Ərzurumda dördüncü gün: ilk dost...

Qədim Anadolunun bir parçası olan Ərzurumda keçirdiyim bir neçə gün ərzində diqqətimi ən çox cəlb edən məqamlardan biri bu qədim şəhərin iyirmi dörd saat davam edən mənəvi yüklü həyatı idi. Tarixi memarlıq abidələrinin çox ciddi qorunduğu, əsl Osmanlı ab-havasının hakim olduğu bu şəhərdə inanan insanların günlük həyat tərzini qısaca olaraq belə xarakterizə etmək olar: sabah azanı ilə oyanan şəhərin həyatı hər yerdə olduğu kimi başlayır, işə-gücə tələsənlər, səsli-küylü küçələr, müştəri çağıran mağazalar, əsl qaynar şəhər həyatı.

Amma bu qaynar şəhər həyatının iki məqamı başqa şəhərlərə bənzəmir: biri namaz vaxtları, biri isə şər qarışandan sonra. Azanın o füsunlu sədaları eşidiləndə, sanki, həyat dayanır, hamı işi-gücü buraxıb Allah evinə tələsir, namazdan sonra küçələrdə meydana çıxan insan kütlələri böyük mənəvi əhval-ruhiyyə içində işin başına qayıdır. Şər qarışandan sonra isə bu qədim şəhərin sözün əsl mənasında mənəvi həyatı başlayır. İş yerlərini bağlayıb mənəvi həyata üz tutan insanlar topa-topa camilərdə, evlərdə çay süfrəsi arxasında toplanıb hikmət dolu söhbətlərə, dərslərə dalırlar. Və bu vəziyyət gecə yarısına qədər davam edir. Gecənin bir vaxtında evlərinə dağılışan insanların izdihamını görmək, anlamaq üçün, necə deyərlər, iki göz kifayət etmir.

Beləliklə, şəhərdə olduğum dördüncü gündə anladım ki, Ərzurumun mənəviyyat dolu gecə həyatı çox cəzbedicidir, bu şəhərdə insanların həyatı yalnız dünya işləri ilə məşğul olmaqla keçmir, hər kəs kimisə mənəvi ab-havaya cəlb etmək üçün yanıb-yaxılır, əlləşib-vuruşur. Dörd gün ərzində ünsiyyətdə olduğum insanlarla bir yerdə olarkən belə bir vəziyyət tez-tez təkrarlanırdı: gah bir-birinə zəng vuraraq namaza gecikməməyi, gah mobil ismarıclarla axşamkı söhbəti unutmamağı bir-birinə xatırladır, gah da ibadətlərdə bir-birinə yardımçı olmaq üçün səmimi ricalar edirdilər. Əsri-Səadətdə olduğu kimi... Hamı bir-birinin imanını xilas etmək üçün yarışa girmişdi.

Bu işdə Ərzurumun böyük mənəvi simalarının danılmaz rolu var. Minlərlə insanların şər qarışandan sonra bir yerə yığılıb saatlarla hikmət dolu söhbətlərə dalması yalnız belə böyük simaların sayəsində, onların xeyir-bərəkəti ilə mümkün olur.

Ərzurumda olduğum dördüncü gün bu qədim Anadolu şəhərində böyük hörmət sahibi olan bir insanla tanış olmaq imkanı qazandım. O, həm də Fəthullah Gülənin uşaqlıq dostu olması baxımından mənim üçün xüsusi maraq kəsb edirdi.

...Hatəm Bilgi...

Köhnə Ərzurumun yeni formalaşmış, amma bunula yanaşı qədim mənzərəsini saxlayan bir küçəsi var. Osmanlının möhtəşəm Sıvırcıq məscidinin adı ilə adlanır bu məhəllə... Sıvırcıq məhəlləsi. Bu məhəllənin sadə mənzillərindən birində Fəthullah Gülənin həmyaşıdı və ən yaxın dostlarından biri olan Hatəm əfəndi yaşayır. O, Fəthullah Xoca ilə bir mədrəsə təhsilinə başlayıb, sonrakı illərdə uşaqlıq dostluğu gənclik dostluğuna çevrilib və davam edib bu dostluq möhkəmlənə-möhkəmlənə. Baxmayaraq ki, Fəthullah Güləndən fərqli olaraq o, Ərzurumdan kənara çıxmayıb, uzun illər bu şəhərin imamı olub və dini vəzifələrdə çalışıb. Amma onların dostluğu bu gün ahıl yaşda olsalar da, əvvəlki kimi möhkəmdir.

Qapını özü açdı, o anda anadolulara məxsus sərt bir sifət cizgiləri ilə üz-üzə gəldim. Amma sərtlik qədər də mərhəmət cizgiləri vardı simasında. Böyük səmimiyyətlə məni içəri dəvət edib öz otağına apardı. Otağa girəndə bu ixtiyarın burada inziva həyatı yaşadığını anladım, otaqda yalnız kitablar, iri həcmli Quran kitabları və canamaz vardı. İlk dəqiqələrdə tərzi-halından anladım ki, zikrin, ibadətin təsirindədir. Qarşımda əsl Osmanlı kişisi durmuşdu, başında təkkə, sərt baxışlar, az qala sinəsinə düşən saqqalı, zikrini müşayiət edən uzun təsbehi. Əvvəlcə, sual verməyə tələsmədim. Kitablarda haqqında oxuduğum, eşitdiyim Osmanlı ərənlərinin canlı timsalı idi Hatəm əfəndi. Dərin baxışları ariflər üçün çox şeylərdən xəbər verirdi. Gözlə seyri bitəndən sonra gəliş məqsədimizi dedik, Fəthullah Gülənin adını eşidən kimi sifətindəki sərtlikdən əsər-əlamət qalmadı, xatirələri bulaq kimi süzülməyə başladı.

..kövrək xatirələr...

Əvvəldən Fəthullah Xocagillə qohumluq bağımız olub. Fəthullah xocanın anasının əmisi qızı mənim əmimin xanımı olub, anası da bizim kənddən idi. O, da babamın tələbəsi olub. Fəthullah xoca kiçik ikən Rafiə xanımla kəndə gələndə mütləq bizə gələrdilər. Babalarımızın yaxşı münasibətləri olub. Atam məni mədrəsəyə qoyanda Fəthullah xoca artıq Quranı tamamlamaq üzrə idi. Qısa vaxtda aramızda dostluq yarandı, illərlə gecə ibadətlərində bir yerdə, çiyin-çiyinə idik.

Çox yüksək zəka sahibi idi. Həyatımda səbirdə, əzmdə, cəsarətdə, mətanətdə ona bərabər insan görmədim.

Uşaqlıqdan halal-haram məsələrində çox həsas idi.

Əvvəllər Anadoluda bir adət vardı. Dünyasını dəyişən olanda mərhumun üçü günü və ya mübarək gecələrdə halva çalıb mədrəsələrə paylayardılar, tələbələri yedirərdilər. Ümumiyyətlə, Ərzurum camaatı mədrəsələrdə oxuyan tələbləri çox əziz tuturdular, öz övladları kimi. İmkanları çatdığı qədər onların ehtiyaclarını təmin etməyə çalışardılar.

Bir gün biri ölmüşdü, halvasını çalıb gətirmişdilər. Mən də ondan azca qabağıma qoydum ki, yeyim. Bu anda Fəthullah xoca gəlib çıxdı, həyacanla soruşdu ki, “yedin, yoxsa, yox!?” “Yox” cavabını alınca rahat oldu. Bütün halvanı yaxınlıqdakı qəbiristanlığın ərazisinə tullayıb gəldi. Dedi “Qoy quşlarla böcəklər bu halvanı yesinlər”. Sən demə onun var-dövlətli olmuş ölənin atasına dəfələrlə mədrəsə tələbələrinə yardım üçün müraciət edibmişlər. Amma o, sərt şəkildə “elin-aləmin uşaqlarına niyə xeyir verməliyəm!?” – deyə imtina edibmiş. Fəthullah Xoca da bunu bilirmiş. Dedi: ”Bunun atası bir dəfə də olsun tələbəyə, fəqir-füqəraya əl tutmadı, indi onun halvasına qaldıq!?”.

Tələbəliyimizin sonrakı illərində Mehmet Kırkıncı, Müzəffər İzmirli əfəndi kimi şəxsiyyətlərlə tanış olduq. Onların dərsləri Fəthullah xocanı çox dəyişdirdi, mənəvi baxımdan, elmi baxımdan çox kamilləşdi, ruhani həyata keçdi. O vaxtdan mən hiss etdim ki, həyatını başqa şeylərə həsr edib: insanların imanının xilasına. Bir də görürdün ki, onun işi olmasa da, əlinə bir şeylər alıb camini təmizliyir, silib-süpürür. Elmdə dolğunlaşdıqca necə deyərlər ustad axtarışını gücləndirirdi. O illərdə bir neçə mədrəsə dəyişdi, “doyan kimi” əşyalarını yığıb başqa mədrəsələrə üz tuturdu.

...amma heç vaxt ayrılmadıq....

Mədrəsə təhsilindən sonra Ədirnəyə getdi. Əsgərlikdən sonra mən də ora getdim. Sanki, bəşərfövqü kamillik çağını yaşayırdı.  Yaş mənasında demirəm, onsuz da o vaxt cami imamı idi.

Bir dəfə Ədirnədə olanda atası Ramiz əfəndi ona məktub yazmışdı, evləndirmək, oğul-uşaq sahibi etmək istəyirdi. Məktubu məndən göndərdi, yanına gedib təqdim etdim. Oxuyandan sonra kağız-qələm götürüb cavab məktubu yazmaq istədi, bir az yazmışdı ki, dayandı. Ayağa durub dedi: ”Bu olmadı”. Ertəsi gün yenə yazdı, yenə nəsə alınmadı. Yalnız üçüncü gün məktubu yazıb bitirə bildi. Yazandan sonra mənə oxudu və mənimlə Ramiz əfəndiyə yolladı. Məktubun məzmunu belə idi: əvvəlcə valideynlərinə böyük ehtiramını ifadə edirdi, sonra yalvarış.. Yazırdı ki, “mənə haqqınızı halal edin, ricanızı yerinə yetirə bilməyəcəyəm. Mən dünyanın bütün var-dövlətini,  gözəlliklərini  talaqi-səlasi ilə talaqladım”. O məktubdan sonra ailəsi

...bir daha evlənmək məsələsinə qayıtmadı...

Xatirələrinin bu yerində Hatəm hoca sərt baxışlarını bir nöqtəyə zilləyib ani fikrə dalır. Sanki nəyi isə xatırlamağa çalışırdı. Kipriklərinin altından süzülən muncuq kimi bir cüt göz yaşını sezmişdim, amma özümü o yerə qoymadım. Özü də bu vəziyyətdən çıxmaq üçün sözlərinə davam etdi:

Mən onu tanıyandan üç-dörd tikədən artıq yediyini görmədim, elə uşaqlıqdan bütün həyatını islam həqiqətinin yayılmasına həsr etmişdi. Özünü ancaq Quran, iman və İslama xidmətə həsr etmişdi, dünya ilə işi yox idi. Mən onun Ərzurumdan ayrılandan sonrakı həyatını cihad dövrü hesab edirəm. Baxmayaraq ki, o vaxt oxumaq-öyrənmək imkanları indiki qədər geniş deyildi. Odur ki, mənə elə gəlmir ki, Fəthullah xoca oxuduqlarının təsiri ilə belə kamilləşmişdi. Bu onun nəsildən-nəslə ötürülən ruhu idi. Nəsilcə mənəviyyat yüklü olublar, həmişə böyük insanlar-alimlər, seyidlər onlara qonaq olardı. Onların hamısının söhbətində oturardı, bəlkə, bu mənada o vaxtlardan o böyük alimləri dinləmişdi, dəqiq bilmirəm, amma dediyim kimi hələ gənc yaşlarında bu cihadı-əmri-bil-maruf, nəhyi-anil-münkəri qavramış, ona sarılmışdı. Bu istiqamətdə sadiq idi, qərarlı idi, heç ayrılmadı. “Bir insanın imanını qurtarsam, heç kim məndən namuslu ola bilməz,” – deyə gecə-gündüz  dolaşardı özünü fəda edərdi. Elə indinin özündə də Fəthullah xocanın yaşayışına baxsanız, bunu görərsiniz. Onun bir həftədə yediyi yeməyi üst-üstə qoysanız 2 yaşlı bir uşağın bir öyünlük və ya bir günlük yeməyi qədər olmaz. Həyat tərzi budur Fəthullah xocanın. O insan qidasını mənəviyyatdan alır, onun mənəvi dünyasını anlamaq asan məsələ deyil.

Hatəm Xoca bu sözləri də deyib susdu və fikir dəryasının dərinlərinə daldı. Mən hiss elədim ki, o, bu an xəyalən haradadır... İllərin yuyub apardığı, yalnız isti xatirəsində ilişib qalmış o ərzurumlu günlərdə... Otağa çökmüş bu dağ kimi ağır sükutdan sonra ona növbəti sualı vermək üçün gücüm çatmadı, sadəcə bacarmadım... Sanki, Hatəm Xocanın mənəvi sehri üstümə lillənmişdi. ”Cənabi-Haqq lütf edər, cənnətdə də bir yerdə olarıq. Bütün lütflər Ona məxsusdur, istərsə, olar”. Dodaqlarından süzülən bu son cümlələrlə bu iki insanın bir-birinə nə qədər bağlı olduğunu anladım, bu ahıl yaşında belə.

Qapıdan bizi yola salarkən hüzn içində dediyi sözlər indi də qulaqlarımdadır. Sağollaşıb, ayrılmaq istəyəndə: “Son zamanlar məndə belə bir hal olur ki, Fəthullah xocanı nə vaxt xatırlasam, göz yaşlarımı saxlaya bilmirəm. Əgər Amerikaya, onun yanına getsəniz, salamımı çatdırın, deyin ki, onu hər gün xatırlayıram...”

Fəthullah Gülənin həyatının çox məqamlarından xəbərdar olan Hatəm Xocanın xatirələrinin qalan hissəsini inşaallah növbəti yazıda sizlərə çatdırmaq niyyətindəyəm. Bu xatirələrdə Fəthullah Xocanın Risaleyi-Nurla ilk tanışlığı, onların vəsiləsi ilə həyatında dəyişən məqamları Hatəm Bilgi ilə yanaşı Ərzurumun başqa bir mənəvi siması olan Vəli Vəlioğlunun köməyi ilə açmağa çalışaçağıq.

{widgetkit=50}
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.