Üzərində Günəş batmayan yolun yolçuları

Bəlkə də kimsə təəccüblənəcək, bu adı haradan tapmışıq deyə. Amma heç narahat olmasınlar, bizim kəşfimiz deyil, bu ad ingilislərin başının altından çıxıb.

Bəlkə də kimsə təəccüblənəcək, bu adı haradan tapmışıq deyə. Amma heç narahat olmasınlar, bizim kəşfimiz deyil, bu ad ingilislərin başının altından çıxıb. Bir zamanlar dünyanın çox sayda ölkəsini işğal edən ingilislər xəritədə Şərqdən Qərbə, Şimaldan Cənuba doğru dünyanın böyük bir hissəsini ingilis dövlətinin rənginə boyayırdılar və məktəblərində də  təbliğat aparırdılar ki, ingilis dövlətinin üzərində Günəş batmır. Daha doğrusu, bir tərəfində batanda o biri tərəfində yenicə doğur. Biz də kiçik bir söz oynaması ilə həmin bənzətməni yazımıza ad seçdik.

Bir vaxtlar dünyanı silahla işğal edirdilər. Sonra da pulla hökm eləməyə başladılar. Bu saydıqlarımız hələ də qüvvədən düşmüş deyil, amma son illərdə dünya yeni və daha cazibədar güclə tanış olub. Özü də bu güc əvvəlkilərdən daha üstün və təsirli görünür. Bu yeni güc nə puldur, nə də silah, əslinə qalanda indi dünyanı heç işğal etmək də mümkün deyil. İndi dünyanın supergücləri ən zəif ölkələrin belə kürəyini yerə vura bilmir. Xalq öz ürəyində təpər tapdımı, vəssalam, daş-kəsəklə də olsa silahlanıb, düşmən qabağına çıxa bilir. Zor zamanı deyil, dürüstlük zamanıdır, səmimiyyət zamanıdır. İndi dünyanın uzaq-uzaq ölkələrində tanımadığın xalqların, yad evlərin qapılarını açmaq, könülləri fəth etmək mümkündür. Bu da ancaq elmlə, mədəniyyətlə, mərifətlə mümkündür.

Qarabağ ağrısı illərdən bəridir infarkt kimi ürəyimizin başında od tutub yanır. Sərhədlərdə atəş səsləri kəsilmir, yenə ölənimiz, şəhid olanımız var... Qaçqınlıq, köçkünlük, illərdən bəri burulğan içindəymişik kimi qurtula bilmədiyimiz və ildən-ilə miras qalan dərdlər, çözülməyən problemlər... “İnşallah, bu yaz dönərik” arzuları hələ də gözlərdə yaşa dönür...

Bu il yaz gələndə çaylarımız da daşıb neçə-neçə kəndimizi, şəhərimizi basdı. Qırğızlar silah götürüb özbəkləri qırdılar, PKK daha çox cana qıydı, yəhudilər Fələstinə humanitar yardım aparan gəmilərə basqın edib insanları öldürdülər, yaraladılar, girov götürdülər... Ağrımağa, ağlamağa o qədər dərd var ki... Amma bütün bu ağrıdan, ağladan, içimizi göynədən hadisələrin fonunda ruhumuza təsəlli olan möhtəşəm hadisələr də yox deyil. Türkiyədə keçirilən VIII Türkcə Olimpiadası bizim sabaha ən ümidli, inamlı baxışımız, gələcəyin də bizə ən böyük vədidir. Bir vaxtlar deyirdilər ki, XXI əsr türk əsridir. Etiraf edim ki, bəzən ürəyim sıxılanda bu sözün yalnız quru bir şüardan ibarət olduğunu da düşünməmiş deyiləm, ancaq VIII Türkcə Olimpiadasında görünən mənzərələrə baxarkən həmin düşüncəmə görə utandım və inandım ki, həqiqətən də, XXI əsr türk əsridir.

Adını ilk dəfə eşitdiyimiz hansısa bir Afrika ölkəsindən gəlmiş qaradərili bir qız Türkiyə türkcəsində "Gülpəmbə" mahnısını oxuyur. Dünyanın 120 ölkəsindən gəlmiş 700-ə yaxın məktəbli türk dilində şeir, mahnı, qiraət müsabiqəsinə qatılır. Özünü türk hesab edən hər kəs üçün bundan böyük qürur qaynağı göstərə bilmirəm. Bəli, onlar sənin dilini, sənin mədəniyyətini öyrənir və təbliğ edirlər. Görünür, böyüklük elə bu duyğularla başlayır. Bizim bu hissə, bu ovqata nə qədər də ehtiyacımız var!

Təsəvvür edirsənmi, dünyanın harasına gedirsən-get, orada türk dilində danışan, oxuyan insanlar görəcəksən. Həm də onlar türk deyillər, yerli xalqın nümayəndələridir.

Bu gün istər Türkiyə, istərsə də Azərbaycan beynəlxalq miqyasda bir çox mühüm problemlərlə üz-üzə qalıblar. Heç uzağa getməyək: torpağımız bədxah qonşularımız tərəfindən işğal edilib, dünya həqiqəti görmək istəmir. Bəlkə də görür, gördüyünü söyləmək istəmir, özünə sərf eləyəni söyləyir. Səbəb nədir, bilirsinizmi? - dünyanın böyük ölkələrinin əksəriyyətində bizə dost olmayanlar çoxdan yuva qurublar, lövbər salıblar.

Təsəvvür edin ki, dünyanın 120 ölkəsinin hər birində 400-500 yerli kadr sənin dilini bilir, mədəniyyətindən xəbərdardır, təəssübünü çəkir. Əslində dünyanın harasında olursa-olsun, türk liseylərində yetişən gənclər Türkiyənin də, onun dostlarının da potensial tərəfdarı, müdafiəçiləridir. O uşaqlar böyüyüb ölkələrində, beynəlxalq təşkilatlarda, BMT-də yüksək post tutacaqlar və Türkiyənin, eləcə də onun tərəfdarlarının haqqını müdafiə edəcəklər.

Türkiyə ilə Azərbaycan diaspor təşkilatlarının əməkdaşlığı haqqında rəsmi dairələrdə görüşlər keçirilib, razılıq əldə edilib. Biz bir-birimizin maraqlarını qorumalı, bir-birimizə dəstək olmalıyıq. Təkcə təhsil deyil, bizi birləşdirən hər işdə birgə addım atmalı, tarixin bizə verdiyi bu misilsiz fürsəti dəyərləndirməliyik. Bu mənada həmin türk liseyləri həm də Azərbaycanın maraqlarını müdafiə edən təşkilatlar mövqeyindədir. Və biz bu imkandan gücümüz yetdiyi qədər yararlanmalıyıq. Amerika, Asiya, Afrika qitələrində fəaliyyət göstərən həmin türk liseylərində Türkiyə ilə yanaşı Azərbaycan da təbliğ edilməlidir. Bunun üçün də biz Türkiyə ilə aradakı bəzi fərqləri bir tərəfə buraxıb ortaq dəyərlərdən çıxış eləməliyik.

Sevindirici haldır ki, bu gün həmin liseylərdə çalışan azərbaycanlı mütəxəssislərin sayı onlarladır. Həmin mütəxəssislər getdikləri ölkələrdə türk liseylərinin yüksək keyfiyyətlərini nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanı təmsil edirlər. Vaxtilə bu karvana qoşulmuş ilk azərbaycanlılardan olan Gülnar xanım dünyasını dəyişəndə dünyanın yüzdən çox ölkəsindən onun ailəsinə başsağlığı mesajları gəldi. Onu doğulduğu Göyçay rayonunda dəfn elədilər. Gülnar xanım İraqda müəllim işləmişdi, qismət olsaydı, dünyanın ən ucqar ölkələrinə də gedib orada çalışmağı belə planlaşdırmışdı. Amma olmadı.

Dünyanın dörd bir tərəfinə yayılmış türk liseyləri bu işə ömrünü fəda etmiş könül insanlarının misilsiz fədakarlığı ilə bu qədər böyük uğurlar əldə edə bilir. Bir örnək söyləyək, özünüz hər şeyi təsəvvür edin: uzaq, yad ölkələrdən birində türk liseyi yenicə fəaliyyətə başlayıb. Dərsdən sonra binada ciddi işlər görülür, təmir-abadlıq işləri aparılır. Liseyin müdiri Ərcan bəy kabinetində oturub işlədiyi yerdə müəllimlərdən biri təlaşla içəri girir:

- Ərcan bəy, bir şagird ikinci mərtəbədən yıxılıb öldü.

Dünya bir anda Ərcan bəyin başına yıxılır. Onsuz da bu liseyin açılmaması üçün çoxları çalışırdılar. Yəqin ki, artıq hər şey tamamlandı.

Direktor bir tərəfdən o xəbərin ağırlığı, bir tərəfdən də bu düşüncənin üzüntüsü ilə gözüyaşlı halda hadisə yerinə qaçır. Adamları aralayıb yerdə uzanan cansız körpəyə baxır və belə deyir:

- Əlhəmdülillah, bizim uşaq imiş...

Düşünəndə belə insan heyrətini gizləyə bilmir. Bu anda Ərcan bəy bir ata olmaqdan daha çox bir liseyin müdiri idi. Hər halda seçimi belə idi və təsəllisini onda tapırdı ki, şikayətçi olmayacaq və kimsə liseyi bağlaya bilməyəcəkdi.

Aradan illər keçəcək və Ərcan bəyin açdığı o liseydə yetişmiş şagirdlərdən biri Türkcə Olimpiadasında qalib gəlib qızıl medal alacaq. Bütün bunlar gələcəkdə baş verəcəkdi, indi isə Ərcan bəy övladının cansız cəsədi başında dayanıb bir ata kimi nə qədər sarsılsa da həyatını sevgiyə, dostluğa, insanlığa həsr etmiş bir müəllim kimi təsəlli tapırdı ki, kimsə şikayət edib onun açdığı bu yeni təhsil ocağını bağlatdıra bilməyəcək.

VIII Türkcə Olimpiadası Ankaradan canlı yayınla bütün dünyaya nümayiş etdirildi. On gündən artıq davam edən bu səvgi, dostluq yarışmalarına qatılan uşaqlar türk rəqsləri ifa elədilər, bu dildə şeirlər, mahnılar oxudular. Bir almanın, amerikalının, ingilisin, ərəbin, çinlinin, koreyalının, yaponun türk dilində şeir oxumasını dinləmək bir Azərbaycan türkü olaraq mənə qürur verdi. Həmin şagirdlər təhsil aldıqları məktəbdən, onlara dərs deyən müəllimlərdən fərəhlə danışdılar. Aradabir kameralar salona çevrilir və insanların göz yaşları diqqəti çəkirdi. Bu mənzərədən qürur hissi duyan insanlar əslində heç göz yaşlarını gizləmək də istəmirdilər. Türkiyənin Prezidenti də, Baş naziri də, Parlament sədri də, nazirləri də, millət vəkilləri də bu mənzərənin həm Türkiyə, həm də bütövlükdə türk dünyası üçün ən möhtəşəm nailiyyət olduğunu xüsusi vurğuladılar.

Mən də göz yaşımı saxlaya bilmədim, o mənzərədən mən də qürur hissi yaşadım, köksüm genişləndi. Qələbənin, uğurun nə olduğunu mən də bütün detallarına qədər ruhumda hiss elədim. Niyə hər şey ingilisin, fransızın, almanın adı ilə bağlanmalıdır axı? Artıq dünya bizi də tanısın. Bu yer kürəsində biz də varıq, həm də bu dünyaya öyrədəcək elmimiz, hər kəslə paylaşılacaq tərbiyəmiz, əxlaqımız, hər kəsə də söyləyəcək sözümüz var.

Bu liseydə çalışan o fədakar insanlar bütün bəşəriyyətə isbat elədilər ki, dünyanın ən gözəl peşəsi müəllimlikdir. Müəllim sevgidir, sərvətdir, biliyini, ürəyini paylaşmaqdır. Uşağın ilk dəfə həyata baxışını da formalaşdıran müəllimdir.

Hərdən fikirləşəndə ağlıma nə gəlir, bilirsinizmi? - Bu gün dünyada baş verən kütləvi qırğınlar, müharibələr hamısı müəllimlərin xətasıdır. Daha doğrusu, müəllimsizliyin nəticəsidir. Əgər bir müəllim öz şagirdinə sevgi təlimi verə bilsə, insanları sevdirməyi bacarsa, dünyada müharibə olmaz. Vicdanı sızlamadan düyməyə basan, sonra da bir şəhərin bir göz qırpımında alova bürünməsinə tamaşa edən birisi insan deyil, vəhşidən də betərdir. Beləsinin müəllimi şeytan, məktəbi cəhalətdir. Dünyanın sevgiyə, səmimiyyətə ehtiyacı var.

Bu düstur bir dəfə ifadə olunub və hər kəs tərəfindən də qəbul edilib: Biz bir millət, iki dövlətik. Vəssalam! Bu məsələ bu şəkildə də qəbul edilməlidir. Türkiyə türkü ilə Azərbaycan türkünün fərqi “ir”lə “yor” qədərdir. Gərək qısqanmayaq, Türkiyənin qazancı Azərbaycanın qazancıdır, Türkiyənin uğuru Azərbaycanın uğurudur. Bizim sevincimiz də, kədərimiz də ortaqdır. Böyüklərimiz türk ulusuna dildə birliyi, əməldə birliyi vəsiyyət edib. Biz də o nəsihəti, o ağsaqqal sözünü tutub işıqlı gələcəyimiz naminə bu sevgi karvanında öz yerimizi tutmalıyıq. Bizim kökümüz bir olduğu kimi gələcəyimiz də eyni səmtə, eyni istiqamətə yönəlməlidir. Bu istiqamət bizi böyüklüyə aparacaq və üzərində Günəşin batmadığı böyük bir dilin, büyük bir yolun yolçusuna  çevirəcək. Nə mutlu bu yolun yolçularına!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.