəbər vermişlər. Səhər tezdən Həzrəti Xalid şəxsən Müstəliqoğullarının yanına getmiş, onların üsyan etmədiklərini, beyətə sadiq olduqlarını, zəkatı özlərinə bir vəzifə bildiklərini və yerinə yetirməyə ürəkdən razı olduqlarını görmüşdü. Bu mənzərədən çox məmnun qalan Həzrəti Xalid gördüklərini Rəsulullaha danışandan sonra Peyğəmbərimiz (aleyhi əkməlüttəhaya): “Tədbirli olmaq Allahdan, tələskənlik şeytandandır”, − buyurmuşdur. Bu hadisədən sonra hökmü qiyamətədək qüvvədə qalan və oxşar hadisələrdə müsəlmanlara nümunə təşkil edən sözügedən ayə nazil olmuşdur. (16:00)
“Əlavələr” və “ixtisarlar” ən gözəl sözləri belə həqiqi mənasından uzaqlaşdırır. Məsələn, Rəsuli-Əkrəm Peyğəmbərimizin: “Elə oruc tutanlar var ki, onlara sadəcə aclıq və susuzluq qalar. Elə namaz qılanlar da var ki, onlara yalnız yorğunluq və zəhmət qalar” hədisində “elə” mənasına gələn “rubbə” sözünü cümlənin başından qoparsanız, ortaya bambaşqa bir məna çıxır. (20:50)
Biz hamımız insanıq. İnsan “Elə danışım ki, nə “əlavələrlə”, nə də “ixtisarlarla” məni ittiham edə bilməsinlər!” düüşncəsi ilə hərəkət etsə belə, buna gücü çatmaz. Məsələn, (terror hadisələrinə qarışan, “canlı bomba” olub məsum insanların canına qəsd edən və İslamın təmiz üzünə ləkə gətirənlərdən danışanda) deyirsiniz ki: “Bu cür xainlər, belə alçaq məxluqlar var müsəlmanların içində... Yəhudilərin içində də belə məxluqlar olmuşdur... Xristianların içində də olmuşdur... Bu gün varmı-yoxmu?.. Bu cür müsəlmanlara Allah ağıl versin, insaf versin, əks halda yerin dibinə batırsın! Bu cür Yəhudini də yerin dibinə batırsın.” Əgər bu cümlələrin başında keçən xüsusiyyətləri və əlamətləri, məsələn, “Bu cür...” sözünü silsəniz, yerdə qalır: “Yəhudini Allah yerin dibinə batırsın!”. Sonra da “Budur, söhbətin filan dəqiqə, fəsman saniyəsində!...” deyib qalaq-qalaq “maddi dəlil” yığmaqla, üstəlik yanlış tərcümələrlə çox pis nəticələrə və sui-zənlərə səbəb olurlar. Bu gün bütün bu acı mənzərələrə şahid oluruq. Bütün bunların kökündə məsələni araşdırmamaq dayanır. Demirlər ki, orijinal lentdə sözün əvvəlinə, arxasına bir baxaq! Əlavələr varmı, ixtisar varmı?! Tələskən və qərəzli insanlar aldıqları ilk məlumatla hökm verirlər ki, nəticədə də düşmənçilik, kin və nifrət körüklənmiş olur. (26:44)
Sui-zənn bir xəstəlikdir. Sui-zənn ortaya atılanda başqalarını da yoluxduran bir virusdur. (32:28)
Bir insan haqqında çıxan xəbərlərlə əlaqədar hökm verəndə onun dünyagörüşünə, həyat fəlsəfəsinə, ictimai mövqeyinə və o günədək necə yaşamasına da baxmaq lazımdır. Məsələn, Allaha və Quran yolunda könüllü xidmət edən və həyatını bu yola həsr edən insanlar dünya malının sahibi deyillər. Bu insanlara: “Allah xatirinə, peyğəmbər xatirinə, nə olar, gəlin siz də siyasətə qoşulun, millət vəkili olun, müşavir olun, müdir olun”, − deyə yalvarsanız, “Əl çək, Allah xatirinə! Əlhamdulilləh, bu dairədə hər bir düşüncədən adam var. A istəsəniz, A yoluna mənsub insan var. B istəsəniz, B yoluna mənsub insan var... Madam ki, hər düşüncədən insan var, onlar bu işi görürlər, siz bunlardan kimi uyğun görürsünüzsə, vətənə və millətə kimi layiq bilirsinizsə, ona vəzifə verin, onu seçin. Ancaq o işə qoşulma, illah da, ondan faydanma, istifadə etmə, vəzifəyə keçmə... dərdində olmaq doğru deyildir. Bu yolda Həzrəti Pirin sözünə axıradək sadiq qalacağıq: əuzu billəhi minəşşeytani vəssiyasəti: şeytandan və siyasətdən Allaha sığınırıq. Bu, Allaha sığınılası bir şey deyil, amma biz − həyatını ileyi-kəlimətullaha, ruhunun abidəsini ucaltmağa həsr etmiş insanlar siyasətdən Allaha sığınırıq” cavabını alarsınız.
Bir də hökm verəndə insanların ictimai mövqeyini də nəzərə almaq lazımdır. Siz bir nəfər haqda nəsə düşünürsünüz. Əgər o adam əlli, altmış, yetmiş, yetmiş beş yaşına gəlib və indiyə qədər dilinə heç vaxt belə bir şey gətirməmişsə, belə insan haqda durub yersiz şeylər düşünmək düşüncə sapmasının bir əlamətidir. O baxımdan insanlar haqqında qərar vermədən əvvəl “ölçü” və “çəki”yə baxmaq vacibdir. İnsanlar “ölçü” və “çəki”yə baxsalar, “Bunların dilindən belə bir söz çıxmaz”, deyəcəklər. (37:13)
Bizim vəzifəmiz “Biz möminlərin bu cür şər işlərə meyl edəcəyini sanmırıq. Müsəlmanlara pislik edəcəklərinə, onların gördükləri işlərə mane olacaqlarına, qarşılarına əngəl qoyacaqlarına gumanımız gəlmir” düşüncəsi ilə məsələyə yanaşmaq və beləcə bir müsibəti\bəlanı iki eləməməkdir. (41:10)
Ümumi duamız budur: “Ya Hayy, ya Qayyum (həqiqi həyatın sahibi və kainatı var edən), mərhəmətinin xatirinə Səndən kömək diləyirik; hər halmızı islah eylə və bir göz qırpımı qədər də olsa, hətta ondan da qısa müddətdə bizi nəfsimizlə tək qoyma!” (41:54)