Nəsillər maarifdən nə gözləyir?
Təlim və tərbiyə deyəndə nə başa düşməliyik? Nəsillər necə və hansı tərzdə tərbiyə edilməlidir? Onlara nəyi, necə və nə üçün oxutmalıyıq? Və bu qüdsi vəzifəni kim görəcək? Tərbiyə ilə bağlı mövzulardan bəhs edərkən öz-özümüzə verdiyimiz bu suallara inandırıcı cavablar tapmaq məcburiyyətindəyik.
Hədəfsiz və məqsədsiz təlim-tərbiyə sistemi nəsilləri çaş-baş qalmış fərdlərə çevirəcəyi kimi, nəyin necə öyrədiləcəyi və tərbiyədə hansı üsul və metodlara müraciət ediləcəyi bilinmədən gənc nəslin ağlına və ruhuna yerləşdirilən şeylər də onları sadəcə bilik hambalına çevirəcəkdir.
Xalqların ictimai quruluşu ilə tərbiyənin üsul və əsasları arasında açıq bir əlaqə, yaxın bir münasibət var. Fərdlərə hansı tərbiyə verilsə, toplum da yavaş-yavaş, get-gedə həmin şəklə bürünməyə başlar. Çünki bu gün yetişdirilən nəsillər sabahın müəllimləri olaraq vəzifə başına keçəcək və ustadlarından mənimsədiyini olduğu kimi şagirdlərinin könüllərinə boşaldacaqlar. Xalqın cismani varlığının davamı üçün evlənmə və çoxalma nə qədər əhəmiyyətlidirsə, əxlaqi və ictimai həyat üçün tərbiyə də bir o qədər mühümdür. Evliliyi sağlam əsaslar üstündə qurmamış xalqın özünü süqutdan qoruması mümkün olmadığı kimi, cəmiyyətin ruhi və əxlaqi durumuna lazımi əhəmiyyət verməyən xalq da qətiyyən uzun ömürlü ola bilməz.
Bir milləti meydana gətirən fərdlərdən hər biri az-çox digərinə təsir edir və ya ondan nəsə götürərək onun təsirində qalır. O cümlədən adət, ənənə və uzaq-yaxın ətrafın təsiri də isanın yetişməsində mühüm rol oynayır. Bir ailə başçısı öz ailə üzvlərinin, xalqı idarə edənlər də toplumun müxtəlif təbəqə və fərdləri üzərində güclü təsirə və nüfuza malikdir. Buna görə, bir xalqın qabiliyyəti nisbətində yüksəlməsi və öz funksiyasını tamı şəkildə yerinə yetirməsi həmin xalqı meydana gətirən fərdlərinin düşüncə, təsəvvür, kültürü ilə və rəhbərlərin də plan, bəsirət və hasbiliyi ilə yaxından əlaqəlidir. İdarə edənlərin fərdlərin qayğıları ilə yaxından maraqlanmaları, fərdlərin də bir ictimai varlığa çevrilməyə səy göstərməsi bir tərəfdən "hər bir insan çobandır və öhdəsində olanlara görə məsuldur" prinsipinin, digər tərəfdən də "yaşamaq deyil, yaşatmaq zövqünə" görə akkord tutmağın ifadəsidir.
Nəsilləri yetişdirməklə məşğul olanlar, bu işi hansı ünvanla yerinə yetirir-yetirsin, məsuliyyətin böyüklüyünü və əhəmiyyətini bir an belə ağlından çıxarmamalıdırlar. Biz övladlarımızın gələcəyini təminat altına almaq üçün hər yolu sınaqdan keçirər, hər ehtimalı dəyərləndirər, onların heç bir şeyə möhtac olmaması üçün hər sıxıntıya sinə gərər, hər çətinliyə dözər onlara cənnət kimi bir dünya hazırlamağa çalışırıq. Görəsən onları gerçək sərmayə olan əxlaq və fəzilətə yüksəltməsək; idrak və kültürlə stabilliyə çatdırmasaq, püxtələşdirməsək bütün himmətimiz və səylərimiz hədər olmazmı?
Bəli, bir millətin ən böyük sərmayəsi təlim-tərbiyənin köksündə boy atan kültür, iradə, əxlaq və fəzilət sərmayəsidir. Bu sərmayəni əldə edən xalqlar dünyaları fəth etmə gücünə malik silahı, həmçinin dünya xəzinələrini aça bilən sirli açarı ələ keçirmiş sayılır. Əksinə, bu tərbiyə və bu anlayışa yüksələ bilməmiş kütlələr həyat mübarizəsinin ilk mərhələsindəcə məğlub olub ələnəcəklər.
Əgər nəsillərin ağlını yaşadığı dövrün elmi ilə, qəlbini də lahuti əsintilərlə təchiz edərək ruhlarında alovlandırdığımız tarix məşəli ilə onlara gələcəyə baxdıra bilsək, inanın, bu yolda sərf olunan şeylərin və göstərilən səylərin ən kiçik zərrəsi belə hədər olmayacaq! Hədər olmaq bir tərəfə, qat-qat artığını əldə edəcəyimizi belə deyə bilərik. Hətta nəsillərin yetişməsinə xərclənən hər quruş o mətin könüllərdə, o tərbiyə görmüş ruhlarda sanki bir gəlir qaynağına çevriləcək və bu millət tükənməz bir sərvət əldə edəcək.
Yaxşı tərbiyə görmüş və yetişmiş nəsillər həyat mübarizəsində qarşısına çıxan hər maneəyə sinə gərəcək, maddi-mənəvi hər cür çətinliyi aşa biləcək və heç vaxt ümidsizliyə düşməyəcək. Bu şüurdan məhrum talesizlər isə ata-babalarının miras qoyduğu maddi sərvəti hədər etdiyi kimi, mənən də boş, bədbin bir ömür sürəcək, sonra da quduz səfalətin dişləri arasında qəhr olub gedəcəklər.
Bu gün yolların ayrıcında; öz övladlarını insanlığa yüksəltməklə onu zəlil hala salmaq arasında qalan rəhbərlər dağ qədər ağır bir məsuliyyət daşıdığını düşünərək illərlə laqeydlik ucbatından meydana gələn tənəzzülə qarşı daha sağlam, daha tutarlı yollar tapmaq məcburiyyətindədir. Yoxsa bu günə qədər müxtəlif eroziyalarla əlli min dəfə ən dəyərli cövhərini amansız dənizlərə atmış bəxtsiz nəsillər inkişaf qabiliyyətini itirərək tamamən səmərəsizləşəcək və bir daha var ola, tarixi ehtişamını əldə edə bilməyəcək.
- tarixində yaradılmışdır.