Nəfsinizi Allahdan satın almağa çalışın

Cənabi-Haqq ən böyük vəzifə, yəni təbliğ vəzifəsi barədə: "Ən yaxın qohumlarını xəbərdar et!" (Şuəra surəsi, 26/214) buyuraraq Allah Rəsuluna “İşə əvvəlcə qohum-əqrəbandan başla” əmrini verir.

Bu ayə nazil olanda Peyğəmbərimiz bütün ailə üzvlərini, qohum-əqrəbasını və yaxın qonşularını Əbu Kubeys təpəsində topladı və: "Ey Abdulmuttalib oğulları! Ey Fih oğulları! Ey Lüeyy oğulları! Mən “bu dağın o biri üzündə atlı düşmən dəstəsi bizə hücuma hazırlaşır” desəm, mənə inanarsınızmı?"– deyə soruşur. Onlar: "Bəli, inanarıq" – deyincə Allah Rəsulu sözünə davam etdi: "Mən böyük bir əzabın gələcəyini sizə bildirmək üçün  göndərilmiş bir xəbərdarediciyəm". Bunu eşidən Əbu Ləhəb hirsindən dəliyə dönür və (haşa və kəlla): "Ağzın qurusun. Buna görə bizi bura çağırdın?" – deyir. "Əbu Ləhəbin iki əli qurusun. Qurudu da" məallı ayəni ehtiva edən “Təbbət” surəsinin nazil olması ilə təsəlli tapan Rəsuli-Əkrəm Əbu Ləhəb kimi insanların əməllərinə baxmayaraq, Allahın əmrini yerinə yetirmiş, hər fürsətdə ailəsinə və qohum-əqrəbasına təbliğ və irşad etmişdi. Bir dəfə qövmünə və qəbiləsinə səslənərək belə buyurmuşdu:

"Ey Kab b. Mürrə oğulları! Nəfsinizi Allahdan satın almağa çalışın, çünki mən axirətdə sizin üçün heç nə edə bilmərəm!
Ey Abdimənaf oğulları! Nəfsinizi Allahdan satın almağa çalışın, çünki axirətdə sizin üçün əlimdən heç nə gəlməz!
Ey Abdülmuttalip oğulları! Nəfsinizi Allahdan satın almağa çalışın, çünki axirətdə sizin üçün də heç nə edə bilmərəm!"

Peyğəmbərimiz (s.ə.s.) ən uzaq qəbilə və oymaqlardan başlayaraq ən yaxın qəbilələrə qədər gəzmiş və: "Ey Allah Rəsulunun bibisi Safiyyə, sən də nəfsini Allahdan satın almağa çalış, çünki axirətdə sənin üçün də heç nə edə bilmərəm!"– buyurmuşdu.

O Safiyyə (radiyallahu anha) ki, Həzrəti Həmzənin bacısı idi. O Safiyyə ki, Allah Rəsulunun "Həvarim" dediyi Zübeyrin anası idi. O Safiyyə ki, zalım Həccaca qarşı çıxıb Kəbənin müdafiəsinə qalxan və burada asılaraq şəhid edilən Abdullah b. Zübeyrin nənəsi idi. Bunlardan əlavə, O, Allah Rəsulunun doğma bibisi idi. Buna rəğmən İki Cahan Sərvəri ona da: "Sən də nəfsini Allahdan satın almağa çalış, çünki axirətdə sənin üçün də heç nə edə bilmərəm!" – deyirdi.

Allah Rəsulu (s.ə.s.) sözünü bununla da bitirmir, öz qızı və ciyərparəsi Həzrəti Fatiməyə (radiyallahu anha): "Ey Məhəmmədin qızı Fatimə! Sən də nəfsini Allahdan satın almağa çalış, çünki axirətdə sənin üçün də heç nə edə bilmərəm," –  deyirdi.

O Fatimə (radiyallahu anha) ki, gözü, xəyalı zərrə qədər günaha görmədən Həzrəti Əli ilə (kərrəmallahu vəchəhu) ailə qurmuşdu. Yaşı 25 olmadan da vəfat edib dünyadan köçmüşdü. Ondan sonra gələn bütün övliya, əsfiya onun nurlu nəslinin davamıdır... O Fatimə ki, vəhyin ünvanı Nəbi xanəsində böyüyüb boya-başa çatmışdı. O Fatimə ki, Allah Rəsulu onun haqqında: "Fatimə mənim bir parçamdır" buyurmuşdu... O ki, cənnət qadınlarının sultanı ünvanı ilə müjdələnmişdi. Ancaq Allah Rəsulu ona da, bəli, məhz Fatiməyə də: "Nəfsini Allahdan satın almağa çalış!" demişdi.

Onun xanəsində daim xəşyət tütərdi

Allah bir fərman buyurur: "Ən yaxın qohumlarını xəbərdar et!". Sonra o ayənin mənasını, muradi-sübhanisini[1] də Allah Rəsulunun qəlbinə hiss etdirir. Birinci vəhyə "vəhyi-mətlüv", ikincisinə də "vəhyi-qeyri-mətlüv" deyilir. Əmr, əmrin mənası, əmrdən muradı-ilahi Allaha məxsusdur. Onun üzərində sonsuzluğun şəbnəmi, əbədiyyətin jaləsi var. Onun ifadəsi isə Allah Rəsuluna aiddir. Bunun üzərində də Peyğəmbərimizin sidrə[2] qədər müəlla, mübarək qəlbinin işığı, ziyası, rəngi, naxışı var. Peyğəmbərimiz gələn əmri çox yaxşı dərk edir və yerinə yetirir: yaxınlarından başlayaraq həm inzar[3], həm də təbşir[4] edir. İnzar edərkən ailəsinə və ciyərparəsi qızına da deyəcəyini deyir.

Bəli, Allah Rəsulunun səadət dolu xanəsində daim xəşyət[5] tütərdi. Orada hər hal, hər hərəkət xəşyət tələvvünlü idi. Allah Rəsulunun baxışlarında daim cənnətlərin qibtə doğuran mənzərəsini, cəhənnəmlərin ürkütücü halını hiss etmək olardı. Namaz qılarkən titrəməsi, çırpınması, irəli-geri gedib-gəlməsi, cəhənnəm xofu ilə sarsılması, cənnət arzusu ilə qumrutək qanad çalması Ona baxan hər kəsə Allahı xatırladardı. İmam Nəsayi nəql edir: "Allah Rəsulu namaz qılarkən qaynayan qazan səsi gələrdi". Hüznlə, qora dönmüş qəlblə Allahın hüzuruna çıxar, namazını əda edərdi. Peyğəmbər xanəsinin sakinləri Onu daim Allahın hüzurunda səcdədə görərdilər. Əlbəttə Onun təkcə bu halı belə onlar üçün inzar idi. Peyğəmbərimizin nümunəvi həyatı ailə üzvlərinə də müsbət təsir edir və tərbiyə baxımından onlara çox şey verirdi. Allahdan çox qorxan əhli-beytdə də eyni xəşyət, eyni xof vardı. Çünki Allah Rəsulu yalnız yaşadığını danışır və danışdığını da yaşayaraq nümunə göstərirdi.

Allah Rəsulu bu ən çox sevdiyi insanları dünyanın tozundan, torpağından təmizləyir, onları ülvi aləmlərə səsləyir və orada bir yerdə olmağa dəvət edirdi. "İnsan sevdiyi ilə birlikdədir" deyən Həzrəti Məhəmmədi sevirsinizsə, Onun yolunda getməlisiniz, çünki ancaq Onun yolunda olanlar o biri dünyada Onunla birlikdə olacaqlar. Allah Rəsulu məhz buna hazırlamaq üçün bir tərəfdən onları sevgisi ilə bağrına basır, digər tərəfdən də bu sevgini axirət üçün yaxşı dəyərləndirirdi.

Xülasə

  • Cənabi-Haqq ən böyük vəzifə, yəni təbliğ vəzifəsi barədə: "Ən yaxın qohumlarını xəbərdar et!" (“Şuəra” surəsi, 26/214) buyuraraq Allah Rəsuluna “İşə əvvəlcə qohum-əqrəbandan başla” əmrini verir. Peyğəmbərimiz (s.ə.s.) Allahın əmrini yerinə yetirmiş, hər fürsətdə ailəsinə və qohum-əqrəbasına təbliğ və irşad etmişdi.
  • Allah Rəsulu (s.ə.s.) öz qızı, bütün övliya, əsfiyanın anası Həzrəti Fatiməyə (radiyallahu anha): "Ey Məhəmmədin qızı Fatimə! Sən də nəfsini Allahdan satın almağa çalış, çünki axirətdə sənin üçün də heç nə edə bilmərəm," –  deyirdi.
  • Allah Rəsulu bu ən çox sevdiyi insanları dünyanın tozundan, torpağından təmizləyir, onları ülvi aləmlərə səsləyir və orada bir yerdə olmağa dəvət edirdi.

Əbu Qasıma itaət et, oğlum!

Cənabi-Haqq belə buyurur: "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir" (Nisa surəsi, 4/36). Bu ayədə əvvəlcə Allaha qulluq və Ona heç bir şeyi şərik qoşmadan səmimi ibadət vurğulanır. Sonra isə ana-ataya gözəl rəftar, qohum-əqrəbaya yaxşılıq, yetim və yoxsulları himayə sadalanır. Nəhayət, evi yaxın, ya da yaxın qonşu olan qohuma yaxşılıq və evi uzaq, ya da qohum olmayan və ya müsəlman olmayan uzaq qonşuya yaxşılıqdan danışılır. Mərhum Həmdi Yazar təfsirində bu ayə ilə bağlı aşağıdakı hədisi-şərifi qeyd edir: "Qonşu üç hissəyə bölünür. Birincisinin üç haqqı var: qonşuluq haqqı, yaxınlıq haqqı və İslamiyyət haqqı. İkincisinin iki haqqı var: qonşuluq haqqı və İslamiyyət haqqı. Üçüncüsünün bir haqqı var: qonşuluq haqqı, bu da xristian, yəhudi və müşrik qonşudur". Deməli, qonşu xristian da olsa, yəhudi də olsa, ona yaxşılıq etmək qonşuluq bocudur ki, yaxşılığın başı da, canı da təbliğ və irşaddır. Bütün bunlara rəğmən, xoşgörü və dialoq fəaliyyətlərinə qarşı çıxanların qulaqları cingildəsin!..-

Bəli, ayənin buyurduğu kimi, maddi yaxşılıq və himayə ana-ata, yaxın qohumların haqqı olduğu kimi, təbliğ və irşad da əvvəlcə onların haqqıdır. Elə isə uzağa getmə, əvvəl ətrafına bir bax, başqalarına anlatmadan əvvəl ailənə, qohum-əqrəbana, qonşularına anlat. Cənnətə aparan yolları əvvəla yaxınlarına aç; Allah yolundakı maneələri əvvəlcə onlar üçün aradan qaldır, onların qəlblərinə Allahı çatdır. Sonra da qonşularınla davam et və bu dairəni daha da genişləndir.

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) əngin irşad və təbliğ dairəsi qeyri-müsəlmanları da əhatə edirdi. Ancaq O, işə əvvəlcə yaxınlarından başladı. Risalət vəzifəsi verilən kimi, əvvəlcə Həzrəti Xədicə anamıza, sonra da Həzrəti Əli, Həzrəti Əbu Bəkir və s. qohum və dostlarına təbliğ etdi. Tədricən dairəni genişlətdi və xristian, yəhudi, müşrik qonşularının da ilahi bəyanı bilməsinə çalışdı. Məsələn, bir gün bir qonşu Yəhudi oğlunun ölüm ayağında olduğunu deyib dərdini bildirir. Allah Rəsulu yeyin addımlarla ölüm döşəyindəki gəncə baş çəkməyə gedir. O, heç vaxt və heç bir yerdən əliboş qayıtmazdı, Allahın izni ilə, hər yerdə könülləri fəth edərdi. Həmin gəncin qəlbini fəth edərək qayıtdı. Allah Rəsulu ağrılar içində qıvrılan gənci görüncə onun halına acıdı və ona şahadət gətirməyi tövsiyə etdi. O, atasının üzünə "icazə ver" deyə mənalı-mənalı baxınca atası: "Əbu Qasıma itaət et, oğlum," – dedi. Gəncin dilindən: "Lə iləhə illəllah, Muhammədən Rəsulullah" sözləri töküldü. Bəli, Peyğəmbərimiz oradan da təbəssümlə ayrılmış, orada da bir qəlbi fəth etmiş və bəzi könüllərin İslamı qəbul etməsi üçün zəmin hazırlamışdı.

Budur yaxınlığın nəticəsi və səmərəsi!..

Həftənin duası

Ey bütün cabbar və qəddarları əzəmətinin cilovu ilə cilovlayan, uca dinimiz İslama və ona içdən bağlanan müsəlmanlara kinlə, nifrətlə düşmənçilik edənləri qüdrəti ilə əhatə edən Ucalar Ucası Rəbb! İnanan qullarına ədavət saxlayan yolagəlməz insafsızların ağzına gəm vur, əllərinə qandal keçir, ayaqlarına zəncir tax.. biz məsum və qərib qullarına da mərhəmət et, bizi kibirlilərin həsədindən qoru.

Sözün cövhəri

Bəzi yerlərdə və bəzi şərəaitdə dini yaşamaq çox çətin ola bilər, lakin din "yaşanmaz" deyildir. Həqiqi möminlər (bəzən vicdanən fədakarlıq göstərsələr də) hər şəraitdə dini yaşamaq üçün bir yol tapmalıdırlar. Bu şüura malik bir nəfərə: "Gəl ibadətlərimizi dəyişək?!. Siz o çətin şəraitdə qıldığınız namazları mənə verin, mən də beş vaxta qırxını da əlavə etdiyim namazlarımı sizə verim!.." demişdim.


[1] İlahi muradı
[2] Göyün yeddinci təbəqəsində bir məqam
[3] Aqibətin pis olacağını bildirərək pis əməllərdən çəkindirmək
[4] Müjdələmək, muştuluq vermək
[5] Sevgidən doğan qorxu

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.