Pis əməllərdən çəkindirmə və batilin təsviri

Pis əməllərdən çəkindirmə və batilin təsviri

Sual: “Batilin təsvir edilməsi saf zehinlər bulandırar”. Ancaq insanları batildən çəkindirmək üçün onun şərini də izah etmək lazımdır. Bu iki məsələ arasında tarazlıq necə qurulmalıdır?

Cavab: Əvvəla bunu bilməliyik ki, bir şeyi “pis” adlandırıb onun ehtiva etdiyi pisliyi izah etməklə onu təfərrüatlı şəkildə təsvir etmək arasında fərq var. Əlbəttə, insanları fərd və cəmiyyətə zərərli olan hərəkət və davranışlardan uzaqlaşdırmaq, soyutmaq və pis əməllərə qarşı ikrah hissi oyatmaq üçün bu şeylərin pis olduğunu deməli, bu barədə xəbərdarlıq etməliyik. Amma pis hərəkət və davranışları təfərrüatlı şəkildə izah edib, rəngini, cizgilərini detallarına qədər verib insanların beynində onun konkret rəsmini qazımaq doğru değil. Çünki batilin təfərrüatlı izahı bəzi insanlarda ona arzu və meyil oyada bilər.

Buna görə də görülən iş əks nəticə verməsin deyə “batil” adlandırılan pislik və günahlar təfərrüata girilmədən, ümumi şəkildə çatdırılmalı, ardınca da zərərləri göstərilməli, dünya və axirətdə səbəb olduğu acınacaqlı aqibətdən bəhs edilməlidir. Məsələn, mütəmadi günaha girən, pislikdən əl çəkməyən bir insana bu cür əməllərin get-gedə mənəvi feyzlərin kökünü qazıyacağını,bəsirətini korşaldacağını, hislərini öldürəcəyini, ibadətlərdən zövq almayacağını, ihtisas dünyasından xəbərsiz ömür sürəcəyini, formal müsəlmanlıq qəlibindən çıxa bilməyəcəyini, Allahı yalnız nəzəri olaraq tanıyacağını, ehsan şüurundan məhrum qalacağını xatırladıb xəbərdarlıq etmək olar. Yəni günahı təsvir etməkdənsə, günahın sürüklədiyi pis aqibət diqqətə çatdırmaq lazımdır.

Mənfi xatirələrin dağıdıcı təsiri

Bildiyiniz kimi şeytan insanı günaha sürükləmək üçün onun bəzi mənfi duyğularından çox yaxşı istifadə edir. Odur ki, bu duyğuların oyanmasına və oyadılmasına imkan verilməməlidir. Batilin təsviri isə bir mənada həmin duyğuların oyanmasına səbəb olur və insanda var olan potensial duyğuları hərəkətə gətirir. Şeytan da bu fürsətdən istifadə edir, batilin təsvirinin zehinlərdə buraxdığı mənfi xatirə və izlərdən faydalanaraq insanı təsir altına almağa çalışır və onu pis əməllərə sövq edir.

“Batilin təsviri” deyəndə daha çox bəşəri hisləri hərəkətə gətirən və oyadan mövzular nəzərdə tutulur. Ancaq məsələni təkcə şəhvani hislərə aid etmək hər halda doğru olmazdı. Belə ki, bunu haqqında danışılanda insanda həmin əməli işləməyə arzu-istək oyada bilən bütün pisliklərə də şamil etmək olar. Məsələn, siz ikiüzlülüyün necə böyük şər olduğunu izah etmək istəyirsiniz. Əgər bu pis əməli aktyorluq məharəti kimi təqdim etsəniz, bəzi insanlarda ona qarşı maraq hissinin oyanmasına səbəb ola bilərsiniz. O halda günah kateqoriyasına daxil olan bütün hərəkət və davranışların izahında tərxib (xəbərdarlıq, çəkindirmə) üslubuna üstünlük verilməli və bu kimi günahlara girən insanların hesab günündə hansı cəzaya məruz qalacaqları barədə izah verilməlidir.

Hətta şirki təsvir edəndə belə çox həssas olmaq lazımdır. Məsələn, Cənabi-Allaha şərik qoşuran və haşa, məbud kimi sitayiş edilən bəzi cismlərin adlarını təkrar-təkrar deməyə, hətta zərurət deyilsə, izah etməyə ehtiyac yoxdur. Belə şeylərdən ümumi şəkildə söz açmaq, daha çox Allaha şərik qoşanların əbədi səadət yurdundan məhrum qalmasından, əbədi cəhənnəmə düçar olmasından danışmaq lazımdır.

Eyni şəkildə ana-atanın üzünə ağ olma, yalan şahidlik, oğurluq, iftira, qeybət kimi məsələlərdən danışanda da insanlarda bu günahlara qarşı maraq hissini oyadan təfərrüatdan gen durmalı, ümumi üsluba üstünlük verməli və ən əsası da bu günahların axır-aqibətini diqqətə çatdırmalıyıq ki,bu günahlara qarşı müqavimət hissi hasil olsun.

Əslində, bu metod peyğəmbər üslubudur. Məsələn, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) dilin bəlalarından və zinadan çəkinməkdə böyük mükafat olduğunu bu sözlərlə bəyan buyurur: “Siz mənə iki çənə və iki ayaq arasını qoruyacağınıza söz verin (və sözünüzə əməl edin), mən də sizə Cənnəti söz verim” (Buxari, “Riqaq”, 23) Gördüyünüz kimi, Peyğəmbərimiz burada məsələni üstüörtülü, mübhəm və ümumi şəkildə izah etmiş, bu iki günahdan çəkinənlərin axirətdə əldə edəcəkləri mükafatları diqqətə çatdırmışdır.

Üstəlik unutmayaq ki, yanlış üslubla təsvir olunan batil əməllər günlərlə, hətta həftələrlə insan zehnindən təmizlənmir. Hətta bəzi mənfi şeylər ibadət əsnasında belə insan zehnini məşğul edə bilir. Ona görə də insan bu cür mənfi şeylərdən uzaq olmaqda ilk öncə güclü iradə və qətiyyət ortaya qoymalıdır. Bu kimi şeylərdən uzaq olmaqla yanaşı, o, həmçinin zehnini müntəzəm olaraq müsbət və gözəl şeylərlə doldurmağa çalışmalıdır. O dərəcədə ki, insan beynindəki hansı məlumata əl atır-atsın qarşısına həmişə gözəl sözlər, gözəl düşüncələr və gözəl mənzərələr çıxmalıdır. Qeyri-ixtiyari gözü, qulağı, zehni çirklənmədən, yaxud qəlbinə naxoş bir şey girəndə isə vaxt ötürmədən, onun yaşamasına imkan vermədən dərhal səccadəyə qapanmalı və o təmiz çeşmənin altında günah çirkindən arınmağa çalışmalıdır.

Təmiz bir zehin və gözəl aqibət

Xüsusilə, müasir dövrdə küçədə, bayırda, hətta ən etibarlı məkanlar sayılan evrlərimizdə belə zehin ciddi şəkildə çirklənir. Bu kimi xoşagəlməz təsvir və mənzərələr tədricən hafizə və beyni də kirlədir. Oraya yığılan mənfi məlumatlar gələcəkdə insanı ciddi şəkildə narahat edir və bəzi pis duyğularını hərəkətə keçirir. Zehindəki bu mənzərələr insanın his və düşüncə dünyasına təzyiq göstərərək öz arzu-istəklərini yeritməyə başlayır. Hətta fürsət tapan kimi iradəni iflic edir və insanı axirət səadətinin axırına çıxan haram və günahlara çəkib aparır.

Bəli, bütün bu xoşagəlməz təsvir və mənzərələr tədricən şüuraltına yerləşir, hətta yuxuları belə çirklətməyə başlayır. Halbuki insan yuxularında belə nəzih, pak olmağa çalışmalıdır. Əslinə qalsa, biz Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) dualarını rəhbər bilib axşam yatağa girəndə: “Ey əmanətə sadiq Allahım! Duyğu, düşüncə və xəyallarımı Sənə əmanət edirəm. Onların çirklənməsinə imkan vermə ki, yuxudan xoşagəlməz hislərlə oyanmayım!” düşüncələri ilə Allaha sığınır, gecələrimizi Cənabi-Allahın siyanətinə əmanət edirik. İnsanın bu qədər həssas və ehtiyatlı hərəkət etməsi, şübhəsiz, axirət həyatı baxımından böyük əhəmiyyət kəsb edir. Yaddan çıxarmayaq ki, bu məsələdə hər bir niyyət, dua və əmək savab dəftərinə yazılır. Hətta insanın xəyallarının çirklənməməsi, şüuraltının duyğularına təzyiq göstərməməsi və hislərinin təmiz qalması istiqamətində apardığı mübarizə, göstərdiyi cəhd yerinə görə yüz rükət namazdan da mühüm ola bilər. Yuxularda belə təmiz aləmlərdə gəzib dolanmaq, bağ-bağçalarda hür-azad seyran etmək ciddi əzmkarlıq göstərməkdən və iradəni qətiyyətlə ortaya qoymaqdan asılıdır.

Əslində insan onu xətaya sövq edən amillərdən və xəta düşüncəsindən nə qədər uzaq gəzsə, günahdan bir o qədər uzaq olar. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisdə: “Allahım şərqlə qərbi bir-birindən uzaq saxladığın kimi, xətaları da məndən uzaqlaşdır” (Buxari, “Dəavat”, 44) deyə dua edərək xətalardan uzaq olmağın əhəmiyyətini vurğulamışdır. Çünki az-çox bu işə bulaşan insan müəyyən vaxtdan sonra axına qapılır və bir də kənara çıxa bilmir. Bəli, bir dəfə üsyan dəryasına baş vuran insanın sahilə çıxma ehtimalı görünmür. Bu səbəblə o, mütəmadi zehnini, fikrini, hissiyyattını çirklətməməyə, sərvaxt olub nəfsani və şeytani tələlərə düşməməyə çalışmalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.