Ruhumuzun heykəlini ucaldarkən
Yer üzü varislərinin əlamətlərindən daha əvvəl icmalən bəhs etmişdik. İndi o xüsusları biraz daha açıqlayaraq dəqiqləşdirmək istəyirik.
Varisin birinci əlaməti, kamil imandır. Qurani-Kərim insanın yaradılış məqsədini mərifət üfüqü, sevgi ruhu, ilahi eşq və şövq aləmi və mənəvi ləzzətlər dəyişməsi ilə "imanı-billah" (Allaha iman) olaraq müəyyən edir. İnsan, bəzən öz məna aləmindən həyatın dərinliklərinə səyahət edərək, bəzən də həyatdan müxtəlif bölümlər alıb öz məna aləmində dəyərləndirərək iman və düşüncə dünyasını inşa etməklə məsul tutulmuşdur. Bu, eyni zamanda onun ruhunda qüvvətli olan insanlıq həqiqətinin ortaya çıxması deməkdir. Bəli insan, yalnız imanın aydınlığında özünü, öz məna aləmindəki dərinlikləri, həyatın hədəf və məqsədlərini hiss edib kainat və hadisələrin iç üzünə, əşyanın pərdə arxasından xəbərdar olabilər; xəbərdar olub həyatı öz mahiyyəti ilə dərk edə bilər. İmansızlıq qapalı və boğucu bir sistemdir. İmansızın nəzərində həyat bir xaosla başlamış, təsadüflərin qorxunc qeyri-müəyyənlikləri çərçivəsində inkişaf etmiş və sürətlə dəhşətli bir sona doğru getməkdədir. Bu nizamsız gediş içində, nə ruha rahatlıq verən Rəhmani (İlahi) bir nəfəs, nə də bizi insani əməllərimizlə qucaqlayacaq əmniyyətli kiçik bir yer hətta ayağımızı qoyacaq qədər bir zəmin var.
Mənşəyini, hərəkət xəttini, hara və nəyə yönəldildiyini, vəzifə və məsuliyyətlərini hiss edən iman abidəsi isə, hər şeyi açıq-aydın görür; ayağını basacağı yerə qorxusuz basır, yönəldiyi hədəfə çəkinmədən və inanaraq gedir.. gedərkən də həyatı və həyatın pərdə arxasını əlli min dəfə qurcalayır; əlli min dəfə əşya və hadisələri süzgəcdən keçirir; hər qapını açmağa çalışır, hər cisimlə münasibət yollarını araşdırır.. bildiklərinin, tapdıqlarının kifayət etmədiyi yerlərdə, bugünə kimi özünün vəya başqalarının gerçəkləşdirdiyi təsbitlərin çöhrəsində görüb-duyduğu həqiqətlərlə kifayətlənir və yoluna davam edir.
Bu ölçülər çərçivəsində bir iman səyyahı, çox önəmli bir güc qaynağı kəşf etmiş sayılır. Bəli "Lə havlə vəla quvvətə illa billah" ilə işarə edilən digər aləmlərə aid bu cəbbdəxana və xəzinə elə vacib bir güc mənbəyidir ki, bu güc mənbəyi və bu işığı əldə edən insan artıq başqa güc qaynağına ehtiyac duymur. O, daima Allahı görür, Allahı bilir; Allah ilə birlikdə olmaq üçün çalışır, həyatını ilahi istiqamətdə yaşayır; mərifət və etimadının dərinliyi ölçüsündə bütün dünyəvi güclərə meydan oxuya bilir və hər məsələni həll edəcəyi ümidi ilə ən çətin vəziyyətlərdə belə şövqlə yaşayır, bədbinlik və ümidsizliyə qapılmır.
Bu xüsus, başda Risaləi-Nur Külliyatı olmaqla bir çox əsərin mövzusu olduğundan indilik onlara həvalə edib keçirəm.
Varisin ikinci əlaməti, yenidən var olmanın ən mühüm iksiri sayılan ilahi eşqdir. Könlünü Allaha iman və onun mərifəti ilə təmir edib bəzəyən bir insan, dərəcəsinə görə bütün insanlara, hətta bütün varlığa qarşı dərin bir məhəbbət və namütənahi bir eşq duyur; duyaraq ömrünü bütün varlığı qucaqlayan eşqlərin, vəcdlərin, cəzbələrin və ruhani zövqlərin gəl-getləri arasında yaşayır. Hər dövrdə olduğu kimi, bu gün də bir dirilmənin gerçəkləşməsi üçün, yepyeni bir anlayışla, könüllərin ilahi eşqlə coşub, şövqlə qabarmasına ehtiyac var. Zira eşq olmadan, nəticəsi daimi olacaq heç bir həmlə və hərəkəti həyata keçirmək mümkün deyil. Hələ bu həmlə və bu hərəkət sonsuzluq və axirət məqsədli isə.. Allah qarşısında var edən və var olan münasibətlər daxilində yerimizi müəyyən etmək.. varlığımız, Allahın varlığının, ziyasının kölgəsi olması etibarilə yaradıldığımız üçün həzz almaq.. Allahın xoşnudluğunu yaradılışın qayəsi qəbul edib, daima onu ovlamağa çalışmaq çərçivəsi ilə təqdim edəcəyimiz ilahi eşq, namütənahi və sirli bir güc qaynağıdır. Yer üzü varisləri bu qaynağa laqeyd yanaşmamalı, onu köpükləndirə köpükləndirə yaşamalıdırlar. Qərb dünyası, eşqi daha çox maddi yönləri ilə filosoflar vasitəsilə fəlsəfənin bulanıq atmosferində tanıdı; daddı və yolboyu şübhə və tərəddüdlər yaşadı. Biz varlığa, varlığın qaynağına İlahi kitab və Peyğəmbər sünnəti işığında baxacaq, Yaradana qarşı könüllərimizdəki sevgini, məhəbbəti, Rəbbimizdən ötrü bütün varlığa olan əlaqəni bu iki mənbənin tarazlayıcı prinsiplərinə və metafizikaya açıq dərinliyinə sığınaraq həyata keçirəcəyik. Zira insanın mənşəyi, kainattakı yeri, var olmasının hədəfi, təqib edəcəyi yol və bu yolun sonu, bu iki mənbədə insan düşüncəsi, insan hissi, insan şüuru və insan istəkləri ilə o qədər ahəng içindədir ki, onu hiss edib heyrət etməmək və heyran olmamaq mümkün deyil. Bu iki pak qaynaq könül qəhrəmanları üçün bir eşq və şövq fəvvarəsi, bir cazibə mədənidir. Onlara duyğu paklığı və ehtiyac vəsiqəsi ilə müraciət edənlər əliboş dönməz, onlara sığınanlar da əbədi ölməz. Ancaq bu şərtlə ki, sığınanlar, bir Qəzali, bir İmam Rəbbani, bir Şah Vəli, bir Bədiüzzaman dərinlik və səmimiyyəti ilə sığınsın; bir Mövlana, bir Şeyx Qalib, bir Məhməd Akif həyəcanıyla yaxınlaşsın; bir Xalid, bir Uqbə, bir Səlahəddin, bir Fateh və bir Yavuz iman və əzmi ilə yönəlsin.. Bəli, bu ulu şəxsiyyətlərin bütün zamanları və məkanları əhatə edən ilahi eşq və şövqünü, çağımızın üsul, üslub və metodları ilə birləşdirərək, Quranın əsrləri aşan və köhnəlməyən ruhuna, yəni universal bir metafizikaya çatmaq bizim ikinci addımımızı təşkil edəcək.
Varisin üçüncü əlaməti; ağıl, məntiq və şüur üçlüyü ilə elmə yönəlmək olacaq. İnsanların qaranlıq fərziyyələr arxasında süründüyü bir dövrdə mövcud ümumi ehtiyaca da bir cavab olacaq bu yönəliş, bütün bəşərin qurtuluşu üçün əhəmmiyətli bir addım olacaq. Bəli, Bədiüzzamanın da işarə etdiyi kimi: Bəşəriyyət axırzamanda hər şeyi ilə elmə və fənnə yönələcək.. o bütün qüvvətini elmdən alacaq.. hökm və qüvvət bir kərə yenə elmin əlinə keçəcək.. və elmlərin geniş kütlələrə qəbul etdirilməsində fəsahət, bəlagət və ifadə üstünlüyü də hərkəsin maraq göstərəcəyi bir mövzu halına gələcək.. yəni yenidən bir elm və bəyan dövrü yaşanacaq. Əsasən, ətrafımızı əhatə edən vəhmlərin sisli-çənli atmosferindən siyirilib gerçəklərə və Gerçəklər Gerçəyinə (Allaha) yetişmək üçün başqa yol yoxdur. Bəli, son bir neçə əsrlik boşluğu keçməyimiz, mərifətdə doyğunluğa çatmağımız; uzun illər yaşadığımız əzikliyin şüurumuzdakı təxribatını təmir edərək bir dəfə yenə özümüzü isbat etməyimiz, elmin İslami düşüncə süzgəcindən keçirilərək təmsil və ifadə edilməsinə bağlıdır. Yaxın tariximiz etibarilə bizdə bəzən istiqaməti və hədəfi müəyyən olmadığı üçün, bəzən də elm fənnə, fənn də fəlsəfəyə qarışdırıldığı üçün elmi düşüncədə böyük dağınıqlıq yaşandı və elm adamları da təmiri çox çətin etibarsızlığa düçar oldular. Ölkəmizdə yaşanan bu boşluq əcnəbilərin işinə yaradı; məmləkətimizin demək olar hər bucağında çoxlu məktəblər açdılar və bu təhsil yuvaları vasitəsilə nəsillərimizə öz dəyərlərini-yabançılıq aşıladılar. Bizim bir qrup ailələr də, ən istedadlı vətən övladlarını, hətta əl-ayaq öpərək bu məktəblərə yerləşdirdi və bu gənclərin öz dəyərlərini itirmə prosesini daha da sürətləndirdi. Müəyyən bir vaxtdan sonra, bu xam və aldadılmış nəsillərdə "Nə din qaldı, nə iman; din xarab, iman da turab (torpaq) olub" getdi.. getdi və millət olaraq, həm düşüncədə, həm təsəvvürdə, həm sənətdə, həm də həyatda eqoizm xəstəliyinə məruz qaldıq. Niyə olmasın; heç bir narahatlıq hissi keçirmədən gənc zəkaları əmanət etdiyimiz bu məktəblərdə, istisnasız Amerikan mədəniyyəti, Fransız əxlaqı, İngilis adət və ənənələri hər zaman elmin və elmi düşüncənin önündə oldu. Nəticədə gənclərimiz içində yaşadıqları çağın elmi, texnikası və texnologiyası ilə ayaqlaşmaq əvəzinə, müxtəlif qruplara ayrılaraq Marksizm, Durkheimizm, Leninizm, Maoizm oyunu oynamağa başladılar. Kimisi kommunizm və proletaria diktatorluğu xülyalarıyla ovundu.. kimisi gedib Froyd qarğaşasında batdı.. kimisi mövcudluq cərəyanına qapılaraq Sarterə ilişib qaldı.. kimisi Markus deyib ağzının suyunu axıtdı.. kimisi də ömrünü Kamusun boş xülyaları uğrunda keçirdi... Bəli bu ölkədə bunların demək olar ki hamısı yaşandı və bu işin dayəliyini də guya elm yuvası olan müəssisələr etdilər. Bu böhranlı zamanlarda bir qrup qara səs və qara ağızlar, durmadan dini, dindarı qaralayır və daima qərb mənşəli çılğınlıqları nəzərə verirdilər. Əlbəttə ki, bizim o dövrü və o dövrün ucuz satqınlarını unutmaq mümkün deyil. Ölkəmiz və millətimiz əleyhinə, onların istəklərini nəzərə almadan bu zəmini hazırlayanlar, xalqın vicdanında daima tarixi günahkarlar olaraq yad olunacaqlar.
İndi isə biz, içimizi ağladan, könüllərimizi yaralayan bu qaranlıq dövrü və o günün rəhbərlərini öz günahlarıyla baş-başa buraxaraq, gələcəyimizi inşa edəcək düşüncə işçilərindən bəhs etmək istəyirik.
Gənclərimizə aşılayacağımız elmi düşüncə sayəsində, qərbdən əsrlər əvvəl həyata keçirdiyimiz kimi, onların elmlə, fikirlə yoğrulub bütünləşməsini təşkil edərək mütləq öz yenilənməmizin (Renesans) həyata keçməsi üçün meydan açmalıyıq. İctimai vicdanda hiss edilən uğursuz taleyin iztirabı, illər boyu məruz qaldığımız qəyyumluq həyatının hasil etdiyi əzablar, bir neçə əsrlik istismarın insanlarımızda meydana gətirdiyi reaksiya, bugün etibarilə bizdə yenidən Adəm nəbinin fəryadlarına, Yunis peyğəmbərin sızıltılarına, Eyyub əleyhissalamın iniltilərinə bərabər ahu-əfğana səbəb olmuşdur. Hətta bu saat, bu duyğu və bu düşüncənin sıxıcılığı və tarixi təcrübələrin işığında məsafələrin büzülməyə başladığını və hədəfə bir neçə addım qaldığını sanki hiss edirik.
Varisin dördüncü əlaməti; onun, kainat, insan və həyat mülahizələrini yenidən gözdən keçirib yanlış və doğrularını tənqid etməsidir. Bu barədə bunları deyə bilərik:
1 Kainat, tez-tez müraciət etmək üçün Allah tərəfindən gözlər önünə sərilmiş bir kitab; insan, varlığın,həyatın dərinliklərini müşahidə etməyə açıq bir nəşriyyat və bütün dünyaların şəffaf bir kataloqu; həyat da bu kitab və bu kataloqdan süzülən, süzülüb ilahi bəyanla səslənən mənaların əksetməsidir. Əgər kainat, insan və həyat rənglərinin, əlamətlərinin dəyişmələri etibarilə fərqli lakin eyni həqiqətin müxtəlif üzləri isə -ki elədir- bunları bir-birindən ayırmaq, həqiqətin ahəngini pozacağına görə varlığa da insana da haqsızlıq və sayğısızlıq deməkdir.
Bəli, Allahın kəlam sifətinə əsaslanan bəyanını oxuyub, anlayıb, itaət edib təslim olmaq bir vəzifə olduğu kimi, elmiylə planlayıb, qüdrət və iradəsiylə də var edib ortaya qoyduğu bütün əşya və hadisələrdə tanınıb anlaşılması, anlaşılıb uyğunluq yollarının müəyyən edilməsi vaz keçə bilinməz bir əsasdır. Allahın kəlam sifətindən gələn Qurani Kərim, bütün varlığın ruhu, dünya və axirət səadətinin yeganə qaynağı; kainat kitabı da bu gerçəyin cəsədi, təmsili və tərkibində olan müxtəlif elm sahələri etibarilə, dünya həyatının birbaşa, axirət həyatının da dolayısilə çox vacib bir dinamikasıdır. Bu etibarla, hər iki kitabın da doğru anlaşılıb həyata keçirilməsinin, sonra da bütün bir hayatın onların əsasında qurmağın mükafatı; onlara laqeyd qalmağın, etinasız yanaşmağın və uyğun şəkildə izah edib və həyata keçirə bilməməyin də cəzası olacaq.
2Gerçək insani dərinlikləri duyğu, düşüncə və xarakterdə axtarmaq lazımdır, eyni zamanda bu keyfiyyətin Haqqın nəzərındə və xalqın yanındakı etibarı da yenə bu xüsuslarda axtarılmalıdır. Yüksək insani keyfiyyətlər, duyğu, düşüncə dərinliyi və xarakter sağlamlığı demək olar ki hər yerdə fəaliyyət göstərən bir plastik kart hökmündədir. İman və idrakına kafir xüsusiyyətləri və düşüncələri qarışdıran, xarakteriylə də çevrəsində hər zaman narahatlıq və şübhə doğuran insan, heç bir zaman Haqqın dəstək və yardımına nail ola bilməyəcək, xalq nəzdində də etibar və güvəncini qoruya bilməyəcək. Zira Haqq da, xalq da insanları, insani keyfiyyətləri, yüksək xarakterləriylə qiymətləndirir və ona görə mükafatlandırırlar. Ona görə də, insani keyfiyyətlər etibarilə yoxsul, xarakteriylə də zəif insanlar, çok yaxşı bir mömin kimi görünsələr də, böyük müvəffəqiyyətlər əldə etmələri və əldə etdikləri müvəffəqiyyətləri qoruya bilmələri; əksinə yaxşı bir müsəlman kimi görünməsə də sağlam xarakteri və yüksək insani keyfiyyətləri etibarilə bir neçə mərtəbə yuxarıda olanların da tamamilə müvəffəqiyyətsiz olmaları mümkün deyil. Allahın təqdir və mükafatı xüsusiyyətlərə görə olduğu kimi, insanların müsbət düşüncələri də bir mənada yenə buna bağlıdır.
3Doğru və haqq olan bir hədəfə çatmağın vasitələrı də yenə haqq və doğru olmalıdır. İslami dairədə olanlar üçün hər işlərində ideallarının doğru olması bir haqq, o haqqa aparan yolda müraciət olunacaq metodlar da dini qaydalara zidd olmamalıdır. Allahın razılığı və Allaha qovuşma ixlassız və səmimiyyətsiz mümkün olmadığı kimi, İslama xidmət və müsəlmanları gerçək hədəflərinə yönəltmək də qətiyyən şeytani yollarla gerçəkləşə bilməz. Hətta bəzən bunun əksi mümkün görünsə də, batil yollarda etibarını bitirərək Haqqın lütfünü və xalqın etimadını itirmiş kimsələrin, uzun müddət müvəffəq olmaları qətiyyən mümkün deyildir.
Varisin beşinci əlaməti; onun azad düşünə bilməsi və düşüncə hürriyyətinə hörmətlə yanaşması şəklində xülasə edilə bilər. Hürr ola bilmə, hürriyyəti duya bilmə insan iradəsinin önəmli bir dərinliyi və mənlik sirrlərinə gedən yolların sehirli qapısıdır. O dərinliyə açıla bilməyən və o qapıdan içəriyə girə bilməyənə insan demək çox çətindir. Uzun illər millətimiz, həm içəridən həm də xarici təsirlərin qorxunc bir əsarət basqıları içində qıvranmışıq. Duyğu və düşüncələrimizə müxtəlif təzyiqlərin olduğu əsarət içində oxumağın, düşünməyin, hiss etməyin və yaşamağın təhdid edildiyi belə bir şəraitdə yeniləşmə və inkişaf bir yana, insanın insani keyfiyyətləri ilə qala bilməsi belə mümkün deyildir. Bəli belə bir zəmində, təcdid ruhuyla şahlanmış gözü sonsuzluqlarda böyük ruhların yetişdirilməsi bir tərəfə, saf və normal insan səviyyəsinin qoruna bilməsi belə çox çətindir. Belə bir mühitdə olsa-olsa şəxsiyyəti pozulmuş zəif xarakterlər, miskin ruhlar və duyğularıyla iflicli insanlar olar. Yaxın tariximiz etibarilə, həm evin, həm çölün, həm təhsil müəssisələrinin, həm də sənət dünyasının ruhlarımıza yeritdiyi bulanıq düşüncələr, qüsurlu ölçülər maddədən ruha, fizikadan metafizikaya hər şeyimizi altüst etdi. Bu dövr etibarilə, düşüncələrim adıyla sabit fikirlərimizi qabağa çıxarır, hər şeyi mənlik orbitli planlayır, inanc və anlayışlarımızın yanında başqa inanc və anlayışların da ola biləcəyini heç bir şəkildə qəbul etmir; fürsət tapan kimi tez-tez zorbalığa müraciət edir, zorbalığa müraciət etməklə haqqın da, iradənin də, hürr düşüncənin də önünə sədd çəkir və gəlib gedib başqalarının təpəsinə minirdik. Nə acınacaqlıdır ki, indi belə bunların olmadığını və ola bilməyəcəyini söyləmək mümkün deyil. Halbuki millət olaraq yenilənmə istiqamətində gedərkən, bir tərəfdən min illik tarixi dinamizmləri gözdən bir dəfə daha keçirmək, digər tərəfdən yüz əlli illik müxtəlif "dəyişmə" və "inqilablar"ı hesaba çəkmək şərtdir. Şərtdir, çünki günümüzdə hökümlər və qərarlar bir qrup tabulara görə verilməkdədir. Belə müəyyən düşüncələr altında verilən qərarlar isə şikəstdir və gözlədiyimiz aydınlıq bir dövrü hazırlaya bilməz. Bugünki anlayışa görə ancaq ehtirasların öldürücü tələsində qruplar arasında mübarizələr, partiyalar arasında boğuşmalar, millətlər arasında münaqişələr və qüvvətlər arasında çarpışmalar hazırlanar. Bugün bir qrupun digəriylə vuruşması, fərqliliklərin dava-dalaşa çevrilməsi və heç bir şəkildə önlənə bilməyən yer üzü vəhşəti də yenə bu səbəbdəndir. İnsanlar bu qədər eqoist, bu qədər tamahkar, bu qədər mərhəmətsiz olmasaydılar, ehtimal ki dünya indikindən bir xeyli fərqlı bir görünüş içində olacaqdı.
Elə isə bugün fərqli dünyalara doğru addımlayarkən həm başqalarına qarşı olan davranışlarımızda, həm şəxsiyyətimiz və duyğularımız baxımından daha hürr düşüncəli və hürr iradəli olmalıyıq.. Bugün hər şeydən çox hürr düşüncəni qucaqlayan, elmə və elmi tədqiqatlara açıq olan, kainatdan həyata uzanan yolda Quran və İlahi qanunlar arasındakı müvafiqliyi hiss edən geniş sinələrə ehtiyac var. Bunu da günümüzdə ancaq dahilik missiyasına sahib olan bir camaat edə bilər. Düzdür, əvvəllər bu böyük işlər fərdi dahilərlə təmsil edilirdi.. ancaq hər şeyin çox təfsilatlandığı və ən uca şəxsiyyətlərin belə həll edə bilməyəcəyi günümüzdə, artıq dahiliyin yerini də mənəvi məziyyətlərə sahib, birlikdə hərəkət edən bir camaat, məşvərət və kollektiv şüur almışdır. Bu da yer üzü varislərinin altıncı addımının xülasəsidir.
Yaxın tariximiz etibarilə, belə bir anlayışın İslam cəmiyyətində olmadığı bir həqiqətdir. Məktəbin bir qrup fərziyyələri fakt kimi təqdim etdiyi, mədrəsənin həyata küncdən-bucaqdan baxdığı, gedib metafizikaya batdığı, kazarmaların sadəcə qüvvətlə gərilib, qüvvətlə gurladığı bir dövrdə bunların həyata keçməsi mümkün deyil.
Bu dövrdə məktəb tamamilə sxolastik düşüncənin təsiri altında qaldı və ancaq onunla nəfəs aldı; mədrəsə, elmə və düşüncəyə qapalı, inşa etmə gücündən məhrum sanki bir iflic kimi yaşadı.. dini məktəblər eşq və şövqün yerinə hekayələrlə təsəlli olmağa başladı.. qüvvəti təmsil edənlər də tez-tez unudulduqları mülahizəsiylə özlərini xatırlatma və isbat etmə düşüncəsinə sahib oldu; və beləliklə hər şey alt-üst oldu və millət ağacı yıxılacaq şəkildə kökündən sarsıldı. Görünən o ki, taleyin, yollarına su səpdiyi bəxtiyarlar bu dinamikaları yerli yerində istifadə edəcəyi, qəlb və ağıl arasındakı tıxanıqları açıb insan ruhunda ilham və düşüncə koridorları meydana gətirəcəkləri günə qədər bu sarsıntılar yaşanacaq.
Varisin yeddinci əlaməti, riyazi düşüncədir. Bir vaxtlar Asiyadakı ilklər, daha sonra da Qərb, Renesansını riyazi qanunlarla düşünmə sayəsində həyata keçirdi. İnsanlıq aləmi, tarixi boyu bir çox qeyri-müəyyən və qaranlıq şeyləri rəqəmlərin sirli dünyasında kəşf edib ortaya çıxarmışdır. Hürufilərin ifrat davranışları bir yana, riyaziyyat olmasa nə əşyanın nə də insanların bir-birlərilə münasibətlərini anlamaq mümkün deyil. O, kainatdan həyata uzanan xətdə bir işıq qaynağı kimi yollarımızı aydınladır, bizə insan üfüqünün sonrasını, hətta düşünülməsi çox çətin dünya aləminin dərinliklərini göstərir və bizi ideallarımıza qovuşdurur.
Ancaq riyazi olmaq, riyaziyyatla əlaqəli şeyləri bilmək deyil; o, riyaziyyatı qanunlarıyla düşünmək, insan düşüncəsindən həyatın dərinliklərinə uzanan yolda daima onunla bərabər olmaqdır. Fizikadan metafizikaya, maddədən enerjiyə, cəsəddən ruha, hüquqdan təsəvvüfə hər zaman onunla bərabər olmaq. Varlığı tam qavraya bilmək üçün həm təsəvvüfi düşüncə, həm elmi tədqiqat qoşa üsulunu qəbul etmək məcburiyyətindəyik. Qərb dünyası köklərində olmayan bir cövhərin yerini doldurmaqda çox çətinlik çəkib və bu ehtiyacı bir mənada mistisizmə sığınaraq qarşılamağa çalışmışdı. Hər zaman İslam ruhuyla içəiç olmuş bizim dünyamız üçün, xarici hər hansı bir şey axtarmağa vəya hər hansı bir şeyə sığınmağa ehtiyac yoxdur. Bizim bütün güc qaynaqlarımız düşüncə və iman sistemimizin içində var; kifayətdir ki, o qaynağı və o ruhu ilk zənginliyilə qavrayaq.. o zaman, həyatın içindəki bəzi sirli münasibətləri və bu münasibətlərin ahəngli cərəyanını görəcək və hər şeyi daha fərqli tamaşa və zövq ürfanına çatacağıq.
İndilik anlaşılmaz və söz israfı kimi görünən, lakin gələcəkdə böyük əks-sədası olacağına inandığım riyazi düşüncənin də kiçik bir xülasəsini verdikdən sonra; sənət düşüncəmizi səkkizinci əlamət olaraq xatırlatmaq lazımdır. Ancaq hələlik müəyyən mülahizələrə görə, Jül Vern kimi: "Bəzi qruplar bizim ölçülərimiz çərçivəsində hələ belə bir səyahətə hazır deyillər" deyib beləcə bu mütaliəmizi da nöqtələyirik.
- tarixində yaradılmışdır.