Haqq davada batil yollara əl atılmamalıdır

Haqq Təalanın rizasına əsasən istər özümüzün, istərsə başqalarının haqqını qorumaq, haqqı dirçəltməyə çalışmaq ibadətdir. Hətta haqqı qoruma yönümlü strategiyalar, planlar, məşvərətlər, yol və üsul axtarışları da ibadət kateqoriyasına daxil edilə bilər. Deyək ki, siz bir məsələdə haqq olanı tapmaq üçün on dəfə oturub məşvərət etdiniz və sadəcə birində haqqı tapdınız. Bilməlisiniz ki, bunların hər biri haqq niyyəti ilə olduğu üçün on qat məşvərət savabı almısınız. Çünki nəticəsi xeyrə aparan vəsilələr də xeyirdir. Əgər məqsədimiz fərzdirsə, fərzə gedən hər yol və üsul da bizə fərz savabı qazandırar. Namaz üçün dəstəmaz fərz olduğu kimi, elə də namaz üçün alınan dəstəmaz da insana fərz savabı qazandırır.

Bəli, haqqı dirçəltmək Allaha yaxınlığın yoludur və çox əhəmiyyətli və həssas xüsusdur. Ancaq bu məsələdə əvvəla haqqın çərçivəsi, sərhədləri müəyyən edilməlidir. Yəni haqq duyğusu düzgün başa düşülüb, düzgün şərh edilməlidir. Çünki əgər o, təməl, əsas məxəzlərə əsaslanmaqla düzgün anlaşılıb, düzgün şərh edilməsə, hər kəs özünə görə bir haqq anlayışı ortaya atar, özünə görə bir haqq-hüquq tələb edib baş qaldırar. Beləcə, hər tərəfə üsyan əxlaqı yayılar.

Bu baxımdan, haqqı qorumada üsul və əsaslar da haqq olmalıdır. Halbuki, Həzrəti Pirin də ifadə etdiyi kimi, hər haqqın hər vasitəsi haqq olmaya bilər. Bəzən praqmatik bir düşüncə ilə batil amillərlə haqqı əldə etmək istəyənlər çıxa bilər. Məsələn, makyavelist bir anlayışda olanlar məqsədə çatmaq üçün hər vasitəni qanuni sayırlar. Ancaq müsəlman belə ola bilməz. O, haqqı arzulayırsa, həmin haqqı əldə etmək üçün istifadə etdiyi arqumentlərin üstündə, mütləq, "caizdir" və ya "məşrudur" möhrü olmalıdır. Yoxsa: "Mən haqqı qoruyuram, bunün üçün batil yollara da əl ata bilərəm" düşüncəsinə Quran və sünnə əsla icazə verməz. Bəli, bu düşüncə tərzindən Haqq Təala razı deyil. Bu səbəbdən, demək olar ki, əgər müsəlmanlar bu gün məğlubdursa, bunun arxasında haqqı düzgün anlayıb, düzgün təmsil edilməməsi yatır.

Xaos və ixtişaşa yol verilmək olmaz

Digər tərəfdən, hər batilin hər vəsiləsi də batil deyil. Bəzən batilin vəsilələri də haqq ola bilər. Kainatın, fiziki dünyanın araşdırılması zamanı, bir qisim natural və ya pozitiv nəticələr əldə etmə istiqamətində aparılan tədqiq, təhqiq və araşdırma metodları, elm və həqiqət eşqi kimi faktorlar buna misal olaraq verilə bilər. Bu nöqteyi-nəzərdən, "batili təmsil edənlərin haqqı təmsil edənlər üzərindəki qələbəsinin əsas səbəbi istifadə etdikləri arqumentlərin, vasitələrin haqq olmasıdır. Bu səbəbdən, əslində qazanan batilin təmsilçiləri deyil, yenə haqdır" deyə bilərik. Xülasə, əsas olan haqq duyğusunu canlandırarkən doğru vəsilələrlə, doğru yollarla ona doğru getməkdir.

Məsələn, bir insan deyə bilər ki: "Məndə insanlara səadət və əmin-amanlıq gətirən bir dünyagörüşü, bir həyat anlayışının layihəsi var. Belə ki, bu layihə həyata keçsə, insanlar daim əmin-amanlıq içində xoşbəxt yaşayacaqlar". Ancaq, bu şəxsə görə, bu dünyagörüşünün təsisi üçün insanların onda biri qurban edilməlidir. Bu sistem nəzəri planda, həqiqətən, gözəl ola bilər və bu layihənin müəllifi həqiqətən səmimi bir insan da ola bilər, ancaq belə bir layihəni həyata keçirərkən vəsilələrin də haqq olması zəruridir. Haqqı axtarıb tapmaq və haqla həmin hədəfə doğru getmək zəruri məsələdir. Yoxsa, belə bir xəyal üçün insanları qurban vermək, belə bir batil vəsiləyə əl atmaq o işin yerlə-yeksan olmasına gətirib çıxarar.

Bunun kimi, bizim də doğruluğuna inandığımız duyğu və düşüncələrimizi ruhlara duyurma, vicdanları haqqa çağırma, bu yolda onlarda həyəcan oyandırma kimi fəaliyyətlər nəticə etibarilə haqq üçündür. Lakin biz bu mövzuda qətiyyən batil vəsiləyə, vasitəyə müraciət edə bilmərik. Yürüdüyümüz yolda hər vasitənin haqq olmasına, mütləq, diqqət yetirməli, hərəkət tərzimizi və üslubumuzu müəyyənləşdirərkən bizim dəyişməz qayda-qanunlarımız olan nizam-intizama və dinamizmə daim bağlı qalmalıyıq.

Yoxsa, hər kəs özünə görə haqq mülahizəsi ilə haqqı dirçəltmə səfərbərliyinə girişsə, ortaya sadəcə xaos və qarışıqlıq çıxar. İndiki kimi canlı bombalarla ətrafı yaxıb yandıraraq batil yollarla haqq axtardığını iddia edənlər peyda olmağa başlayar. Hətta: "İnsanlara qorxu salaraq, təzyiq göstərərək, turşu quyularına ataraq özümüzü xalqa qəbul etdirək" mülahizələri ilə fasid dairənin içinə də yuvarlana bilər. Belə olunca da, bir daha ayağa qalxa və əsla haqqı qoruya bilməzsiniz. Haqqı dirçəltmək bir tərəfə, haqq üçün atdığınız hər addım, hər təşəbbüs batilin hesabına keçər.

Xülasə

  • Haqq Təalanın rizasına əsasən istər özümüzün, istərsə başqalarının haqqını qorumaq, haqqı dirçəltməyə çalışmaq ibadətdir.
  • Haqqın əlindən tutub ayağa qaldırmağa çalışmadan öncə haqqın hüdudları təsbit edilməli, nəyin haqq, nəyin batil olduğunu düzgün müəyyənləşdirilməlidir.
  • Haqqı dirçəltmə naminə istifadə edilən üsul və əsaslar da haqq olamlıdır. Batil yollarla haqqa çatmaq olmaz.
  • Hüquq əmin-amanlığın qaynağıdır

İnsanların haqq və hüquqlarına riayət olunan, hüquq sistemində nöqsanı olmayan bir ölkə hüquqi dövlətdir. Ancaq yuxarıda da qeyd edildiyi kimi, əvvəla haqlar düzgün müəyyən edilməlidir.

Haqqın həqiqi mənada haqq olması çox əhəmiyyətli bir məsələdir. Bu məsələdə bütün haqların mənbəyi və hər haqdan uca olan "Allah haqqı"na riayət mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, insanın üxrəvi yönünün, əbədi arzularının, ibadət və Allahla münasibət haqqının nəzərə alınması və onun mənəvi və maddi (fiziki) böyük-kiçik bütün haqlarına riayət olunması da hüquqi dövlətin digər bir xüsusiyyətidir. Yəni hüquqi dövlətdə insanların maddi və dünyəvi yönü ilə yanaşı, onların metafizik, mənəvi yönü və üxrəvi ehtiyacları da nəzərə alınmalıdır. Üstəlik hüququn yalnız güclülələrə xas imtiyaz halına gətirilməməsi, cəza hüququnn sırf zəiflərə tətbiq edilməməsi, xülasə, insanlar arasında hüquqi bərabərliyin təşkil edilməsi də məsələnin çox önəmli tərəfidir.

Rəşid xəlifələr dövründə haqq və hüquq məfhumu yuxarıda göstərilən yönləri ilə, müddəalarına riayət edilmişdir. Bəli, o dövrdə rahatlıqla xəlifə ilə sıravi vətəndaş eyni məhkəmədə hakim qarşısına çıxa bilirdi. Məsələn, Hz. Ömərin bir "məvali" (azad edilmiş kölə) ilə birlikdə hakim qarşısına çıxıb sorğuya çəkilməsi və hətta hakimin ona cüzi tərəfkeşliyini görüncə onu xəbardar etməsi o dövrə aid hamımızın bildiyi tarixi bir həqiqətdir.

Əslində Osmanlı Dövləti də bundan fərqli deyildir. Fateh Sultan Mehmet Xan Həzrətləri haqqında rəvayət edilən bir mənqibəni misal verə bilərik. Deyilənlərə görə, "Fateh" Məscidinin tikintisini qeyri-müsəlman bir nəfər öhdəsinə götürür. Bu insan ona tapşırıldığı kimi deyil, öz bildiyi kimi məscidi tikməyə başlayır. Bundan xəbər tutan Fateh Cənnətməkan da onun əli kəsilməklə cəzalandırılmasını əmr edir. Bunu eşidən qeyri-müsəlman Həzrəti Fatehdən məhkəməyə şikayət edir. O dövrdə də məhkəmənin qazısı Xıdır Çələbi idi. Həzrəti Fateh hakimin hüzuruna çıxınca Xıdır Çələbi ayrı-seçkilik etmədən hər iki tərəfə qulaq asır və Sultan Fatehi günahkar sayıb əlinin kəsilməsinə hökm verir. Verilən qərardan çaş-baş qalan qeyri-müsəlman İslamın ədalətinə heyran olub müsəlman olur və Həzrəti Fatehi bağışlayır.

Məhkəmə sonunda baş verənlər olduqca maraqlıdır. Sultan Fateh qoltuğunda gizlətdiyi mismarlı toppuzu çıxararaq Xıdır Çələbiyə göstərir və "Allahın əmr etdiyi kimi hökm etməsə idin, başını bununla parça-parça edəcəkdim" deyir. Xıdır Çələbi də belindən çıxardığı xəncərini göstərir və "Hünkarım! Əgər mənim verdiyim hökmə razı olmasa idin, mən də səni bununla deşik-deşik edəcəkdim" deyir.

Əgər biz də mələkləri heyran edən bir hüzur toplumunu arzulayırıqsa, haqqa hörmət və hüquqa sayğı anlayışını dərk edib qəlbimizə nəqş etməliyik. Məhz onda təməlləri hüzurla atılan hüququn icrası ilə dünyanın cənnətə dönəcəyinə ümid edə bilərik.

Sözün özü

Həqiqi Müsəlman yer üzünün həqiqi varisidir. Bu, inanc, düşüncə, müəssiriyyət (icra) və istiqamətləndirmə çərçivəsində olan bir vrislikdir. Allah möminlərin başqa millətlərin hakimiyyəti altına düşməsinə qətiyyən razi deyil. Allahın razı olmadığı şey baş veribsə, demək fərd, ailə, cəmiyyət və millət olaraq bütün möminlər günahkardır. Bu məsələni Müsəlman millətlərin əsarəti nöqteyi-nəzərdən dəyərləndirə bilərik.

Həftənin duası

Mərhəməti sonsuz və hər şeyə qadir olan Allahım, Sən bizə yetərsən... Sən hər ehtiyacımıza kafisən. Qapına üz tutanlardan xəbərdar olduğun kimi, bizim dualarımızı da eşidirsən. Bütün işlərimizi ən gözəl nəticə ilə sona çatdır... Bu möhtac bəndələrini fövqəladə lütfünlə sevindir... Rahməniyyət və Rahimiyyətinin tələbini yerinə yetir... yetir ki, ikramlarınla şad olaq, ey rəhmət və şəfqəti ilə kainatı oxşayan Rauf və Rahim!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.