Nümunələri özündən bir hərəkət

Bu yazıda anladılması bir vəfa borcu, gördükləri işlərlə dastan yazanlardan bəhs etmək çox çətin olsa da, söhbət açmaq istəyirəm. Rüşeymləri, pöhrələri və fidanları dünyanın dörd bir tərəfinə kök atmış önəmli bir əhya hərəkatını bir məqalə çərşivəsində ifadə etmək, görəsən, mümkün olacaqmı? Zənn etmirəm... Bu mövzu ilə bağlı məlumatlarım videolardakı müşahidələrimdən ibarət; hadisələrə şahidliyim eşitdiklərimə bağlı; qələmim təxəyyülümün əsiri; olub bitənlərin ifadə edəcəyi mənanın isə hansı zamana aid olduğunu bilmirəm... İndi bu şərtlər altında nədən bəs edilə biləcəyini siz deyin. Belə olduqda, mənim bəhs edəcəyim mövzu olsa-olsa bir gül, ya da bir çiçəyin rəsmində bütün gülləri, çiçəkləri təsvirə cəhd etmək ola bilər. Bu isə, ölü bir gül rəsmində böyük bir gülüstan və çiçək bağçasının, həm də hər bir gül və çiçəyin bütün bəzəklərinin, fərqli şivəsi və heyrətamiz ədası ilə təsviri olacaqdır ki, bu yolla gülüstanın da, gül bağçasının da həqiqi təsvirinin qeyri-mümkün olduğu aşikardır. Elə də olsa, çağın bu dastan kimi hadisəsi xatirinə qəlb və qələm əhlini hərəkətə gətirmək naminə belə bir yazının ya­zıl­ması üçün izhari-cürətə ehtiyac olduğu qənaətindəyəm. Bəzi hümmət əhlinin "bir daha bis­millah" demələri, qatma-qarışıq yazılmış bir yazı nəticəsində olacaqsa, məncə, məqsəd hasil olmuşdur.

Elə isə ifadə və üslubun səviyyəsinə baxmadan çağın bu önəmli hadisəsindən mütləq bəhs edilməlidir; hər şeydən əvvəl tarixiləşdirmək və bu qəhrəmanlığı reallaşdıran "adanan"lara vəfa borcumuzu əda etmək üçün onlardan bəhs olunmalıdır. Yoxsa, çox qısa zamanda dünyanın dörd bir tərəfində duyulub hiss edilən bu munis əsinti, bu səmimi hava, bu təptəzə düşüncə və bu sevgi, bu xoşgörü məltəmləri (nəsim) anladılmazsa, vəfa, fədakarlıq, comərdlik kimi insani dəyərlərə qarşı da sayğısızlıq göstərilmiş olar.

Bu hərəkət yazılmalı və üzərində ciddi durulmalı hadisədir; bir neçə qara sevdalı[1] kimsənin düşünmədiyi və ağlına gətirmədiyi bir dövrdə həsrət və hicranın ifadə etdiyi mənaya fikir vermədən, "qürbət" və "yad ellər" demədən, hədəflərində Haqqın rizasını əsas tutaraq dünyanın dörd bir tərəfinə səpələndilər. Əzimli, qərarlı və güvənclə dopdolu olaraq.... qəlblərindəki ölkə sevdasını, vətənə bağlılıq hissini xidmət etmək eşqi ilə basdıraraq.

Allah yolundakı cəhdlərini, çox az insanın duya biləcəyi şəkildə duydu, yaşadı və Peyğəmbər həvariləri kimi: "Girdik rehi-sevdaya cünunuz..."(Nigari), – deyib yayıldılar məğriblərə, məşriqlərə... Gəncliyin, gənçlik ruhundakı dünyəvi arzu və əməllərin tərk edilə bilməyən bir cazibə ilə hər kəsi özünə çəkdiyi, cismaniyyətin insani duyğu və düşüncələri basqı altına aldığı, həyatın ən mavimtraq dəmlərində, müxtəlif istək və arzularını cilovlayan başqa bir vüslət arzusu, qəlblərində ilk səfdəkilərin həyəcanı ilə adəta uçub getdilər hər yana. Bu gediş vaxtsız bir dönəmdə röyalarına girən yalançı bir dünya gözəlinin arxasına düşmüş; ömürboyu xəyallarını ovlamış, hicran yaşamış və öz mənliyindən uzaqlaşmış, amma heç vaxt mənzil başına çata bilməyən o fərsiz sevdalıların gedişi kimi də deyildi. Bu gediş ürəkli, hiss, şüur və iradə dayaqlı; ixlas və səmimiyyət dərinlikli bir gedişdi. Siz istəyirisiniz buna, iman onların hər zamankı dinamikləri, eşq və şövq təbii halları, adanmışlıq məfkurələri, Sonsuz Nur (s.ə.s.) rəhbərləri, canından cananından keçənlərin özlərini dünyaya anlatma cəhdi də deyə bilərsiniz. Bəli bunlar, nə özlərinə ayaqbağı oldu, nə də önlərinə çıxan əngəllər qarşısında diz çökdülər; qəlblərində solmayan tək sevda Haqq rizası və Haqqa vüslət arzusu ilə yürüdülər dünyanın ən əlçatmaz səmtlərinə. Onlar getdilər, yollar öyündü, ruhanilər sevindi və təbii ki şeytanlar da kinlə çırpındı... Getdilər, nə atları vardı, nə də minikləri; nə silahları vardı, nə də cəbbəxanaları. Güc qaynaqları, sinələrində hər zaman lavalar kimi köpüklənən o müdhiş iman və həyəcan, üfüqlərində insanlığın xoşbəxtliyi və təbii riza və rizvan; bəxtləri əshab və həvari bəxtinə tay; iffət və ismətləri ilə də ruhanilərlə qardaş bir tövrdə yüksəldilər o anda fəcrin arxasından; çatdılar və dastanlaşan bir mövzu və solmayan bir xatirə oldular.

Səpələndikləri hər yerə Sonsuzdan işıq saçdılar; hər yanda ocaqlar qaladılar; alovunda, közündə, dumanında könül rahatlığı. Pozuldu zülmün, qaranlığın sehri. Zülmün, qaranlığın ovsunundan əsər-əlamət qalmadı. Yuxusu qaçdı dinsizlərin və xoflanmağa başladı qaranlıqlar yeknəsəqliklə... körükləndi bir daha yalan, iftira, hiylə ocaqları... azğınlaşdı qaba düşüncə və təəssübkeşlik... fikir üstünə atlar sürüldü və inanca öldürən tələlər quruldu. Amma bütün bu çırpınışlar nafilə idi; hər tərəf nura qərq olmuşdu; sarmışdı sonsuzdan gələn nurlar bütün cahanı. Artıq dəm aydınlıq ruhların dəmi, dövran da onların dövranı idi. Sözün düzü, ortalıq qarışıq, üfüqlər də tutqun idi; fəqət artıq qaranlıq və qaba düşüncənin sehri pozulmuşdu.

İndi söz aydınlıq ruhlarda idi. İnsanlıq bunlarla yenidən özünü kəşf edəcək və varlıq silsiləsi içində həqiqi yerini alacaqdı. Bu etibarla da onlar gözlənilən bir nəsildi; getdikləri hər yerdə insanlıq onları, lakin onlar da təvazökarlıq və alçaqkönüllülük duyğusu içində başları ayaqlarının olduğu nöqtədə Allaha (c.c.) təzim və insanlara sayğı düşüncəsi ilə daim iki qat, gözlərini Rəhməti Sonsuzun qapısına çevirərək nurun ziyasının üzərlərinə əks edəcəyi anı gözləyirdilər. Günümüzün insanı mövzunu necə qiymətləndirirsə qiymətlən­dirsin, onlar atinin (gələcəyin) uşaqları idi; nurlu gələcək də onların sirlərinə hamilə idi. Hər biri özünə görə diriliş həvarisi olan bu qutluların əllərində dostluq buketləri, dodaqlarında qardaşlıq nəşidələri (nəğmələri) vardı. Onların ən kəskin qılınclardan daha kəskin dilləri suyunu Quran çağlayanından almış və sözləri də axirət boyutlu idi. Bu sözlər zülmətləri paramparça edir, amma heç kimi yaralamırdı; qulaqlarda Kövsər çağıltıları səslənsə də, kimsəyə həsrət yaşatmırdı. Əslində bunların nə ələ, nə də dilə ehtiyacları vardı. Çıraqlar kimi tərtəmiz simaları ilə görüldükləri hər yerdə Allahı xatırladan bu təmiz çöhrələr o qədər əfsunlayıcı idilər ki, onların əhvallarından süzülən mənalar qarşısında bəyanın dili tutulur və dillər də səssizlik müşahidələrinə dalırdı. Onların işığı deyil, kölgələri belə pərvanələri yandırır və nurları səmtlərinə yaxınlaşanların gözlərini qamaşdırırdı. Biz "Halın yanında dilin, bəyanın sözü olarmı!?... Əməllər danışınca, təbliğə ehtiyac qalarmı?" deyərik ki, doğrudur. Onlar bu doğrunun təmsilçiləri idilər. Hər zaman yer üzündə yığın-yığın gözəl insan olmuşdur; ancaq bu sonuncuların əda və şivəsi tamamən fərqli idi. Onların tayı-bərabəri yoxdu deyə bilmərəm, amma "göstər" desələr də, həmin anda heç nə söyləyə bilmərəm. Ehtimal ki, "bunlar ruhanilərə bənzəyir," – deyərək keçib gedərəm.

Bu aydınlıq ruhları kimə bənzədiriksə bənzədək, onların nəşr etdikləri nurlar sayəsində qupquru çöllər İrəm bağlarına, kömür ruhlular da almaza döndülər... daş-torpaq təbiətlilər, qızıl və gümüş olma payəsinə yüksəldi... və haqlı olaraq indi hamı onlardan söhbət açır; onların vəd etdikləri sevgi, qardaşlıq və xoşgörünün gerçəkləşəcəyi günləri gözləyir. Bu gün sadəcə zülmətlə ziyanı bir-birinə qarışdıranlar, həyatlarını cismani duyğuların əsiri edənlər onların əleyhində haqsız ittihamlar irəli sürürlər... yarasalar onlardan narahatdır... qurdlar, çaqqallar onlara diş qıcayır... və divanələr də təşviş içindədir. Mən bütün bunları bir mənada təbii qarşılayır və "hər kəs öz təbiətinə uyğun davranar," - deyirəm.

Nə olursa, olsun, orada-burada şam söndürənlərə müqabil (qarşılıq) onlar, keçib get­­dikləri hər yerdə işığa təşnə könülləri qeybdən nurlarla aydınlatır; təmiz fit­rətləri əşya və hadisələrin pərdə arxasına uyğunlaşdırır və təbiətcə pozul­ma­yanlara da universal insani dəyərləri duyururlar.

Bir vaxtlar Quran sayəsində qitələrarası maneələr aşılaraq insanlar arasında qalıcı bir sevgi, sayğı və dialoq gerçəkləşdirildiyi kimi indi də bu qutluların səyi ilə yeni bir anlaşma və uzlaşma təməlinin atıldığına/atılacağına inancım tamdır. İnsanlıq keçmişdə millətimizi həmişə gülərüzlülüyü və xoştaleyi ilə tanıdı; günümüzdə də bu niyə bir dəfə daha olmasın ki..! Qaldı ki indidən  bu məfkurə mühacirlərinin keçib getdiyi hər yerdə-insanlar arasında bir sevgi seli çağlamağa başladı belə. Hər tərəfdə seziləcək, hiss ediləcək tərzdə iç-içə könül rahatlığı və xatircəmlik əsintiləri var. Hər yanda ahəng və sabitliyin sarsılmaz bəndləri kimi "sülh adaları" meydana gəlir.

Kim bilir, bəlkə də çox yaxın gələcəkdə, özünü yaşatma məfkurəsinə adayan bu həsbilər sayəsində qəlb və ağıl bir kərə daha bir-birinə sarmaşacaq; vicdan-məntiq bir-birinin fərqli dərinlikləri halına gələcək; fizik-metafizik mübarizədən uzaqlaşaraq öz meydanlarına çəkiləcək və hər şey öz təbiətindəki gözəllikləri özünə məxsus üslubla ifadə etmə fürsətini tapacaq; ilahi əmrlərlə təkvini əsasların iç-içə olması bir kərə daha yenidən kəşf ediləcək; insanlar bir-birləri ilə lazımsız yerə savaşmaqdan peşman olacaq; çarşıda-bazarda, məktəbdə-yuvada bugünə qədər tam gerçəkləşdirilə bilməyən sevgi atmosferləri meydana gətiriləcək və sevgi əsintiləri hiss ediləcək; iffətə toxunulmayacaq, namus tapdanılmayacaq, qəlblər sevgi və sayğı hissi ilə dolacaq, kimsə kimsənin malına, irzinə kəm gözlə baxmayacaq; qəvilər (güclülər) adil davranacaq, zəiflər-acizlər insan kimi yaşamaq fürsətini tapacaq; kimsə zənn ilə tutulub saxlanmayacaq; kimsənin evi, iş yeri basqına məruz qalmayacaq; heç bir məsumun qanı axıdılmayacaq və heç bir məsum ağladılmayacaq; və hər kəs Allaha qarşı sayğı hissi içərisində insanları sevəcək... Elə o zaman Cənnətlərin dəhlizi olan bu dünya yaşanmasına doyulmacaq bir Firdövs halına gələcəkdir.


[1] Gözünü sevda bürümüş, sevdasından başqa heç nə görməyən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.