Tiqanadan Türk məktəbinə hədiyyə

Tiqanadan Türk məktəbinə hədiyyə

Malinin paytaxtı Bamakoda tikintisi davam edən təhsil kompleksinə gözlənilməz bir dəstək gəldi. Beşikdaşın keçmiş baş məşqçisi mali əsilli fransız futbol mütəxəssisi Jan Tiqana təhsil kompleksinin ərazisini ucuz qiymətə türk məktəbinə satıb. Bundan başqa o, məktəbə kompyuter laboratoriyası da vəd verib.

Qərbi Afrikada yerləşən Mali Respublikasının paytaxtı Bamakoda 1.4 hektarlıq ərazidə böyük bir təhsil kompleksi inşa edilir. Niger çayının sahilində yerləşən məktəbin tikintisi əsnasında baş verən gözlənilməz bir hadisə orada çalışan türkiyəli təhsil könüllülərini sevindirib.

Məşhur məşqçi Jan Tiqananın bu yardımı çox çətin şəraitdə çalışan təhsil könüllülərini sevindirib. Tiqananın bu dəstəyi gözləniləndi, çünki o, hələ 2008-ci ildə Beşikdaş klubunda baş məşqçi ikən “Zaman” qəzetinə verdiyi reportajda Türk məktəblərindən ağızdolusu danışmışdı. Jan Tiqana müsahibəsində: “Bəli, orada Türk məktəbləri var. O məktəblər Afrikanın gələcəyi üçün çox vacibdir. Təhsil uzun müddət davam edən bir mübarizədir. Hər bir ölkənin tərəqqisində əvəzedilməz faktordur. Səhiyyədə, iqtisadiyyatda, tikintidə müvəffəq olmaq inkişaf üçün yetərli deyil. Ölkənin inkişafı üçün yeganə yol qar topası kimi getdikcə böyüyən təhsildir”, - demişdi.

Vətəndaş müharibəsinin davam etdiyi, hər gün acı xəbərlərin gəldiyi Malidə bu sevindirici hadisənin maraqlı bir keçmişi var. Malidə məktəb binası tikmək üçün Türkiyədən getmiş təhsil könüllüləri hazırda tikinti davam edən ərazini almaq üçün daşınmaz əmlak agenti ilə görüşməyə gedirlər. Görüşdükləri şəxs isə bir vaxtlar Beşikdaşın baş məşqçisi olmuş Jan Tiqananın yaxın qohumu çıxır. Həmin ərazi isə Tiqanaya məxsus imiş. Ərazi məktəb üçün nəzərdə tutulduğuna görə əmlak agenti türkiyəli təşəbbüskarlara güzəştə gedir. Ərazi münasib qiymətə satılır. Aradan bir müddət keçmir ki, əmlakçı təşəbbüskarlara zəng edərək təməli atılan məktəb binası ilə əlaqədar bir təklifinin olduğunu bildirir. Tikintidən Tiqananı xəbərdar etdiyini, onun da Malinin gələcəyini - gəncləri yetişdirmək üçün ölkəyə gələn və açdıqları məktəblərlə özlərini isbatlayan türkiyəli təhsil könüllülərinə dəstək niyyəti ilə məktəbə komputer laboratoriyası bağışlamaq istədiyini xəbər verir.

Ötən il təməlləri atılan “Kolej Horizon” təhsil qurumunun gələn il istifadəyə verilməsi planlaşdırılır. Kompleksdə 900 şagirdin orta təhsilin bütün mərhələləri üzrə oxuması mümkün olacaq. Mali və türkiyəli iş adamlarının dəstəyi ilə həyata keçirilən təhsil fəaliyyətləri həm xalq, həm də dövlət tərəfindən rəğbətlə qarşılanır. Məhz buna görə də Mali dövləti könüllülərin fəaliyyətlərini təşviq edir. Malidə 4 bağça, 4 ibtidai, 5 orta məktəb, 3 lisey, 1 hazırlıq mərkəzi, 1 mədəniyyət mərkəzi, 2 tələbə yataqxanası istifadəyə verilib. Bu təhsil müəssisələrində 2500 şagird təhsil alır.

Tiqana kimdir?

Bamakoda malili atadan və fransız bir anadan dünyaya gələn Tiqana 3 yaşında ikən ailəsi ilə birlikdə Marselə köçür. Fransada başladığı futbol həyatında Lion və Marsel kimi böyük komandalarda oynadı. 1980-ci illərdə Bordo və Fransa Milli Futbol Komandasında bir çox uğura imza atdı. 2005-2007-ci illərdə Beşikdaş klubunda baş məşqçilik etmiş Tiqana hazırda Fransada fəaliyyətlərini davam etdirir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.