İslam ağıla və məntiqə uyğundurmu?
İslamiyyət ağıl və məntiqə uyğundur, deyirlər. Halbuki, İslamiyyət nəsslərə (Quran və hədisdə olan hökm) bağlıdır və təslimiyyəti tələb edir. Bu məsələni izah edə bilərsinizmi?
Bəli, elədir. İslamiyyət həm ağıl və məntiqə uyğundur, həm də təslimiyyəti tələb edir. Çünki ağıl və məntiqlə təslimiyyət bir-birinə zidd məfhumlar deyildir.
Bir şey həm məntiqli ola bilər, həm də təslimiyyəti tələb edə bilər. Yəni heç kim təslimiyyət tələb edən bir məsələ haqqında, "Elə isə bu məntiqli deyil" deyə bir hökm verə bilməz və məntiq belə bir hökmü qəbul etməz. İndi də bu məsələni ağıl və məntiq çərçivəsində izah etməyə çalışaq.
İslamiyyət əvvəla, imanın əsaslarını kainatı oxuyan kitabı ilə (Qurani-Kərimlə) nəzərdən keçirib əqli və məntiqi olaraq bizə izah edir. Cənabi-Haqqın üluhiyyət (Allahın kainatdakı qənaət və hakimiyyəti ilə hər şeyi özünə ibadət və itaət etdirmə keyfiyyəti) və rübubiyyəti (Cənabi-Haqqın hər vaxt, hər yerdə hər məxluqa, möhtac olduğu şeyləri verməsi, tərbiyə və tədbir etməsi keyfiyyəti.) bu şəkildə isbat edildikdən sonra, təlazüm (biri digərsiz olmama) səviyyəsində peyğəmbərlik izah edilmiş və bunun zərurəti barədə inandırıcı, əsaslı dəlillər gətirmişdir. "Belə bir üluhiyyətin dəlillərini elan edəcək peyğəmbərlər lazımdır" hökmünə gətirib çıxaran bütün bu əsaslar son dərəcədə əqli və məntiqi dəlillərdir.
Öldükdən sonra insanlar yenidən dirilib əbədi bir həyata göz açmalıdır ki, onlara bəxş olunan əbədiyyət hissi əbəs olmasın. Cənabi-Haqq əbəs iş görməkdən münəzzəh, uzaq olduğuna görə insanlara belə bir əbədi həyat bəxş edəcək. Üstəlik, varlığı ilk dəfə kim yaratdısa, ikinci yaradılışı da yenə O yaradacaq (Həşr və qiyamətlə əlaqəli baxın.: Rum surəsi, 30/50; Yasin surəsi, 36/78-79; Həcc surəsi, 22/1-2; Nisa surəsi, 4/87; İnfitar surəsi, 82/13-14; Zilzal surəsi, 99/1-8; Qariə surəsi, 101/1-11; Nəhl surəsi, 16/77.).
Quran kəlamullahdır (Allahın kəlamıdır). Bütün cin və insanlar yığılsa, onun bir ayəsinə də nəzirə yaza bilməz (Bəqərə surəsi, 2/23-24; Möminun surəsi, 10/38; Hud surəsi 11/13-14; İsra surəsi, 17/88; Tur surəsi, 52/33-34.). Madam ki o, Allahın (c.c.) kəlamıdır elə isə Tövrat, İncil, Zəbur və digər Onun təsdiqindən keçən bütün suhuflar (müqəddəs səhifələr) da əsl mahiyyəti ilə Allahın (c.c.) kəlamıdır...
Hər birini tək-tək, mövzu ilə əlaqəli yerlərdə ətraflı izah etdiyimiz bu məsələləri burada izah etməyəcəyik. Sadəcə bir fikir olsun deyə buna təmas etdik. Deməli, inanc baxımından zəruri olan əqidəyə aid bütün məsələləri belə əqli və məntiqi dəlillərlə isbat etdikdən sonra, insan elə bir səviyyəyə gəlir ki, artıq onun orada dəlillər ayağı ilə yeriyə bilməsi qeyri-mümkündür. Vicdanında duyduğu, qəlbində hiss etdiyi həqiqətə dair mənalar elə güclənir ki, dəlillər orada çox sönük qalır. Bu bir səviyyə məsələsidir və çox normal bir haldır. Buna baxmayaraq, İmam Rəbbani kimi böyük şəxslər "seyr minallah (Allaha yəqinən inanaraq, hər şeyə Onun nöqteyi-nəzərindən baxmaq)" dərəcəsinə gələndən sonra yenə də insanın dəlillərə ehtiyac duyduğunu demişlər ki, bu o səviyyədə meracını tamamlayan insanlara məxsus bir keyfiyyətdir və əksərimizlə əlaqəsi yoxdur.
Cənabi-Haqqın hər işi və icraatı ağıla və məntiqə müstəniddir (istinadlıdır). Belə ki, O, Alim və Hakimdir.. əbəs iş görməz (Bəqərə surəsi, 2/32; Nisa surəsi, 4/26; Ənam surəsi, 6/73, 83; Yusuf surəsi, 12/100; İnsan surəsi, 76/30). Necə ki biz, fizikanın, kimyanın, astronomiya və astrofizikanın qanunları ilə müəyyən sabit prinsiplər əldə edir və görürük ki, bu icraat qarşısında ən mahir insanların işləri belə çox sönükdür. Deməli, Allahın (c.c.) hər işdə bir hikməti var. Bu hikmət isə əqli və məntiqidir, tamamilə bu müstəvidə cərəyan edir.
Beləcə təkvini ayələri afaqi və ənfusi dəlillərlə bir yerə toplamağımız bizi əzəmət və ululuğuna layiq bir inancla Cənabi-Haqqa inanmağa sövq edir (Təkvini ayələr (dəlillər): Bütöv kainat və bu kainata qoyulmuş qanunlar ki, kainat bu qanunlarla mövcuddur və fəaliyyətini davam etdirir. Afaq: üfüq sözünün cəmidir ki, gözün görə bildiyi ən son xətt, sahil, kənar, insan xaric qalan bütün aləm. Ənfus: insanın öz mənliyi mənasına gələn "nəfs" sözünün cəmi "nəfslər" deməkdir ki, insanın öz içində, özündə mənasına gəlir. Yəni insanın öz mənliyindəki və insan xaricində qalan bütün kainata yaydığı dəlillər.). Bu inam da bizi Ona təslim olmağa sövq edir. Başda ağıl, məntiq sonda da belə bir təslimiyyət. Madam ki, Ona təslim olduq və oluruq elə isə, Onun buyurduqlarını yerinə yetirməliyik. Təbii ki, burada da qarşımıza ibadətlə əlaqəli məsələlər çıxır: Namaz, oruc, zəkat və həcc kimi übudiyyətlə əlaqədar bütün məsələlər...
Bunların yerinə yetirmək bir baxımdan təslimiyyətdir. Lakin bu məsələlərə də ağıl və məntiqlə yanaşmaq, onları hikmət nöqteyi-nəzərindən dəyərləndirmək hər zaman mümkündür.
Beş vaxt namazın məhz bu vaxtlarda təyin olunmasının, əlbəttə, bir çox hikməti var. Namaz daxilindəki hərəkətlərin bu şəkildə nizamlanması şübhəsiz ki, təsadüfi deyil. Dəstəmazda yuduğumuz bədən üzvlərini yuma əmri, əlbəttə, bir faydaya əsasəndir. Camaatla namazın ictimai həyatın təsis edilməsində də böyük rolu var. Zəkatın fərz olması varlı-kasıb arasındakı tarazlığın mühafizəsi baxımından nə qədər faydalı bir öhdəlikdir. Orucun insan səhhətinə olan faydaları saysız-hesabsızdır. Əslində, İslamın bütün qanunlarının heyrətamiz, möcüzəvi yönləri hikmət, ağıl və məntiq nöqteyi-nəzərindən tədqiq edilib araşdırılsa, bu araşdırma bizi yenə də eyni nöqtəyə gətirib çıxaracaq ki, bu da təslimiyyətdir.
Məsələn həccə nəzər yetirək. Deyək ki, başdan biz həcc ibadətinin fərz olduğunu qəbul etmişik. Çünki Cənabi-Haqq: "Və lilləhi alən-nasi hıccul-beyti...” (Ali-İmran surəsi, 3/97) buyurur və kişi-qadın; hər gücü çatan müsəlmana həcci fərz qılır. Belə bir baxış tərzi, məsələyə təslimiyyətdən başlamadır. Biz buna təslim olub "Ləbbeyk!" deyərək həccə tələsirik. Sonra da həccin İslam dünyası baxımından bizə vəd etdiklərini tədqiq etməyə başlayırıq. Bu ibadət, müxtəlif təbəqədən insanların iştirak etdiyi İslam aləminin bir toplantısıdır. Və müsəlmanların birləşmələri üçün ən qısa və ən qarantiyalı yoldur. Bir də ictimai ədalət nöqteyi-nəzərindən məsələyə baxsaq, varlı-kasıb, alim-avam - hər kəsin eyni şərait və mühitdə sadəcə qulluq fikri ilə burada bir yerə toplanması İslamın ümumbəşəri bir din olmasını yəqinən bizə inandıracaq və mənəvi cəhətdən rahatlamağımıza əsas təşkil edəcəkdir.
İstər başda ağıl və məntiq yolu ilə gedib, nəticədə təslimiyyət nöqtəsinə varaq, istərsə də başda təslimiyyətlə addım atıb ağıl və məntiqi bir vasitə kimi istifadə edib nəticə etibarilə eyni nöqtəyə gələk, bunlar nəticəyə təsir edən faktorlar deyil.
Buna görə də, İslam bir yönü ilə əqli və məntiqidir. Digər yönü ilə də əsasında təslimiyyət dayanır. Yeri gələndə ağıl və məntiqlə başlayıb təslimiyyətə çatar; yeri gələndə də təslimiyyətlə başlayıb ağıl və məntiqə gedər və bunlar da onu yenə də təslimiyyətə aparar. Onsuz da, bu kainatı bir kitab kimi önümüzə sərən Allahın (c.c.) nizam və sistemi də başqa cür ola bilməzdi...
- tarixində yaradılmışdır.