Ərzurumda birinci gün
Həyatda hər şeyin ilki yaddaqalan olur. İlk məktəb günü, ilk tələbəlik, ilk sevgi, ilk əsgərlik günü, ilk övlad... İnsan hər duyğulandığı anda, arxaya dönüb baxdığı məqamlarda bu “ilk”ləri xatırlayır və xatırladıqcada mənən o illərə qayıdır. Hamı kimi mənim üçündə “ilk”lər çox əhəmiyyətlidir, bir hadisəni, bir şəhəri, bir insanı neçə görsəm həmişəlik eləcə yadımda qalır. Həmişə düşünürdüm ki, haqqında çox eşitdiyim, oxuduğum, təsəvvürlərimdə canlandırdığım Ərzurum haqqında ilk təəssüratım necə olacaq.
İki günlük ağır yolçuluqdan sonra axşam saat 20.12-də Ərzuruma çatanda da həsrətlə bu “ilk”i gözləyirdim. İyul ayının 17-si. Hidrometeroloqlar adətən bu günə isti, bürkülü hava şəraiti proqnozu versələr də, şəhərin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında avtobusdan düşəndə bizi şıdırğı yağış tutdu. Yağışla bərabər başlamış soyuq adamın iliyinə işləyirdi az qala. Ərzurumun bu “sürprizləri” haqqında məlumatlı olmadığımız üçün təbii ki, ehtiyat əyin-baş da götürməmişdik. Sonradan öyrəndim ki, belə havalar Ərzurum üçün xarakterikdir. Dağlıq-aran iqliminə malik olmasının səbəbidir ki, yayın ortalarından havalar bəzən yağıntılı da keçə bilir. İşin tərs tərəfi, özümüzü soyuqdan qorumağa çalışdığımız məqamda bizi qarşılamalı olan Habab bəydən “bir az gecikəcəm, səbirli olun lütfən” ismarıcı gəldi. Elə bu yerdə qeyri-ixtiyari illər əvvəl qiraətçi Dursunəli Ərzincanlının ifasında dinlədiyim “Soyuq Ərzurum gecələrində dədəmi xatırlayıram” başlıqlı şeiri xatirimdə canlandı. Anladım ki, dillər əzbəri olan Ərzurum soyuğu necə olurmuş. Şərtləşdiyimiz kimi, Habab bəy bizi yanacaqdoldurma məntəqəsinin yanından götürməli idi. Çar-naçar qalıb yanacaqdoldurma məntəqəsinin bir küncünə sığınaraq yol yoldaşım Ceyhun müəllimlə vaxt öldürməyə çalışdıq. Elə bu an gözlədiyim ilk təəssürat baş verdi.
Yanacaqdoldurma məntəqəsinin ofis otağından çıxan bir gənc bizi israrla otağına dəvət etdi. Şirin ərzurumlu ləhcəsi ilə bizə başa salmağa çalışırdı ki, belə havada bayırda durmaq məsləhət deyil, içəri keçib bir stəkan türk çayına qonaq olaq, sonrada hara istəsək gedək. Dəvət o qədər səmimi idi ki, açığı imtina etməyin heç bir perspektivi yox idi. Odur ki, bu gənc ərzurumlunun dəvətini yerə salmayıb, çantalarımızla birgə onun sadə tərtibatlı iş otağına keçdik. Əslində, gözləmədiyimiz bu dəvət mənim üçün o qədər də gözlənilməz olmamışdı, çünki bu yaşıma qədər ünsiyyətdə olduğum türkiyəlilərdən eşitmişdim, oxuduqlarımdan belə anlamışdım ki, ərzurumluların özünəməxsus qonaqpərvərlik ənənələri var. Elə bu baxımdan da ərzurumlularla bizim aramızda oxşar nəsnələr çoxdur. Hələ onların şirin azərbaycanlılarsayağı danışıq ləhcəsini təəssüf ki, bu bəsit cümlələrimlə heç cür təsvir edə bilmirəm.
Maraqlıdır ki, sonradan adının Məti bəy olduğunu öyrəndiyim bu gənc haradan gəldiyimizi, niyə burada durduğumuzu belə soruşmadı, yalnız içəridə isti çaydan qurtum alarkən Azərbaycandan gəldiyimizi öyrənincə hər kəsi təəccübləndirə biləcək mövzulara toxundu. Bizim təbirimizcə desək, adi bir sahibkarın mənə Azərbaycan tarixinin önəmli səhifələri haqqında maraqlı məlumatlar verməsi, 20-ci əsrin əvvələrində qurulmuş xalq cümhuriyyətimizin fəaliyyəti, Qafqaz İslam Ordusunun bizi erməni-daşnak zülmündən necə xilas etməsi, 90-cı ilərin sonunda başlamış Dağlıq Qarabağ münaqişəsi, onun ortaya çıxma səbəbləri haqqında verdiyi şərhlər, həqiqətən, məni çox təsirləndirdi. Məti bəyin “Qarabağ bizim vətənimizdir, hər bir ərzurumlu onun yolunda canını qurban verməyə hazırdı. Canımız qurban olsun, Azərbaycan, Qarabağa” kimi fikirləri o qədər səmimi idi ki, mən o anda hər bir azərbaycanlının belə insanlarla ünsiyyətdə olmasını arzuladım. Məti bəy təkcə, danışmırdı, həm də bu gün Azərbaycandakı vəziyyət, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın vəziyyəti, ölkədə gedən iqtisadi inkişaf haqqında ardıcıl suallar verirdi, Azərbaycanın türk dünyası üçün əhəmiyyətini hər cümləbaşı vurğulayırdı. O, danışarkən tez-tez Azərbaycanda eşitdiyim “Türkiyədən Azərbaycan görünmür” iddiasının nə qədər haqsız olduğuna inandım. İnandım ki, bu iki qardaş ölkəni gözəgörünməyən tellər bağlayır. O günə qədər heç vaxt Ərzurumda olmamışdım, amma eşitmişdim ki, ərzurumlular əqidə, dəyərlərinə bağlı olmağı baxımından çox fərqlənirlər. Buna sadə bir işadamı olan Məti bəyin timsalında inandım, işi-gücü gəlib-gedən maşınlara yanacaq satmaq olan bu gənc adamı təkcə günlük qazancı yox, bütün türk dünyasını qayğılandıran məsələlər narahat edirdi, bu qədər informasiyanı əldə etmək üçün deməli o, hər gün internet saytlarına müraciət edir, qəzetləri gözdən keçirir, tarixi kitabları vərəqləyir. Və ən əsası, oxuduqlarını beyin süzgəcindən keçirir, düşünür, özü üçün qənaətlər çıxarır. Zənnimcə, nə peşənin sahibi olmasından asılı olmayaraq belə düşünən insanlar bizə daha çox lazımdır.
Nəhayət, biz çaylarımızı içə-içə etdiyimiz maraqlı söhbətdən ayrılmalı olduq, Habab bəy maşını ilə bizi bayırda gözləyirdi. Məti bəylə sağollaşarkən, daxilimdə xoş bir əhval- ruhiyyə hökmran idi, Ərzurum və ərzurumlular haqqında ilk təəssüratım mənə qəribə bir mənəvi həzz verirdi.
Növbəti gün qədim Ərzurumda gözəl, amma sərin bir yay səhəri açılmışdı. Gecə yağmış yağışın torpaqla ünsiyyəti nəticəsində havada insanı bihuş edən xoş qoxu hakimdi, dağlardan qopub gələn sərin meh, ötən əsrin tarixini canlı göstərən qədim abidələr, küçələr, haralarasa tələsən insanlar, addımbaşı insana xoş təbəssüm bağışlayan ərzurumlular... Bütün bunlar mənim Ərzurumla ilk tanışlıqdan yadımda qalan nüanslardır.
Ərzurumun tarixi haqqında qısa məlumat: Şərqi Anadolunun ən böyük yaşayış məskəni olan Ərzurumun eramızdan əvvəl 4900 illərdə qurulduğu ehtimal olunur. Ərzurumunda daxil olduğu bölgə müxtəlif tarixi dönəmlərdə urartular, kimmerlər, iskitlər, medlər, parslar, parfiyalılar, romalılar, sasanilər, ərəblər, səlcuqlular, bizans, moğollar, ilhanilər və səfəvilərin hakimiyyəti altında olub. 1514-cü il ildən etibarən Ərzurum Osmanlı hakimiyyətinə keçib və XX əsrin əvvələrində başlamış milli mücadilə tarixinə mühüm töhvələr verib. Milli mücadilə hərəkatının başlanma tarixi hesab olunan 23 iyul 1919-cu il konqresi Mustafa Kamal Atatürkün rəhbərliyi altında Ərzurumda keçirilib.1923-cü ildən Ərzurum Türkiyə Cümhuriyyətinin tərkibinə qatılıb. Ərzurum adının etimologiyası ilə bağlı tarixi mənbələrdə maraqlı məlumatlar var. İndiki Ərzurum şəhərinin yerində tarixin müxtəlif kəsimlərində Karin, Karna, Garin, Kornoi, Kalai və Karnak şəklində səsləndirilən şəhərlər mövcud olub. Ərzurum ovalığının qərb hissəsində Ərzən, Ərzəron adlı şəhərin mövcud olduğu iddia olunur. Bizans imperatorlarından II. Teodosious (e.ə. 408-450) zamanında şərqdən gələn iranlıların hücumlarının qarşısını almaq üçün Ərzurum ovalığının yaxınlığında bir təpəlik üzərində qala inşa olunur, qala içərisindəki şəhərə isə imperatorun şərəfinə “Teodosiopolis” adı verilir. Bugünkü köhnə Ərzurum adlandırılan şəhərin bu şəhər olması ehtimal olunur. Bizans qaynaqlarında Teodosipolis adlandırılan şəhər sonradan ərəblər tərəfindən “Kalikala” adlandırılmışdır. Bu ad ərəbcədən “Kalinin ehsanı” anlamına gəlir. Ərəb tarixçilərindən olan Balazuri (892-cı il) bu adın tarixini belə izah edir: Bizans öz dövründə bölgəni ələ keçirmiş hökmdarın xanımı Kalinin təşəbbüsü ilə şəhər salınmış və Kaliqala adlandırılmışdır.1048-ci ildə Şərqi Anadolunu fəth etmək üçün Bizans topraqlarına girən Səlcuq türkləri Yinal oğlu İbrahim bəy rəhbərliyi altında ovalığın qərbindəki Ərzən şəhərini zəbt edirlər. Müharibə nəticəsində şəhər dağılır, sağ qalanlar Kaliqala şəhərinə sığınırlar. Dağılmış şəhər türklər tərəfindən Qara Ərzən adlandırılır. Xalq arasında zamanla bu ad Qara Arza, Qara Arz və nəhayət, Qaraz şəklində səsləndirilir və yaddaşlarda qalır. Ərzurumla əlaqədar müxtəlif tarixi mətnlərdə, kitabələrdə və kəsilmiş pulların üzərində Ərzi-Rum, Ərzənir-Rum adları əks olunub. Ərzurum adı bu formaların xalq dilində formalaşaraq günümüzə qədər gəlib çıxmışdır.
Ərzurum bütün tarixi dövlərdə ciddi siyasi hadisələrin mərkəzində olmuşdur. Bunun səbəbi yerləşdiyi əlverişli coğrafi məkanla bağlıdır. Əhəmiyyətli ticarət və hərbi yolların üzərində yerləşir, zəngin su mənbələrinə malikdir, coğrafi baxımdan strateji müdafiə imkanlarına malikdir. Dağ silsiləsində yerləşdiyi üçün qış aylarında sərt iqlimi var, qışı uzun və sərt, yaz-yayı isə qısa, amma isti keçir. İldə ən soyuq ay ortalaması, -8.6 C, ən isti ay ortalaması 19.6 C, ən aşağı istilik -35 C və ən yüksək istilik isə, 35 C ölçülür. İllik yağış norması 453 mm.-dir. Ən az yağış qış fəslində düşür. Qışda yağıntılı günlərin sayı 50, qar örtüyünün yerdə qalış müddəti 114 gündür. Ən yağışlı fəsil yaz və yay mövsümləridir.Təbii iqlim amillərinin üstünlüyü bu bölgənin kənd təsərrüfatı üçün geniş imkanlar açır, əhalinin əsas məşğuliyyəti əkinçilik və hevvandarlıqdır. Hazırda Ərzurum inzibati bölgü baxımdan “il” (Türkiyədə inzibati bölgü forması ) adlanır və onun sahəsi 25.066 km² -dir. Böyüklüyünə görə, Konya, Sivas və Ankara “il”lərindən sonra Türkiyənin dördüncü böyük ili hesab olunur. Ərazisinin böyük bir hissəsi dağlıqdır, əksər hissəsi dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə yerləşir. Koroğlu dastanı boylarından tanış olan Palantökən dağ silsiləsi Ərzurumun böyük bir hissəsini öz əhatəsinə alır. Hazırda Ərzurum ili üçü mərkəz “ilçə” (Türkiyədə inzibati bölgü forması) olmaqla ümumi 20 ilçəyə bölünür. 2009-cu ilin hesablamalarına görə, 774 min 207 nəfər əhalisi olan Ərzurumun 966 kəndi var və 35 bələdiyyə tərəfindən idarə olunur. Əhalinin 59,7 faizi şəhərdə, 40,3 faizi isə kəndlərdə məskunlaşıb. Ərzurum tarixən mənəvi əhəmiyyətə malik olan bir şəhər olub. Qoşa Minarəli Mədrəsə, Yaqutiyyə Mədrəsəsi, Lələpaşa məscidi, Saat Kuləsi, Üç Kümbətlər mədrəsəsi, Rüstəmpaşa dərsxanası Ərzurumun ən tarixi dini tədris ocaqları olub. Bütün bu sadaladığım faktları Ərzurumun istənilən küçələrində öz gözlərimlə görürdüm.
Növbəti yazımızda Ərzurumun qədim kəndlərindən biri olan Qorucuq kəndi haqqında danışacaq, hörmətli Fətullah Gülənin ilk məktəbə getdiyi təhsil ocağı, qardaşı və əmisi oğlunun onun haqqında kövrək xatirələrini vərəqləyəcəyik.
- tarixində yaradılmışdır.