Dialoqun yeni imici: turkcə olimpiyadaları

Anlayış, könül, fərqlilik, gənclik, ümid, aydınlıq, dioloq, xoşgörü, yarışma, paylaşma, bərabərlik, uzlaşma, mədəniyyət, etibar, insan, sülh, səmimiyyət, yardım, sevinc, hörmət, ünsiyyət, dostluq, hüzur, sevgi, tanışlıq, birlik, həyacan, inkişaf, gələcək, yaxınlıq, coşğu və nəhayət "eyni dili danışırıq". Bütün bu anlayışlar səkkiz ildir Türkiyədə keçirilən olimpiyadaların təməl fəlsəfəsini göstərir. Olimpiyadada qonaq qismində iştirak etmək üçün sətirlərin müəllifinə dəvətnamə təqdim ediləndə ilk diqqətimi çəkən zərfin üstünə həkk olunan bu anlayışlar oldu. İlk dəfə iştirak edəcəyim olimpiyadaların belə böyük fəlsəfi yük daşımasını elə o an anlamışdım. Bütün dünyanın möhtac olduğu bu anlayışları aydın şəkildə görmək üçün mayın 28-də qardaş ölkənin yolunu tutdum..

..belə başlayıb...

2003-cü ildə ilk dəfə "Əcnəbilər üçün türkcə yarışı" adı ilə başlamış və sonradan Beynəlxalq Türkcə Olimpiyadaları adlandırılmışdır. Bu mədəniyyət mübadiləsi ilk dəfə 17 ölkənin iştirakı ilə start götürüb. Bir il sonra bu beynəlxalq yarışma 21 ölkə nümayəndələrinin iştirakı ilə keçirilib. 2005-ci ildə iştirakçı ölkələrin sayı iki dəfə artaraq 42-ə çatıb. 2006-cı ildə iştirakçıların sayı 83-ə, 2007-ci ildə 100-ə, 2008-ci ildə 108-ə, ötən il 115-ə və nəhayət bu il 120 ölkəyə çatdı. Yarışların inkişaf dinamikası göstərir ki, ildən-ilə türkcə olimpiyadaları iştirakçı sayını artırmaqla yanaşı, mahiyyət və keyfiyyət baxımından da güclənir. Məsələn, ötən ildən iştirakçı ölkələr regional kateqoriyalar üzrə bölünüb ki, bu finala çıxmaq üçün səs almış ölkələrin ədalətli seçiminə imkan yaradır. Sadə dillə desək, bir Afrika ölkəsindən gəlmiş iştirakçının azərbaycanlı ilə rəqabət aparmaq imkanları mümkün olmadığı üçün artıq afrikalı öz regionundan olan iştirakçılarla, azərbaycanlı isə türkmən, qırğız, qazax həmkarları ilə mübarizə aparır. Axı, böyük maddi mədəniyyətin bir parçası olan dillər öz leksik, frazeoloji imkanlarına görə bir-birindən kəskin fərqlənir. Olimpiyadaların təşkili sisteminin ildən-ilə asanlaşdırılması yalnız xoş niyyətə xidmət edir. Olimpiyadaların davam etdiyi günlərdə əslində hər kəsin də dediyi kimi, məğlub olan yoxdur, hamı qalibdir.

Ədalət naminə deməliyəm ki, səkkiz il belə çətin, bütün məqamları insana bağlı olan bir xoşməramlı yarışmanı davam etdirmək asan məsələ deyil. Hətta bu gün güclü ölkələri birləşdirən beynəlxalq təşkilatlar var ki, ildə bir dəfə toplantılarını keçirməkdə çətinlik çəkirlər. Belə olan halda, ayrı-ayrı materiklərdən 120 ölkəni bir araya gətirmək, on iki gün ərzində onların qayğısına qalmaq möhkəm iradə, böyük səy, fədakarlıq və bir də insana böyük sevgi tələb edir.

Lakin elə düşünmək olmaz ki, uzaq ölkələrdən gələn uşaqlar yarışmada bir mahnı ifa edib bəxtə və şansa görə öz qiymətini alır. Əksinə, onların Türkiyəyə qədər uzanan yolları o qədər də asan olmur. İştirakçılar finala qədər bir neçə mərhələdən ibarət olan seçimlərdən: sinif-məktəb seçimlərindən sonra ölkələrindəki "Türkcə Olimpiyadaları" seçimlərindən keçərək yarışmada iştirak etmək hüququ qazanırlar. Bir tədris ili ərzində olimpiyadalara on mindən çox uşaq hazırlaşdırılır. Eyni zamanda, bu uşaqların öz ölkələrinin milli-mədəni irsini təmsil etmə qabliyyəti də mühüm amillərdəndir.

Bizim üçün bu beynəlxalq səviyyəli olimpiyadanın keçirilməsində maraqlı məqamlar az deyil. Məsələn, mən olimpiadanın bilvasitə iştirakçısı kimi şahid oldum ki, məqsəd heç də dünyanın 120 ölkəsində fəaliyyət göstərən liseylərin və müxtəlif təhsil müəssisələrinin işini göstərmək deyil. Bu, Türkiyə adına, türklük və müsəlmanlıq adına həyata keçirilən böyük missiyadır. Odur ki, olimpiyadanın təşkilat komitəsində Azərbaycanda da yaxşı tanınan və kifayət qədər hörmət qazanmış şəxslər təmsil olunurlar: Təşkilat Komitəsinin rəhbəri keçmiş təhsil naziri Mehmet Sağlam, dövlət naziri Bülənd Arınc, keçmiş baş nazir İldırım Akbulut, keçmiş təhsil naziri Vehbi Dincerlər, keçmiş dövlət naziri Işılay Sayğın, Türk Dil Qurumunun başqanı Şükrü Haluk Akalın, TİKA başqanı Musa Kulaklıkaya, Atatürk Kültür Mərkəzinin rəhbəri Osman Horata, Türk Hava Yollarının rəhbəri Temel Kotil, Beynəlxalq Universitetlər Birliyinin sədri Şərif Əli Tekalan, Türk Ocaqları Hüseyn Erdem, Təhsil və Kültür Vəqfinın baş katibi və başqaları. Məncə, olimpiyadaların təşkilində belə nüfuzlu şəxslərin iştirakı onu lokal səviyyədən çıxararaq hər hansı bir qrupun, hərəkatın təqdim etdiyi məhsul kimi deyil, bütün dünyanın marağında olan bir addım kimi qiymətləndirməyə əsas verir. Hətta söhbətimizi ciddi-ideoloji müstəvidən çıxarmaq üçün İstanbulda yaxın bir yoldaşla etdiyim söhbəti xatırladım. Mən ona: "Məncə, iki qardaş ölkənin yaxın münasibətləri xatirinə birincilik Azərbaycana verilsə yaxşı olar," - dedim. Olimpiyadanın təməl fəlsəfəsini dərindən əxz etmiş həmyerlim belə cavab verdi: "Sağlam rəqabət sayəsində qəbul ediləcək qərarlar ədalət naminə bəyəniləcək və burada yalnız istedad və juri heyətinin yanaşması mütləq olacaq," - dedi. On beş min insanın iştirakı ilə Final mərhələsində seçimin nəticələri elan olunanda onun düz dediyinə inandım. Məsələn, mahnı yarışında Azərbaycan nümayəndəsinin də iştirak etdiyi qrupda birinci yeri türkmən Devran Annaməmmədov tutdu. Bütün ifaları dinlədiyim üçün qərarların ədalətliliyinə mən özüm də şübhə etmədim. Azərbaycanlı ifaçı Vahid Nuriyev "Bir fırtına" mahnısı ilə çox gözəl performans sərgiləsə də, vicdan naminə deməliyəm ki, balacaboy Devran qeyri-adi səsi ilə məni də sehrlədi.

..29 may Ankara..

Paytaxtın ərazicə ən geniş, dizayn baxımından ən gözəl parkındayıq: Altın Parkda. Günün ilk saatları olsa da, parka minlərlə insan axışır, mən buna insan seli deyərdim. Hamının yüksək əhval-ruhiyyədə can atmasının səbəbini olimpiyadanın sərgi hissəsini gəzərkən anladım. Burada yüz iyirmi ölkənin tarixini, mədəniyyətini nümayiş etdirən sərgi stendləri vardı. Zarafat deyil, belə imkan hər kəsin əlinə, özü də həmişə düşmür. Cəmi bir neçə saatın içərisində bu qədər ölkə ilə tanış olmaq, bir-birindən zəngin mədəniyyətlərlə üz-üzə qalmaq sadəcə olaraq insanı heyrətləndirir. Siz bir ölkələrin adlarına fikir verin: Banqladeş, Veyetnam, Keniya, Anqola, yerlərini xəritədə belə zorla tapdığımız Burkino Faso, Qabon, Malavi, Toqo, Qana, Mavritaniya, okeanın o tayından Venesuela, Fildişi sahilləri ölkəsi, Mali, Papua-Yeni Qveniya, Benin, Çad, Laos, Nepal, Maldiv adaları və başqa ölkələr. Bu ölkələr haqqında biz olsa-olsa hansısa coğrafiya kitablarından qısa məlumatlara malikik. Amma Türkcə olimpiyada belə uzaq ölkələr haqqında yaxından məlumat əldə etməyə imkan verir. Ən maraqlısı, ölkələr sərgidə geyimlərindən musiqilərinə qədər, milli mətbəxlərindən sənətkarlıq nümunələrinə qədər hər bir maddi-mədəniyyət nümunələri ilə təmsil olunurdular. O qədər maraqlı idi ki..məsələn, mən Qabon, Toqo, Burkino Faso kimi ölkələrin stendləri qarşısında onlarla insanın növbəyə durduğuna şahid oldum. Bu ölkələrdən gəlmiş qıvrımsaç, qapqara qız və oğlanlarla şəkil çəkdirmək istəyirdilər. Ən maraqlısı isə bu idi ki, bütün bu ölkələrin stendlərinin arxasında duran rəngbərəng, qıyıq gözlü, iri gözlü və başqa əlamətlərə malik insanlar bizimlə bir dildə-türkcə danışırdılar, öz ölkələrinə aid bütün suallara, qol-qıçını sındıra-sındıra da olsa, tükcə həvəslə cavab verirdilər. Cənubi Afrika stendində nümayiş olunmuş "vuvuzela" adlanan boruda bir şey ifa etmək üçün onlarla adam istedadını sınamağa çalışırdı, nigeriyalıların nümayiş etdirdikləri ilan, timsah mumiyaları çox inandırıcı idi, Rumıniya stendində iştirakçılara çiy böyrək paylanması, Hindistan stendində tarixi xına qonaqlığı, taciklərin isə qədim tacik plovu sərginin yaddaqalan ştrixiləri oldu. Bax, mən bu məqamda anladım ki, "eyni dildə danışıq" fəlsəfəsi öz məna qatlarında hələ çox hikmətləri qoruyub saxlayır.

Sərgidən danışarkən doğma Azərbaycanımızın bu sərgidə neçə təmsil olunmasına mütləq toxunmalıyam. Qətiyyən mübaliğə etmirəm, 120 ölkənin içərisində ən yaxşı təqdim edilən ölkələrdən biri məhz Azərbaycan idi. Şirvanşahlar sarayının maketi əsasında qurulmuş stend sahəsinə görə bütün ölkələrdən böyük idi, ümummilli lider H.Əliyev və prezident İ.Əliyevin portretləri ilə bəzədilmiş stenddə milli mətbəximizin ləziz nümunələri təqdim olunmaqla yanaşı, milli musiqi alətlərimiz nümayiş olunur, respublikamızın ərazisi iri xəritələrlə, işğal olunmuş torpaqlarımız iri planda təqdim edilir, milli geyimli qız-oğlanlar durmadan qonaqlarla fotolar çəkdirir, musiqi qrupları ifalarla hamının bu stendə təşrif buyurmasına çalışırdı. Çağ Öyrətim Şirkətinin əməkdaşları, İstanbulda fəaliyyət göstərən Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin üzvləri isə durmadan sərgi iştirakçılarına milli bayraqlarımızı paylayır, üzərində bayrağımızın rəsmi olan papaqlar və şarlar hədiyyə edirdilər. Sərgi saat 10.00-da açılmışdı, bir saatdan sonra biz Altın Parkın başqa bir yerinə-olimpiyadanın açılış mərasiminə tələsərkən mübaliğə olmasın, hər iki nəfərdən birinin əlində milli bayraqlarımızı görəndə yalnız qürur hissi keçirirdim. Onlar təkcə bayraqlarımızı dalğalandırmırdılar, eyni zamanda dəfələrlə şahidi oldum ki, Türkiyəlilər öz övladlarına şirin Türkiyə türkcəsində ölkəmiz haqqında həvəslə danışırdılar: "Bu bayrak kardeş Azerbaycan bayrağı", "Azerbaycan bizim can kardeşimiz" və s.

..Beynəlxalq Türkcə Olimpiyadası başladı..

Saat 11.00-da səkkizinci beynəlxalq türkcə olimpiyada 120 ölkədən 750 şagirdin və minlərlə sakinin iştirakı ilə möhtəşəm coşğu ilə başladı. İrqi, dini, rəngləri müxtəlif olan uşaqların bir dildə mahnı, şeir, monoloq ifa etmələri insanda heyrətlə yanaşı böyük bir qürur hissi oyadırdı. Açılışda iştirak edən dövlət naziri Egemen Bağışın və Ankaranın bələdiyyə başqanı Məlik Gökçəkin dediyi bu sözlər olimpiyadanın əhəmiyyətini aydın şəkildə açır.

Egemen Bağış

Səkkiz ildir Türkiyə dünyanın dörd bir yanından dilimizə, mahnı və şeirlərimizə könül vermiş insanları gördüyü zaman göz yaşlarını saxlaya bilmir. Bu göz yaşları hüznün deyil, sevincin, coşğunun və qürurun göz yaşlarıdır. Dünyada bəziləri yardıma möhtac uşaqlara aparılan yardımları əngəlləməyə çalışarkən, buradan dünyaya barış mesajını hayqıran gənclər var. Dioloq kültürü ilə insanlar bir-birini qucaqlamağa başladı. Bunda, bizə heç kimə kin və nifrətlə baxılmamağı öyrədən böyüklərimizin payı çoxdur. Türkiyənin AB-yə qəbul sürəcində də o tövsiyələri hər zaman ön planda tuturuq. Türkiyə barış memarı olaraq AB-də layiq olduğu qürurlu yeri alacaqdır. Atatürk 1930-cu illərdə bir gün Sovetlərin dağılacağını deyərək, o torpaqlarda dioloq qurmağı bizlərə tövsiyə etdi. Türk məktəbləri açılana qədər kimsə bu tövsiyələri diqqət yetirmədi.Budur, türk məktəbləri inanaraq, fədakarlıqla, gənc və aktiv müəllimlərimizin tariximiz, mədəniyyətimiz və inancımıza olan hörməti ilə bu gün 120 ölkədə Türkiyənin dil bayrağını sərgiləyir. Bunu təşkil edənlər, düşünənlər və reallaşdıranlar necə xoşbəxt insanlardır. Allah bu birliyi nəzərdən qorusun.

M. Gökçək

Getdiyim ölkələrdə türkcəni eşitmək misilsiz xoşbəxtlikdir. Bələdiyyə sədri olaraq getdiyim ölkələrdə Türkiyənin səsini eşitmək, bayrağını görmək məni çox sevindirir. Dünyanın ən ucqar yerlərində çalışan fədakar insanların borcunu qaytarmaq mümkün deyil. Allah onlardan razı olsun, amma ən önəmlisi bu layihəni ortaya qoyan, bu günə qədər usanmadan bu işləri inkişaf etdirən böyüyümüzə böyük sayğımız var. Duamız budur ki, Allah böyüyümüzə uzun ömür versin və onu başımızdan əskik etməsin. Türkiyə adından, Ankara adından bu işlərə imza atanlara təşəkkür edirəm.

..Azərbaycan beynəlxalq olimpiyadada..

Açılışın ikinci günü axşam saat 17.00-da olimpiyada çərçivəsində Azərbaycana həsr olunmuş xüsusi musiqi proqramı keçirildi. Azərbaycandan olimpiyadaya qatılmış şagirdlər məharətlə türkülər, rəqslər, şeirlər, tamaşalardan səhnəciklər ifa etdilər. Milli Bayraqlarımızın selə döndüyü mərasimdə o qədər duyğusal mənzərələr yaşandı ki, dillə ifadə etmək çətindir. Mərasimdə iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov o qədər təsirlənmişdi ki, səhnədə həyəcanını boğa bilmədi, "bu ifalardan sonra nəsə demək əbəsdir" - cümləsi ilə kifayətləndi. Onun bu duyğulu anları mərasimə toplaşmış minlərlə insan tərəfindən hərarətlə qarşılandı.

Olimpiyada günlərində yadda qalan maraqlı məqamlar:

Ankarada keçirilmiş maddi mədəniyyət sərgisini iki gün ərzində 200 mindən çox insan ziyarət etdi, Olimpiyadanın gedişini Orta Asiyada 350 milyon, Avropada 100 milyon, Şərq ölkələrində 200 milyon insan izlədi. Dövlət naziri Bülənd Arıncın çıxışından: "Önümüzdəki il bütün dünyada türk məktəbləri açılacaq, heç bir dövlət və ölkə qalmayacaq. İnanın, dövlətimiz bu qədərinə qadir deyildi, dünyanın büdcəsini ayırsaydıq, bu işləri dövlət adına edəcəyimizi söyləsəydik, müvəffəq ola bilməzdik. Çünki bir ölkə başqa bir ölkəyə öz ərazisində məktəb açmağa icazə verməz, "nə etmək istəyirlər" deyə düşünər. Amma könüllü insanların, özünü bu yola həsr etmiş insanların bu səmimiyyəti bütün ölkələri fəth etdi. Ölkələrin dövlət başçıları, baş nazirləri - bu gün kiminlə danışırsanız danışın, sizə əvvəlcə türk məktəblərindən, onların uğurlarından bəhs edirlər".

Türkiyə TBMM başqanı Mehmet Ali Şahin başda olmaqla beş nazir, millət vəkilləri, iş adamları kiçik yaşlı uşaqların ifaları qarşısında göz yaşlarını saxlaya bilmədilər. Türkiyə Diyanət İşləri başqanı Ali Bardakoğlu: "Bu çocuqlar baharda açan çiçəklərə bənzəyir", Konstitutsiya Məhkəməsinin sədri Haşim Kılıç: "Hamısı türkcə bilirlər?!!", Yargıtay Cumhuriyet Başsavcısı Abdurrahman Yalçınkaya: "Mükəmməl".

Beynəlxalq türkcə olimpiyadanın nəticələrini belə sıralamaq olar:

  • Türkiyənin xarici ölkələrdə, xarici ölkələrin isə Türkiyədə tanıdılmasında mühüm rol oynayır;
  • Türkiyənin yerləşdiyi bölgədə mövqeyini gücləndirir və onu bütün mədəniyyətlərin mərkəzinə çevirir;
  • Mədəniyyətlərarası dialoqun əhəmiyyətini bir daha ortaya qoyur;
  • 120-dən çox xarici ölkələrə yayılmış təhsil könüllülərinin fəaliyyətləri haqqında dolğun məlumat verir;
  • Türkiyə türkcəsinin nəinki türk respublikaları arasında, eyni zamanda xarici ölkələrdə nüfuzunu artırır;
  • Türkiyə tükcəsini təkcə ünsiyyət vasitəsi kimi yox, elmin, mədəniyyətin mühüm ünsiyyət vasitəsinə çevirir;
  • Türkiyənin sözdə deyil, əməldə sülhsevər ölkə olduğunu ortaya qoyur.
  • Eyni zamanda Türkcənin beynəlxalq dil olma yolunda inkişafı ilə Türk dilli ölkələrə yeni və doğma dünyaya çıxış dili verir.

İstanbulda keçirilmiş final mərhələsində çıxış etmiş dövlət naziri Bülənd Arınc salondakıları maraqlandıran maraqlı bir fikir söyləmişdi. Onun sözlərinə görə, gələn il doqquzuncusu keçiriləcək beynəlxalq yarışmada bütün dünya ölkələrinin iştirakı təmin olunacaq. Demək, gələn ilə indidən hazırlaşmaq üçün ciddi əsas var.

2010-cu ilin səkkizinci olimpiyadası arxada qaldı, növbəti ildə Allahın yardımı ilə görüşənədək...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.