Ramazan və yumşalan qəlblər

Fəthullah Gülən: Ramazan və yumşalan qəlblər

Sual: Hər il səkinətək səmalardan enib könülləri yumşaldan, həlimləşdirən və özünəxas bir keyfiyyətə bürüyən ramazan ayından fərdi və ictimai həyat baxımından kamil şəkildə faydalanmaq üçün nələr tövsiyə edərdiniz?

Cavab: Oruc, iftar, təravih kimi füsunkar gözəlliyi ilə üfüqdə tülu edən və özünəxas qüdsi bir ab-hava gətirən ramazan ayının ictimai gərginliyin səngimədiyi, şiddət və hiddətin ifrat səviyyəyə çıxdığı, qarşıdurmaların məharət sayıldığı və kütlələr arasında ciddi soyuqluğun yaşandığı vaxtlarda belə insan ruhunun hüzura qovuşmasında, qəlb, hiss və düşüncələrin öz məcrasına düşməsində və sərtliyin, kobudluğun yatışmasında bambaşqa rolu vardır. Bu da danılmaz həqiqətdir ki, sükunət, yumşaqlıq və lətafətin bariz şəkildə özünü hiss etdirdiyi bu mübarək aya xalqımızın böyük ehtiramı var. O baxımdan hal-hazırda xoşagəlməz hadisələr hər tərəfimizi sarsa da, iradəmizi ortaya qoyub könül qapılarını bu qüdsi aya aça, onun bərəkətinə ürəkdən inanıb təzim və ehtiram hisləri ilə ona yönələ bilsək, o da bizə qucaq açar, rəhmətini leysantək üstümüzə yağdırar, hiddət, şiddət və qəzəbin odunu alar və beləcə toplumda hüzur və sabitlik ab-havası hakim olar.

Yeməklər deyil, qonaqlar çeşidli olsun

Gələk “Bu ayda nə edə bilərik?” sualına: məsələn, bir binada yaşayanlar qonşularını hansı mədəniyyət və dünyagörüşünə mənsub olur-olsun, bir neçə gün qabaqdan xəbər verməklə iftar süfrəsinə dəvət edib əlindən gəldiyi qədər alicənablıq və səxavət göstərə bilərlər. Hətta yeməkdən sonra “Zəhmət çəkib dəvətimizi qəbul etdiniz. Buyurun, bu da bizdən sizə diş kirəsi (Türk mədəniyyətində dəvətdən sonra verilən hədiyyə)” deyərək əvvəlcədən hazırladığı kiçik bir hədiyyə də verə bilər. İmkan varsa, xüsusən də çolum-çocuğuna hədiyyələr verərək o məsum balaları sevindirə bilərlər. Eyni şəkildə dövlət məktəbində müəllimlik edən, universitetdə dərs deyən, yaxud da digər müəssisələrdə çalışan insan da ayrı-seçkilik qoymadan evinin qapısını hər kəsə açıb iftar süfrəsinə dəvət edərək ictimai sülhə öz töhvəsini verə bilər.

Gəlin bu bərəkətli və nurlu ayda bircə iftar süfrəmiz də qonaqsız olmasın. Bəli, gəlin iftar süfrələrini çeşidli yeməklərlə deyil, qonaqların çoxluğu və çeşidliliyi ilə bəzəyək. Bildiyiniz kimi, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur ki: طَعَامُ الإثنينِ كافي الثَّلاثَةِ، وَطَعَامُ الثَلاثَةِ كافي الأَربعَةِ “İki nəfərlik yemək üç nəfərə, üç nəfərlik yemək də dörd nəfərə bəs edər” (Buxari, “Ətimə” 11; Müslim, “Əşribə” 179). Ona görə də bambaşqa bir bərəkəti olan ramazan ayında qonaqların çoxluğundan qorxmamalıyıq.

Bu, müxtəlif kəsimlər arasında mövcud uçurumların, qərəzli yanaşmaların aradan qaldırılmasında mühüm diplomatik addım rolunu oynayır. Həqiqətən, güc-qüvvə tətbiqi ilə, güc strukturları vasitəsilə həll olunmayan bir çox məsələni bu metodla yoluna qoymaq olar. Bəli, siz könül qapılarını hər kəsə açsanız, mürüvvətinizlə insanların qəlblərini fəth etsəniz, qəlb evinizdə hər kəsə bir yer ayırsanız və beləcə o qəlbləri arxanızca çəkib aparsanız, ayaq tutub yeriyən kinin, nifrətin, qeyzin, qəzəbin, qanın, qətllərin, düşmənçiliyin, qarşısı alınmış olar. Tarixin heç bir dövründə nə problemləri, nə də sıxıntıları təhdidlə aradan qaldırmaq mümkün olmamışdır. Əksinə təhdid insanların qəzəbini daha artırmış və təxribat xarakterli təşkilatlanmalara gətirib çıxarmışdır.

Bir atalar sözü var, bir gün duz yediyin yerə qırx il salam ver. Düşünün ki, bir iftar süfrənizin xətrinə qırx il salam verəniniz olacaq. O baxımdan çox gözəl nəticələri olan bu səxavətli işi hökmən yerinə yetirməliyik. Bilmək olmaz, bəlkə də, ramazanın bir başqa bərəkəti də məhz bundadır. Yəni biz oruc və təravihlə yanaşı, insanların qəlblərini fəth etməklə də mükafat əldə edə bilərik.

Könüllərdə əks səda tapan göylərin səsi

Üstəlik dünyanın hər bir guşəsində insanlığa xidmət naminə canını ortaya qoyan ərənlər də könüllərin fəthində ramazandan bir vəsilə kimi faydalana bilərlər. Necə ki Qurban bayramında millətimiz səxavət və səmahət hissini ortaya qoyaraq kəsilən qurbanları kasıb həmvətənlərimizdən başlayaraq Asiyadan Afrikaya – dünyanın hər bir guşəsinə paylamaqla könülləri fəth elədi və eyni zamanda dünyada belə əliaçıq, qəlbiaçıq bir millətin varlığını sübuta yetirdi, eləcə də ramazanda iftar və sahur qapılarını hər kəsin üzünə açıb ramazan səfərbərliyi başaladaraq neçə-neçə ürəkləri fəth etməklə bu mübarək ayı İlahi murada uyğun dəyərləndirmək mümkündür. Xüsusilə, ölkə xaricində iftar və ya sahura dəvət olunan qonaqlar bu cür fəaliyyətlərdən elə təsirlənirlər ki, təəssüratlarına qulaq asanda insan görülən işin nə qədər əhəmiyyətli olduğunu daha yaxşı başa düşür. Məsələn, iftardan əvvəl oxunan azanlar onlara orijinal və cazibədar gəlir. Nəticə etibarilə gözəl və zəngin dəyərlərimizi tanıtmaqda bu imkandan yaxşı faydalanmalıyıq.

Bütün bu fəaliyyətlər insanlarda müsəlmanlığa qarşı sadəcə rəğbət hissi oyatmaqla nəticələnə bilər. Ancaq məncə, bu nəticə belə kiçik görülməməlidir. Nə bilmək olar, hər şeyi orijinal qarşılayan o insanlar, bəlkə də, tədricən İslamiyyətin gözəlliklərini bambaşqa duyacaq və birdən-birə şaquli olaraq öz kamillik ərşlərinə yüksələcəklər. O baxımdan buna nail olmaq üçün bir iftar deyil, onlara hər gün üç dörd dəfə süfrə açılsa, dəyər.

Həməsrlərimiz, təəssüf ki, müsəlmanlığın gözəlliklərindən məhrum ömür sürür. Görməyiblər əsl müsəlman əxlaqını. Ona görə də bizim ən ümdə vəzifəmiz ailə quruluşumuzla, ana, ata və övladlarımıza qarşı rəftarımızla, dəvətlərlə, alibcənablığımızla onlara həqiqi müsəlmanlığı göstərməkdir. Əgər kimsə müsəlmanlardan hürkürsə, bu düşüncəni ancaq onlarla qaynayıb-qarışmaqla düzəltmək olar. Ona görə də ramazanda müsəlmanlar ağıl, məntiq, mühakimə və məşvərətdən yararlanaraq bu işi məntiqli şəkildə həyata keçirməyə çalışmalıdırlar.

Ramazandakı əməllərin yerini heç nə verməz

Mükəlləfiyyətlər, yəni fərz buyurulan ibadətlər yerinə yetirilmə keyfiyyətinə görə başqa bir mahiyyətə bürünərək Allahın dərgahında bizə şahidlik edəcək. Biz bu qüfran ayını nə qədər razı salsaq, nə qədər sevindirsək, axirətdə də onun şahidlik səsini bir o qədər gur eşidəcəyik. Əgər ondan yaxşı faydalana bilsək, ramazan bizdən ayrılanda lehimizə şahidlik edəcək, bəlkə də, rəyyan cənnətinə namizəd olduğumuzu müjdələyəcək. Ona gərə də Allahın əmr buyurduğu ibadətlərə ehtiramla yanaşmalı, onlara dəyər verməli və onlardan maksimum istifadə etməyə çalışmalıyıq.

Digər tərəfdən, insan axirətdə Allahın ehsan etdiyi nemətlərin hansı əməlin mükafatı olduğunu biləcək və bu, ona bəxş edilən nemət qədər həzz verəcək. Bəlkə də, bu nemətləri görüb: “Çox şükür Rəbbimə! Əvvəlcə məni əməllə şərəfləndirdi, indi də onun mükafatı ilə şərəfləndirir” deyəcək. Bəli, insan tutduğu orucları orada ağzı, burnu, qulağı ilə tanıyacaq. Eyni şəkildə aclığını, susuzluğunu, təravihdəki yorğunluğunu, sahura həyəcanla qalxışını, iftar süfrələrində verdiyi naz nemətlərini axirətə xas keyfiyyətdə tanıyacaq və bundan həzz alacaqdır.

Bəzi ibadətlərin dərinliyi onların zahiri rüknlərindən qaynaqlanır. Ramazan ayında edilən ibadətlər də bu cürdür. Ona görə də ramazan ayında işlənən əməllərin qiyməti qat-qat artacaqdır. Bu ayda insanlar tamam ayrı şəkildə Allaha yaxınlaşır. Heç bir oruc bu ayda tutulan oruca çata bilməz. Başqa vaxtlarda qılınan iyirmi rükət namaz təravihin yerini tuta bilməz. Eyni şəkildə, o biri aylardakı sahurlardan ramazanın sahurları qədər savab ala bilməzsiniz. Həmçinin ramazan ayında iftar vaxtı azanı gözləməklə başqa ayların iftarında azanı gözləmək eyni deyildir. Qısaca başqa vaxtlarda işlədiyiniz əməllərlə ramazanın mükafatlarına çata bilməzsiniz. Heç bir əməl onun yerini tuta bilməz. Bu səbəbdəndir ki, ramazanın dəyərini vicdanında duyan səmimi möminlər onu hüznlə yola salar və növbəti ramazanı həsrətlə gözləyərlər. Bilmək olmaz, bəlkə də, bu həsrət onlara başqa bir ramazan savabı qazandıracaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.