Axirət azuqəsi dünyada hazırlanmalıdır

Sual: Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur: "Adəmoğlunun zəruri ehtiyacı üçdür. Sığınacağı ev, əynini örtmək üçün paltar, yavan çörək və su" (Tirmizi, Zühd 30) Dövrümüzdə, xüsusən də, evlənmək istəyənlər bəzən imkanlarından artıq xərcləyirlər. "Dünya kafirin cənnəti, möminin cəhənnəmi" olduğu halda, bu gün həm şəhər, həm də kəndlərdə dəbdəbəli mebel, divan dəstləri və bunun kimi əhəmiyyəti olmayan çox bahalı şeylər alırlar. Bu barədə nə düşünürsünüz?

Bu məsələ XX əsrə xas mərəzli ruh halətidir və bütün ictimai sistemimizi təsir altına almışdır. Bu gün insanlıq, "Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. Axirəti isə tərk edirsiniz"("Qiyamə" surəsi, 75/20) ilahi fərmanını təsdiq etmiş, əməli olaraq dünya sevgisinə, dünya zövqlərinə üstünlük vermiş və axirəti qismən unutmuşdur. Buna görə də: "Siz dünyada həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!" ("Əhqaf" surəsi, 46/20) zərbəsinə hazır olmaq lazımdır. Bəli, bu dövrün insanı, sanki bütün səy və cəhdlərin meyvəsini dünyada yeyib-bitirmiş axirətə heç bir şey qoymamışdır.

Yeri gəlmişkən, bəzi möminlər də adət-ənənə və alışqanlıq bəlası ilə kimdə nə görsələr onu almaq istəyirlər. Müasir Qərb mədəniyyəti - xüsusilə bu işin iqtisadi yönü - istehlak bünövrəsi üzərində qurulmuşdur. Biz hər halükarda qeydsiz-şərtsiz qərbi təqlid etdiyimizə görə, bu mövzuda da addım-addım onu izləyirik. Qərbin istehlak əsaslı iqtisadi sistemi var; biz də öz dünyamızda bunu təsis etməyə çalışırıq. Buna görə də lüks mebel, lüks əşya və hərə kəsin iyirmi dəst paltarının olması adi hala çevrilib. Tez-tez maşın dəyişdirmə, ucuz avtomobillərin yerinə daha lüksünü axtarmaq adi haldır! Hər gün satışa buraxılan yeni model cib telefonları, bilgisayarlar və növ-növ elektronik əşyalar lüksü insanların nəzərində ehtiyac, hətta zərurətə çevirmişdir. Bunların hamısı Qərbdən götürdüyümüz adət və alışqanlıqlardır. Kaş bütün bunların hesabını Allaha verəcəyimizi unutmayaq!..

Möminlər mütləq pul qazanıb zəngin olmalıdırlar. Allahın kainata qoyduğu qanunlardan (ayeyi-təkviniyə) istifadə etməli, ticari və iqtisadi sahədə mütləq irəlidə olmalıdırlar, çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Mədineyi-Tahirəyə təşrif edəndə Mədinə bazarlarında ticarət başqalarının əlində idi. Qısa müddətdə Allah Rəsulu Yəmən və Şam arasında ticarət karvanları təşkil edən, buna görə də ticarəti yaxşı bilən Məkkə mühacirlərini Mədinədə ticarətə sövq etdi. Və çox keçmədən iqtisadi və ticari tarazlıq müsəlmanlar lehinə dəyişdi.

Uşaqlarım üçün sərvət yığımmı?

Hazırda müsəlmanların geyimindən məişət əşyalarına qədər bir çox şey əksəriyyətlə başqalarının əlindədir. İdxalatın həmişə ixracatdan çox olması da bunu göstərir. Müsəlman tələbatını onların istehsal etdiyi məhsullarla ödəmək məcburiyyətindədir. Dolayısilə, mömin çalışıb qazanmalı, ticari və iqtisadi sahədə özünə yer tapmalıdır, amma "kənz" etməməli (sərvət yığmamalı) və tuli-əməllə (bitməz-tükənməz arzu istəklər) sərxoş olmamalıdır. O, Rəsuli-Əkrəm, Siddiqi-Əzəm və Faruqi-Əkbər kimi qazanmalı və qazandığını millətin, vətənin və dinin gələcəyi üçün sərf etməlidir. Rəsuli-Əkrəmə saysız-hesabsız mal və sərvət axıb gəlirdi, amma O, xəzinədə yığıb saxlamırdı. - İslamın pul siyasəti haqqında araşdırma aparanların həmişə unutduğu məsələdir bu - Pul bir tərəfdən girir, altı yırtıq kisəyə girən pul kimi, o biri tərəfdən çıxırdı.

Ümmü Sələmənin ifadəsi ilə, Rəsuli-Əkrəm "Allahu Əkbər" deyib namaza hazırlaşarkən nə isə yadına düşür. Qaça-qaça evə gəlir. Bu zaman camaat namaz üçün cərgəyə düzülüb. Bir neçə dəqiqə sonra sevinə-sevinə gəlir və namazı qıldırır. "Ya Rəsulullah, o həyəcanın, təlaşın səbəbi nə idi?" - deyə soruşurlar. "Zəkat malı vardı. Paylamamışdım, namaza hazırlaşarkən ağılıma gəldi. Mən də dərhal gedib payladım " buyurur. Həzrəti Osman və Həzrəti Əli daxil olmaqla Rəşid xəlifələr dövründə dövlətin pul siyasəti məhz bu yöndə idi. İslam dövlətinə qalaq-qalaq sərvət axıb gəlir, bunun sayəsində dövlət abad və güclü olurdu. Mövlana Şiblinin araşdırmasına görə, Hz. Ömər dövründə hər ehtimala qarşı təkcə Mədineyi-Münəvvərə ətrafında ehtiyatda qırx min at bəsləyirdi. Bu atlardan döyüşdə istifadə etmirdilər; bunlar Hz. Ömərin nəzarəti altında döyüşə hazır vəziyyətdə ehtiyatda saxlanılırdı. O dövr üçün bu, təqdirəlayiq rəqəm sayılırdı.

Mömin zəngin olmalı, amma var-dövlətini dövlətinə, millətinə və dininə, diyanətinə sərf etməlidir. Və bu sayədə o, - Allahın inayəti ilə - özünü Allahın hüzurunda məsuliyyətdən qurtaracaq. Kim nəfsi üçün kənz etsə, "övladım, nəvəm" deyib mal-mülk yığmağa cəhd etsə, qorxuram ki, bu lüks, səfahət, bu israf ənənəsi və alışqanlıqdan irəli gələn israfçı iqtisadi həyat bizi yerlə-yeksan edə. Həmçinin şübhəli şeylərdən kənz etmək başqalarına haram və şübhəli şey yedirmənin haram olması baxımından da diqqət yetirilməsi lazım olan bir xüsusdur.

Xülasə, ailəmiz, uşaqlarımız üçün hər cəhətdən daha yaxşı bir dünya qurmaq üçün qazanaq və bu uğurda xərcləyək. Qoy qurduğumuz dünyada onlar rahat olsun.

Xülasə

  • Bu gün insanlıq, "Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. Axirəti isə tərk edirsiniz." ("Qiyamə" surəsi, 75/20) fərmanını təsdiq etmiş, əməli olaraq dünya sevgisinə, dünya zövqlərinə üstünlük vermiş və axirəti qismən unutmuşdur.
  • Möminin varlı olması öz-özlüyündə pis bir şey deyil. Pis olan onun bu varını Allah üçün verməyib nəfsi üçün yığmasıdır.
  • Allah Rəsulu da dövrünün ən varlı insanlarından biri ola bilərdi, ancaq O bir tərəfdən gələn var-dövləti dərhal o biri tərəfdən sərf etmiş, sərvət yığmağı heç düşünməmişdir.

Ailə qurmağı asanlaşdırın

"FFərzləri bilməyən insanın nikahı olmaz" hökmü bir mənada doğru, bir mənada da yanlışdır. Əsas fərzləri bilməyənin nikahı olmaz. Məsələn, insan gərək imanın altı əsasına inansın. Bunlardan birinə inanmayanın, birində tərəddüd və şübhəsi olanın din dairəsinə daxil olmadığına görə nikahı da olmaz. Çünki nikah möminlər üçün dini bir şərtdir. Kişi və qadın bu dini şərt və Allahın qoyduğu prinsiplərlə ailə qurmadadır və qurmalıdırlar.

Fiqh kitabları Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hədislərinə əsaslanaraq evliliyə "icab-qəbul" və "şahid" şərtlərini qoyurlar. Biz möminlərin bu şərtlərə riayət edərək izdivac qurmasına "nikah" deyirik. Bu mənəvi şərt imanı olmayana aid deyil. Buna görə də mömin olmayanla kəsilən nikah keçərli deyildir.

Qurani Kərimin "Nisa" surəsində kimlərlə evlənməyin qadağan olması sıralanmış, Peyğəmbərimiz də bu mövzuda təfərrüatlı məlumat vermişdir. Qurani Kərimdə buyurulur: "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, qaynanalarınız və gərdəyə girdiyiniz himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Gərdəyə girmədiyiniz zövcələrinizin qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" ("Nisa" surəsi, 4/23) Qurani-Kərimin sadaladığı şəxslərə "mühərrəmat" (evlənmək haram olan qadınlar) deyilir.

Peyğəmbərimiz buyurur ki, "Ən asan olan nikah ən xeyirli nikahdır" (Ebu Davud, Nikah 32). Əslində bu ifadədə daha çox təmənna var. Kaş möminlər buna əməl edələr və şəxsi arzu-istəklərini, yanlış adətləri, ənənələri bir kənara qoyub bu hədisdə ifadə olunan həqiqəti yaşaya bilələr!..

Evliliyi çox ucuz, çox rahat, çox təbii və hər kəsin rahat qura biləcəyi hala gətirmək həqiqətən həyati mövzudur. Çünki evlənmək istəyənlər onsuz da, bir çox haramdan uzaqlaşırlar. Bir də ki, qız tərəfinin ağır tələbləri olur... Buna görə çox adam ya evlilikdən qorxur, ya da vaz keçir. Xüsusilə, bu dövrdə nəfsini oruc, riyazət, zühd və təqva ilə cilovlaya bilməyənlər üçün evlilik fərzə çevrilmişdir. Möminlər bu məsələni asanlaşdırmalı və günaha batmamaqda bir-birinə kömək etməlidirlər. Mən bunu deyirəm, amma kim riayət edər, onu bilmərəm...

Sözün cövhəri

Qulluq mütləq ciddiyyət və həssaslıqla yerinə yetirilməlidir. Necə ki, qonağa çəngəldən qaşığa, ən ləziz yeməklərdən şirniyyatlara qədər hər cür qayğı göstərilir, ibadət də ən az bunun qədər həssaslıqla, diqqətlə icra edilməlidir. Bu, cismanilikdən çıxıb nəfsdən uzaqlaşmaqda və qəlbi və ruhun həyat dərəcəsinə yüksəlməkdə əsas yoldur. İnsan bu vəzifəsini şüursuzca, lakin ədəb-ərkanına riayət edərək yerinə yetirməklə məsuliyyətdən qurtula bilər, amma belə ibadətlərlə qəlbi və ruhi həyatın inkişaf etməsi də mümkün deyil.

Həftənin duası

Kainatın bütün zərrələrinin birlikdə və tək başına acizlik və fəqirlik dili ilə mövcudiyyətinə və birliyinə şahidlik etdiyi Saniyi-Hakimə həmd-səna və şükrlər olsun. Kainatın tilsimini açıb dəlillərini kəşf və bəyan edən Rəsuli-Əkrəmin, Peyğəmbər xanəsinin müqəddəs sakinlərinin və əshabi-kiramın xəzinəsi sonsuz səlat və salamla dolsun. Ya Rəbbim! Bizi hər halımızda dupduru, pak və qulluqda kamillik zirvəsinə ucalan qullarından elə. Amin...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.