Nə onunla başladı, nə onunla bitər...
Bu iman mücadiləsi nə Fətullah Gülənlə başladı, nə də onunla bitər. Uca Yaradan (c.c) "Qurani-Kərim"də haqq dinin əleyhinə yönəlmiş bütün addımların iflasa uğrayacağını açıq şəkildə vəd edərək dünyanın sonuna qədər son din İslamiyyətin var olacağını müjdələyir.
Bunlar İlahi İradəyə aid məsələlər olduğu üçün çox müdaxilə edə bilmərik, bizim əsas məsələmiz Allahın bəndələridir. İllərdən bəri bir qrup Gülən Fəaliyyətinə "dövlətə qarşı alternativ", "şəriət dövləti qurma təşəbbüsləri", "dünyəvilik düşmənçiliyi" kimi saysız-hesabsız ayamalar taxmaqla minlərlə insanın irşadına əngəl törədir, cəmiyyəti çaş-baş salmaq istəyirlər. Özü də bütün bunlar o halda səslənir ki, Gülən Fəaliyyətinə aid bütün məqamlar ictimaiyyət üçün açıqdır, nə məktəblər gizlədilir, nə onların maliyyə qaynaqları pərdələnir, nə də Fəaliyyətə yaxın olan qurumların fəaliyyəti. "Qorxası, gizlədəsi bir şey yoxdur, kim nəyə istəyir gəlsin, baxsın" - deyirlər. İllərdir elə şübhəsi olanlar, inanmayanlar gedib baxıb yazırlar, Fətullah Gülənin otağına qədər girirlər, sonda inanırlar.
Son dövrlər qərb mətbuatında Fəthullah Gülən haqqında çap olunmuş yazılar bunu göstərir. Amma belələri arasında nədənsə həmsoylularımızın imzası xeyli azdır. Bu da bizim ziddiyətimiz: əcnəbilər bizi daha yaxından tanımaq istəyirlər, biz isə Günəşi görmək istəmirik. Məncə, şübhələnənlərin əksəriyyəti məsələnin fəlsəfəsini anlamaqda çətinlik çəkir. Asan deyil, ömründə bir yetimə bir tikə verməyənlər dünyanın dörd bir yanına yayılıb ömrünü başqaları üçün şam kimi əridənlərin, tikəsini başqaları ilə bölənlərin və övladının gələcəyindən başqa bir fikri-zikri haqqında təsəvvürü olmayan Amerikada, Afrikada, uzaq ölkələrdə yad balalarının istiqbalı üçün mübarizə aparanların ruhunu anlamırlar... Amma tarix bütün şübhəli sualların cavabını mükəmməl verən ən ideal müəllimdir, İslam tarixinə bir göz yetirsələr, bunun kimi saysız-hesabsız fədakarlıq nümunəsi ilə rastlaşarlar.
Mahiyyət və məzmunca böyük bir hadisə olan Fəaliyyətə sırf maddi aspektdən baxmaq bu insanları çaşdıran ən əsas məqamdır. Əksinə, hövsələsini bir hovur basıb İslam tarixinin bəzi dönəmlərinə baxsalar görərlər ki, bütün dövrlərdə İslamı yaşadan, təmsil edən, yeni nəsillərə çatdıran böyük simalar var. Fəthullah Gülən sadəcə olaraq tarixi ənənənin davamıdır. Həm də yuxarıda haqqında danışdığımız İlahi Vədin biz görməyən tərəfidir: Allah Rəsulundan sonra bütün əsrlərdə böyük alimlər, övliyalar, mütəfəkkirlər əta edərək İlahi missiyanı onların vasitəsi ilə qoruyub, bütün tarixi dövrlərdə dahilər yetirərək bu dini yeni nəfəslə canlandırmağa rəvac verib. Bu yolda Fətullah Gülən nə birincidir, nə də sonuncu. Allah Rəsulunun buyurduğu kimi: "Allah bu dini facir bir kimsə ilə də gücləndirər". (Buhari, Cihad 182).
Qısa misallar: Allah Rəsulu dünyadan köçəndən dərhal sonra yüz minə yaxın səhabələrimiz Yaradanın uca adını dünyanın bütün ucqar yerlərinə apardılar. Bu gün dünyanın elə ucqar ölkələrində İslamın izlərinə rast gəlinir ki, heyrət etməmək mümkün olmur. Məhz bu, əsrlər əvvəl oralara gedib çıxmış, amma bu gün izləri də qalmayan səhabələrimizin xidmətinin nəticəsidir. Buna inanmayanlar İstanbulun qala divarlarının dibində yatan səhabə qəbirlərinə bir baxsınlar. Özünü yetmiş yaşında ata sarıtdırıb Konstantinopola qədər varan və bu böyük şəhər uğrunda gedən döyüşlərdə şəhid düşən Əyyub Ənsarı həzrətləri məgər bu gün bizim üçün canlı tarix deyilmi? Bu yaxınlarda Ağdaşın Pirkəkə kəndində bir ağsaqqaldan eşitdim. Kəndin əksər əhalisinin soyadı Abdullah soykökü ilə bağlı idi. Həmin ağsaqqalın yaddaşından: "Eşitdiyimə görə, əsrlər əvvəl xəlifə Ömərin vaxtında buraya Abdullah adlı bir nəfərin rəhbərliyi ilə ərəb ailələri köçürülür və Allahın dini bu şəxs vasitəsi ilə Şirvan bölgəsinin böyük bir hissəsində yayılır". Nə bilmək olar, qocanın Abdullah deyə andığı o haqq dostu hansı səhabə, hansı övliya olub? Əziz səhabələrimiz dünyanın dörd bir yanında iman davasını apararkən İslam tarixində məzhəb alimlərinin dövrü başlamışdı. İslamı ilk dəfə elmi cəhətdən formalaşdıran dörd alimin dövrü.
İmam Malik bin Ənəs. 711-ci ildə dünyaya gələn bu böyük alim fiqh elminin inkişafında mühüm rol oynadı və onlarla tələbələr yetişdirdi. Sırf Allah Təalanın razılığını qazanmaq üçün elm öyrəndi, ömrü boyu təqva yolunu tərk etmədi. Onun fikrincə elm bir nurdur və ancaq huşu və təqva sahibi qəlblərdə qərar tuta bilər.
Digər alim... İmam Məhəmməd Əbu Hənifə adı ilə tarixə düşmüş böyük alim. Əməvilər dövründə yaşayaraq miladi 700-767- ci illərdə Allahın dininə xidmət elədi və bu həqiqətləri minlərlə insana çatdırdı. Böyük imamın haqq rəhmətinə qovuşduğu 767-ci ildə indi hələ də mübarizə səngiməyən Qəzzada dövrün ən böyük müctəhid imamlarından biri - Şafi doğuldu. Kiçik yaşda elmə bağlanan İmam Şafi yeddi yaşında Qurani-Kərimi, on yaşında İmam Malikin "əl-Muvatta" adlı hədis kitabını əzbərləmiş və on beş yaşında fətva alimi səviyyəsinə çatmışdı. Şafininin bənzərsiz qavrayış və üstün zəkasını nəzərdə tutan İmam Malik ona belə tövsiyə vermişdi: "Məhəmməd! Allahdan qorx, günahdan çəkin. Çünki mən sənin böyük bir şəxsiyyət olacağını ümid edirəm. Allahın könlünə lütf etdiyi nuru günahlarla söndürmə". Tələbləri onun haqqında deyirdilər: "Biz ayə təfsir edəndə, elə şövqlə danışırdı ki, elə bil həmin ayənin nazil olmasını öz gözləri ilə görmüşdü". Böyük alim əvəzsiz elmi xidmətləri ilə yanaşı İslam tarixinə qızıl hərflərlərlə yazmış Əbu Yaqub Yusuf b. Yəhya əl-Büveydi (Ö. H. 231), Əbu İbrahim İsmail b. Yəhya Əlimizəni (Ö. H. 266), Əbu Məhəmməd ər-Rəbi b. Süleyman b. Abdilcabbar əl-Muradi (Ö. H. 270), Harmələ b. Yəhya b. Harmələ (Ö. H. 266), Məhəmməd b. Abdillah b. Abdilhakim kimi alimlər yetişdirdi.
780 - 855-ci illərdə İslamın təbliği, onun elmi əsaslarının formalaşdırılması böyük alim Əhməd Bin Hənbəlin çiyinlərinə düşdü. Bir müddət İmam Şafinin tələbəsi olmuş bin Hənbəl hədis elminin inkişafında özünəməxsus rol oynadı. İmam Şafi onun haqqında belə demişdi: "Mən Bağdaddan ayrıldım və orada Əhməd bin Hənbəldən elmli və fəzilətli kimsə buraxmadım". Dövrünə görə müsəlmanlar arasında böyük etibar, hörmət qazanmış bin Hənbəl hədis sahəsində onlarla tələbələr yetişdirmiş və İslamın adını ucaltmışdı. Ən məşhur tələbələri Əhməd b. Məhəmməd əl-Əsrəm (ö. 273/886), Abdülməlik b. Abdillah b. Mihran (ö. 274/887), Əhməd b. Məhəmməd b. əl-Haccac (ö. 275/888) Əbu Bəkir əl-Hallal (ö. 311/923) Əhməd b. Hənbəlin elmini əxz etmək üçün var-gücü ilə çalışmış, bu məqsədlə səyahətə çıxmış və bir çox kitab təlif etmişdirlər. (Əbu Zəhra, İslamda Fikhi Məzhəblər Tarixi, Tərc. Abdulqadir Şener, İstanbul 1976, s. 499, 500). Tələbələri arasında son nəfəsinə qədər İslama ləyaqətlə xidmət etmiş övladları Saleh (ö. 266/879) və Abdullah da (ö. 290/903) var. Onlar da ata Hənbəlin fiqh irsinin gələcək nəsillərə çatdırılmasında böyük rol oynayıblar.
Dörd böyük məzhəb imamından sonra İslamda İntibah dövrü - hədis alimlərinin dövrü başlayır. Belə alimlərdən İmam Buxari, İbn-i Macə, Əbu Davud Süleyman, İmam Müslim, İmam Tirmizi, İmam Nəsai və İbn Hacər əl-Askalani IX əsrin əvvələlərindən XV əsrin sonuna qədər İslam elminin inkişafına böyük töhfələr vermişdi, IX əsrdən başlayaraq İslam inancı ilə yetişən mütəfəkkirlər isə haqq dinin dünya elm və sivilizasiyası ilə əlaqələrini təmin etmişlər. Belə mütəfəkkirlərdən Ibn-i Haldun, Süleyman Çələbi, Memar Sinan, Mehmet Akif Ərsoy, Məhəmməd İqbal, Həsən ən-Nədvi, Nəcib Fazil, İsmail Hakki İzmirli, İmam Zühri, Osman Yüksəl Sərdəngeçti və Sədi Şirazi kimi simalar ədəbiyyatdan fəlsəfəyə, memarlığa, coğrafiyaya, kimyaya, fizikaya qədər bütün elm sahələrində İslamın şöhrətini artırmış, elmi xidmətləri ilə dünyaya tanıtdırmışlar. Mütəfəkkirlər elm sahələrini inkişaf etdirərkən övliyalar zənciri insanların Yaradanla münasibətini, mənəvi kamilləşməsini təmin etdilər. Hələ də inanan insanların dünyasında öz mənəvi təsirini qoruyub saxlamış Mövlanə Cəlaləddin Rumi, Haci Bektaş Vəli, Yunus Əmrə, Əziz Mahmud Hüdayi, Şəmsəddin Əhməd Sivasi, Sivasi Əbdülməcid Əfəndi, İbrahim Haqqı Əfəndi, Səid Paşa Həzrətləri, Molla Gürani, Əbdülhakim Arvasi həzrətlərinin adlarını xatırlatmaq yetərlidir. Bu böyük zatlar hələ də minlərlə insanın Allaha yaxınlaşmasına vəsilə omaqdadırlar. Belə bir məqamda oxucu haqlı olaraq soruşa bilər ki, İslam tarixində onlarla məşhur alim, onların yetişdirdiyi tələbələr və onların da kölgəsində boy verən şəxsiyyətlərinin adı bu siyahıda niyə yoxdur? Var, bu gün İslam alimlərindən danışarkən Ömər b. Əbdüləziz, Həsən Bəsri, Ağşəmsəddin, Əbu Yusif, Həsən eş-Şeybani, İmam et-Tabəri, İmam Maturidi, İmam əl-Əşari, İmam Qazzali, Muhyiddin Ərəbi, Kurtubi, İbni-Abidin və ötən əsrdə yaşayıb minlərlə insanın qəlbində iman nurunu şölələndirmiş Bədiüzzaman Səid Nursi, Süleyman Hilmi Tunahan, Mustafa Sabri əfəndi, Mehmed Zahid Kotku, Mövdudi, Həsən Əl-Bənna, Seyyid Qutubi, Ömər Nasuhi Bilmən, Məhəmməd Hamidullah kimi alimləri necə unutmaq olar?! XXI əsrdə rahatca əyləşib bu şəxsiyyətlərin adlarını sadalamağa nə var ki... Onların ac-susuz, məşəqqət dolu günlərini Allah davası yolunda zindanlara atıldığını, diyar-diyar sürgünə göndərildiyini, təssüf ki, bu günün pəncərəsindən sadəcə olaraq təsvir etmək mümkün deyil. Bir fikir adamının dediyi kimi, biz onları görsəydik "dəlisiniz" - deyərdik, onlar bizi görsəydilər nə deyərdilər? Bunu da siz düşünün. Əgər vaxt tapıb bu böyük insanların fəaliyyət xronologiyasını araşdıran olsa görər ki, Yaradan İslamı bəşəriyyətə bəxş edəndən indiyə kimi hər əsrdə saysız-hesabsız alimlər yetişmiş, İslamın keşiyində durmuşlar.
Sadəcə, dövr fərqlidir, o dövrdə alimin, bəlkə də, ən böyük missiyası əsər yazmaq, mədrəsə açıb tələbə yetişdirmək, camaat namazlarına rəhbərlik etmək olubsa, indi iman mübarizəsinin əsas təmsil metodları müasir təhsil kompleksləri qurmaq, ilahi həqiqətləri irqindən, dinindən asılı olmayaraq hər kəsə çatdırmaq, bunun üçün müxtəlif tədbirlər, konfraslar, olimpiyadalar keçirməkdir. Böyük fikir adamının dediyi kimi "dövr təmsil dövrüdür". Təmsil etmək təbliğdən də çətindir. Amma bütün bunların hamısı bir məqsədə xidmət edir: Allah rızasını qazanmağa
Zəmanəmizin böyük fikir adamı bu barədə son söhbətlərinin birində deyir: "Bir vaxtlar müəyyən qədər təşviqlərim, tövsiyələrim oldu. Ancaq bu fəaliyyət təşviqlərimin on qatına çatdı. Mənim bu işə aidiyyətim yoxdur. Düşünürəm ki, fikir planında da olsa, bu məsələnin, bu fəaliyyətin onda birinə sahiblənmək bu böyük yola qarşı hörmətsizlik olar, o qədər insana hörmətsizlik olar, saymamazlıq olar. Qoy haqsızlıq edən eləsin, haqqı görməyən görməsin. Bütün millətə aid olan, bütün millətin təmsil etdiyi, milli mücadilə sevdası ilə yürüdülən bir fəaliyyət haqqında qoy "bəzi adamlar ciddi müdaxilə edirlər" desinlər. Bu məsələdə bir günah varsa, o da onların ictihad xətasına aiddir. Mən həmişə yoldaşlara deyirəm: bu "dövrün hadisəsi"dir". ( www.fgulen.az "Bu fəaliyyət dövlətə alternativdir?" 21.06.2010).
Sonda "Allah bu dini facir bir insanla da gücləndirər." Bu yolda Fətullah Gülən nə birincidir, nə sonuncu, bu iman davası nə onunla başladı, nə də onunla bitər. Fətullah Gülən öz tarixi-mənəvi missiyasını oynamaqdadır, ondan sonra Allahın izni ilə bu yükü başqa birisi götürəcək...
- tarixində yaradılmışdır.