Rus Ziyalılar Gülənə Sual Verir
Nə şan-şöhrətli yazıçıların xunta haqqındakı qeydləri, nə də bütün dünyanın kefini pozan iqtisadi böhran ab-havası vardı Belekdə. Antaliyanın bu şirin diyarı bir az yağışlı Aralıq dənizi havası ilə gözoxşayrdı.
Çöldəki gərgin ab-havanın əksinə, bir hissəsinə qatıldığım Dialoq Avrasiya yığıncağında ümid vardı. Rusiyadan, Türkiyədən, Gürcüstandan, Tacikistandan və Avrasiyanın bir çox ölkəsindən gələn ziyalılar dəyirmi masa ətrafında toplanmış, bir il boyunca bölgənin əmin-amanlığı və sülhü üçün planlar qururdular. Rəhbərliyini hər ölkənin ağsaqqallarının etdiyi milli komitələr keçiriləcək yığıncaqların, təşkil olunacaq konfransların, veriləcək mükafatların siyahısını hazırlayırdılar.
15 il əvvəl bir yerə toplanması xəyal olan insanlar, indi tarix kitablarının araşdırılaraq bölgə xalqları arasında kin və nifrət aşılayan ifadələrin ləğv edilməsi kimi böyük layihələr üzərində çalışırdı.
Bir böhrandan digərinə ləngər döyən dünyanın ortasında dünənin “düşmən” qardaşlarının insani amallar ətrafında bir yerə toplanması ümid vəd edən, heyrətamiz deyiləcək qədər gözəl bir mənzərə idi.
Üstəlik heyrətamiz olanlar bu mənzərə ilə məhdud deyildi. Bir il aradan sonra nəşrə başlayan Dialoq Avrasiya Platformasının jurnalı “DA” oxucu qarşısına Fəthullah Gülənin yer aldığı üz qapağı ilə çıxmışdı. Jurnalın Türkcə və Rusca, iki dildə nəşr olunduğu və Gülənin Rusiyadakı təhsil müəssisələrinə görə son vaxtlar çox gündəmə gəlməsi nəzərə alınanda, həqiqi mənada bu heyrətamiz və cəsur atılan bir addım idi. Üstəlik jurnal Rus elm adamları və jurnalistlərin Gülənlə aparılan geniş bir müsahibəyə də yer verirdi.
Türkiyədəki kimi ziyalılar heç bir kitabını oxumadan, obyektiv bir araşdırma aparmadan Güləni ləkələməyə çalışarkən, Rus ziyalıları əvvəla hərəkatı araşdırmış, sonra da həmsöhbətinə öz suallarını vermişdilər.
Antaliyadan qayıdandan sonra böyük maraqla sətir-sətir oxuduğum müsahibənin cavabları olduğu qədər, sualları da diqqət çəkici idi. Rusiya Elmlər Akademiyasından məşhur şərqşünas Professor Rostilav Rıbakovun, Rusiyanın ən böyük İslam hüquq mütəxəssisi Professor Leonid Sukiyaynenin, “Rodina” Jurnalının Rəhbəri Tatyana Filipovanın suallarındakı ifadələr Gülənin fikirlərinə Rusiya kimi bir coğrafiyada nə qədər dəyər verildiyinə aid mühüm ipucları daşıyırdı. Məsələn Professor Sukiyaynen Güləni “Qabaqcıl İslam mütəfəkkirlərindən biri” deyə vəsf etdikdən sonra, Misirli mütəfəkkir Muhamməd Abduh ilə onun fikirləri arasındakı fərqini soruşurdu.
Jurnalist Filipova isə Gülənin təhsil sahəsindəki fikirlərinin Rusiya, Amerika və Avropa təhsil sisteminə necə tətbiq oluna biləcəyi barədə maraqlanırdı. Bir başqa Rus ziyalısı Gülən barədə “Əngin həyat təcrübəsinə malik bir mütəfəkkir” cümləsi ilə tərif edirdi.
Ziyalıların sual siyahısında Türk-Rus əlaqələri, müasir dünyada İslamın yeri, siyasi İslam, qloballaşma, Rus Müsəlmanları kimi daha bir çox mövzu var idi. Güləni sevənlərin də, ona şübhə ilə baxanların da bu suallara verilən cavabları oxumasında böyük fayda var.
Bu arada cavablarda iki ölkə əlaqələrinə baş sındıranlar üçün də maraqlı sətirlər var. Məsələn, Gülənin Türk və Rus millətlərinin ədəbiyyat tarixindəki ortaq nöqtələri haqqında etdiyi təhlil çox maraqlıdır. Rus ədəbiyyatında müşahidə edə bildiyi qədər son dövr Rus və Türk tarixləri arasında böyük paralellik gördüyünü ifadə edən Gülənə görə Gogolun “Ölü Canlar”da təsvir etdiyi kəndlilərlə bizim kəndlilərimiz arasında fərq yoxdur. Qərb qarşısında öz mədəniyyətini qorumağa çalışan Çexov ilə Ahmet Mithat Əfəndi nə qədər bir-birinə bənzəyirsə, Rusiyadakı Tolstoy-Turgenev mübahisəsi də bizdəki Mehmmet Akif-Tevfiq Fikret mübahisəsinə bənzəyir. Puşkindən Dostoyevskiyə uzanan dərin bir sosial-ədəbi təhlil aparan Gülənin Sovet rejiminin belə bizdəki qədər dil və ədəbiyyata müdaxilə etməmiş olmasının Rusiyanın müsbət cəhəti olduğunu xatırlatması çox mənalıdır.
Dünən xəyal belə edilə bilməyənlər bu gün gerçək olur. Bir-birinə düşmən coğrafiyaların insanları Belekdə eyni dəyirmi masa ətrafında görüşür. Ateizmin altında qalan Rus ziyalıları Ərzurumda doğulan bir mütəfəkkiri ehtiramla anlamağa çalışır...
- tarixində yaradılmışdır.