Təqva günahdan qoruyan zirehdir

Haram və qadağalara qarşı həssas və sayıq olma, məmnu[1] olan şeyləri etmə əndişəsi ilə bütün şübhəli şeylərdən uzaq durmaq kimi izah edilən vəra təqvadan üstün uca bir vəsfi-alidir. Bu mənada ona “maksimum təqva” da demək olar. Təqva müxtəlif təriflər çərçivəsində haramlardan qəti şəkildə ictinab[2] etmək, fərzləri nöqsansız yerinə yetirmək, vaciblərə həssas yanaşmaq, şübhəli şeylərdən qaçınmaq və “şübhəlidir” düşüncəsi ilə bəzi mübahlara da sərhəd qoymaq deməkdir. Hətta Şaraninin “Mizan”ını əsas götürsək, insanın əzimətlərlə[3] əməl etməkdə özünü mükəlləf sayması da təqvanın bir cəhətidir. Ancaq bunu da unutmayaq ki, bir insan “maksimum təqva”nı yaşamaq üçün əzimətlə əməli özünə yol seçmiş olsa da, bu yolu hər kəsə təklif etməsi doğru deyil.

Hz. Pirin təqva ilə bağlı təqdim etdiyi çərçivə hər kəsi əhatə edir. Məsələn, bir yerdə o, "Bu dövrdə təxribat və mənfi cərəyan geniş vüsət aldığı, şiddətləndiyi, dəhşətli səviyyəyə çatdığı üçün təqva bu təxribata qarşı ən böyük silahdır. Fərzləri yerinə yetirən, kəbirələri (böyük günahları) işləməyən qurtular" deyə bizə təqvanın hüdudlarını çəkir. Hz. Pirin ilham, varidat, ya da bir xütura[4] əsasən verdiyi bu təqva tərifini şəraitin, həqiqi mənada, təqvalı yaşamaq üçün əlverişli olmadığı, bəzi zəruri səbəblərdən “maksimum təqva”nı həyata keçirmək mümkün olmadığı bir dövrdə, heç olmasa, haramlardan ictinab edib fərzləri nöqsansız yerinə yetirməklə müxatəbini təqvaya və onun gö­zəl­lik­lərinə çağırış kimi başa düşmək olar.

Lakin bir məqamda bu xüsüs da gözdən qaçmamalıdır: Hz. Pir bir tərəfdən məsələni mübtədilərə (yolun başındakılar, yeni başlayanlara) asanlaşdırmaq üçün bu şəkildə ifadə etsə də, digər tərəfdən “maksimum təqva”ya işarə etmiş və ona talib olmağı zərurət saymışdır. Yəni iman və Quran dairəsinə yeni addım atmış mübtədiləri qaçırmamaq və məsələləri təqdim edərkən üslub xətasına yol verməmək üçün daha obyektiv çərçivə təqdim etmiş buna paralel digər tərəfdən qəlbi və ruhi həyat mərtəbəsinə yüksəlib “maksimum təqva”ya ucalmaq üçün bir üfüq göstərmiş, hədəf qoymuşdur.

Təqvanın digər bir cəhəti isə təkvini qanunlara[5] riayətdir. Hazırda bizim elm və texnologiya kimi sahələrdə geri qalmağımız, zülm və təzyiq altında əzilməyimiz və nəticə olaraq da, din və diyanətimizdən şübhələnməyimizin əsas səbəblərindən biri də təkvini qanunları düzgün anlayıb düzgün şərh edə bilməməkdir. Deməli, kainat kitabını düzgün oxuyub düzgün şərh etmək də təqvanın əsasını təşkil edir.

Sui-zənnə səbəb olmaq doğru deyil

Vəra' bir tərəfdən şübhəli şeylərdən qaçınmaq, digər tərəfdən də Peyğəmbərimizin (əleyhissalatu vəssalam) "Töhmət (alacağınız) yerlərdən çəkinin!" (Suyuti, Camiü'l-kebir, 1/817) hədisi-şərifinə əməl edərək bəzi məşru hal və hərəkətləri də “yanlış anlaşılmalara səbəb olar” düşüncəsi ilə tərk etməkdir. Buna görə vəralı mömin laübali və qeyri-ciddi yerlərdən uzaq durmalıdır. Məsələn, bir xına gecəsi, bir toy mərasimi… əgər orada Allahı və Peyğəmbəri unutduracaq laübalilik varsa, vəralı insan o məkanda öz mövqeyinə xələl gətirməməli, etibarını zədələməməli və əsla qeyri-ciddiliyə, laübaliliyə yol verməməlidir. Bəli, haramlardan uzaq olmaq, fərzlərə qarşı duyuq olmaq, vacib və sünnələri yerinə yetirərkən həssaslıq göstərməklə yanaşı, yanlış düşüncələrə səbəb olan yerlərdə gəzməmək, səhv başa düşüləcək hərəkət və davranışlara yol verməmək də vəranın əsaslarındandır. Bunu bir misalla bir az daha aydınlaşdıraq. Deyək ki, siz haram yerlər olan küçədən keçirsiniz. Əgər siz xalqın hörmət elədiyi, rəhbər saydığı, nümunə göstərdiyi insansınızsa, belə bir küçədən keçərkən, "Görəsən, ora girdi? Görəsən, orada dost-tanışı var?" kimi düşüncələrə səbəb olacaq və etibarınızı zədələyəcək hər cür hərəkət və davranışdan uzaq durmalısınız. Bəli, əgər siz xalqın hörmət etdiyi, nümunə göstərdiyi bir insan mövqeyindəsinizsə, sizə etimad edən o insanları şübhəyə salmamaq, tərəddüdlərə səbəb olmamaq və etibarınıza ziyan gətirməmək üçün məcbur olmadıqca bu kimi yerlərin yanından belə ötməməlisiniz.

İnsanların vacib, fərz, ya da "fərzin fərzi" kimi vəzifəni yerinə yetirərkən qeyri-iradi elə vəziyyətlərə düşməsi, belə yerlədən keçməsi mümkündür. Bu xüsusi müzakirə mövzusudur. Ancaq belə bir məqsəd olmadan internet səhifələrində dolaşmaq, hava almaq üçün orada-burada gəzmək... bəli, bunların heç biri Kitab və Sünnəyə uyğun deyil.

Xülasə

  • Hz. Pir bir tərəfdən məsələni mübtədilərə (yolun başındakılar, yeni başlayanlara) asanlaşdırmaq üçün bu şəkildə ifadə etsə də, digər tərəfdən “maksimum təqva”ya işarə etmiş və ona talib olmağı zərurət saymışdır.
  • İnsan “maksimum təqva”nı yaşamaq üçün əzimətlə əməli özünə yol seçmiş olsa da, bu yolu hər kəsə təklif etməsi doğru deyil.
  • Bəli, xalqın hörmət etdiyi, nümunə göstərdiyi bir insan daha diqqətli yaşamalı, töhmət ala biləcək davranışlardan uxaq durmalıdır.

Özünün hakimi başqasının vəkili...

İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) hər kəsə nümunə və bəşəriyyətə rəhbər olduğuna görə, ümuma aid məsələlərdə hər kəsi nəzərə almış və hər kəsə uyğun qulluq anlayışını təmsil etmişdir.

Məsələn, namaz qıldıranda namazı çox uzatmamış və imamlıq edənlərə də bu mövzuda ciddi xəbərdarlıq etmişdir. Lakin digər tərəfdən İbn Məsudun (radıyallahu anh) dediklərinə baxanda, Rəsuli-Əkrəm gecə namzının bir rükətində “Bəqərə”, “Ali İmran”, “Nisa” və “Maidə” surələrini oxumuşdur. Bəzən savmi-vüsal[6] etmiş, yemədən-içmədən iki, üç gün oruc tutmuş və bununla öz fərqini ortaya qoymuşdur.

Həyatını Həzrəti Ruhu-Seyyidil-Ənamın (əleyhissalatu vəssalam) o dərin yönü əsasında tənzimləyənləri; başqa sözlə, əzimətlə və ən ağır mükəlləfiyyətlərlə ömür sürənləri bu gün bəzi insanlar dini çətinləşdirməkdə ittiham edirlər. Lakin fəqir (özünü qəsd edir) heç vaxt nə İmam Qəzali, nə Muhasibi nə də bir başqa sələfin dini həyatını dözülməz, öhdəsindən gəlinməz görmədi. Təbii ki, onların zirvə həyatı ümum üçün obyektiv deyil. Lakin “obyektiv mükəlləfiyyət” sahəsinə girməsə də, əngin dəryalarda üzən və uca zirvələrdə uçan bu böyükləri tanımaq, bir qayeyi-xəyal kimi onları örnək götürmək olduqca faydalıdır, qəlbi və ruhi həyatımızın müstəqimliyi üçün çox vacibdir.

Nəticə olaraq bunu deyə bilərik: Biz də xas dairədə söhbət açanda müxatəblərimizin səviyyəsinə görə, o böyük insanların həssaslığından və dərin yönlərindən bəhs edə bilər, onların heyrətamiz həyatını qibtə oyadan bir üslubla təqdim edə bilərik. Lakin ibrət üçün onlardan bir-iki söz desək də, ümumi üslubumuz etibarilə bəhs etdiyimiz məsələlərin hər kəs üçün obyektiv olmasına diqqət etməliyik.

Bəli, dini yaşanmaz hala gətirməmək, gətirib buna məğlub olmamaq şərtilə həssas həyat tərzini seçə bilərik. Lakin ümuma gəlincə dairəni geniş götürməli və ətrafa daim hüsnü-zənlə baxmağı bacarmalıyıq.

Həftənin duası

Ey Rəbbim! Bizi bağışla.. bizə səlamət ver.. bizi siyanətinə al.. bizi hifz elə.. bizi inayətinlə gücüləndir və bizdən razı ol!

Ey Rəbbim! Qorxu və kədəri bizdən uzaqlaşdır və bizi Səndən uzaqlaşdıran hər şeydən hifz et! Ey Rəbbim! Nəfsin şərindən, pis əməllərdən, şeytanın və ins-cin bütün məxluqatın zərərindən Sənə sığınırıq. Mədəd ya, Rəbbim, əl-aman, əl-aman..!

Sözün cövhəri

İnsanı Cənabi-Haqqa aparan yollardan biri də eşqdir. Eşq beş duyğu xaricində cərəyan edən hadisədir. Eşq yolu cazibəlidir, bu yola girənlər yoldan dönməmişlər. Məhz buna görə, eşqdən çox nümunə verilmişdir.

Eşq yolunda sevgilidə nöqsan axtarmaq olmaz. Eşq insanı cəzbəyə, sonra da İlahi incizaba aparır. Nəhaəyt qul bir anda Allaha qovuşur. Dövrümüz həqiqi eşq üçün çətin dövrdür. “Allah” deyəndə burnunun ucu göynəyən insan barmaqla sayılacaq qədər azdır..


[1] Qadağan olunmuş

[2] Çəkinmək, qaçınmaq

[3] Allahın əmrlərini ən mükəmməl şəkildə yerinə yetirməyə çalışmaq

[4] Ağıla gələn

[5] Kainata Allahın qoyduğu qanunlar

[6] İftarsız iki gün dalbadal oruc tutmaq

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.