Həyatın mülk və mələkut cəhətləri təmizdir

Əşyanın bir mülk, bir də mələkut cəhəti var. Cismaniyyətə aid olub gözlə görünən şəhadət aləmi (fiziki aləm) əşyanın mülk cəhətidir. Mələkut cəhəti isə, ruhani, ləduni (ilahi) hikmət və məsləhətlərin (fayda, məqsəd, keyfiyyət) seyrəngahı, ruhun məskəni və taxtı olan aləmdir. Mələkut aləminə vaqif olanlar istər təcrübə ilə, istər müşahidə və mükaşifə[1] ilə bir mənada o biri aləmə nüfuz edə, oranı görə bilərlər. Həmçinin hazırda müşahidə etdiyimiz aləmdə hər şeyin bir mülk, bir də mələkut cəhəti var. Buna görə də, hər şeyin mülk xüsusiyyətində müəyyən bulanıqlıq və xoşagəlməz şeylər ola bilər. Halbuki bunların mələkut cəhəti daim parlaqdır. Gəlin mövzunu bir az daha açaq:

Məsələn, burun seliyinin çölə çıxması və ya qarında yığılan qazın boşalması mülk cəhətdən ürəkbulandırıcı keyfiyyətdədir. Həmçinin qar-boran kimi təbii fəlakətlərin insanın xoşuna gəlməyən cəhətləri var. Halbuki bunların mələkut cəhəti belə deyil, çox fərqlidir. Burunun o selikli mayeni ifrazı etməsi çox vacibdir. Bu, zahirən xoşagəlməz görünsə də, mələkut cəhətinə və mahiyyətinə görə bir çox fayda və məsləhətə malikdir. Qar zahirən soyuq və xoşagəlməz görünür. Halbuki qar ahəstə-ahəstə torpağa sinir, bəzən yağışdan da faydalı olur. Çünki yağış tozu-torpağı yuyub aparır, qar isə torpaq taxtında bir sultan kimi əyləşir, özü ilə gəitdiyini bahara qədər bir-bir torpağın sinəsinə işləyir. Elə isə mülk cəhətində qarın soyuqluğu ilə yanaşı, onun torpağı qidalandırması və baharın köməyinə yetməsi keyfiyyətinə baxmalıyıq. Bu cür çoxlu misal verə bilərik.

Bu misallarda olduğu kimi, heç bir şey istər mülk, istərsə mələkut cəhəti baxımından çirkin deyildir. Mülk cəhətinə görə zahirən çirkin, xoşagəlməz görünən şeylərin mələkut cəhəti parlaqdır. Ancaq “rəhmət”, “nur”, “yağış”, “həyat” kimi müəyyən şeylər var ki, bunların həm mülk, həm də mələkut cəhəti şəffafdır, gözəldir və təqdirə, təbcilə layiqdir.

Həyatın nə mülk, nə də mələkut yönü tənqid oluna bilər. Bəli, həyatın tənqidə layiq heç bir yönü yoxdur. Bunu anlamaq üçün əvvəla cəmadat (cansız, şüursuz varlıqlar) və nəbatatın (bitkilərin) səviyyəsinə enmək lazımdır. Gəlin, bir dağa, bir ağaca, ya da bir daşa baxaq. Onların ətrafla münasibəti məkanla məhduddur, hətta məkanla da hərtərəfli münasibətləri yoxdur. Danışma, razılığa gəlmə, başa düşmə qabiliyyətləri yoxdur. İnsan həyat vasitəsilə mövcud mühitdən kənarda bir çox aləmlə ciddi və dərin münasibətlər qurma imkanına malikdir. Beləliklə, həyatın mülk və mələkut cəhətləri daim parlaq və şəffafdır.

Məsələnin digər bir cəhəti də budur: bəzi şeylər var ki, bunların mülk cəhətinin zahiri əsbaba istinad edilməsi, ağılın da buna aldanması mümkündür. Ancaq həyat belə deyil. Həyatın nə mülk, nə də mələkut cəhətini qətiyyən əsbaba istinad etmək olmaz. Məsələn, bir adam "Mən tikəni ağzıma qoydum" deyib bu feili nəfsinə isnad etməklə şirkə girməz. Bəlkə də, bu məqamda əhli-təhqiq və əhli-hüzura layiq ifadə işlədilmədiyi üçün münasib ifadə olmur. Yoxsa tikəni ağıza qoyduran Allahdır. Ancaq zahirən loğmanı ağıza qoyan insandır.

Bir başqa misal verim. İnsan bədəni maddələr mübadiləsi nəticəsində yeyib-içdiyi qidaların artığını çölə atır. Bu çirkin, xoşagəlməz bir hərəkətdir. İnsan "bayıra getdim" deyib bu hərəkəti Cənabi-Haqqa deyil, özünə isnad edir. Çünki bunun mülk cəhəti çirkindir. Beləliklə də, Zati-Əqdəsi (Müqəddəs Zat) tənzih olsun deyə bunlar əsbaba, yəni səbəblərə isnad edilir. Elə əsbab da məhz bu cür çirkin şeylər Zati-Üluhiyyətə isnad edilməsin deyə xəlq edilmişdir.

Həyata gəlincə, həyatın nə insanı utandırası, nə də yaradılış baxımından Allahdan qeyrisinə isnad ediləsi bir cəhəti var. Çünki həyatın yeknəsəq axarı belə çox heyrətamiz və təəccüblüdür. Üstəlik həyat hələ də bir sirr olaraq qalır. Deməli, həyatı səbəblərə isnad etmək mümkün deyil. Həyat hal-hazırda var; mülk cəhəti ilə var və çiynində bir cismi daşıyır. Səbəb, illət, hikmət və məsləhətlər aləmində belə həyat mələkut cəhətdən ilə yalnız Allah tərəfdən yaradılmışdır.

Çünki bir hüceyrəni əmələ gətirən material göz qabağındadır. Onu əmələ gətirən amin turşularının keyfiyyət və növləri məlumdur. Ancaq buna baxmayaraq hələ də bir hüceyrəni yarada bilmirlər. ("Yarada bilmirlər" ifadəsi caizdir. Lakin "hüceyrəni yaradırlar" sözü caiz deyil) Yarada bilmirlər, çünki yaradan Allahdır. Bəli, həyatı nə mülk, nə də mələkut cəhəti baxımından səbəblərə isnad etmək mümkün deyil. Əslində heç bir şeyin mələkut cəhətini səbəblərə isnad etmək məqul, ağlabatan deyil.

Xülasə

  • Biz hadisələrin, demək olar ki, yalnız mülk cəhətini görürük. Buna görə də bəzi hadisələrin zahirən bizə çox çirkin görünməsi mümkündür. Ancaq mələkut aləminə baxanda bu hadisələr olduqca pak və təmizdir.
  • Həyat, Allahın yaratdığı və hələ də bir sirr olaraq qalan böyük bir nemətdir. Həyatın həm mülk, həm də mələkut cəhəti olduqca pak və təmizdir. Heç bir çirkin yönü yoxdur.
  • Hadisələrini zahiri çirkinliyini yaradan da Allahdır. Ancaq Allahu Təala bu çirkinlik Ona isnad edilməsin deyə səbəbləri onlara pərdə olaraq yaratmışdır.

[1] Təcrübə: Anlamaq, başa düşmək, dərk etmək üçün görülən iş, fəaliyyət. Müşahidə: Maddi mənəvi aləmi seyr edərək anlamaq, dərk etmək fəaliyyəti. Mükaşifə: Gizli, saxlı şeyləri zahir etmək fəaliyyəti.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.