Səni Allah üçün çox sevirəm!

Kainatın Fəxri Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir şəxslə birlikdə olarkən başqa bir nəfər onların yanından keçir. Allah Rəsulunun hüzurundakı səhabə Rəsulullaha: "Ey Allahın Rəsulu, mən bu gənci sevirəm" deyir. Əleyhissəlatu Vəsəlləm Peyğəmbərimiz: "Yaxşı bəs bunu ona dedinmi?" deyə soruşur. “Xeyr" cavabını alınca Peyğəmbərimiz həmin səhabəyə yoldaşına olan sevgisini bildirməyi tövsiyə edir (Ebu Davud, Edeb 122).

Bu hədisi-şərif ümumi mənada hər kəsə xitab edir və bir qardaşına sevgi bəsləyən möminin sevgisini bildirməsi və ya bir yol tapıb bunu hiss etdirməsi, tövsiyə olunur. Onsuz da məsələyə inanan insanlar arasındakı qardaşlıq və birliyin təmin edilməsi baxımından yanaşanda, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) buyurduğu bu əsası möminlərin qaynayıb-qarışması, səmimi münasibət qurub bir-birinə etimad etməsi, qəlbən bir-birinə bağlanması və sui-zənnə aparan yolların elə başlanğıcdan bağlanması naminə çox əhəmiyyətlidir.

Əsri-Səadətə baxanda Kainatın Fəxri Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu nurani düsturunu səhabələrin həyatında çox böyük rol oynadığını və bu ləli-gövhər kəlamın neçə-neçə gözəl hadisələrə səbəb olduğunu görə bilərək. Məsələn, Həzrəti Ömər (r.a.) Yermük müharibəsində Həzrəti Xalidi vəzifədən uzaqlaşdırıb yanına çağıranda sözünə bu kəlmə ilə başlayır: "Ey Xalid! Allah şahid ki, səni çox sevirəm". Həzrəti Ömərin xalqın önündə, bir toplumun qarşısında Həzrəti Xalidə bu şəkildə xitab edərək sözə başlaması növbəti sözlərin hüsni-qəbul olması üçün çox əhəmiyyətlidir. Üstəlik vəzifədən uzaqlaşdırdığına görə Həzrəti Xalidin xoşagəlməz duyğulara qapılmasının başdan qarşısını alır. O böyük xəlifə sözə belə davam edir: "Ancaq, ey Xalid! Xalq əldə edilən zəfərləri səndən bilir. Mən bilirəm ki, bu zəfərləri bizə lütf edən Allahdır. Bu səbəblə, səni vəzifəndən uzaqlaşdırıram". Həzrəti Xalidin əqidəsi də buna zidd deyildi ki, etiraz etsin. Həzrəti Ömər bu sözlərlə şirklə mücadilə apardığını elan edir, Həzrəti Xalid də Ona dəstək verirdi. Həzrəti Ömərin Həzrəti Xalidə olan sevgisini bu şəkildə dilə gətirməsi və sözünə belə bir ifadə ilə başlaması növbəti sözlərin hüsni-qəbul olması və vəhdəti-ruhiyənin təmin edilməsində böyük əhəmiyyət kəsb edir.

Mübaliğə və təbii sevgi

Bir möminin qardaşına bəslədiyi sevgini duyurması, bildirməsi nə qədər vacibdirsə, bu gözəl əməldə səmimi olmaq, süniliyə, bir növ riyakarlıq olan üstüörtülü yalan olan mübaliğəyə yol verməmək də o qədər vacib və əhəmiyyətlidir. Hər şeydə olduğu kimi, bu mövzuda da yanılmaz və yanıltmaz rəhbərimiz Peyğəmbərimizdir (əleyhi əlfü əlfi səlatin və səlam). Çünki O, duyğuda, düşüncədə, ibadət və taətdə, insanların bir-birlərinə qarşı davranışlarında və s. bütöv bir həyatı təlim etmək missiyası ilə göndərilmişdir. Yoldaşımıza bəslədiyimiz müsbət duyğularımızı necə ifadə edəcəyimizi, üstünlüyünü və fəzilətini necə dilə gətirəcəyimizi və s. bütün bunları Peyğəmbərimizin söz və bəyan xəzinəsindən öyrənməliyik. Bu baxımdan, səhih hədis qaynaqlarında keçən bu məşhur hadisəni xatırlaya bilərik: Bir səhabə Rəsuli-Əkrəmin (əleyhissəlatu vəsəlləm) hüzurunda yoldaşının üzünə baxa-baxa onu mədh-səna edir. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona: "Yoldaşının boynunu vurdun" deyərək bunu üç dəfə təkrar edir və: "Kimsə qardaşını tərifləyirsə, heç olmasa: "Filankəs haqqında mən belə düşünürəm, ancaq işin əslini Allah bilir. Mən heç kimi Allah qatında təmiz çıxara bilmərəm" desin, buyurur" (Buhari, Şehadat 16).

Rəsuli-Əkrəmin bu xəbərdarlıq və tənbehini düzgün anlayıb, düzgün şərh etmək üçün yuxarıda izah gətirməyə çalışdığım bir məsələni, icazənizlə, bir daha dilə gətirmək istəyirəm. İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) həmsöhbətini əlinin içi kimi bilər, başa düşər, yaxşı tanıyardı. Bu məsələyə, yəni insanı tanıma məsələsinə, qənaətimcə, bir sabit əsas kimi baxıb Peyğəmbərimizin kəlamlarına bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Çünki belə bir yanaşma şəkli o nur saçan bəyanlar haqqında düzgün hökm verməyə kömək edəcək. Məsələyə bu aspektdən baxanda bunu deyə bilərik: Deməli, birbaşa, üzbəüz tərif edilən şəxs hələ bunu həzm edəcək ruhi-mənəvi səviyyəyə çatmamışdı, tərif dolu sözlərə tab gətirə bilməzdi. Bu səbəblə, bilmək lazımdır ki, sevmə, sevdiyini hiss etdirmə başqa, məddahlar kimi mübaliğə söyləmə, Qırxpinar güləşçiləri kimi ətrafa yağ töküb gəzmə; "onun tayı-bərabəri yoxdur", "bir sənginə yekparə acəm mülkü fədadır" kimi ifadələri işlətmə tamam başqa məsələdir. İkincisi, insanın boynunu vuran ifadələrdir ki, qadağan olan məhz budur. Üstəlik belə ifadələr mədh-səna edilən şəxsin ağlını başdan ala və onun üxrəvi həyatının məhvinə səbəb olmaqla birlikdə, başqalarında qibtə duyğusu oyada da bilər. Qibtə üzrsüz görünsə də, unudulmamalıdır ki, qibtə ilə həsəd həmhüduddur. Bu səbəblə, qibtəni təhrik etmək, insanı təhlükəli zəminə çəkmək deməkdir. Bəli, siz bir nəfəri təriflədikcə digər insanlarda həmin şəxsə qarşı qısqanclıq və həsəd duyğuları oyanır, bir çox süni düşmən yaranır.

Xülasə

  • Peyğəmbərimiz qardaşına sevgi bəsləyən bir möminin bu sevgisini həmin şəxsə söyləməsini və ya bir yol tapıb bunu ona hiss etdirməsini tövsiyə edir.
  • Belə bir sevgi nümayişi ilə sözə başlamaq daha sonrakı sözlərin hüsnü-qəbuluna müsbət zəmin yaradacaqdır.
  • İnsanın sevgisini qardaşına çatdırarkən səmimi və içdən olması, süniliyə yol verməməsi və üstüörtülü yalan olan mübaliğəyə baş vurmamalıdır.

Sevginin ifadəsində müxtəlif yollar

Sevgini ifadə etmək üçün sözdən başqa yollar da vardır. Məsələn, sevilən insana dua etmək ən gözəl və ən doğru vasitələrdən biridir. Kainatın Fəxri Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Ən tez qəbul olunan dua qaibin qaibə duasıdır" (Tirmizi, Birr 50) buyurur. Bir insanın sevdiyi bir dostuna onun xəbəri olmadan qiyabən dua etməsi həm bu sevginin Allah üçün olmasına bir sübutdur, həm də o iki insan arasında səmimi bir sevginin qurulmasına böyük bir vəsilədir.

Sevgini ifadə etmənin əvəzolunmaz bir yolu da insanın sevdiyi şəxs haqqında duyduğu hüsnü-zənni, müsbət düşüncələri həmin şəxsə çatdıra biləcək üçüncü bir şəxsin yanında dilə gətirməsidir. Məsələn, bir nəfər: "Mən indiyə qədər filankəsin heç bir pis əməlinə şahid olmadım. Hətta bəzən ona pislik etdim, amma ondan həmişə yaxşılıq gördüm. O, etdiyim pisliyə heç vaxt pisliklə qarşılıq vermədi" kimi ifadələrlə başqalarının yanında ona olan müsbət duyğu və gözəl düşüncələrinizi dilə gətirə bilərsiniz. Müsbət düşüncələrin ünvanlandığı yoldaşın bundan xəbərdar olması o iki nəfərin arasında sevgi körpülərinin qurulmasında böyük rol oynayacaq.

Həmçinin, hər bir yaxşılıq sevginin ifadə yollarından biridir. Heç unutmuram, yoldaşlardan biri digərinə belə demişdi: "Allah mənə bağ-bağçamdan filan qədər məhsul verdi. Əgər qardaşsaq, mən bunu səninlə bölüşmək istəyirəm". Bu elə alicənablıqdır ki, siz dəfələrlə "mən səni sevirəm, qardaşım!" desəniz, bu qədər təsirli olmaz. Əlbəttə ki, siz öhdənizə düşəni edib, “Belə bir təklifi qəbul edə bilmərəm", deməlisiniz. Bu, başqa məsələ. Mənim vurğulamaq istədiyim şey həmin insanın düşüncə və davranışı, bu davranışla sevginin qəlblərdə çiçək açmasıdır.

Əlbəttə, bu düşüncəni sadəcə maddi ehsan şəklində; yeməyib yedirmə, geyməyib geydirmə kimi anlamaq, bununla məhdudlaşdırmaq doğru deyil. Bəlkə də, yeri gələndə hissiyyatımızı, görüşümüzü, düşüncə və fikirlərimizi bir kənara qoyub qardaşımızın hissiyyat, görüş, düşüncə və fikirlərinə üstünlük vermək bəzən maddi fədakarlıqdan çox sevgi tellərini qüvvətləndirir. Bəli, qarşı tərəfin düşüncələrinə hörmət edib onları qəbul etmək, öz hissiyyatımızı qardaşımızın hissiyyatında əridib yox etmək elə bir vasitədir ki, onunla könül qapılarını taybatay aça bilərsiniz. Məsələn, bir yoldaşınız sizə bir mövzuda bəzi tövsiyələr verdi. Siz də buna cavabən səmimi olaraq, "Qardaşım! Allah səndən əbədiyyən razı olsun! Mən bu günə qədər bu məsələni heç belə düşünməmişdim. Bu fikir və təkliflərin zehnimi elə açdı ki, Allahın izni ilə bir çox problemi bu sirli açarla həll edərəm" deməklə sevginizi ifadə etmiş və qardaşınızın qəlbini özünüzə qarşı məhəbbətlə süsləmiş olarsınız.

Sözün cövhəri

Quranın iki-üç yüz illik qürbət illəri artıq sona yetir. Bəli, Peyğəmbərimizin ifadəsiylə, elə dövrlər olmuşdur ki, insanlıq bir vadidə, Quran başqa vadidə... İnsanımız bu qaranlıq dövrdən artıq xilas olmaq ərəfəsindədir. Bir vaxtlar folklor, ənənə kimi icra edilən dini həyat hazırda özünəxas səsi, nəfəsi ilə səsləndirilir. İnşallah, bir gün gələcək bu “qəriblik" tamamilə sona yetəcək və insanlıq “Allahın ipindən möhkəm yapışın" ayəsinin təzahürü olaraq yenidən Qurana qovuşacaq.

Həftənin duası

Ey mülkü dilədiyinə verib dilədiyindən alan, istədiyini yüksəldən, dilədiyini də – bizim sezə bildiyimiz, yaxud da dərk edə bilmədiyimiz bir çox hikmətə görə – zəlil edib alçaldan uca Rəbbimiz! Bütün xeyr və həsənənin Səbəbkarı, əşyaya məna verən, varlığın sirlərini bir-bir açıb məxluqatın mütaliəsinə təqdim edən yeganə mürşid və ustad, üfüq insan və qütb peyğəmbəHəzrəti Məhəmməd Mustafaya, Onun dünyalar qədər qiymətli əhlinə və səhabələrinə salatu- salam edir, Səndən yaxşılığı bizdən əsirgəməməyini və leysantək kərəmini üstümüzə yağdırmağını diləyirik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.