Qiyməti azalmayan, artan sərvət dostluq
Burdan ora-ordan bura dedi-qodu daşıyanlara, dostluğu düşmənçiliyə çevirməyə çalışanlara, qiyməti azalmayan, daima artan dostluq kimi bir mənəvi sərvəti zay etməyə çalışanlara ibrət olsun, nəsihət olsun, qulaqlarına sırğa olsun ümidi ilə:
Əziz oxucularımız! Aşağıda sizə təqdim etdiyimiz yazı iki hissədən ibarətdir. Birincisi bu günlərdə Haqqın rəhmətinə qovuşmuş alim, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dekanı, Azərbaycanın Əməkdar Müəllimi prof. Dr. Arif Əli oğlu Əliyevin, ikincisi onun övladı Nail Əliyevin xatirələridir.
Bu iki xatirədən nümunə götürüləcək, eyni zamanda ibrət alınacaq çox şey olduğu qənaəti ilə onları sizinlə paylaşıram. Deyirlər ki, gözəlliklər, sevinclər paylaşdıqca çoxalır. Qoy dostluq çoxalsın, vəfa, sədaqət çoxalsın!
Burdan ora-ordan bura dedi-qodu daşıyanlara, dostluğu düşmənçiliyə çevirməyə çalışanlara, qiyməti azalmayan, daima artan dostluq kimi bir mənəvi sərvəti zay etməyə çalışanlara ibrət olsun, nəsihət olsun, qulaqlarına sırğa olsun ümidi ilə:
* * *
Birinci xatirə: Arif Əli oğlu Əliyevin xatirələri:
Dostluq haqqında çox yazıb, çox deyiblər. Mən bu mövzuda yeni bir söz deyəcəyimi düşünmürəm, bu yazıda məqsədim bambaşqadır - Əsil dost çətin gündə məlum olar, deyən əcdadlarımızın həmişə haqlı olduqlarını bir daha nəzərə çatdırmaqdır.
Yaxşı günün dostları çox olar, hətta sənin istədiyindən çox-çox artıq olar. Süfrə başında oturar, sənin süfrəndən yeyər, sənin malından istifadə edər, hətta sənə ağıl verməyə, bununla sənə nə qədər can yandırdığını göstərməyə də çalışar. Bu “dostlar” səni düşünməzlər, sənin sevdiklərini sevməz, sənin düşmənlərinə rəğbət göstərərlər, üstəlik, özlərinin sevdiklərini sənə sevdirməyə, sevmədiklərini də səndən uzaqlaşdırmağa çalışarlar.
Əsil dostlar isə dostluqlarını maddi mənfəətlər üzərində yox, fədakarlıqlar üzərində qurarlar, dostluq münasibətlərində heç kəsdən heç nə ummazlar, təkcə Allah rizasından başqa.
Bakıya köçməzdən əvvəl Naxçıvanda çoxdan həsrətini çəkdiyi Anadolu insanlarına qovuşa, onlarla qucaqlaşa bilmiş və bu ilahi lütfə nail olduğuna görə nə qədər göz yaşı axıtmışdım.
... 1991-ci ilin noyabrın son günləri. İkinci ildir ki, sərhədlərimiz pozulur. Şəhidlər verilir. Hücuma keçən düşmən sovet ordusuna arxalansa da, ağır itgilərlə geri oturdulur. Ali Məclis başda olmaqla bütün Naxçıvan müsəlləh əsgərə çevrilib. Blokada vəziyyətində, elektrik işığına, istiyə, suya, yeməyə, ən çox da bir xilaskar dosta möhtac Naxçıvan lampa işığında düşünür, mübarizə yollarını axtarır.
Bir neçə gün bundan əvvəl “Zaman” qəzeti manşetə belə bir xəbər çıxarmışdı: “Erməni blokadasında qalan Naxçıvan əhalisinin bir həftəlik çörəyi qalıb.”
Belə bir xəbəri alan canıbir, qanıbir qardaşın boğazından bir tikə yemək, bir qurtum su keçərmi? Keçməz, keçmədi və bütün Anadolu səfərbər oldu. Bir gün ərzində 300 tondan artıq ərzaq toplandı. Amma toplanan bu yardımı Naxçıvana kim aparacaqdı? Sərhədlərdə hələ də sovet ordusu, sovet sərhəd dəstələri dayanmışdı və onların bu səddini keçmək heç də asan iş deyildi. Bir də bu sərhəd dəstəsinin qərargahı Naxçıvanda deyil, Ermənsitanda yerləşirdi.
Gələnlər qətiyyətli idilər, nə olur olsun, canları, qanları bahasına da olsa, toplanmış yardımı Naçıvana çatdırıb təhvil verməkdə qərarlı idilər.
Yaxşı ki, Heydər Əliyev var idi. Onun siyasi və şəxsi nüfuzu bu müşkül işi həll etmək imkanı verdi. Onun işə qarışması ilə hələ gömrük məntəqəsi olmayan, Naxçıvan sərhəd dəstəsinə tabe olmayan sərhədçilər yardım dolu yük maşınlarının yolunu açdılar.
Məhz bu ağır günlərdə on üç ədəd yük maşını içi gündəlik tələbat malları ilə dolu halda Araz çayını keçərək Naxçıvana gəldi. Onları qarşılayanlar arasında, Anadolu insanının əlinin əməyinin, qəlbinin hərarətinin məhsulu olan bu yardımları yerbəyer etmək tapşırığı alanlar arasında oğlum Nail də var idi. Gələn yardımı müşayiət edən bu adamları, 1921-ci ildən sonra Naxçıvana yardım əlini uzadan bu beş cəsur 5 türk gənc tarixçi babamın məsləhəti ilə onun qızı Rənanın qonağı olacaqdılar.
Yetmiş il sonra Naxçıvanla Türkiyə arasında sərhəddə ilk dəfə qapı açılmış, Naxçıvan əhalisi xilas olmuşdu.
Yardım karvanını müşayiət edənlərdən biri, bəlkə də, ilki yaraşıqlı, boy - buxunlu, xoş simalı Osman Nuri Günay idi. Digərləri Ərzurumlu jurnalist rəhmətlik Kamil Koşapınar, Ankaralı iş adamı Mustafa Konyalı bəy, Mustafa Erşekerci bəy, Birtan Ocaklı idi. Onlar mənim üçün Anadolu idilər. Bu günədək “Anadolu” sözünü eşidər-eşitməz, gözlərim önündə bu insanların siması, gülər üzləri, dərin baxışları, qardaş, dost münasibətləri canlanır. Onlar Azərbaycan harayını ilk gündən qardaş məmləkətin hər bir guşəsinə çatdıran şəxslər olmuşlar. Axı biz bir soydanıq, bir kökdənik, damarlarımızdan axan qan eynidir! Onlar XX əsrin sonlarında Naxçıvana gəlmişdilər, gələrkən də 70 il əvvəl Naxçıvanı erməni zülmündən, Andronik Ozanyanın qırğınından xilas etməyə gələn Kazım Qarabəkir paşanın nəvələri kimi gəlmişdilər.
Həmin günün axşamı qardaş Türkiyə elçilərini Ali Məclisin sədri Heydər Əliyev qəbul edir. Ordubadda, Culfada, Babəkdə görüşlər təşkil olunur, Naxçıvan televiziyasında çıxışları maraqla dinlənilir. Bu beş cəsur türk gənci “Zaman” qəzetinin tərəfdaşlarının Naxçıvanda türk liseylərinin açılışı təklifləri alqışla qarşılanır. Bir il sonra Naxçıvanda “Zaman” qəzetinin bürosu təşkil olunur.
Bir həftəlik ünsiyyətimizdə bir daha sübut olundu ki, bir millətin dirçəlişi, özünü dərki fərdlərdən ibarətdir. Təmizləri arayıb üzə çıxartmaq, onları natəmizlərdən qorumaq - bax budur əsas vəzifə! Bu hər birimizin vəzifəsinə çevrilməlidir. Birliyimizi istəməyən qüvvələr hiyləgər və məkirlidirlər, türk toplumunun vahidliyini istəməzlər.
Arif Əliyevin oğlu Nail Əliyevin xatirələrindən:
Bu hadisədən və bu ilk görüşdən on səkkiz il keçirdi. Qəflətən atamın ürək ağrıları tutdu və onu Bakıdakı “Neftçilər” xəstəxanasına apardıq. İlk müdaxilədən sonra vəziyyəti yaxşılaşsa da, daha ciddi müdaxilə tələb edilirdi. Atamı Ankaraya getməyə razı saldıq və işi təxirə salmadan Ankaradakı “Fatih” Universiteti xəstəxanasına getdik (Bu gün həmin xəstəxana Turqut Özal adına Universitetin tabeliyindədir).
On səkkiz il üzünü görmədiyim Osman Nuri bizi “Esenboğa” hava limanında qarşıladı. Görüşdük, qucaqlaşdıq, dəli bir həsrətlə bir- birimizi bağrımıza basdıq.
Xəstəxanada gülərüzlə qarşılandıq, dörd gün ərzində müxtəlif müayinələrdən keçdik. Artıq bizim üçün tam aydın olmuşdu ki, gəlişimizdən əvvəl bizim haqqımızda rəhbərliyə lazım olan məlumatlar verilmişdir. İlk gündən sifətlərdə təbəssüm, tapşırılan işə, vəzifəyə və peşəkarlıq böyük məsuliyyət gördük. Baş həkim Ramazan bəydən başlamış onun müavinləri Bünyamin bəyə, başda ürək-damar xəstəlikləri mütəxəssisi, cərrah Ömər bəy Çakıra, Ömər həkimə, bütün həkimlərə, həmişə üzügülər Yasəmən, Ayşə, Minə, Filiz bir sözlə xəstəxananın bütün fədakarlıqla çalışan əməkdaşlarına, gülərüz Abdullaha nə qədər təşəkkür etsəm, azdır.
Cərrahi əməliyyat tələb olunurdu. Cərrahi əməliyyatdan sonra öyrəndim ki, atama Osman Nurinin təklifi ilə Ramazan Çerksi, Səhit Sölən, Hidayət Kars, Özgü Cal könüllü olaraq qan vermişlər. Eyyub Bürnəz, Mustafa Konyalı isə ehtiyac olarsa, əməliyyat vaxtı əlavə qan verməyə razılıq vermişlər. Hamısını öpürəm, təşəkkürlərimi bildirirəm.
Mənə təskinlik verən bir başqa şey də var. Oğlum babam Əli müəllimin adını daşıyır, Bakı Özəl Türk Liseyini bitirmiş, hazırda təhsilini Türkiyə universitetlərinin birində davam etdirir. Əli mənim üçün Osman Nuri ilə Arif Əliyev arasında qardaşlıq körpüsünün canlı timsalıdır. Əlilərin, Osmanların, Kamillərin, Ramazanların, Yasəmənlərin, Filizlərin, Naillərin daha adlarını çəkmədiyim neçə-neçə insanların saylarının durmadan artmasını arzu edirəm. Qoy bu insanların sayı o qədər artsın ki, düşmən aramıza girməyə bir ovuc belə yer tapa bilməsin. Anadolu və Azərbaycan arasında qurulan bu körpü elə möhkəmlənsin ki, onu yıxmağa, ona zərər verməyə heç kəsin gücü çatmasın.
Biz faniyik, ömrümüz azdır, amma xalqların, dövlətlərin ömrü daha uzundur. Dostluğun, qardaşlığın ömrü isə əgər səmimiyyət üzərində qurulmuşsa, əbədidir.
Əbədi dostluğumuz, qardaşlığımız arzusu və ümidi ilə.
- tarixində yaradılmışdır.