Bəhanələr xətaları böyüdür

Şeytanın böyük hiylələrindən biri də insana səhvlərini qəbul etdirməməsi, onu səhvlərinə, qüsurlarına bəhanə axtarmağa vadar etməsi və səhvləri bəzi fərqli ictihadi fikirlərin nəticəsi kimi göstərməklə bəhanə tapmağa sövq etməsidir.

Əgər insan səhvini qəbul etmir, ona zahiri səbəblər axtarır, "buna görə elədim, filan səbəbdən ötrü etdim" deyə bəhanələr arxasında sığınmağa çalışırsa, o, heç vaxt səhvlərini düzəldə bilməz. Nəinki düzəldə bilməz, günahdan uzaqlaşma və üqubət[1] əndişəsi ilə Haqqa sığınmanın ünvanı olan "tövbə"yə həmdəm olub təmizlənə bilməz, məqam və dərəcəni qoruma arzusu ilə Allahda fani olma mənasına gələn "inabə" qapısına üz tutması mümkün olmaz və qəlb qapılarını Rəbbdən başqa hər şeyə bağlama mənasında "övbə" sığınacağına bir addım da ata bilməz.

O insanın etdiyi xətası, küfr çərçivəsində isə küfr qaranlığında zülmət həyatına davam edər; günahı zəlalətə düşməkdirsə, heç vaxt düz yolu tapa bilməz; böyük günah işləyibsə, ona başqa böyük günah da qatar, küfr bataqlığında boğular. Dolayısilə, qəbahətə bəhanə axtarmaq daha böyük bir qəbahətdir. Səhv səhvdir; olduğu kimi qalsa, düzəldilməyə çalışılsa, sadə səhvdir. Lakin səhvi bəhanələrlə örtmək və onu adi hal kimi göstərməyə çalışmaq iki qat səhvdir. Səhvi səhv görməmək, qəbahət olduğunu qəbul etməmək və onun cinayət olduğuna inanmamaq isə qat-qat səhvdir. "Mənə filan şey elədilər, məni anlamadılar" kimi sözlər şeytan və nəfsin xırıltılarından başqa bir şey deyil. Allah Rəsulundan qopub uzaqlaşan kim olur-olsun, bəhanə axtarmağa haqqı yoxdur. Hansı səbəblə olur-olsun, iman və Quran yolundan ayrılanın bəhanəsi əsassızdır. Bu gün azca insafı olan hər kəs könüllülərdən danışarkən "Bu insanlar milli-mənəvi dəyərlərimizi təmsil edirlər, dünyanın hər yerində bizim mədəni irsimizi tanıdırlar; heç olmazsa onlara qəlbən dəstək verməliyik" deyə hislərini səsləndirirlər. Belə bir həqqaniyyətə[2] məzhər olmuş könüllülər fəaliyyətinə qarşı olan, onun əleyhinə çıxan insanların "Qiymətimi bilmədilər, sözlərimi dinləmədilər, yüksək fikirlərimdən istifadə etmədilər" kimi sözləri də nəfis və şeytanın xırıltılarıdır.

Dinə xəyanətin bəhanəsi olmaz

Quranda Nəbilər Sərvərinə "Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbi tutdu" ("Duha" surəsi, 93/3) məallı xitabın həqiqi mənası Peyğəmbərimizə məxsus olsa da, zilli mənası onun yolunda gedənlər üçün də keçərlidir. Allah-Təala bir addım Ona yaxınlaşanı heç vaxt tək qoymadığı kimi, Allah Rəsulu da Ona "Peyğəmbərim" deyənlərə "ümmətim" deyə vay verib sahib çıxacaq.

Peyğəmbərimiz (s.ə.s.) ümmətindən küsüb inciməz. Onun (şəxsi haqları baxımından) heç kimdən küsüb inciməyəcəyinə əmin ola bilərsiniz. Lakin Allah Rəsuluna qarşı edilən bəzi xəta və cinayətlər var ki, birbaşa Ona qarşı olsa da, ümumun hüququna təcavüz, Allah hüququna hörmətsizlik sayılır. Desəniz ki, "Mən filan pis əməl edəni də bağışladım, filankəsi də əfv etdim..." və əgər bu pis əməldə Qurana təhqir, Peyğəmbərimizə hörmətsizlik, dinə-diyanətə qarşı təcavüz, bir əsrə yaxın bəşəriyyətin bu günü, gələcəyi naminə çalışıb-çabalayan bir yola və o yola baş qoyan insanlara xəyanət varsa, bunlar elə böyük cinayətdir ki, bu mövzuda heç kimə bağışlama haqqı verilməmişdir. Bu cinayətləri işləyənlər Kəbəni təvaf etmiş, beş vaxt namazını qaçırmamış olsalar belə, bunun hesabını o biri aləmdə mütləq verəcək, cəzalarını çəkəcəklər. Hətta siz onları bağışlayıb hər gün dua etsəniz də, onlar bu hesab və cəzadan qurtula bilməyəcək.

Ustad Həzrətləri kimi haqq dostları da öz xidmət dairəsində olan insanlardan inciməyəcək və küsməyəcək. Lakin unutmamamlıyıq ki, Qurana xəyanət əfv olunmaz; Rəsulullahın davasına xəyanət bağışlanmaz; minlərlə insanın səyi və cəhdi ilə yürüdülən bir fəaliyyətə xainlik (bəhanəsi nə olur-olsun) üzrlü hesab edilə bilməz. Siz və biz bu böyük cinayətlərə səbəb olanlar haqqında "Allahım, onları bağışla" deyə dua edə bilmərik, onlar üçün əfv diləmək Allaha, Peyğəmbərimizə, dinə qarşı hörmətsizlikdir, günahdır. Onlara bircə söz deyə bilərik, o da: "Allah hidayət versin".

Vicdanın səsinə qulaq as

Bu mövzuda hər insan öz könlündən fətva istəməli və vicdanın hökmünə qulaq asmalıdır. Necə ki, Rəsulullah (əleyhissalatu vəssalam) "Müftilər fətva versə də, sən ürəyindən soruş" buyurmuşdur. Bu mövzuda min müfti sizə rahatladıcı söz desə də, siz öz vicdanınızın hökmünü əsas götürün. Yolun harasındasınız? Məqamına layiq ola bilirsinizmi? Verdiyiniz sözə vəfalı və sadiqsinizmi? Vədlərinizi yerinə yetirməyə hazırsınızmı? Bütün bu sualların cavabı vicdanınızda gizlidir. Tərk edib-etmədiyini, sizdən küsüb-küsmədiyini də onun cavabında axtarın. Elə isə öz vicdanınıza, hal-hazırkı rəftar, davranış və fəaliyyətlərinizə baxın, çünki Allahla münasibətinizi, İnsanlığın İftixarı ilə irtibatınızın dərinliyini, Həzrəti Bədiüzzaman kimi məfkurə insanları ilə bağınızın möhkəmliyini, iman və Quran xidmətinə vəfa və sədaqətinizin dərəcəsini yalnız sizin öz vicdanınız müəyyənləşdirəcək.

Xülasə

  • Şeytanın böyük hiylələrindən biri də insana səhvlərini qəbul etdirməməsi, onu səhvlərinə, qüsurlarına bəhanə axtarmağa vadar etməsi və səhvləri bəzi fərqli ictihadi fikirlərin nəticəsi kimi göstərməklə bəhanə tapmağa sövq etməsidir.
  • Hansı səbəblə olur-olsun, iman və Quran yolundan ayrılanın bəhanəsi əsassızdır. "Mənə filan şey elədilər, məni anlamadılar" kimi sözlər şeytan və nəfsin xırıltılarından başqa bir şey deyil.
  • Bu cinayətləri işləyənlər Kəbəni təvaf etmiş, beş vaxt namazını qaçırmamış olsalar belə, bunun hesabını o biri aləmdə mütləq verəcək, cəzalarını çəkəcəklər. Hətta siz onları bağışlayıb hər gün dua etsəniz də, onlar bu hesab və cəzadan qurtula bilməyəcək.

İbni Hatal və xəyanət

Bildiyiniz kimi, Peyğəmbərimiz (əleyhissalatu vəssalam) Məkkənin fəthində "Beytullaha daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır)" ("Ali İmran" surəsi, 3/97) məallı ayəni də xatırladaraq Məscidi-Haramda olanlara, Əbu Süfyanın evinə sığınanlara və evindən çıxmayanlara toxunmamaq əmri verir.

Məkkəyə girib başındakı dəbilqəsini çıxardığı əsnada bir nəfər gəlib: "İbni Hatal Kəbənin örtüyünə yapışmış vəziyyətdə yaxalandı, əfv edək?" dəyincə Şəfqət Peyğəmbəri "Onu öldürün!" əmri verir. Qarışqaya qıymayan, ilan-çayanın həyat haqqını tapdalamayan mərhəmətli Peyğəmbər necə oldu ki, İbni Hatala ölüm fərmanı verdi? İbni Hatal Peyğəmbərimizin (s.ə.s.) hüzurunda olmuş, onun nurəfşan bəyanlarını dinləmiş, müəyyən ölçüdə Peyğəmbər boyasına boyanmışdı. Lakin cahiliyyədən qalma hislərə qapılıb bir məsələyə görə rəncidə olmuş, nur dairəsindən bir qədər uzaqlaşmışdı.

Başda bu xətasını çox kiçik görmüşdü. Halbuki bu kiçik səhv zamanla böyük bir boşluğa çevrilmiş və o, fərqində olmadan o qədər uzaqlaşmışdı ki, Allah Rəsulunun qanını hədər etdiyi insanlardan biri olmuşdu. Eşidib gəlmiş, hərəm otağına qədər girmiş, sonra isə o peyğəmbər hərəmxanasını kirlətmiş, çirkaba bulaşdırmışdı. Onun bu rəftarı Peyğəmbərimizə və dinə xəyanət idi. Belə insanı bağışlamaq, qapıdan qovmaqla cəzalandırmaq olmazdı. Artıq o salona alınmamalı, dəhlizə buraxılmamalı, hətta səadət dairəsinə də yaxınlaşdırılmamalıdır.

Bəli, Peyğəmbərimiz kimi bir şəfqət abidəsi hələ dünyaya gəlməmişdir. O şəxsinə aid hər şeyi bağışlayardı. Lakin İbni Hatalın günahı həm küfr, həm şirk, həm xəyanət və həm də bütün müsəlmanların haqqına təcavüz idi. Peyğəmbərimizin bu qərarı -haşa- öz nəfsi üçün, öz ictihadı ilə verdiyi qərar deyil, vəhyin verdiyi bir hökm idi. Yanlış anlaşılmasın və sui-istifadə edilməsin deyə ifadə etməliyəm ki, bu gün heç kim heç kimin ölümünə qərar verə bilməz və günahı nə olur-olsun, heç kimi edama məhkum edə bilməz. O məsələ dövlətə aid bir məsələdir. Peyğəmbərimizin mövqeyini və Onun yaşadığı dövrü bu dövrlə və digər insanlarla müqayisə etmək olmaz.

Həftənin duası

Ey hər şeyin cilovunu əlində saxlayan və bütün qapıların açarı əlində olan Uca Rəbbim! Bizi masivadan azad elə və ən xeyirli qapıları bu möhtac bəndələrin üzünə aç. Bu günahkar bəndələrini yalnız Sənə ibadət edən qullardan elə. Rəhmət və inayətlə ehtiyaclarımızı qarşıla, Səndən başqa hər şeydən ümidimizi kəs. Kəs ki, axtardığımızı yalnız Sənin qapında axtaraq.

Sözün cövhəri

Həzrəti Ustad maddi-mənəvi füyuzat hislərindən fədakarlıq etmə üfüqünü göstərir. Bəli, bir məfkurəyə dilbəstə olmuş və ömrünü yola həsr etmiş bir insan həm maddi, həm də mənəvi füyuzat hislərindən fədakarlıq edər; onları məqsəd və hədəf seçməz. Bu, insanın maddi-mənəvi zövq və ləzzətləri məfkurəsinə qurban verməsi, verməli olduğu şeylər bir tərəfə, vermə məcburiyyətində olmadığı şeyləri belə könül verdiyi qayə uğrunda fəda etməsi deməkdir ki, bu da "adanmış"lığın şüarıdır.


[1] Cəza

[2] Haqq, ədalət və insafdan ayrılmayan

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.