Fəzilət və xoşbəxtlik

İnsanımıza səadət vəd edənlər əvvəlcə onu fəzilətlərlə təchiz etməlidirlər. Fəzilət üçün susamış könüllərin xoşbəxt olması mümkün deyildir. Əqli səlim hər kəs bu günədək bunu belə qəbul etmiş və səadətlə fəzilətə əkiz qardaş kimi baxmışlar. Çünki fəzilət hər şeydən əvvəl ən uca əxlaqla sərəfraz olaraq bütün varlığa məhəbbət dolu gözlərlə baxmaqdır. Fəzilətli bir insanın bütün varlıq və əşya ilə özünəməxsus münasibəti var. Belə insanın nəzərində hadisələr bir bahar havasında ruha inşirah verən meh kimi əsib keçər və onun könlünü sevinclə doldurub şad edər. O, fasiləsiz axıb gedən əşya və zaman selində yeni-yeni mənzərələr müşahidə edərək daim heyran və xoşbəxt olar. Nə günəşin doğub-batması, nə də gecə və gündüzün daim bir-birini qovması onun zövqünə acılıq qata, könlünə hüzn verə bilməz. Nəinki hüzndən uzaqdır, hətta anbaan təzələnən bir-birindən fərqli mənzərələri müşahidə etməklə daim hüzur və xoşbəxt dolu dəqiqələr yaşayar.

Fəzilətli olmaq tamamilə bəşəri arzuları rədd etmək və dünyadan üz döndərib bir növ zahidlik etmək də deyildir. İnsanı yaşadığı dünyadan qoparan belə bir fəzilət anlayışı bədbinlik gətirər və ümidsizliyin qaynağıdır. Bu isə İbsenin ifadəsi ilə desək "səadətin həlakı" deməkdir. Eyni zamanda, bu cür ifrat və yersiz əndişələr fərdin yalnız nəfsini düşünüb ona maraq göstərməsinə və səxavət hissindən məhrum olmasına dəlalət edir ki, bu kimi düşüncə də əxlaqi həyatın yanlış anlaşıldığını və başqaları üçün yaşama məziyyətinin çatışmadığını göstərir.

Fəzilətin mənəvi və cismani hər cür səadətə zəmanət verdiyini iddia etmək də doğru deyil. Fəzilətli insan xəstə, fəqir, pərişan ola bilər. İnsanların zülmünə, həqarət və xəyanətinə məruz qala bilər. İşgəncə, məhkumluqla, sürgünlərlə üzləşə bilər. Hz. Məsih xəyanət gördüyü, Sokrat məhkum edildiyi, Epiktet zülm çəkdiyi halda məsud idi... Buna binaən, bizcə, xoşbəxtlik daha çox qəlbi və insanın inancı ilə könlündə qurduğu cənnətin əsintisindən ibarətdir. Bəli "iman mənəvi bir cənnət çəyirdəyini daşımaqda, küfr də mənəvi bir cəhənnəm zəqqumunu gizlətməkdədir...".

Fəzilət insanın öz məhdudluğunun kainatın sonsuzluğu ilə müqayisədə əhəmiyyətsiz, kiçik olduğunu dərk etməsi və özünə layiq olduğundan çox dəyər verməməsidir. Əks halda onun tez-tez cismani müsibətlərlə sarsılması, daima izzəti-nəfs və qürurunun yaralanması və heç cür təmin edilməyən cahilanə ehtiraslarla hüzurdan məhrum olması kimi, alçaldıcı səfalətlərlə bütün səadətini itirməsi ehtimal daxilindədir.

Fəzilətli insan salim düşünən insandır. O, "çarəsi olan şeylərdə acizlik göstərməz, çarəsi olmayan şeylərdə də ah-vay etməz...". Əksinə o, bir şeydən çəkinmək mümkündürsə, əlindən gələni edər və buna yollar axtarar. İradəsi və imkanı çatmayanda da təslim olma yolunu seçər. Və çoxlarının düçar olduğu eqoizm, bayağı düşüncələr, mal-mülk qayğısı, cürbəcür vəzifə və payələrə könül verməklə xoşbəxtliyini bada verməz...

Salim düşünən insan qarşısıalınmaz bəlalara, qaçılmaz müsibətlərə başdan hazır və razı olduğuna görə, onun nə səadətinə xələl gələr, nə də ləzzəti qaçar. O, şüur və duyğuları etibarilə daim pak və saf sevinclərə, sevgiyə, eşqə, ailəyə şəfqətə, qardaşlıq və dostluğun ləzzət və həzzinə ortaq ola bilir.

Bəli, o haqsızlıq etmədiyi, xain olmadığı, intiqam, kin, nifrət, qısqanclıq kimi düşüncələrdən daim uzaq olduğu və olacağı üçün çox vaxt ətrafında hörmət və sevgidən yoğrulmuş mehin əsdiyini hiss edər və daim xoşbəxt olar. O, ailəsinə, vətəninə, millətinə, hətta bütün varlıq aləminə bəslədiyi sevgi və qayğı hissi ilə sonsuz məhəbbət dəryasında, sonsuz həzz duyar və cənnətə girmədən cənnət zövqlərini dadar. Bu həzzlər: başqalarının sevincini bölüşmə həzzi.. onların duyduğu ləzzəti ruhda yaşama həzzi.. onların ağrı və iztirablarına sinə gərib onlara xoşbəxtliyə aparan yollar açma həzzi... kimi həzzlərdir.

Fəzilətli olmaq bu gün kimi, dünən və sabahla da irtibat qurub keçmişin və gələcəyin ən mümtaz insanları ilə ruhən görüşərək onların təsdiq və təqdirini könlündə duymaq və onlarla eyni həyatı bölüşərək ata-babalarımızla və gələcək nəsillərlə qaynayıb-qarışmaq və bütünləşmək deməkdir.

Beləcə qəlb həyatı bütün bəşəriyyət və kainatla bölüşməklə bu dünyada ola-ola əbədi xoşbəxtliyə qovuşar və elə üfüqlərə yüksələr ki, heç bir kənar hadisə bu səadətə xələl gətirə bilməz.

Fəzilətin gerçək səadətlə bu dərin əlaqəsini bizlərə öyrədən insanlığın ən şərəfli şəxsiyyətləridir. Könüllərə itminan verən və ağıllara əminlik təlqin edən səadət də məhz budur. Çünki bu səadət kamil, mütəvazi, müsamihəli, ayıblara göz yuman, kinsiz, nifrətsiz olma kimi fəzilətin ən möhkəm qaydaları üzərində yüksəlir.

Bir sözlə, bu səadət qəlbi və ruhi bir səadətdir. Və elə köklü və insanın mahiyyəti ilə o qədər bağlıdır ki, onu heç nə ilə əvəz etmək olmaz. Maddi xoşbəxtliklər nə bu səadətə bir şey əlavə edə bilər, nə də onu unutdurmağa gücü çatar.

Ruhunu inancla yüksəldib könlünü fəzilətlə süsləyənlər necə də xoşbəxdir!..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.