Niyə bu qədər çox hədis var?-2

Çoxlu hədisi-şərif rəvayət edilməsinin səbəblərindən biri də səhabə, tabiunun və təbeyi-tabiunun dövründə hədis əzbərləmək üçün əlverişli mühitin olmasıdır.

Əvvəla o dövrün insanları dili çox yaxşı bilirdilər. Hər şeydən əvvəl Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) nazil olan Qurani-Kərim bir dil möcüzəsi idi və ərəblərdə də o dövrdə ən məşhur sənət natiqliq və ədəbiyyat idi. Müəlləqə[1] şairlərində də müşahidə edildiyi kimi, demək olar ki, əsl, həqiqi söz sultanları o dövrdə dünyaya gəlmişdi. Bununla bərabər Qurani-Kərim və Allah Rəsulunun sözlərini eşidib dili tutulan bu nitq və bəyan ustadları Quran və hədis qarşısında qələmini qırıb səcdəyə qapanmışdılar.

Məsələn, onlardan biri olan Xansa görkəmli şeir ustadı idi. Cahiliyyə dövründə ölən qardaşı Sahraya oxuduğu mərsiyə elə səmimi, elə ürəkdəndir ki, bu gün də gözlərimizi yaşardır. Bu qadın həqiqi bəyan sultanı Allah Rəsuluna elə bağlı idi ki, Qadisiyədə dörd oğlu sinəsinə saplanan mizraqla ard-arda şəhid olarkən uzaqdan bunu hiss etmiş bir tərəfdən bir ana kimi qıvrılarkən, digər tərəfdən də: "Allahım, mənə dörd oğul verdin. Dördünü də Həbibinin (Rəsulunun) yolunda qurban etdim; Sənə minlərlə həmd olsun!" (İbn Esir, Üsdü'l-gabe, 7/90; İbn Hacer, el-İsabe, 7/616; Ömer Rıza Kehhale, Alamün-nisa, 1/370) deyə imana, Qurana, İslama və Allaha bağlılığını ortya qoymuşdu.

Bu qadın şeir və nitqdə məharət sahibi idi. Kafirləri həcv edib İslamı mədh etdiyi üçün Rəsulullahın: "Allahım, onu Ruhul-Qüdslə dəstəklə!" (Buhari, salat 68; Müslim, fedailü's-sahabe 151-152) deyə dua etdiyi Hassan b. Sabitin cahiliyyə dövründə yazdığı dörd misralıq şeirində səkkiz səhv tapmış, söz ustadı olduğunu isbat etmişdi.

Belə söz sultanı Quran və Allah Rəsulunun nurlu sözlərindən sonra şeir deməyi buraxmış, qəvvas olub Onun söz dəryasına baş vurmuşdu. Təkcə o deyil, o dövr insanlarının əksəriyyəti mahir söz ustaları və söz sənətkarları idi. Qurani-Kərim və hədisi-şərifdən sonra söz deməkdən əl çəkmiş özlərini Quran və hədislərin tərənnümünə həsr etmişdilər. Bu insanlar və sonrakı nəsil bir “söz kimyagəri”, “hədis kimyagəri” kimi Rəsulullahın sözünü başqa sözlərdən asanlıqla seçib ayıra bilirdilər.

Onlar hafizədə də dahi idilər

Bir başqa səbəb: o müqəddəs dövrün hər bir insanı bir yaddaş dahisi idi. Bu gün Quranı dörd ayda əzbərləyənə dahi gözü ilə baxırlar. Almalılı Həmdi Yazar Əfəndi kimi bir istedadın Fransız dilini altı ayda öyrənməsi qeyri-adi sayılır. Halbuki o dövrün insanları bunların fövqündə idi.. və qeyri-adi istedada malik idi.

Bunlardan biri olan Hz. Əbu Hüreyrə bir şeyi təkrar etmədən əzbərləyən yaddaş dühası idi. Halbuki şərqşünaslar onun kimi möhkəm qalanı tənqidlə yıxaraq İslamın mühüm hədis qaynaqlarından – dayaqlarından birindən məhrum etməyə çalışmışlar.  

Zeyd İbn Sabit də dövrün dahilərindədi. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) "Sən bir az İbrani dilini öyrən,” əmrini 15-20 gün ərzində məktub yazıb, məktub tərcümə edəcək səviyyədə öyrənməklə yerinə yetirmişdi (Tirmizi, istizan 22, Ebu Davud, elm 2; Ahmed b. Hanbel, el-Müsned, 5/186).

Hədis hafizlərindən məşhur səhabə Hz. İbn Abbas: "Ümmətin alimi" mənasına gələn "Hıbrül-Ümmə" ünvanına layiq görülmüşdü. Aişə Anamız da güclü hafizəyə malik idi. Onlar eşitdiklərini bir dəfəyə əzbərləyib bir daha unutmayan insanlar idi və səhabə içində yüzlərlə belə dahi insan vardı.

Tabiun da onlardan geri qalmırdı. Məsələn, yenə müstəşriklərin (şərqşünasların) ən böyük düşmənlərindən olan və Ömər İbn Əbdüləziz dövründə ilk dəfə hədisləri təsnifat şəklində qələmə alan İbn Şihab əz-Zühri də bir dahi idi. Əbu Hənifə ilə qarşılaşanda: "Mən eşitdiyim heç bir şeyi unutmadım," deyən görmə qabiliyyətini itirmiş Qatadə İbn Diamə də nəhəng şəxsiyyətlərdən biridir. Tabiunun böyük fiqh alimlərindən məşhur İmam Şabinin dərin zəkası İbni Ömərin rəğbətini qazanmışdı. Əbu Hənifə məktəbinin imamlarından İbrahim İbn Yezid ən-Nəhayi və: "Eşidib, lakin unutduğum bir şeyi xatırlamıram," – deyən İmam Şafi yaddaş dahiləri idilər.

Elmə fövqəl iştiyaq

Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) on il xidmət edən şərəfli səhabə Ənəs İbn Malikin azadlısı (azad etdiyi kölə) və tabiunun böyük imamlarından Məhəmməd İbn Sirin və bir də özü kimi ağası Hz. Ənəslə eyni adı daşıyan qardaşı Ənəs İbn Sirin... Bu şəxs deyir ki: "Kufəyə gələndə Kufə məscidlərində hədis dərslərinə dörd min insanın iştirak etdiyini gördüm" (Ramehürmüzi, el-Muhaddisül-Fasıl, s. 560). Bir şəhərin məscidlərində dörd min (4000) tələbə hədis oxuyur. Eyni şəkildə Şamda da min beş yüz (1500) nəfər Əbud-Dərdanın elm məclisində iştirak edir. Kufədə həmçinin Ənəs İbn Sirinin verdiyi məlumata görə 400 fəqih (fiqh alimi) vardı (Ramehürmüzi, el-Muhaddisü'l-Fasıl, s. 560).

Bu nə deməkdir? Fəqih, həm də dörd yüz? Bu gün bir milyardlıq İslam dünyasında 400 fəqih yoxdur. Fəqih, Kitab, Sünnə və icmaya əsasən dinin əmrlərini istinbat[2] istedadına malik şəxs deməkdir. Əbu Hənifə, İmam Əbu Yusuf, İmam Məhəmməd, İmam Şafii, İmam Malik fəqihdir. Bir milyon hədisi əzbər bilən hədis hafizi Əhməd İbn Hənbəl haqqında bu təbiri (fəqih) rahatlıqla deyə bilməmişlər. Deyə bilməyənlərdən Əbu Cəfər Tabəri: "Əhməd ibn Hənbəl fəqih deyil," deyincə hənbəlilər evini daşlamışdılar. “Əhməd İbn Hənbəl fəqihdir və ya deyildir” bu bir tərəfə, bu da bir həqiqətdir ki, Tabəri bu sözü ilə fəqihliyin dərəcəsinin nə qədər yüksək olduğunu göstərir.

Məncə, tabiun dövründə Kufə məscidlərində hədis dərsləri alan dörd min nəfərin içində dörd yüz fəqihin olmasına da, məhz bu nöqtəyi-nəzərdən baxmaq lazımdır.

O dövrdə elmə iştiyaq çox yüksək idi və hədisə hər şeydən çox əhəmiyyət verir, üstün tuturdular. Hətta bir hədisə görə səfərə də çıxırdılar. Hədis alimlərinin hədis mövzusunda fədakarlığı, bircə hədisə görə uzun yollar, ellər aşması, hədis sevgisi dillərdə dastan olmuşdur. Onlardakı bu dərin şövq və iştiyaq zaman keçdikcə dərinləşdi və qızılın safığına bələd olan sərraf ölçüsünə çevrildi. Bu hədis elmi yalnız hədislərin mətni ilə deyil, hədisin səhih olması üçün əhəmiyyət kəsb edən sənədlərini də əhatə edirdi.

Böyük hədis alimi İmam Buxari

Bu məqamda nümunə şəxsiyyət kimi İmam Buxarinin adını çəkə bilərik. İmam Buxari Bağdada gələndə onun elmi dərəcəsini, hafizəsini və hadis biliyini yoxlamaq üçün bir dərs məclisində on şəxs tərəfindən imtahan edilir. Onlar yüz hədisin ravilərinin yerlərini dəyişdirib bir-birinə qarışdırır, sonra oxuyurlar.

Niyyətlə bağlı məşhur hədisin[3] raviləri bunlardır: Yəhya b. Səid əl-Ənsari, Məhəmməd b. İbrahim ət-Teymidən, Teymi Alqamə b. Vaqqasil-Leysidən o da Hz. Ömərdən rəvayət edir. Ancaq hədisləri Buxariyə oxuyanda Yəhya b. Səid, Alqamənin və Teyminin əvəzinə başqa ravilərin adlarını çəkirlər.

Bəli, bunun kimi yüz hədisin ravilərini qarışdıraraq Buxariyə oxuyurlar. Yüzüncü hədisə çatanda İmam Buxari: "Birinci hədisdə filan şəxsin yerinə filankəsi qoymusunuz. O hədisin raviləri sizin söylədiyiniz şəxslər deyil," – deyə birinci hədisdən yüzüncü hədisə qədər hər birini əsl raviləri ilə sıralayır və alimlər onun hafizəsini, fəzilətini təsdiq edirlər (Hatib el-Bağdadi, Tarihi-Bağdad, 2/20-21; İbn Həcer, Hedyü's-Sari, s. 487). Həmçinin İbn Hüzeymə də İmam Buxari haqqında: "Bu yer, bu səma, bu məxluqat sənin kimi ikinci bir şəxsi görmədi!" deyə alqışlayır (Zehebi, Tezkiretü'l-Huffaz, 2/556; İbn Hacer, Tehzibü't-Tehzib, 9/45).

O Buxari ki, elmin izzətini, şərəfini qorumuş və onu dünya malına dəyişməmişdi. Ona Buxara əmiri: "Gəl mənim uşaqlarıma hədis dərsi keç," demiş Buxari də: "Elm hökmdarın ayağına getməz, əgər hökmdarın elmə marağı varsa, özü gələr, uşaqları gələr," – cavabını vermişdi. Əmir: "Uşaqlarıma başqa bir gün ayırsan?" – deyə təklif etmişdi. Böyük İmam: "Mən Ümməti-Məhəmmədə dərs verə-verə xüsusi vaxt ayrı biləmərəm," cavabını vermiş ömrünün son illərini təcriddə keçirmişdi və Allah da onu tək başına, qürbətdə ölməklə sərəfraz edir (Zehebi, Siyeru A'lami'n-Nübela, 12/464-465).

Bu böyük alim bir gün hədis dalınca gedir. Ünvana gəlib çatanda həmin şəxsin papağını açıb ata uzatdığını və beləcə atı tutmağa çalışdığını görür. Atı tutandan sonra İmam Müslim: "O papağın içində nəsə var idi?" deyə soruşur. "Xeyr!" cavabını alınca: "Atı aldadan insanları da aldadar!" deyərək ondan hədisi soruşmadan geri dönür.

Sünnə məhz belə həssaslıq və məsuliyyətlə təsbit edilmişdir. Hədislərin çoxluğunu, dolayısilə içinə bir çox uydurma hədisin qarışdığını iddia edib səhih hədis qaynaqlarına və sünnəyə dil uzadanlar izah etməyə çalışdığımız elm eşqini, sünnə yolunda gedənlərin nəzərində sünnənin əhəmiyyətini və sünnənin hansı şəraitdə və kim tərəfindən təsbit edildiyini görməzlikdən gələrək öz əsassız, çürük düşüncələrinə görə hökm versələr, yanılmış və yanıltmış olarlar.

Xülasə

  • Hz. Əbu Hüreyrə bir şeyi təkrar etmədən əzbərləyən yaddaş dühası idi. Halbuki şərqşünaslar onun kimi möhkəm qalanı tənqidlə yıxaraq İslamın mühüm hədis qaynaqlarından – dayaqlarından birindən məhrum etməyə çalışmışlar. 
  • Tabiun dövründə Kufənin məscidlərində dörd min (4000) tələbə hədis oxuyur. Eyni şəkildə Şamda da min beş yüz (1500) nəfər Əbud-Dərdanın elm məclisində iştirak edir. Kufədə həmçinin Ənəs İbn Sirinin verdiyi məlumata görə 400 fəqih (fiqh alimi) vardı.
  • dövrdə elmə iştiyaq çox yüksək idi və hədisə hər şeydən çox əhəmiyyət verir, üstün tuturdular. Hətta bir hədisə görə səfərə də çıxardılar. Hədis alimlərinin hədis mövzusunda fədakarlığı, bircə hədisə görə uzun yollar, ellər aşması, hədis sevgisi dillərdə dastana çevrilib. Onlardakı bu dərin şövq və iştiyaq zaman keçdikcə dərinləşdi və qızılın safığına bələd olan sərraf ölçüsünə çevrildi. Bu hədis elmi yalnız hədislərin mətni ilə deyil, hədisin səhih olması üçün əhəmiyyət kəsb edən sənədlərini də əhatə edirdi.

Sözün cövhəri

Böyüklərimiz bizə maddi-mənəvi füyuzat hislərindən fədakarlıq üfüqünü göstərir.
Bir məfkurəyə dilbəstə olmuş və ona həyatını həsr etmiş bir ruh həm maddi, həm də mənəvi füyuzat hislərini fəda edər, onları məqsəd və hədəf seçməz. Bu, insanın maddi-mənəvi zövq və feyzlərini məfkurəsinə qurban verməsi, veriləsi şeylər bir tərəfə, vermək məcburiyyətində olmadığı şeylərdən belə davası uğrunda vaz keçməsi deməkdir ki, bu, bu yola ömrünü həsr edənlərin şüarıdır.

Həftənin duası

Ey yeganə Qoruyanımız! Bilərək, yaxud bilməyərək etdiyimiz xəta və günahlara görə haqq-hüquq tanımayan insafsızları başımıza dərd etmə.. qurduqları hiylə və məkr quyularına özlərini sal, öz başlarına vur və onları məğlub et.
Onları bir-birinə vur.. planlarını alt-üst et və bizə lütfkarlıq bulağının şirin suyunu - "Gəl, əndişələnmə, çünki sən güvəndə olanlardansan" həqiqətini daddır.


[1] İslamaqədərki dövrdə seçilib Kəbənin divarlarından asılmış ən yaxşı şeirlərindən hər biri
[2] Müctəhid və ya böyük bir alimin ictihadı ilə gizli bir mənanı ortaya çıxarması.
[3] “Əməllər niyyətlərə görədir”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.