Kişinin həyat yoldaşını döyməsi zülmdür

Dar mənada qadının əri tərəfindən döyülməsi, geniş mənada isə ailə daxili zorakılığa çoxları İslamın bəhs edilmək istənilməyən,gizli saxlanılmağa çalışılan məsələsi kimi baxır. Həyat yoldaşlarını döyməyi İslamın verdiyi bir haqq olaraq görən müsəlman kişi zehniyyəti, bu barədə onların istinad etdikləri ən böyük dəlillərdən biridir.

Doğrudurmu bu? Qərəzliliyin, ideoloji dünyagörüşün, bütünlüklə inkarı əsas götürən düşməncəsinə yanaşmanın məhsulu olan bu hökm, şübhəsiz, yalnışdır. Bunu bir çox yöndən izah etmək olar. Əvvəla dialektik məntiqlə yanaşsaq, tarix boyu dünyaya nizam-intizam gətirməyə çalışan Qərb mədəniyyətində qadının döyülməsi hadisələri İslam ölkələrindən heç də az deyil. Bu sahədə aparılan tətqiqatlar nəticəsində sözü gedən həqiqət bütün çılpaqlığı ilə aşkarlanmışdır. Hətta qadın döymə hadisələrini təhsilsizlikdə axtaran nəzəriyyələr, döymə hadisələrin universitet məzunu, magistr, professorluq pilləsinə yüksəlmiş ali təhsilli ailələrdə müşahidə olunması qarşısında iflasa uğramışdır. Yazını rəqəmlərlə doldurmaq istəmirəm. Maraqlananlar 5-10 dəqiqələrini internet səhifələrinə verib bu mövzu ilə əlaqəli qəzet xəbərlərindən tədqiqat qurumlarının anket nəticələrinə, insan haqları hesabatından universitetlərdə aparılan magistr-dissertasiya işlərinə qədər bir çox məlumat əldə edə bilər. Beləliklə, qadının əri tərəfindən döyülmə hadisələrinin təkcə İslamın və ya müsəlman ailələrin deyil, din, dil, irq fərqi olmadan bütün insanlıq ailəsinin ümumi bir problemi olduğunu deyə bilərik.

Din ailədaxili zorakılığı qəti şəkildə rədd edir

Dialektikanı bir kənara qoyub əsas məsələyə gələk. Əvvəla bəzi müsəlman ailələrində səbəbi nə olur-olsun, qadın döymə hadisələrinin varlığı danılmaz bir həqiqətdir. Lakin bu həqiqəti İslama şamil etmək qətiyyən doğru deyildir. Quran və qövli, feili, təkriri səhih hədisləri ilə bütün müsəlmanları birləşdirən ortaq dəyərlər silsiləsindən ibarət olan İslamda qadın döyməyi tamamilə təsdiq edən bir dəlil tapmaq demək olar ki, qeyri-mümkündür. Məlum olduğu kimi, İslama aid olan dəyərlər müsəlmanların həyatında büsbütün öz əksini tapmır. Nəzəri olan praktik olanla bəzən təzad təşkil edir. İman, imanın gücü, cəhənnəm qorxusu, cənnət, Cəmalullah ümidi, nəzəriyyənin praktikaya əks olunmasında rol oynayan əsas təməllərdir. Bu prizmadan baxanda müsəlman ailələrində müşahidə olunan qadın döymə hadisələrini nəzəriyyənin praktikaya tətbiqində meydana gələn yanlışlıq kimi qiymətləndirmək ən düzgün yanaşma tərzidir. Bəşər fitrəti dinin təsdiq etmədiyi adət və ənənələr bu kimi yanlış (sapma) hadisələrin təməlini meydana gətirir və hal-hazırda mövcud tətbiqatları dəstəkləyir.

Söhbət açılmışkən sizləri keçən həftə olduğum bir dost məclisinə aparmaq istəyirəm. Xəyal gücünüzün dərinliyi nisbətində özünüzü o məclisdə görə bilər; orada açılan müzakirədə siz də iştirak edə bilərsiniz. Çünki qarşılıqlı sual-cavab şəklində gedən müzakirəni məsələnin əhəmiyyətinə görə eynilə nəql etməyə çalışacağam.

Dost məclisi, təxmin etdiyiniz kimi, Fəthullah Gülən Xoca Əfəndinin mənəvi ab-havası ilə ayrı bir dərinliyə bürünən bir "söhbəti-canan" məclisi idi. Çox kiçik bir dairədə, 7-8 nəfərin iştirakı ilə təşəkkül etmişdi bu məclis. Səhər erkəndən mövzu siqaretdən açılmış və söhbət siqaretin zərərləri, füqəhanın məkruh və haram yönündə verdikləri müxtəlif hökmlərin istinad nöqtələri, insan sağlamlığına verdiyi zərərin verilən hökmlərə təsiri və s. məsələlər ətrafında gedirdi. Birdən öz-özlüyündə bir yazıya mövzu ola biləcək bir cümlə eşitdim Xoca Əfəndidən. Deyirdi ki: "Siqaret çəkmədiyi halda siqaret çəkənlərlə eyni məkanı paylaşanlar sağlamlıqlarına verdikləri zərərdən ötrü onları məhkəməyə verməli və şikayətçi olmalıdırlar. Əgər siqaret çəkən ata isə,həyat yoldaşı, uşağı fərqi yoxdur, onu məhkəməyə verə bilməlidir". Bu söhbətin üstündən keçən bir həftə içində məsələni olduğu kimi qəbul etdim, hətta fiqhi dəlilləri də əldə etdim, lakin bunu ilk dəfə eşidəndə heyrətə gəlmişdim. Təkcə mənmi? Əlbəttə xeyr, mənimlə birlikdə digərləri də heyrətlənmişdilər. Araya çökən sükutu: "Çox radikal bir düşüncə deyilmi?" -sualımla pozdum. Verdiyi cavab belə idi: "Elə isə mənim başqa radikal düşüncələrim də var”. Atalarımızın “cavabi-hakim” dedikləri, nəzakətli bir üslubla: “Xeyr, radikal deyil” demək idi bu cavabın mənası.

“Nədir o başqa radikal düşüncələr” deyə soruşanda ifadə etdiyi sözlər, bu yazımın mövzusu olan kişinin həyat yoldaşını döyməsi ilə əlaqəli idi. "Məsələn" -dedi Xoca Əfəndi: "Əri tərəfindən döyülən qadınlar, əgər ortada uşaqlar olmasa, boşansınlar deyərdim". Bu fikir ən azı evdə siqaret çəkən atanı məhkəməyə vermə fikri qədər məni heyrətə gətirdi. Çünki fiqhi yöndən bu cümləyə baxanda qarşınıza boşanma səbəbi mövzusunda bir ictihad çıxır. Yəni kişinin həyat yoldaşını döyməsi qadının boşanmaq iddiası ilə məhkəməyə müraciətinin səbəbi ola bilər. Halbuki, istər keçmiş, istər müasir dövrdə qələmə alınmış fiqhi əsərlərdə, İslama görə məşru boşanma səbəbləri arasında müstəqil olaraq, qadının əri tərəfindən döyülməyinə rast gəlmək qeyri-mümkündür. Əgər bu fikrimə “Çox iddialıdır” deyirsinizsə, cümləmi belə düzəldə bilərəm; ən azı mən, indiyə qədər oxuduğum fiqhi əsərlərdə qadının əri tərəfindən döyülməsini müstəqil olaraq məşru (qanuni) boşanma səbəbi sayan ictihadi bir fikrə rast gəlməmişəm. Əksinə ailədəki münaqişələrə qadının səbəb olma durumunu nəzərə alan ictihadlarda, əgər yuvanın dağılmaması, ailədaxili səadətin bərpa olunması bu yolla təmin ediləcəksə, qadının əri tərəfindən xəfifcə döyülə biləcəyini oxudum.

Sevgi və hörmətin mühafizəsi çox əhəmiyyətlidir

Lakin bu sözün məntiqinə isnad edərək "uşağı olmayan döyülən qadınlar, mütləq boşansınlar", əksinə "uşağı olanlar isə döyülməyə davam etsin, boşanmasınlar" mənası çıxarılmamalıdır. Burada mühüm olan döyülmənin müstəqil şəkildə boşanma üçün səbəb təşkil etməsidir. Boşanma iddiası ilə məhkəməyə müraciət edib-etməmədə son qərar, təbii ki, xanıma aiddir. Xoca Əfəndi sözünə belə davam etdi: "Kişinin həyat yoldaşını döyməsinin, “güclü zəifi hər zaman əzər" zalım fəlsəfəsindən nə fərqi var? Siz mənə siyərdə Əfəndimizin (s.ə.s.) xanımlarına əl qaldırdığını göstərə bilərsinizmi? Hz. Əbu Bəkir və Hz. Ömər kimi cahiliyyənin içindən çıxmış insanlar xanımlarına bir şillə də olsa, vurdularmı? Deməli, onlar müsəlmanlıqları ilə cahiliyyəyə aid hər şeylərini tərk etmişdilər".

Əfəndimizin xanımlarına əl qaldırmadığını bilirdim, amma bunun “güclü zəifi əzər” zalım fəlsəfəsi ilə izahını ilk dəfə eşidirdim. Hz. Əbu Bəkir və Hz. Ömərin xanımlarına bir şillə də vurmamasının müsəlmanlıqları ilə izah edilməsi olduqca əhəmiyyətli bir nöqtə idi.

Bu qədərmi? Xeyr. Daha təəccüblü bir şey söylədi bu çərçivədə gedən söhbətin sonunda. Təbəssüm edərək dedi ki: "Hətta əri tərəfindən döyülən qadınlar cüdo, karate, tekvando kurslarına getsə. Əri bir yumruq vurursa, o da ikisi ilə cavab versə". Bunu təbəssümünə istinad edərək zarafat qəbul edə bilərsiniz, amma arxasınca dediyi sözlər bu fikrə etiraz edir. "Döymə, haqsız yerə edilən feili bir təcavüzdür və cinayətdir. Bu təcavüzə qarşı nəfsi müdafiə etmək məşrudur. Hətta müdafiə etməmə, ayrı bir cinayətdir, deyilə bilər".

Bu düşüncələrin səhli-mümtənə (asan olmayan, çox çətin) üslubu ilə, adi bir söhbət məclisində dilə gətirilməsi heç kəsi yanıltmasın. Bunlar fiqhi mənada yeni-yeni ictihadlara qaynaq ola biləcək dərin mənalar daşıdığı kimi, cəmiyyətdə sağalmaz yaralarımızın müalicəsində dinin gücünü ön plana çəkən həll yollarını da daşıyır. Lakin bu görüşlər feminist məntiqlə ələ alınıb istismar edilməməlidir. Döyülmə ilə nəticələnən ailədaxili münaqişələrdə nəzərə alınacaq başqa həyati xüsuslar da var. Ər-arvad arasında yox olan sevgi və hörmət ən başda gəlir, amma bunlar ayrı, müstəqil bir yazının mövzusudur.

Xülasə, Xoca Əfəndiyə aid bu düşüncələri həyat yoldaşlarını döyməyi İslami bir haqq kimi görənlərlə, bu məsələni İslamın bəhs edilmək istənilməyən,gizli saxlanılmağa çalışılan məsələsi kimi göstərənlərin mütaliələrinə, insaflarına həvalə edirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.