Böyüklər gecələri oyaq keçirmiş
Gecə mələkut[1] aləminin qapılarının aralandığı, bəzi səmavi mənfəzlərin[2] açıldığı və məna aləmlərinin müşahidə edildiyi bir zaman kəsimidir.
Bədiüzzamanın təsbiti ilə, gecəni təhəccüdlə əhya etmək bərzəx aləmini məşəllə işıqlandırmaqdır. Abdullah İbn Ömərin rəvayət etdiyi bir hədis və bir hadisə bu mövzuya aydınlıq gətirir.
Bu hədisdə Abdullah İbn Ömər məalən belə buyurur: "Hər kəs gəlib yuxusunu Allah Rəsuluna danışardı. Mən də öz-özümə: “Kaş, bərzəx aləminin qapıları mənə də açıla, mən də bəzi şeyləri görəm, sonra da gəlib gördüyüm yuxuları İnsanlığın İftixarına danışam; O da bu yuxuları yoza...” deyə düşünürdüm. Bir gün yuxuda gördüm ki, iki nəfər qollarımdan tutub dərin və alovlu bir quyunun ağzına gətirdi. O dərin quyudan səmaya alovlar yüksəlirdi. Mənzərə çox qorxunc və dəhşətli idi. Başa düşdüm ki, bu Cəhənnəmdir. Məni oraya atacaqlar deyə çox qorxdum. Allaha sığınıb "Ya Rəbb!" deyə yalvarmağa başladım. Biri mənə dedi: "Qorxma! Sən oraya girməyəcəksən". Yuxumu bacım Hafsaya danışdım ki yozumunu Allah Rəsulundan öyrənsin. Rəsuli-Əkrəm bacıma belə buyurmuşdu: "Abdullah İbn Ömər nə gözəl insandır, kaş gecələrini də əhya edə!”
Təcəlli ovuna çıxanlar üçün ən münasib zaman kəsiyindən biri də, şübhəsiz, gecələrdir. İnsan gecələr təfəkkür toru ilə mənən coşan qəlb, ruh və lətifeyi-Rəbbaniyəsi[3] ilə təcəllilər ovlaya bilər. Bəli, Allaha vüslət gecələrdə olar. Ən işıqlı işlər qaranlığın sinəsində gerçəkləşər. Uzaq məsafələr gecələr qət olunar. Meraca yüksəlmə gecələr mümkün olar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) demək olar ki, bir gecəni əhyasız keçirməyib. O Nəbilər Sərvəri bəzi gecələr "Ali İmran" surəsinin sonunda keçən təfəkkürlə bağlı ayələri oxuyar, hətta bəzən bir neçə dəfə təkrar edər, dolan gözəl gözlərini səmaya dikib hönkürtü ilə ağlayardı. Sonra da uzun qiyam, rüku və səcdələrlə gecə namazını qılardı.
Gecələrin təcəlli ovçuları
Allah Rəsuluna tabe olan səhabeyi-kiram, bir çox tabiun da gecələri oyaq keçirmiş; zamanın o qızıl kəsimini namaz, dua və təfəkkürlə dəyərləndirməyə çalışmışdır. Qaynaqlara baxanda Allah dostlarının gecələrini qiyamla əhya etdiklərinə şahid olarsınız.
Bəli, əhlullah gecələrin səssizliyini çox yaxşı dəyərləndirmişlər, torunu qurmuş və daim təcəlli ovlamışlar. Bu mənada insanın toru imani-nəzərdir. Belə bir imani-nəzərlə diqqətini cəmləyə bilən təcəlli ovçusunun köksünə daim təsəvvüredilməz duyğular axar, dilindən də dürr, inci tökülər. Bəli, insan tam təvəccöhə müvəffəq olduğu belə anlarda Allah-Təalanın sonsuz qüdrətinə tərcüman olub elə həyəcan tufanları keçirər ki, sanki, Cənabi-Haqqın sonsuz qüdrəti ilə Allahın izni ilə yer kürəsinin orbitini bir həmlədə dəyişdirəcək.
Qəlbin riqqətə gəldiyi, gözün və könlün dolub boşaldığı bu "hal"ları fürsət bilib səmərəli dəyərləndirmək haqq və həqiqət yolçuları üçün çox əhəmiyyətlidir. İnsanın Kəbədə, Ərafatda, Müzdəlifədə, Müvacəhədə, ya da Qədr gecəsi, cümə günü birin minə çevrildiyi şərəfli dəqiqələri dərk etməsi Cənabi-Haqdan gələn feyzləri qəbul etmədə böyük əhəmiyyət kəsb ediyi kimi, qəlbin kövrəldiyi, istiğraq[4] kimi halların yaşandığı anlar da Haqqdan gələn təcəlliləri ovlama və dua etmək üçün çox əhəmiyyətlidir. Bu səbəblə insan belə hallarda özünü tamamilə unutmalı və "Allahım! Yer üzünün hər yerində uca dinini bir daha ucalt. Bizim və bütün qullarının qəlblərini iman, İslam və ehsana aç!" deyərək dua etməlidir. Bu bir mənada "Millətimin imanını səlamətdə görsəm, Cəhənnəmin odunda yanmağa razıyam" üfüqü, bir mənada da hər möminin vəzifəsi sayılmalıdır. O üfüq ki, orada insan öz iztirabını unudur, başqalarının iztirabını çəkir.
Bircə dəqiqən var desələr...
Sözgəlişi Cənabi-Haqq mənə: "Sənə bircə dəqiqə verirəm, nə istəsən qəbul edəcəyəm!" buyursa, mən evi, kəndi, sandıqlarla qızılı, hətta İstanbulun, Belqradın fəthini deyil, yalnız Allah adının yer üzündə bir daha ucalmasını, Ruhi-Rəvani-Məhəmmədinin hər tərəfdə qanad açmasını istəyərəm. "Allahım! Bütün qəlblər Sənin və Rəsulunun sevgisi ilə dolsun. Hər yerdə Sənin adın eşidilsin və biz bu işin xidmətçiləri olaq" deyərəm. Bəli, Rəbbimdən yenə Rəbbimi istəyərəm. Çünki hər şeyin əsası və hər şeyi verən yalnız Odur. İstəniləcək bir şey varsa, o da yalnız Onun rizası, Onun xoşnudluğudur. Zənnimcə, yoldaşlarım da mənim kimi yalnız bunu istəyərlər.
Bu gün bəşəriyyət Allaha və Rəsulullaha, Rəbbimizin Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) əli ilə insanlığa nazil etdiyi nurlu və mübarək mesaja möhtacdır. Dolayısilə, qəlbləri sözügedən istiqamətə yönəltmək üçün görüləcək hər iş, zahirən kiçik görünsə də, Allah qatında çox böyükdür. Belə düşünmək, bu barədə cəhd göstərmək və dualarla yalvarmaq da peyğəmbəranə bir davranışdır.
Səni səna etməyə gücümüz çatmaz
İbadət etmək bir lütfdür; ibadətə içdən bağlılıq – duyulan arzu və istək isə lütfdən böyük bir lütfdür.
Cənabi-Allah bəzən bir qula bu duyğunu lütf edər; o da ibadətləri təbii ehtiyac, adət kimi görər. Bu, həmin insanın yaxşı və gözəl xüsusiyyətlərinin şövqə, iştiyaqa çevrilməsidir. O, bu şövqlə "Nə qədər eləsəm, azdır" deyər.
İnsan nə qədər ibadət, nə qədər əvradu-əzkar edir-etsin, yenə də içində "La uhsi sənaən əleyk, əntə kəma əsnəytə ala nəfsikə – Sən öz Zatını səna etdiyin (mədh etdiyin, öydüyün) qədər Səni səna etməyə gücüm çatmaz" fəlsəfəsi istiqamətində ibadətini layiqincə əda edə bilməmə, yaxşı qul ola bilməmə kimi duyğular varsa, yəni hər yaxşı əməlini az hesab edirsə, deməli, bu insan Allahın böyük bir lütfünə məzhərdir.
Gördüyü işlərlə, əməlləri ilə kifayətlənən mömindir, inanır, ibadətü-taətindədir, ancaq o səviyyəyə çata bilməmişdir. Yəni, gündə min rükət namaz qılsa da, "Xeyr, Rəbbimə borcumu ödəyə bilmədim" demək, "Ona təşəkkür borcumu ödəyə bilmədim" şəklində mülahizə etmək mövhibədən[5] böyük mövhibədir. Hədis kimi də rəvayət edilən "Mə arafnəkə haqqa marifətikə Ya Maruf; Ey bütün məxluqatın tanıdığı Rəbbim, Səni layiqincə tanıya bilmədik", "Mə əbədnəkə haqqa ibadətikə Ya Mabud; Ey yeganə ibadətə layiq Allahım, Sənə layiqincə qulluq edə bilmədik", "Mə şəkərnəkə haqqa şukrikə Ya Məşkur; Ey hər dildə məşkur (şükür edilən) olan Rəbbim, Sənə layiqincə şükür edə bilmədik", "Mə zəkərnəkə haqqa zikrikə Ya Məzkur; Ey yerdə və göydə hər varlığın zikir etdiyi Allahım, Səni şanına layiq zikir edə bilmədik"... sözləri vicdani meyar və qədirbilənliyə görə "Tam əda edə bilmədik" şüurunu izhar edir.
İmanın qəlbdə bərqərar olması çox əhəmiyyətli məsələ olduğu üçün mən dua edərkən mütəmadi "Allahummə ya muqallibəlqulub, səbbit qulubəna ala dinik; Ey qəlbləri haldan-hala salan Allahım! Qəlbimizi dinində sabit et" deyirəm. Başqa bir dua da "Allahummə ya musarrifəlqulub, sarrif qulubəna ila taatiq; Ey qəlbləri haldan-hala salan, qəlbimizi ibadət və taət sevdası ilə doldur!" deyirəm. Bundan əlavə: "Qəlbimizi razı olduğun işlərə, əsas da ixlasa yönəlt" də deyə bilərsiniz. "Kamil iman və yəqinə yönəlt" deyə bilərsiniz. "Həlimliyə və düşüncəli, təmkinli olmağa yönəlt" deyə bilərsiniz. Allahdan bunlar istənilir. Üstəlik əməllərə çevirməkdə israr etsəniz, Cənabi-Haqq hər şeyə rəğmən ibadətə eşq və şövq verər. İnsan o hala gələr ki, əməlində, ibadətində azacıq nöqsan olsa, iztirab çəkər, elədiyi hər şeyi az görər, kiçik sayar.
Bəli, əldən gəldiyi qədər Ona qulluq edəcək, "edə bilmədim" deyəcəksən. "Söyləyə bilmədim, edə bilmədim... Rəbbimin sonsuz lütfü hara, Ona layiqincə şükür etmək hara!.." Bizim borcumuz bunları söyləmə, bu istiqamətdə istəkləri dilə gətirməkdir.
Həftənin duası
Ey bütün mülk və mələkut aləminin sahibi.. ey Hayy olan Allahım.. ey varlığının başlanğıcı olmayan Qadim.. ey ölümsüz Baqi! Ehtiyaclarımızı qarşıla.. bizə lütf et, bizə kərəm et.. bütün bəlaları bizdən uzaqlaşdır.. bizim lehimizə ol, əleyhimizə olma.. bizi dini və dünyəvi müsibətlərdən qoru.. ən böyük arzumuz, ən böyük dərdimiz Sən ol!
Sözün cövhəri
İbrahim Nəhai, Əsvəd bin Yezid ən-Nəhai, Əlqamə, Əbu Hənifə kimi şəxslər aqibətdən çox qorxardı.
Səhərə qədər dam üstündə ibadət edən Əsvədi vəfatından sonra yuxuda görüb soruşurlar: "Allah səni necə qarşıladı?" O belə cavab verir: "Az qala peyğəmbərlərlə birlikdə həşr edəcəkdi". Buna baxmayaraq, bu insanlar ömür boyu imansız getməkdən qorxmuşlar. İnsana bir dəfə fürsət verilib. O, oxu bir dəfə atacaq, hədəfə vuracaq və qurtulacaq. Yoxsa vay halına!..
[1] Mələk və ruhlar aləmi
[2] Bir şeyin keçəcəyi yer
[3] Allahı dərk edən ən zərif hiss
[4] Bir şeyin içinə qərq omaq, təsəvvüfdə bir hal, eşqdə qərq olma
[5] Ehsan, bəxşiş, hədiyyə
- tarixində yaradılmışdır.