Dünya və axirətə dəyəri qədər qiymət verin
Cənabi-Allahın Qurani-Kərimdə buyurduğu: "Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver" ("Bəqərə" surəsi, 2/201) ayəsi ümumi bir duadır. Bu şəkildə həm dünya, həm də axirətin gözəlliklərini istəyənlər Allahın lütfü və kərəmi ilə, niyyət və fəaliyyətlərinin səmərəsini həm dünyada, həm də axirətdə görəcəklər. Dolayısilə, insan yalnız dünyasını deyil, eyni zamanda axirətini, hətta dünyanın fani və keçici axirətin isə əbədi və sonsuz olduğunu nəzərə alaraq dünyadan daha çox axirətini düşünməlidir. Bəli, o, hər iki aləmin də gözəlliklərini istəməli, dünyasını abad edərkən axirətini bərbad etməməlidir. Necə ki, Qurani-Kərim yalnız dünya arxasınca qaçanları: "Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!" deyənləri xatırladır və: "Belə şəxslərin axirətdə heç bir payı yoxdur" ("Bəqərə" surəsi, 2/200) deyə yalnız dünyanı istəyənlərin acınacaqlı aqibətlərinə diqqət çəkir.
"Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız" ("Əhqaf" surəsi, 46/20). Bu, bir sözlə, ülvi qayələr üçün yaradılmış insanın süqutudur. Öz səviyyəsinin altına düşməkdir. Çünki yalnız dünyanı düşünüb ömrünü yemək-içməklə keçirmək digər məxluqata xasdır.
Bir daha təkrar edək, insan Allahın (cəllə cəlalühü) verdiyinə razı olmalı, Allahdan həmişə xeyirli olanı istəməli, daim: "Allahım, mənim üçün xeyirli olanı ver. Əgər mənə verəcəyin nemətlər ağlımı başımdan alacaqsa, istəmirəm, vermə. Qənaətlə, ölməyəcək qədər ruzi ilə yaşamağa razıyam. Mən Səndən yalnız Səni istəyirəm. "Mənə Səni gərək, Səni" deməlidir.
"Allahım! Yoldaşlarımıza bol-bol ehsan elə!"
Buna görə insan əvvəla Allah Rəsulu olmaqla "infaq qəhrəman"larının həyatına baxaraq özünü tez-tez sorğuya, hesaba çəkməlidir. Məsələn, insan baxmalıdır ki, əlinə mal-mülk, sərvət gəldiyi kimi, qəlbində, könlündə heç iz buraxmadan Allah yoluna gedirmi. Əlində az olanda Allah yolunda verirsə, yəni əgər bu insanın bir pencəyi, bir paltosu var və bunu əynindən çıxarıb verirsə, maşını olsa, onu da Allahın izni ilə, verər. Hətta belə insan: "Əlimə hər gün bir milyon dollar gəlsə, mən də bu pullarla dünyanın hər yerində məktəblər açsam; orada işləyən təhsil könüllülərinin ala bilmədikləri təqaüdü versəm, hətta o bahadırların beş aylıq təqaüdünü birdən verə bilsəm" deyə düşünər. Əgər insan belə düşünür və öz-özü ilə apardığı sorğu-sualdan, Haqqın inayəti ilə, üzüağ çıxdığına inanırsa, bu insana mal-mülk, sərvət, inşaallah, zərər verməz. Bu qədər niyyəti əngin və qəlbi saf insanların kisəsinə qoy həmişə sərvət axsın. Fəqir (özünü nəzərdə tutur) əksər yoldaşlarımızın məhz bu dərəcədə üstün xarakterli, mərd və əhli səmahət olduqlarını düşünür, onlara çox dua edir və: "Allahım, həmin yoldaşlarımıza bol-bol ehsan elə. Çünki onlar Sənin lütfünü, ehsanını dünyanın hər yanına "ileyi-kəlimətullah" üçün sərf edirlər," deyirəm.
Lakin insan ərzurumluların dediyi kimi "gırgıt"dırsa, xəsislik edirsə, öz rifahını millətin, möminlərin rifahından üstün tutur, insanların haqq-hüququnu nəzərə almırsa, İslamiyyəti düşünmür və heç cür bu mənfi duyğulardan xilas ola bilmirsə, Allahdan mal-mülk, sərvət istəməməlidir. Mərd olmalı, özünə əmin olmadığını qəbul etməli və: "Allahım mənə verəcəyin gözəllik, lütf və ehsanlar məni Səndən uzaqlaşdıracaqsa, vermə, istəmirəm. Bu vaxta qədər aramıza girənləri də" deyə bilməlidir. Çünki qulluq bu dərəcədə səmimiyyət və sədaqət tələb edir.
Yamaqlı yorğan
Burada mövzu ilə bağlı Ustad Bədiüzzaman Həzrətlərindən və onun "əcz və fəqr" anlayışından da bəhs etmək yerinə düşər. Ustad Həzrətləri elmin və dinin izzətini qorumaq, iman xidmətinə xələl gətirməmə fikri ilə istiğna[1] ilə yaşamış və çox yoxsul ömür sürmüşdür. Bildiyiniz kimi mərhum Eşref Edib "Tarihçey-i Həyat" kitabında Onun haqqında: "Ona bir kasa şorba, bir stəkan su, bir loğma çörək bəs edərdi. Paltarı çox sadə idi. Çox təmizkar idi. Dünya malından heç nəyi yox idi. Özü üçün deyil, cəmiyyət üçün yaşayırdı" deyir.
Vehbi Vakkasoğlu bəydən onun cəmiyyət və bəşəriyyət uğrunda fədakarlıq anlayışından bəhs edən bir xatirə eşitmişdim. O, mərhum Nəcib Fazilin ziyarətində ikən ona Zübeyr Gündüzalp bəydən eşitdiyi bir xatirəni danışır. "Büyük Doğu" jurnalının müyyən çətinliklərlə üzləşdiyi, gah çap olunduğu, gah da olunmadığı vaxtlarda yenə maddi imkansızlıqdan jurnalın çapı dayandırılır. Bu jurnal o dövrdə böyük missiya daşıdığına görə Ustad Həzrətləri ona İslamın səsi-sədası kimir baxırdı.
"Büyük Doğu" jurnalının imkansızlıqdan dayandırılması Ustad Həzrətlərinə çox təsir edir və Zübeyr bəyə: "Zübeyr, "Doğu" dayandırılır, mütləq nəsə eləməliyik," - deyir. Zübeyr bəy də: "Ustadım, nəyimiz var ki, nə edək?" cavabını verir. Ustad Həzrətləri: "Mənim qışda üstümə örtdüyüm köhnə, yamaqlı bir yorğanım var. Bəlkə, kimsə alar. Siz də əlinizə keçəni "Doğu"ya göndərin," - deyir. Həzrəti Ustad həmin yorğanı satdırıb pulunu jurnala göndərir. Vehbi Vakkasoğlu bəy: "Bunu Nəcib Fazilə danışanda o üzünü pəncərəyə tutub hıçqıra-hıçqıra ağladı," - deyirdi.
Xülasə
- İnsan yalnız dünyasını deyil, eyni zamanda axirətini, hətta dünyanın fani və keçici axirətin isə əbədi və sonsuz olduğunu nəzərə alaraq dünyadan daha çox axirətini düşünməlidir.
- Sahib olduğu hər şeyi əngin niyyət və qəlb saflığı ilə Allah yolunda sərf edən insanlar üçün mal cənnətdə dərəcələrə yüksəldən bir cüt qanad kimidir.
- Ustad həzrətləri hər şeyini din yolunda fəda etdmişdi. Belə ki, varı-yoxu bir yamaqlı yorğanını belə satıb Allah yolunda vermişdi.
Təqlid bəlası və biz
Pürməlal halımıza baxaq, çoxumuz iman əsaslarını bir-bir təhlil edib onları möhkəm bir zəminə oturdaraq iman abidəmizi ucaltmamışıq, yəni təhqiqi imana malik deyilik. Demək olar ki, ata-babalarımızın bizə qoyduğu süni imanla yaşayırıq. Bəzi əhli-sünnə imamları təqlidi əsaslı belə bir imanı qəbul etməmişlər. Çünki onlara görə, iman təhqiqi olması üçün insanın iman etdiyi əsasların hər daşını öz əli ilə yerli-yerinə qoymalıdır. Bəli, imanın hər əsasını düşünüb təhlil edəndən, hər birinin üstünə şüur möhürü vurandan sonra əldə etdiyin iman sənin öz iradənin məhsuludur. Ancaq hal-hazırda çoxumuzun imanının memarı ata-babalarımızdır, ata-babalarımızın imanının memarı da babalarımızdır... təqlid həmişə bu şəkildə davam etmişdir. Lakin bunu da əlavə etməliyəm ki, iman çox qiymətli olduğuna görə, onun təqlidi olanını belə rədd etmək imana qarşı hörmətsizlikdir.
Hz. Ustad bu mövzuda insanları təhqiq qapısına dəvət edir, bizə təhqiq qapısını açmaq istəyir. Risaleyi-Nurda keçən "Ayətul-kübra"ya baxsaq, Ustad bu əsərdə oxucunu kainatın hər zərrəsi ilə görüşdürdüyünü, hər varlığı danışdırdığını və bizi hər məxluq qarşısında düşünməyə sövq etdiyini görürük. Onu oxuyanda insan sanki imanını yenidən formalaşdırır. Təqlidi iman dövrümüzün inkar və zəlalət fırtınaları önündə tab gətirə bilməmiş və əfsuslar olsun ki, yerlə-yeksan olub getmişdir. Hətta əsrlər boyu İslamın mənəvi həyatını ayaqda saxlayan müəssisələrdə olan insanlar belə təqlidi imanla zəlalət fırtınaları qarşısında tab gətirə bilməmuiş, şübhə və tərəddüdlərlə dinini, imanını itirmişlər. Halbuki onlar iman abidəsinin hər parçasını yaxşı bilsə və buna görə möhkəm zəminə oturtmuş olsaydılar, nəticə belə olmazdı.
Həmçinin unutmamalıyıq ki, təqliddən qurtulub təhqiqin möhkəm zəminində imanımızı inşa edə bilsək, bu hal-hərəkətlərimizə də əks edəcək. Çünki inanmış insanın baxışında, danışığında həmişə ciddiyyət var. Bu mənada, Hz. Ustadın ətrafında da inanmış insanların olduğunu deyə bilərik. Halbuki biz təqlidin "böyük qəhrəmanlar"ıyıq. Çünki biz özümüzlə üzləşərək, inanclarımızı analitik mülahizə ilə təhlil edərək; təhlil edib yeni tərkib və sintez əldə edərək imanımıza sahib çıxmamışıq. Təqliddən qurtulmamış bir insan, güclü bir zəlalət fırtınasında yerlə-yeksan olma təhlükəsi ilə qarşı-qarşıyadır. Bu bəzən etiqadda, bəzən əməldə, bəzən xidmət fəlsəfəsində, bəzən də eqoizmin önə çıxmasında büruzə verir.
Həftənin duası
Ey Allahım! Kainatın hər məkanında Sənə ibadət edən var, hər varlıq özünəxas dillə Səni zikir edir! Bizi də yalnız Sənə ibadətlə keçən ömür ver, qəlblərimizi Sənə şükür hisləri ilə coşdur; coşdur ki, yalnız və yalnız Sənə ibadət edək, yalnız Sənin hüzuruna çıxaq. Və bizi Sənin xas qullarının tövbə, övbə və inabələrlə qapına döyən tövbə qəhrəmanlarından et!
Sözün cövhəri
İnsan Cənabi-Haqqın kitabtək yaratdığı təbiətin bağ-bağçasına müxtəlif şəkil və forma verə bilər.. iradəsini ortaya qoyaraq -Allahın izni ilə- dünyanı dəyişdirə bilər, dövlətlər qurub dövlətlər arasında söz sahibi ola bilər.. Cənabi-Haqqın nami-cəlilini hər yerdə dalğalandıra bilər, Allah Rəsulunun adını ən yüksək qalalara bayraqtək ucalda bilər. Bu mənada insan Allahın özünə, əşyaya geniş müdaxilə haqqı verdiyi Cənabi-Haqqın xəlifəsidir.
[1] Əlində olan şeylə kifayətlənmə
- tarixində yaradılmışdır.