Gülən Konfransından Qeydlər

"Georgetown Universiteti" Rektorluğu, Müsəlman Xristian Anlayış Mərkəzinin (CMCU) və Rumi Forumun ortaq şəkildə təşkil etdiyi "Qlobal Problemlər Dövründə İslam: Gülən Hərəkatının Alternativ Perspektivləri" adlı və iki gün davam edən konfransda Amerika, Avstraliya, Avstriya, Fransa, İngiltərə, Kanada və Türkiyədən iştirak edən elm adamları Fəthullah Gülən Xoca Əfəndinin müxtəlif mövzulardakı fikirləri və Gülən hərəkatının dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi fəaliyyətlər barədə qırx məruzə təqdim etdi.

Konfransın ilk günündə qısa bir çıxış edən Vaşinqtondakı Rumi Forum Başçısı Dr. Əli Yurtsever 170 elm adamının konfransa məruzə təqdim etmək üçün müraciət etdiyini, prof. Akbar Ahmad, prof. Hüseyn Nəsr, prof. Con Esposito, prof. Qamerul Xuda, prof. Con O. Voll, prof. Yan Vilyams kimi görkəmli elm adamlarının da olduğu bir heyət tərəfindən sadəcə qırxının seçildiyini qeyd etdi. Konfransın açılış nitqini söyləyən prof. Con Esposito isə: "Gülən hərəkatının müasir dövrün ən böyük hərəkatı" olduğunu ifadə etdi.

Dünyada ümumbəçəri sülh yolunda əhəmiyyətli bir hərəkat

İki gün boyunca oxunan məruzələrin 28-ni dinləyə bildim. 12-i isə paralel panellərdə təqdim edildiyi üçün dinləyə bilmədim. Məruzələrdə olduqca maraqlı və diqqət çəkici fikirlər vardı. "Georgetown Universiteti" Prof. Selli Anna Baynard, Gülən hərəkatı könüllülərinin Türkiyəyə sevdalı olduğuna işarə etdikdən sonra, onların Türkiyəni tanıtmaq üçün xərclədikləri əmək və pulun bu gün Türkiyə dövlətinin bu məqsədlə ayırdığı xərclərdən çox olduğunu vurğuladı. İkinci panelin birinci iclasında bilavasitə Gülənin İslami elmlər mövzusundakı mütəxəssisliyi vurğulandı. Xüsusilə, əsərlərindəki zəngin mənbələrə diqqət çəkən Filip Brakmeyr Xoca Əfəndinin İslam anlayışının radikal olmadığını, əksinə Qəzali ənənəsinin günümüzdəki nümayəndəsi kimi qəbul edilə biləcəyini söylədi. Harvard Universitetindən natiq kimi iştirak edən İsmayıl Acar isə Gülənin İslam fiqh ənənəsindəki yerini analiz edərək onu klassik ilə müasirin ortasında duran görkəmli bir müctəhid kimi təqdim etdi. Gülənin bəzi şərhlərinə də diqqət çəkən Acar, xüsusilə, mübahisəli mövzularda Gülənin fiqh elminin özünəxas üslubundan istifadə edərək müasir dövrə aid bəzi manelərin öhdəsindən gəlməyə çalışdığına diqqət çəkdi və İslami elmlər baxımından Gülən haqqında daha geniş və kollektiv araşdırmalara ehtiyac olduğunu ifadə etdi.

İkinci panelin ikinci iclasında çıxış edən "Turkish Daily News" qəzetin müxbiri Mustafa Akyol, Fəthullah Gülən Xoca Əfəndinin dinə bağlı qalmaqla müasirliyin yaşana biləcəyini fikir və fəaliyyətləri ilə ortaya qoyduğunu vurğuladı. Gülənin əleyhinə olan fundamentalist dünyəvilərlə marjinal qrupların çox səs-küy qopardığını, social demokrat görüşə sahib olan Bülent Ecevit və Turqut Özalın Gülənə simpatiya ilə baxdığını və Gülən hərəkatını dəstəklədiyini dinləyicilərə çatdırdı. "Texas Tougaloo Universiteti"ndən prof. Loy Aşton Türkiyənin keçid dövrünü yaşadığını və bu dövrün mühərrikinin də Gülən hərəkatı olduğunu ifadə edərək, Gülən hərəkatına müxalif olan radikal dindarların Güləni "ABŞ tərəfdaşı", hətta "gizli bir Katolik cardinalı" şəklində ittiham etdiklərindən, ifrat solçu qrup və mühafizəkar fanatik dünyəvilərin də Gülənin Türkiyəyə şəriət gətirəcəyi iddiasını irəli sürdüklərindən bəhs etdi. Məruzənin sonunda isə bu iki görüşün nümayəndələrinin bir-birini təkzib etdiyinə diqqət çəkdi.

Filadelfiyadakı "Luteran İlahiyyat Fakultəsi" müəllimi prof. Con Pahl: "İraqda ölən Amerikalı əsgərlərin orta yaş həddi 20, Fələstində intihar edən gənclərin orta yaş həddi də 19-dur. Hər iki tərəf də ölkələri üçün insan öldürür və ya ölürlər. Halbuki, Gülənin fikirləri ilə yetişən gənclər özlərini insanlığa xidmət etməyə və onları yaşatmağa həsr etmişlər," -dedi. "SAGE-Leeds Metropolotian Universiteti"ndən Stiv Rayt belə çıxış etdi: "İraq müharibəsində 650 min insan öldürüldü. Hər həftə on min insan ya öldürülür və ya yaralanır. Gülənin fikirləri və Gülən hərəkatının fəaliyyəti işığında müharibə və ya vətəndaş münaqişəsi olan yerlərə sülh qədəm qoya bilər". Rayta görə bu hərəkat, əvvəla sülh körpüləri qurur, sonra da əmin-amanlıq təsis edir. "Gülənin də tez-tez ifadə etdiyi kimi, ən güclü silah sevgidir. O bütün qapıları açır. Sülhü arzulayanlar Gülənin fikirlərinə müraciət etməlidirlər. Gülənin mədəniyyətlərarası dialoq tezisinin Qərbdən çox irəli olduğunu, Qərb tezisində böyük boşluqlar olduğunu" deyən prof. Rayt, Gülənin çox tanınmadığına diqqət çəkdi.

Amerikalı professor göz yaşlarını güclə saxladı

Texasdakı "Incarnate Word Universiteti"ndən prof. Marta Anna Kirk Gülən hərəkatının Şanlıurfa, Mardin və Diyarbəkirdə "Kimsə Yoxmu Dərnəyi" ilə birgə yoxsul şagirdlər üçün açılan dərs oxuma salonlarında apardığı araşdırmaların nəticələrini dinləyicilərlə bölüşdü. "Qardaş ailə" lahiyəsinə heyran olduğunu, qadınların şagirdlərə təqaüd vermək üçün öz əlləri ilə hazırladıqları yeməyi satmaqla və ya hədiyyə etməklə bu lahiyədə iştiraklarını ifadə etməyə söz tapa bilmədiyini söyləyən Kirk, PKK-nın təhdidlərinə baxmayaraq, İstanbuldan Şərqə gedən könüllü gənclərdən birinin: "Yanına silah al!" -deyən anasına: "Bizim silahımız sevgidir" -dediyini, yer üzündə bundan daha güclü silahın olmadığını deyərkən göz yaşlarını güclə saxladı. Gülənin təsəvvüfi fikirləri mövzusunda bir məruzə oxuyan "Temple Universiteti"ndən Cənubi Koreyalı prof. Heon Kim, Samuel Hantingtonun "Mədəniyyətlər qarşıdurması" nəzəriyyəsinə etiraz edərək: "Biz və digərləri" anlayışı üzərində dayandı. Gülənin təsəvvüfi fikrinə görə, mənlik ya tamamilə ortadan qalxır, ya da zəifləyir. Beləcə, "digərləri" anlayışı demək olar ki, meydandan qalxır. "Hyuston Universiteti"ndən prof. Lin Mişel Gülənin vaizliyi barəsindəki çıxışında, özünün də əlli il vəz verdiyini, lakin Gülənlə tanış olduqdan sonra verdiyi vəzlərin bir çoxunun daxilən boş olduğunu anladığını söylədi. Çıxışında ayrıca Gülənin mükəmməl bir model təqdim edərək, müasirliyin dinlə birlikdə yaşana biləcəyini göstərdiyini ifadə etdi.

"Southeastern Louisiana Universiteti"ndən prof. Karen Fontenot: "Gülənlə hələ tanış olma fürsətim olmadı, ancaq onun liderliyini araşdırdım. Dünyada liderlərin yüzdə doxsan doqquzu ətrafını mənfəət və mövqe-mənsəblə mükafatlandırır. Bir çox hərəkatın və ya təşkilatın müvəffəqiyyəti liderlərdən asılıdır. Gülənin fərqi isə əvvəla, özü camaatına, camaatı da ona çox güvənir. Onu görməyənlər, bəlkə, həyatı boyunca görə bilməyəcək insanlar belə ona inanır və onun sözlərinə böyük əhəmiyyət verir. Özlərini insanlığa xidmətə həsr edirlər. Gülən yalnız duyğulara deyil, eyni zamanda ağıla da xitab edir. Bütün bunlarla yanaşı, camaatı çox yaxşı motivasiya etməsi diqqətəlayiq mövzulardan biridir. Vəzləri türkcə olduğu üçün dinləyə bilmədim, ancaq İngilis dilinə tərcümə edilənləri oxudum. Natiqliyində lirik ifadələr var. Məsələn güllərin açılması üçün əvvəl suyun buxarlanması, buludların toplanması, yağışın yağması lazım olduğunu və sonra güllərin açılacağını ifadə edir. Belə ifadələr hər kəsi cəzb edir. İnsanlar Güləni dinləyir, inanır və böyük dəyişikliklər yaşayırlar, özünü və malını insanlıq uğrunda səfərbər edirlər. Gülən insanlığa xidmətdə bütün imkan və yollardan istifadə edir," -dedi.

Konfransa təqdim olunan məqalələr konfransdan əvvəl kitab şəklinə salınıb iştirakçılara paylandı. İki günlük konfransa qatılanlar konfransdan çox şey öyrəndiklərini ifadə etdilər. Salonlarını iki gün boyu dolu olan konfransı yekun çıxışı ilə bitirən Tomas Mişel isə Gülən hərəkatının öz üzərindəki təsirini İncildən bir sitatla açıqladı: "Onları meyvələrindən tanıyarsınız. Yaxşı ağac yaxşı, pis ağac pis meyvə verər, lakin qeyrisi olmaz". Təxminən iyirmi il tanıdığı hərəkata qarşı heyranlığın hər gün daha da artdığını ifadə edən Mişel: "Sadəcə ortaya qoyulan əsərlərə baxmaq lazımdır," -deyə çıxışını bitirdi.

Dr. Saleh Ucal, "Monasn Universiteti" Din və Teologiya Fakultəsi Müəllimi

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.