Liseylər nə qədər təhlükəlidir?

Xeyirli işlərin qabağına daş qoymaq istəyənlər çox olur. Özü də çox vaxt bu “daş qoyanlar” həyatında iki daş üst-üstə qoymayanlar olurlar.

“Çağ” Öyrətim 23 ildir bu ölkədə fəaliyyət göstərir və ya göstərirdi. Azərbaycanın ən çətin dönəmində Fəthullah Gülənin təşəbbüsü ilə bir qrup gənc müəllim buralara və Orta Asiyaya gəlmişdi. Gəldikləri dönəmdə Azərbaycan çox ağır vəziyyətdə idi. Günlərlə çörək növbəsində dayandığımızı xatırlayıram. Ermənistan-Rusiya işğalı bir tərəfdə, xalqın səfaləti digər tərəfdə. 20 yanvar işğalında Gülən vəz verdiyi kürsüdə ağlamaqdan huşunu itirmişdi. Sonra da “Zaman” qəzetinin təşəbbüsü ilə Naxçıvana yardım kampaniyaları başlamışdı. Yüzlərlə tır yardım gətirildi, “Zaman” qəzeti bütün Türkiyəni qarış-qarış gəzərək Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə çatdırdı.

Bu məktəblərin əleyhinə 90-cı illərdə də Türkiyədə mərkəzli təbliğat aparılırdı. Amma o dönəmdə onlara ən gözəl cavabı Heydər Əliyev vermişdi. H. Əliyev 2000-ci ildə bir müsahibəsində bu məsələdən özü bəhs edir. Bu məktəbləri pisləyənləri, təhlükə hesab edənləri necə rədd etdiyini bildirir. Görəsən bu gün bu məktəblərin əleyhinə çalışanlar özlərini Heydər Əliyevdən daha uzaqgörən hesab edirlər?

Türkiyədəki rüşvət və korrupsiya qalmaqalından sonra məktəblər əleyhinə təbliğat kampaniyasının növbəti etapı başladı. Azərbaycanda da müəyyən şəxslərin təsiri altındakı “müstəqil” ekspertlər, əvvəlcə, nurçuluq məsələsi istehsal etdilər. Süni gündəmlə fəaliyyət üçün zəmin təşkil edildi. Sonra da öz hədəflərini bu pərdə altında “vurmağa” başladılar. İndi də bu məktəbləri gələcəyimizə qoyulan bomba hesab edənlər meydana çıxıb. Mənim bu bomba hesab edənlərə konkret bir sualım var. Bu yaxınlarda Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında saziş imzalandı. Bakıda “Oksford” liseyi uzun müddətdir fəaliyyət göstərir. Bu məktəblərlə də Azərbaycana bir bomba daha qoyulmuş oldumu? Cavablarını səbirsizliklə gözləyəcəyəm.

Digər tərəfdən, 20 ildir bu məktəblərin əleyhinə ortalığı vəlvələyə verənlərin, verdirənlərin özlərinin uşaqları bu məktəblərdə oxuyub, oxuyur. Nə qədər gülüncdür, deyilmi?

Məktəblər bağlandıqdan sonra bəzi yeni yaranmış liseylərin hər tərəfdə reklamlarının çoxalması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Mən belə düşünmürəm. Məktəb açmaq müsbət hərəkətdir. Ona görə də belə fəaliyyətləri dəstəkləmək lazımdır. Təhsil üçün, elm üçün görülən hər iş müqəddəsdir. Bütün səmimiyyətimlə deyirəm, kaşki belə liseylər də nəinki Azərbaycanda, hətta dünyada qürur mənbəyimiz olsun.

Liseyləri bomba hesab edənlərin də yazılarında dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda alternativ məktəblər var. İnşallah, daha da çox olar.

Bu məktəblər bir ruhu təmsil edir, bir ruh daşıyır. Hər şeyi maddədə axtaranlar bunu çətin ki, dərk etsinlər. O da sevgi ruhudur. Allahın yaratdığı hər canlını qiymətli hesab edib, Allah üçün onları sevməkdir. Bu məktəblərdə dərs deyənlər də, oxuyanlar da Azərbaycan vətəndaşlarıdır. Digər tərəfdən, 160 ölkədə fəaliyyət göstərən bu məktəblər son hadisələrdən sonra inkişaf etmiş Qərb ölkələrində problem hesab olunmadı. Bir-iki yerdə problem oldu. Olanlar da daha çox geri qalmış ölkələrdə, inkişaf etməkdə olan ölkələrdə yaşandı. Niyəsini oxucular düşünsünlər.

Bəli, bu məktəblər bəziləri üçün təhlükəli ola bilər. Amma Azərbaycanın gələcəyini düşünənlər üçün deyil, Azərbaycanın gələcəyini şəxsi mənfəətlərinə qurban edənlər üçün təhlükəli ola bilər. Bu məktəblər xarakterləri yalan, saxtakarlıq, alçaqlıq, rüşvət, korrupsiya, satqınlı, düşmənçilik, cəhalət, nifrət, həsəd olanlar üçün təhlükəlidir.

Bu məktəblərin “zərərli” olduğuna dair 23 ildir ortaya bir şey qoyulmayıbsa, indi bunların “zərərli” olduğunu “hiss edənlər”ə hisslərində uğurlar arzulayıram.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.